Məhkəmə qərarları › İş №2-1(103)-186/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-186/2023

01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-186/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2020-ci i tarixli Çıxarışda yazılmış “İddiaçı”nın səhvən “X17” qeyd edildiyindən adının düzəlməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2548/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ( indiki adı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı cavabdehin xx.xx.2020-ci i tarixli Çıxarışda yazılmış “İddiaçı”nın səhvən “X17” qeyd edildiyindən adının düzəlməsinin cavabdehə həvalə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli Çıxarışda səhvən “İddiaçı” əvəzinə “X17” göstərilmişdir. Şəxsiyyət vəsiqəsindən göründüyü iddiaçının adı İddiaçıdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2548/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2020-ci i tarixli Çıxarışda yazılmış “İddiaçı”nın səhvən “X17” qeyd edildiyindən adının düzəlməsinin cavabdehə həvalə edilməsi ” barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2548/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinə görə İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır və xx.xx.1955-ci il təvəllüdlüdür. - Doğum haqqında şəhadətnaməyə əsasən, İddiaçı xx.xx.1955 –ci ildə Qubadlı rayonunda Məmər kəndində doğulmuşdur; ata qrafada Xasay, ana qrafada X8 qeyd edilmişdir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X14 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışının notarial qaydada təsdiq olunmuş surətini görə, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə ümumi birgə əmlak kimi hüquqi sahibləri qismində X18, X19 və X10 olmaqla qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********92 nömrəli xx.xx.2021-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişə görə ərizəçi X5 bildirilmişdir ki, ünvan 2 ünvanda yerləşən ilə bağlı ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli ərizənizə baxılmış, qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin (paylı mülkiyyət üzrə) X1 düzəliş edilməsi üçün X17 ilə eyni şəxs olması barədə sənəd təqdim olunacağı təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. - 2(007)-3301/2021 nömrəli xx.xx.2021-ci il tarixli Bakı şəhəri Nizami rayon Məhkəməsinin qəradadına əsasən, ərizəçi X2 “ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli çıxarışında yazılmış X9 X11 ilə eyni şəxs olması faktının müəyyən edilməsi haqqında ərizəsinin qəbulundan imtina edilməsi, ərizə ona əlavə edilmiş sənədlərlə geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 8946/2021 nömrəli iş üzrə qərardadına əsasən, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş: Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.1996-ci il tarixli 1057 nömrəli şəhadətnaməyə əsasən, mülkiyyət üzərində sahiblik hüququnu təsdiqləyən bu şəhadətnamə X12, X17, X6 ondan ötrü verilmişdir ki, Bakı şəhəri, 8-ci km qəsəbəsi, Q. Qarayev küçəsi 1, BÇTİ-nin 115/211 nömrəli çörək mağazasının əmlakını və 25,42 kv.m olan qeyri-yaşayış sahəsini on milyon üç yüz otuz səkkiz min manata qüvvədə olan qanunvericilik əsasında satın almışdırlar. X15 adına olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Çıxarışı , X15 X3 vərəsəsi olması, onun miras əmlakdan 1/1 pay alması, o cümlədən Bakı şəhəri, 8-ci kilometr qəsəbəsi, qara Qarayev prospekti, 1 ünvanda yerləşən ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin (ümumi birgə mülkiyyət hüququ üzrə) X7 məxsus hissəsindən ibarət olması barədə Qanun üzrə vərəsəlik haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamə. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən 30 senrtabr 2020-ci il tarixli arayışına əsasən, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Əmlakın ümumi birgə paylar üzrə mülkiyyətçiləri: X16, X12, X13r. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, “********** qeydiyyat nömrəli, xx.xx.2020- ci i tarixli Çıxarışda adının ‘X17” kimi qeyd olunduğundan adının İddiaçı olaraq dəyişdirilməsi barədə tələb ilə hüquqların dövlət qeydiyyatını aparan orqana müraciət edən iddiaçı buna əsas ola bilən hüquqi sənədləri təqdim etməmişdir. Belə bir sənəd - X17 ilə İddiaçı eyni şəxs olmasına dair hər hansı bir sənəd mövcud olmadığından, cavabdehin dövlət reyestrində düzəlişlərin edilməsindən imtinası qanunsuz hesab edilə bilməz.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir.” Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.24-ci bənd) tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehə müraciət edərək iddia ərizəsinə əlavə edilmiş sənədlər əsasında ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin dövlət qeydiyyatı barədə ********** qeydiyyat nömrəli,xx.xx.2020-ci i tarixli Çıxarışında yazılmış “X17” olaraq qeyd edilən adının “İddiaçı” kimi düzəlməsini xahiş etmişdir, lakin müraciəti qeyd edilən daşınmaz əmakla bağlı hüquqmüəyyənedici sənədlərin təqdim ediməməsi əsası ilə təmin edilməmişdir. Odur ki. iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı çıxarışda adının dəyişdirilməsini xahiş etsə də, buna əsas ola bilən hüquqi sənədləri təqdim etmədiyindən cavabdehin imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən işin obyektiv həlli məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə sorğu ünvanlanaraq xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdə verilmiş XİV-JQ seriyalı, 507725 nömrəli SSRİ pasportunun 1 nömrəli ərizə formasını, həmçinin xx.xx.1990-cı il tarixdə XXİV-JQ seriyalı, 507725 nömrəli SSRİ pasportunun verilib-verilməməsi, verildiyi təqdirdə hansı şəxsə verilməsi, xx.xx.1990cı il tarixdə verilmiş XİV-JQ seriyalı, 507725 nömrəli SSRİ pasportunun və xx.xx.1990-cı il tarixdə XXİV-JQ seriyalı, 507725 nömrəli SSRİ pasportunun eyni şəxsə aid olub olmaması barədə məlumatların müddətdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 18/2- 20592/2023 saylı cavab məktubunda qeyd edilmişdir ki, “xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nizami rayonu, X26 tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş XXİV-JQ seriyalı 507725 nömrəli keçmiş SSRİ pasportu əsasında xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Nizami Rayon Polis İdarəsi tərəfindən AZE-05492532 nömrəli və xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir” Məktuba xx.xx.1990-cı il tarixdə verilmiş XXİV-JQ seriyalı 507725 nömrəli keçmiş SSRİ pasportun 1 nömrəli ərizə formasının təsdiq edilmiş kserosurəti əlavə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı X17 ilə İddiaçı eyni şəxs olması müəyyən edilmir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında’ qanunun 11.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin qanunun 13-cü maddəsinin müvafiq bəndlərinə görə, 13.1.dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır, 13.2. ərizə jurnalı (ərizələrin qeydiyyat kitabı) və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər daxil edilən qovluqlar dövlət reyestrinin ayrılmaz tərkib hissəsidir, 13.3. Ərizə jurnalında aşağıdakılar barədə məlumat göstərilir: 13.3.1. ərizəçilər, xahişin məzmunu, daşınmaz əmlaka dair sənədlər, hüquq sahibləri; 13.3.2. hüquqların dövlət qeydiyyatı haqqında təqdim olunmuş çıxarışlar; 13.3.3. dövlət reyestrindən arayışlar və onları almış şəxslər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2548/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2548/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar