Məhkəmə qərarları › İş №2-1(103)-1860/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1860/2021

06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1860/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrdə düzəliş edilməsi barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3327/2021 saylı 05 may 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hüquqlarının təmin edilməsinə və onun ehtiyata buraxıldıqda tutduğu vəzifənin (N nömrəli hərbi hissənin xüsusi təyinatlı taborun (sualtı hücum) komandiri-dalğıc mütəxəssisi) Müdafiə nazirinin 2019-cu il üzrə müvafiq əmrinə dəyişiklik edilərək, kəşfiyyat fəaliyyəti subyektinin əməkdaşları siyahısına salınması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Müdafiə nazirinin 24 yanvar 2019-cu il tarixli müvafiq əmrinə (kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları siyahısına) dəyişiklik edilərək, iddiaçının ehtiyata buraxıldıqda tutduğu vəzifənin (N nömrəli hərbi hissənin xüsusi təyinatlı taborun (sualtı hücum) komandiri-dalğıc mütəxəssisi) kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları siyahısına salınmasının Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, yəni ehtiyatda olan 3-cü dərəcəli kapitan İddiaçı, 2019-cu ilin dekabr ayında Azərbaycan Ordusu sıralarından (N nömrəli hərbi hissə, Xüsusi Təyinatlı Mərkəz) xüsusi təyinatlı taborun (sualtı hücum) komandiri-dalğıc mütəxəssisi (Hərbi Uçot İxtisası-041201) vəzifəsindən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra 11.02.2020-ci il tarixdə kəşfiyyat subyekti əməkdaşı olmağı barədə arayışın verilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmiş, lakin inzibati orqan tərəfindən bildirilmişdir ki, iddiaçının son tutduğu vəzifə Müdafiə nazirinin əmri ilə 2019-cu il üçün tərtib edilən kəşfiyyat subyekti əməkdaşları siyahısına daxil edilməmişdir. Halbuki, hərbi uçot ixtisasından da göründüyü kimi, iddiaçının son tutduğu vəzifənin hərbi uçot ixtisası Müdafiə nazirinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit heyətinin hərbi uçot ixtisasları haqqında” əmrinə əsasən kəşfiyyat qrupuna (ilk iki rəqəm, yəni 04, qrupun ixtisas mənsubluğunu bildirir) aiddir və kəşfiyyat subyekti əməkdaşları siyahısına salınmış kəşfiyyat subyekti əməkdaşları vəzifələrinin hərbi uçot ixtisasları ilə eynidir. Bu məsələ ilə bağlı 2020-ci ilin fevral ayında məhkəməyə müraciət olunsa da, məhkəmənin gedişində iddiaçıya bildirilmişdir ki, o, Müdafiə Nazirliyinə kəşfiyyat subyekti əməkdaşları siyahısına daxil edilməsi barədə yox, bu barədə arayışın verilməsi ilə bağlı müraciət etmişdir. Bundan sonra, o, 03.11.2020-ci il tarixdə ehtiyata buraxıldıqda tutduğu vəzifənin Müdafiə nazirinin 2019-cu il üzrə müvafiq əmrinə dəyişiklik edilərək, kəşfiyyat fəaliyyəti subyektinin siyahısına salınması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin bununla bağlı ona cavab olaraq bildirilmişdir ki (17.11.2020-ci il tarixli 15/1979 nömrəli məktub), onun müraciətinə 19.03.2020-ci il tarixdə 15/525 nömrəli məktubla cavab verilmişdir. Halbuki, onun birinci müraciəti ona kəşfiyyat subyekti əməkdaşı olmağı barədə arayışın verilməsi ilə bağlı olmuş, ikinci müraciəti isə Müdafiə nazirinin 2019-cu il üzrə müvafiq əmrinə dəyişiklik edilərək, ona son tutduğu vəzifənin kəşfiyyat subyekti əməkdaşları siyahısına salınması ilə bağlı idi. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3327/2021 saylı 05 may 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: N.Abıyev) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə, Müdafiə Nazirliyinin 19.03.2020-ci tarixli 15/525 nömrəli cavab məktubunu əsas götürərək məhkəməyə müraciətinin qanunla müəyyən edilmiş müddəti ötməsi barədə qərardad çıxarmışdır. Belə ki, Müdafiə Nazirliyi tərəfindən ona verilən cavab məktubuna (19.03.2020-ci il tarixli 15/525 nömrəli məktub) əsasən iddia qaldırdıqda bu məktubu iddia üçün əsassız sayıb yenidən Müdafiə Nazirliyinə müraciət etməyi istənilir. Yenidən (Bakı İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2-1(112)-3084/2020 saylı qərardadından sonra) Müdafiə Nazirliyinə müraciət etdikdə isə məhkəməyə müraciəti qanunla müəyyən edilmiş müddəti ötmüş hesab edilir. Ayrıca olaraq Müdafiə Nazirliyinin 19.03.2020-ci tarixli 15/525 nömrəli cavab məktubunun üzərində dayanmaq istəyir. Belə ki, məktubun onun qaldırdığı məsələyə heç bir aidiyyəti yoxdur. Belə ki, məktubda ona bildirilib ki, “onun sonuncu tutduğu vəzifə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısına daxil edilməmişdir.” Onun son tutduğu vəzifəsinin bu siyahıya salınması heç cürə mümkün deyil və qanuna ziddir. Çünki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin siyahısına hərbi qulluqçuların vəzifələri yox, hərbi hissə və bölmələr daxil edilir. Hərbi qulluqçuların vəzifələri isə kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahısına daxil edilir. Qeyd etmək istəyir ki, bunlar başqa-başqa siyahılardır. Bununla da bu cavab məktubu heç bir informasiya daşımadığından faktiki olaraq öz mahiyyətini itirmiş hesab edilməlidir. Bundan başqa bir daha qeyd etmək istəyir ki, onun son tutduğu vəzifənin (N nömrəli hərbi hissənin xüsusi təyinatlı taborun (sualtı hücum) komandiri-dalğıc mütəxəssisi) Müdafiə nazirinin 2019-cu il üzrə müvafiq əmrilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarının siyahısına salınmamsı ilə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələbini kobud şəkildə pozmuşlar. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Müdafiə nazirinin 24 yanvar 2019-cu il tarixli müvafiq əmrinə (kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları siyahısına) dəyişiklik edilərək, iddiaçının ehtiyata buraxıldıqda tutduğu vəzifənin (N nömrəli hərbi hissənin xüsusi təyinatlı taborun (sualtı hücum) komandiri-dalğıc mütəxəssisi) kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları siyahısına salınmasının Müdafiə Nazirliyinə həvalə olunmasını xahiş etmişdir Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 24.01.2019-cu il tarixli əmrini 18.12.2020-ci il tarixdə (poçt (AZ1072) təqdim olunma müddəti) məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə mübahisələndirdiyi Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən qəbul edilən əmr 2019-cu il tarixə aiddir. İddiaçı Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən qəbul edilən əmrin mövcudluğundan 19 mart 2020-ci il tarixdən, yəni cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilən vaxtdan xəbərdar olmuşdur. Belə ki, İddiaçı müraciətinə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən baxılmış və 19 mart 2020-ci il tarixdə cavab məktubu ünvanlanaraq, bildirilmişdir ki, sonuncu tutduğu vəzifə Azərbaycan Respublikası Müdafiə nazirinin 24.01.2019-cu il tarixli müvafiq əmri ilə təsdiq olunmuş “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilməmişdir. Bundan başqa, mübahisələndirilən əmrin mövcudluğundan iddiaçının 19.03.2020-ci il tarixdə xəbərdar olmasını təsdiq edən digər əsas kimi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3084/2020 saylı, 30.10.2020-ci il tarixli qərarı çıxış edir. Belə ki, həmin qərarın təsviri hissəsindən görünür ki, iddiaçının 20% məbləğində əlavənin təminat xərcliyinə hesablanması ilə bağlı irəli sürdüyü iddiaya baxılan zamanı, məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqana sorğu verilmiş və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən 19 mart 2020-ci il tarixli, 15/525 saylı sorğuya cavab məktubu verilərək, bildirilmişdir ki, İddiaçı sonuncu tutduğu vəzifə Azərbaycan Respublikası Müdafiə nazirinin 24.01.2019-cu il tarixli müvafiq əmri ilə təsdiq olunmuş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilməmişdir. Göründüyü kimi, iddiaçı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilməməsi barədə Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən qəbul edilən 24.01.2019-cu il tarixli əmrdən ən geci 19 mart 2020-ci il tarixdə xəbərdar olduğu təqdirdə, həmin əmri mübahisələndirmək hüququnun 30 günlük müddətini ötürmüşdür. İddiaçının mübahisələndirilən əmrdən xəbərdar olması isə işdə olan sənədlərdə öz əksini tapır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, işdən mübahisələndirilən əmrin iddiaçıya rəsmi olaraq məhz hansı tarixdə təqdim olunmasının bəlli olmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Çünki işdə iddiaçının həmin əmr barədə hələ 2020-ci ildə (19.03.2020), iddia qaldırmazdan əvvəl məlumatlı olması təsdiq olunur. Bununla bağlı olaraq, həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq məhkəmə hesab etmişdir ki, işin halları iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən əmrin mövcudluğundan daha əvvəlki tarixə xəbərdar olması ehtimalı mövcuddur. Belə ki, Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin normaları ilə tənzimlənir. Məhkəmə vurğulamağı zəruri hesab etmişdir ki, iddiaçının 03.12.2019-cu il tarixədək “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsində nəzərdə tutulan faiz əlavələri, xəstəliyə görə müavinət və digər nov əlavələri almaması, bir daha onu təsdiq edir ki, o, xidmət etdiyi dövrdə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilməməsindən xəbərdar olmuş və yalnız hərbi vəzifədən ehtiyata buraxıldıqdan sonra bu halı mübahisələndirmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab etmişdir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürdüyündən, iddia müddətə dair mümkünlük şərti ödənilməməsi səbəbi ilə mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 000667 nömrəli, 09 iyun 1997-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 19 mart 2020-ci il tarixli, 15/525 saylı məktubun surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissəyə və Hüquq İdarəsinə ünvanladığı müraciətlərə baxılmış və cavab olaraq bildirilmişdir ki, sonuncu tutduğu vəzifə Azərbaycan Respublikası Müdafiə nazirinin 24.01.2019-cu il tarixli müvafiq əmri ilə təsdiq olunmuş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17.11.2020-ci il tarixli, 15/1679 saylı məktubun surətindən görünür ki, iddiaçının eyni məzmunlu müraciətinə 19.03.2020-ci il tarixdə 15/525 nömrəli məktubla cavab verilmişdir İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 27.04.2021-ci il tarixli, 808 saylı məktubundan görünür ki, N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu ehtiyatda olan 3-cü dərəcəli kapitan İddiaçı xüsusi təyinatlı tabor komandiri-dalğıc mütəxəssisi vəzifəsində 07.11.2017-ci il tarixindən – 03.12.2019-cu il tarixədək xidmət etmişdir. Müdafiə nazirinin müvafiq əmrinə əsasən xüsusi təyinatlı tabor komandiri-dalğıc mütəxəssisi vəzifəsi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti”nin subyekti kimi nəzərdə tutulmadığından, subyekt kimi əmək haqqı almamışdır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddiada İPM-nin 2.2.1-ci maddəsinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) daxildir ki, həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçının N nömrəli hərbi hissəyə və Hüquq İdarəsinə ünvanlanmış ərizələrinə 19 mart 2020-ci il tarixli məktubla cavab verilərək onun tutduğu vəzifə Azərbaycan Respublikası Müdafiə nazirinin 24.01.2019-cu il tarixli müvafiq əmri ilə təsdiq olunmuş “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilmədiyi bildirilmişdir. Həmçinin iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 21(112)-3084/2020 saylı, 30.10.2020-ci il tarixli qərarından da müəyyən olunur ki, iddiaçının 20% məbləğində əlavənin təminat xərcliyinə hesablanması ilə bağlı irəli sürdüyü iddiaya baxılan zamanı, cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğusuna cavab olaraq iddiaçının sonuncu tutduğu vəzifənin Azərbaycan Respublikası Müdafiə Nazirinin 24.01.2019-cu il tarixli müvafiq əmri ilə təsdiq olunmuş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti” subyektlərinin siyahısına daxil edilmədiyi bildirilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin 24.01.2019-cu il tarixli əmrini 18.12.2020-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı mübahisələndirilən əmrdən ən geci 30.10.2020-ci il tarixdə məlumatı olduğu halda həmin əmri mübahisələndirmək hüququnu qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürmüşdür. Eyni zamanda iddiaçı həmin müddətin üzrlü səbəbdən buraxılması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımı qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həm daxili, həm də beynəlxalq qanunvericilik “şikayətin verilmə müddəti” anlayışına həssas yanaşaraq hüquq münasibətləri iştirakçılarını intizamlandırdığından, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etdiyindən, eləcə də hüquq intizamının nizamlanmasına kömək etdiyindən hüquq münasibətləri iştirakçılarından atılmalı olan formal addımları və verilməli olan şikayətləri onların verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətləri çərçivəsində edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3327/2021 saylı 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar