Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1860/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Əhmədova Könül Seyidələkbər qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Nümayəndə) “cavabdehlərin hərəkətlərinin və imtinalarının qanunsuz hesab edilməsi, dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması barədə şəhadətnamənin və həmin şəhadətnamə əsasında aparılmış sonrakı əməliyyatların ləğv edilməsi, zirzəminin təyinatına uyğun istifadəyə qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7686/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük noyabr Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs Nümayəndə işə cəlb edilməklə cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi və imtinalarının qanunsuz hesab edilməsi, ünvan 1 ünvanında (yeni qaydalara əsasən 109.M1) yerləşən yaşayış binasının zirzəmisinin X3 adına özəlləşdirilməsinə əsas vermiş, dövlət əmlakının hüquqi və fiziki şəxslərlə satılmasına dair 004413 saylı 14 aprel 2009-cu il tarixli şəhadətnamə ləğv edilmiş və həmin şəhadətnamə əsasında aparılmış sonrakı əməliyyatların ləğv edilməsi, zirzəminin təyinatına uyğun istifadəyə qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan mənzilin yerləşdiyi binanın zirzəmi hissəsi, yəni mənzilinin altı, binanın texniki sahəsinə aid olan zirzəmi hissə cavabdehlərin qanunsuz sənədləri əsasında X3 adına özəlləşdirilib və onun adına mülkiyyəti olaraq dövlət reyestrində qeydiyyata alınıb. Binanın əsas divarı dağıdılaraq, bina sakinlərinin təhlükəsizliyi pozulmaqla zirzəmiyə qapı açılıb. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə görə icarə müqaviləsinin predmeti torpaq sahələri, binalar, daşlar, əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Prezidentinin 06 sentyabr 1997-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazisində dövlətin adından daşınmaz dövlət əmlakını icarəyə vermə səlahiyyəti, müstəsna olaraq, dövlət əmlakının sərəncamçısına - Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə həvalə edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 senyabr tarixli, 160 saylı qərarı ilə təsdiq edilmiş, şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması “Qaydaları”-na görə isə ümumi istifadə sahələrinin, xüsusi ilə də zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunmasına, zirzəmi daxilində kommunikasiya xətlərinin mühəndis sxeminin dəyişdirilərək binalarda dayanıqlığın və zəlzələyə qarşı davamlılığın azaldılmasına yol verilmir. Cavabdehlərdən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş 14 dekabr 2021-ci il tarixli məktubla onlara bildirilmişdir ki, zirzəmi dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair 004413 saylı, 14 aprel 2009-cu il tarixli şəhadətnamə əsasında X3 adına qeydiyyata alınıb və bu barədə onun adına RX saylı ******* nömrəli, 31 oktyabr 2012-ci il tarixli çıxarış tərtib olunmuşdur. Qeydiyyatın qanunsuz olduğu və ləğv edilməsi tələbini cavabdeh DƏDRX özünün 18 iyul 2022-ci il tarixli məktubu ilə belə cavablandırıb ki, tələbləri ilə əlaqəli məsələlər, mübahisəli hallar məhkəmə qaydasında həll olunur.Eləcə də digər cavabdeh ƏMDX-dən verilmiş 26 yanvar 2023-cü il tarixli məktubla da tələbi ilə əlaqəli məsələlərin məhkəmə qaydasında həll olunduğu bildirilib. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7686/2023 saylı 16 noyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirak olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin qeyd edilən göstərişini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğun verilməsinin əsasları yoxlanılmalıdır. Qeyd edilən Məcəllənin 85.1-ci maddəsinin tələbinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında iddiaçının məhkəmə qərardadını xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almasını qeyd etmişdir. Göründüyü kimi iddiaçı məhkəmə qərardadını qeyd edilən tarixdə alsa da, qərardaddan apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş və apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə tərəfindən apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məhkəmə iclası təyin edilmiş və iddiaçıya bildiriş ünvanlaraq buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-nin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Beləliklə, işin yuxarıda qeyd olunan halları ilə müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu xx.xx.2024-cü il tarixdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Azərbaycan Respublikası İPM-nin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Mülki Prosessual Məcəllənin 129.3-cü maddəsinin tələbinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət müddətin son günü saat iyirimi dördə qədər yerinə yetirilə bilər. Yuxarıda qeyd edilən hallardan göründüyü kimi, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürülmüşdür. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən isə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinin tələbinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Qanunun qeyd edilən tələblərini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbul edilməsindən imtina olunmalıdır. İnzibati Prosessual Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 87.4, 89, 90.1-90.2 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7686/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin apellyasiya qaydasında icraata qəbulundan imtina olunsun. Apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1860/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1860/2024
18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver