Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1861/2020 12.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Afaq Bayram qızı Nuriyeva və Valeh Məmməd oğlu Ağayevdən ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “hüquqi aktın etibarsız hesab edilməsi və diplomun etibarlı sayılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1159/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli Q-6267/05-24 saylı hüquqi aktın etibarsız hesab edilməsi və iddiaçının diplomunun etibarlı sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin tarix fakültəsində qiyabi şöbədə oxumağa başlamışdır. Həmin fakültəni 2008-ci ildə müvəffəqiyyətlə oxuyub bitirmişdir. Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti 2010-cu il tarixində dayandırılmışdır. Sözügedən vaxtda onun yenə də problemləri olmuş bununla bağlı 2012-ci il tarixində Azərbaycan Respublikasının Birinci Xanımı, Vitse prezident Mehriban Əliyevanın qəbulunda olmuş, bunun əsasında onun diplomu ilə bağlı problemin həll edilməsi üçün həmin vaxtın X3 Mərdanova yönəldilmişdir. Misir Mərdanov da onun həqiqətən universitetdə oxuduğuna görə diplomunun verilməsini və bir də belə problemsiz işlərlə bağlı onun yanına gəlməsin deyə tapşırıq vermişdir. Bu tapşırıq əsasında ona 1 həftə ərzində diplomu verilmişdir. O, universitetdə oxuyan zaman mütəmadi olaraq illik təhsil haqlarını ödəmişdir. Onun orada oxumağını və diplomunun həqiqi olduğunu Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2012-ci il tarixli 95-03- 42/19 saylı məktubu ilə təsdiq edə bilər. Sözügedən məktubda “Sizin xx.xx.2011-ci il tarixli MA xx-xx/2246 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, araşdırılma nəticəsində aşağıda adı göstərilənlərin diplom Təhsil Nazirliyi tərəfindən Azərbaycan Beynəlxalq Universitetinə verilmiş dövlət nümunəli sənəddir. 1. İddiaçı - B № 147698 (qeydiyyat nömrəsi № 126).” Bundan başqa bununla bağlı arayışlar, xx.xx.2008-ci il tarixli 3 saylı protokol və digər sənədlərlə də bunu təsdiqləyə bilər. O xx.xx.2007-ci il tarixindən Cəlilabad rayonu, Günəşli kənd Ə.Həsənov adına 2 saylı orta məktəbdə ixtisası üzrə tarix müəlliməsi kimi işə başlamışdır. İşə başlamaq üçün ona ABU tərəfindən dəfələrlə diplom əvəzi arayışlar verilmişdir. Ona Azərbaycan Respublikası Təhsil Nazirliyindən xx.xx.2017ci il tarixində Q-2918/13-24 saylı məktub gəlmiş, məktubun məzmununda isə “Təhsil Nazirliyinə ünvanladığınız (xx.xx.2017, Q-2864) ərizənizə cavab olaraq bildiririk ki, müraciətinizdə qeyd olunan məsələnin araşdırılması üçün təhsil sənədlərinin əsli ilə birlikdə Təhsil Nazirliyinə gəlməyiniz zəruridir” deyə göstərilmişdir. Bundan sonra lazım olan sənədləri yığaraq cavabdeh orqana təqdim etmiş, cavab olaraq isə cavabdeh orqan tərəfindən xx.xx.2018-ci il tarixində Q-6267/05-24 saylı cavab məktubu gəlmiş, məktubda isə “Təhsil Nazirliyinə ünvanladığınız (xx.xx.2018, Q-6267) ərizənizə cavab olaraq bildirik ki, adınıza yazılmış B seriyalı 147698 №-li diplomun hüquqi əsası yoxdur,” göstərilmişdir. Cavabdeh orqan tərəfindən onun diplomunun hüquqi əsasının olmaması tamamilə yanlış bir qənaətdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3372/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “aktın etibarsız hesab edilməsi və diplomun etibarlı sayılması”na dair iddia ərizəsi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-112/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3372/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə müvafiq prosessual hərəkətlərin edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1159/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin baxılması üçün Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi bu işlə bağlı hüququn tətbiq edilməsində səhv buraxmış, qanunu səhv təfsir etmiş və tətbiq edilməli olan normativ hüquqi aktı düzgün tətbiq etməmişdir. Məhkəmə və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2018-ci il tarixli Q-6267/05-24 nömrəli məktubunu hüquqi akt kimi qəbul etmirlər və buna görə də iddia mümkünsüz sayılmışdır. Hakim ona iddia ərizəsini dəqiqləşdirilməsini təklif edərək, iddiada, cavabdehə qarşı, onu müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılması tələbinin qoyulmasını təklif etmişdir. Halbuki cavabdeh, diplomumun hüquqi əsası olmadığını səbəb gətirərək, onu həmin müəllimlərin diqnostik qiymətləndirilməsinə buraxmamışdır. Hakim birbaşa cavabdehə sual edərək, onun diplomunun hüquqi əsasının olub-olmamasına aydınlıq gətirilməsini cavabdehdən tələb edə bilərdi və nə üçün onu müəllimlərin diqnostik qiymətləndirilməsinə buraxmamışdır. Bununla hər bir məsələ aydınlaşardı cavabdeh ya deyərdi ki, diplomunun hüquqi əsası yoxdur, ya da deyərdi ki, hüquqi əsası var. Belə olan halda elə məhkəmədə barışıq olunması barədə qərar çıxarıla bilərdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. İddia tələbindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli Q-6267/05-24 saylı məktubunun hüquqi akt kimi qiymətləndirilməklə qanunsuz hesab edilməsini və iddiaçıya verilmiş diplomun etibarlı hesab edilməsini tələb edir. Azərbaycan Respublikası İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr baxırlar. Məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Göründüyü kimi inzibati aktın əsas səciyyəvi cəhətlərindən biri də onun hüquqi nəticələr yaratmasıdır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Birinci instansiya məhkəməsi iddia tələbinin birinci hissəsinə, yəni hüquqi aktın etibarsız hesab edilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, iş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən tərtib olunan “akt” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Sözügedən məktubun, yəni diplomun hüquqi əsası olmadığı ilə bağlı cavabdehin məktubu iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratması iddiaçı tərəfindən sübuta yetirilmir. Əksinə, həmin mübahisələndirilən məktub iddiaçının məhz öz müraciəti nəticəsində cavab verilən məktubdur, iddiaçı üçün hüquqi nəticələr isə məhz həmin məktub əsasında iddiaçının işdən çıxarılması ilə bağlı əmrin və ya digər qərarın qəbulu, müəllimlərin diaqnostik qiymətləndirilməyə buraxılmaması ilə əlaqədar yarana bilər. Birinci instansiya məhkəməsinin qənaətinə görə, “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində birbaşa ifadə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalarından inzibati aktın digər bir əlaməti-“İcra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Təhsil Nazirliyi tərəfindən göndərilmiş xx xxxx 2018-ci il tarixli məktub icra edilən akt deyil, sübut kimi qiymətləndirilən və iddiaçının öz ərizəsi əsasında cavablandırılan məktub olduğundan həmin məktub inzibati akt sayıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən verilmiş məktubun iddiaçı üçün hər hansı bir hüquqi nəticə yaratması subut edilmir. Hüquqi nəticə yaratmayan akt isə inzibati akt kimi qəbul edilmir. Bu səbəbdən iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin “diplomun etibarlı sayılması” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində göstərilmiş “diplomun etibarlı sayılması” ilə bağlı iddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur, həmçinin, bu növ tələb inzibati məhkəmə icraatı qaydasında mübahisə predmeti kimi çıxış edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı qərarın 13-14-cü bəndlərində göründüyü kimi, qanunverici mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiaların mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmasını mütləq şərt kimi göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-1159/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1861/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1861/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver