Məhkəmə qərarları › İş №2-1(103)-1861/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1861/2022

02.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1861/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “xüsusi qərar çıxarılması tələbinə dair” iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5687/2022 saylı 28.02.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh idarə, Orxan Süleymanlı və müstəntiq Sənan Qurbanov barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslarına görə cavabdeh və onun vəzifəli şəxsləri iddiaçının X1 şikayət ərizəsi üzrə araşdırma aparmamış, müvafiq tədbirlər görməmiş, əsassız olaraq cinayət işinin başlanılmasından imtina etmiş, bununlala da onun hüquqlarını pozmuşlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5687/2022 saylı, 28.02.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia tələbinə baxılaraq təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı maddi və prosesual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarılmışdır. Onun əmlakının qəsdən məhv edilməsi və zədələnməsi barədə 2017-ci ildə müraciət etmiş, lakin onun müraciəti əsasında heç bir araşdırma aparılmamış, əmlakına 20000 manatdan yuxarı ziyan vurulduğu halda müstəntiq onun sözlərini dəyişərək guya 5000 manat ziyan vurulduğunu göstərmiş və qanuna görə 5000 manat ziyanın cinayət tərkibi yaratmadığını qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birincisi, ona görə ki, xüsusi qərardad çıxarılması mahiyyəti üzrə konkret mübahisəyə (işə) baxılması zamanı, işin nəticələri üzrə konkret şəxslərin hərəkətlərində cinayətin əlamətlər aşkar olunan hallarda çıxarıla bilər. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin («İPM»)-in 1.2-ci maddəsi baxımından, Mülki Prosessual Məcəllənin («MPM») 265-ci maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmadıqda, məhkəmə bir ay müddətində bununla bağlı cinayət işinin başlanması haqqında xüsusi qərardad çıxarmaqla, prokurora xəbər verir. Konkret halda isə iddiaçının ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbi formasında onun S.Rəhimov barəsində şikayətinin araşdırılmadığına və əsassız olaraq cinayət işinin başlıanılmasından imtina olunduğuna istinadən cavabdeh idarə və onun vəzifəli şəxsləri barəsində xususi qərar çıxarılması xahiş olunur. İkincisi, MPM-in 265-ci maddəsində nəzərdə tutulan xüsusi qərardadın çıxarılması məhkəmənin vəzifəsi deyil, prosesual qanunvericiliklə müəyyən edilən bir hüququdur. Başqa sözlə, məhkəməyə məxsus olan bir səlahiyyətdir. Üçüncü bir tərəfdən, cinayət prosessual fəaliyyəti həyata keçirən cavabdeh və onun vəzifəli şəxsləri tərəfindən iddiaçının şikayətinin təmin olunmasından imtina olunması, bununla da onun hüquqlarının pozulması ilə bağlı məsələlər inzibati məhkəmələrin səlahiyyət dairəsinə də aid edilmir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. İPM-in 2.1-ci maddəsinin tələbindən isə görünür ki, qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, həmin mübahisənin inzibati məhkəmə icraat qaydasında baxıla bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının cavabdeh və onun vəzifəli şəxsləri barəsində xüsusi qərardad çıxarılması barədə iddia ərizəsinin inzibati məhkəmə icraatını zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən edilmir. Belə olan halda, İPM-in 35.1-ci maddəsinin tələbi baxımından onun həmin iddia tələbi əsaslandırılmış iddia tələbi kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün sayıla bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını prosessual qanunvericiliyin tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Ona görə də iddiaçının apellyasiya şikayətinin həmin qərardadın maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5687/2022 saylı, 28.02.2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar