Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1862/2021 02.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" açıq səhmdar cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı borc məbləğinin silinməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-341/2021 saylı 29 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 30 iyul – 02 avqust 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" açıq səhmdar cəmiyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət torpaq sahələrinin icarəsi üzrə şəxsi vərəqədə "xxxx" ASC-yə hesablanmış 23.602 (iyirmi üç min altı yüz iki) manat borc məbləğinin silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 21.11.2003-cü il tarixli müqaviləyə əsasən Bakı şəhəri, ünvan 1də yerləşən dövlət torpaq sahəsinin icarəsinə görə "xxxx" ASC-yə (bundan sonra ABB) 2013-cü ildən- 2018-ci ilə qədər 12.913,98 manat məbləğində, 31.08.2018-ci il tarixdən -11.07.2019-cu il tarixə qədər isə 23.602 manat məbləğində qanuni əsası olmayan borc hesablanmışdır. Həmin borcun hesablanmasının qanunsuz olması və borcun geri qaytarılması barədə cavabdehə dəfələrlə olunmuş müraciətlər cavabsız qalmışdır. Vergilər Nazirliyi borcun hesablanmasının – ABB tərəfindən ödənişlərin şəxsi vərəqəyə daxil edilməsinin və torpaq icarəsinə görə haqların Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə deyil, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Departamentinin hesablaşma hesabına köçürülməli olmasını əsas gətirərək, borcun silinməsi barədə öhdəliyindən imtina etmişdir. Aşağıdakı əsaslara görə Vergilər Nazirliyi tərəfindən hesablanan borc məbləği qanunsuz hesab olunur: ABB ilə Bakı şəhəri İcra hakimiyyəti arasında bağlanmış 21.11.2003-cü il tarixli, 0252 nömrəli müqavilənin 1.3-cü bəndinə əsasən, torpaq sahəsi ABB–nin inzibati binasının tikintisi üçün Bankın istifadəsinə verilmişdir. Həmin müqavilənin 7.4-cü bəndinə əsasən ödənişlər (icarə haqları) dövlət büdcəsinə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinə ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda ABB-nin inzibati binasının (qeyri-yaşayış sahəsinin) dövlətə məxsus və icarədə olan torpaq sahəsində yerləşdiyi qeyd edilir. ABB ilə Bakı şəhəri İcra hakimiyyəti arasında bağlanmış 21.11.2003-cü il tarixli müqavilənin 1.3 və 7.4-cü bəndlərinin və Azərbaycan Respublikası “Torpaq icarəsi haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli 116 №li Fərmanının tələblərinə görə ABB tərəfindən ödənişlər (icarə haqları) Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin hesabına köçürülməlidir ki, ABB də sözügedən icarə haqlarını tam şəkildə dövlət büdcəsinə köçürmüşdür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-484/2020 saylı 26 fevral 2020-ci il tarixli qərardadı ilə inzibati iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi əsl cavabdeh Cavabdeh ilə əvəz edilmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsi üzrə "xxxx" ASC-nin şəxsi vərəqəsində hesablanmış 8.536,01 manat (səkkiz min beş yüz otuz altı manat, bir qəpik) məbləğində borcun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizələrdə göstərilmişdir ki, Bank tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra Bakı şəhəri ünvan 1 ünvanında yerləşən torpaq sahəsi üzrə Bankın adına hesablanmış 15.066,31 manat məbləğində əsassız borc vergi orqanı tərəfindən artıq şəxsi vərəqədən silinmişdir. Lakin cavabdehin Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar pros., 533-cü məhəllədə yerləşən 1.120 kv. metr torpaq sahəsi üzrə hesabladığı 8.536,01 manat həcmində borc məbləği hazırki vaxtadək Bankın şəxsi vərəqəsində qalmaqdadır. Vergi orqanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pros., 533cü məhəllədə yerləşən 1.120 kv. metr torpaq sahəsi üzrə 8.536,01 manat məbləğində borcun hesablanmasının 0079 nömrəli torpaq icarəsinə dair müqavilə ilə əsaslandırmışdır. Halbuki, Bankla Bakı şəhər İcra hakimiyyəti arasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pros., 533-cü məhəllədə yerləşən torpaq sahəsinin icarəyə verilməsinə dair notariat qaydasında təsdiqlənmiş icarə müqaviləsi mövcud deyildir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-341/2021 saylı 29 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən 11.03.2011-ci il tarixli **********681000 nömrəli məktubda torpaq sahəsinin 07.05.2002-ci il tarixli 0079 nömrəli torpaq icarə müqaviləsi əsasında icarəyə verildiyi, icarə müqaviləsinin qüvvədə olma müddətinin 49 il olduğu, torpaq sahəsinin Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşdiyi, icarəyə götürülmüş torpaq sahəsinin 1120 kvadrat metr olduğu və müqavilə üzrə torpaq icarəsi haqqı məbləğinin 1219,43 manat olması öz əksini tapmışdır. Vergi orqanına təqdim edilmiş sözügedən məlumat əsasında Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən torpaq sahəsi üzrə vergi orqanı tərəfindən müvafiq hesablamalar aparılmışdır. Məhkəmə qərarında Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında torpaq icarəsi müqaviləsinin bağlanmadığını qeyd etmişdir. Bununla bağlı ilk növbədə bildirilir ki, mübahisələndirilən torpaq icarəsi müqaviləsi Əmlak Məsələləri Dövlət Xidməti ilə deyil, Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlanmışdır. İkinci növbədə qeyd edilir ki, vergi orqanı 03.05.2021-ci il tarixli **********404100 nömrəli məktubla Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edərək sözügedən torpaq icarəsi müqaviləsinin surətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə təqdim edilməsini xahiş etmiş, müraciət əsasında Bakı Şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən 07.05.2002-ci il tarixli 0079 nömrəli torpaq icarəsi müqaviləsinin surəti 16.05.2021-ci il tarixli 113 nömrəli cavab məktubu ilə vergi orqanına göndərilmişdir. Bundan başqa məhkəmə 12.10.2001-ci il tarixli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”na istinad edərək qeyd edilən torpaq sahəsinin iddiaçıya daimi istifadəyə verildiyini qeyd etmişdir. Bununla bağlı bildirilir ki, məhkəmə tərəfindən daimi istifadəyə dair akta istinad edilsə də, sonradan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həmin torpaq sahəsi ilə bağlı 07.05.2002ci il tarixli 0079 nömrəli icarə müqaviləsini bağladığını nəzərə almamışdır. Həmçinin, məhkəmə qərarında 07.05.2002-ci il tarixli 0079 nömrəli torpaq icarəsi müqaviləsinin imzalandığını, lakin müqavilənin Daşnmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmadığını, buna görə də həmin müqavilə üzrə qanunla müəyyən edilmiş qaydada icarə hüquq münasibətlərinin yaranmadığı nəticəsinə gəlmişdir. Bununla bağlı bildirilir ki, qanunvericilikdə torpaqların icarəyə verilməsi zamanı torpaqdan istifadə hüququnun yalnız icarə müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra həyata keçirilməsi ilə bağlı hər hansı bir göstəriş yoxdur. Buna əsasən də, məhkəmə qərarında torpaqdan istifadə hüququnun yaranmasının sözügedən müqavilənin yalnız əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması halı ilə şərtləndirilməsi tamamilə əsassızdır. Bundan başqa Mülki Məcəllənin 146.2-ci maddəsində isə qeyd edilir ki, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məcəllənin 178.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddələrin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində sərəncam vermək və ya mülkiyyət hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından sonra yaranır. Lakin, sözügedən normalarda daşınmaz əmlakdan istifadə hüququnun həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından sonra yaranması halı müəyyən olunmamışdır. Həmçinin bildirilir ki, sözügedən torpaq icarəsi müqaviləsi hal-hazırda qüvvədədir. Bundan başqa torpaq sahəsini icarəyə verən qurum icarəçinin torpaqdan istifadə hüququnu məhdudlaşdırmamış və ya bu hüquqa xitam verməmiş, bununla bağlı hər hansı qərar da qəbul etməmiş, həmçinin bu barədə sözügedən qurumdan vergi orqanına hər hansı məlumat da daxil olmamışdır. Əlavə olaraq bildirilir ki, Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq vergisini və ya icarə haqqını vaxtında ödəmək öhdəliyi vardır. Məhkəmə “Torpaq icarəsi haqqında” Qanunun həmin dövrdə olan redaksiyasına istinad etmiş və torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmədiyi üçün həmin icarə müqaviləsinin hüquqi qüvvəsinin olmadığı nəticəsinə gəlmişdir. Bununla bağlı bildirilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına əsasən icarə müqaviləsi əsasında istifadə hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyi icarəyə götürənin üzərinə qoyulmuşdur. Başqa sözlə icarəyə verən torpaq üzərində istifadə hüquqlarını icarə müqaviləsi bağlamaqla təqdim etmiş hesab edilir. Həmin hüquqların qeydiyyata alınmaması isə onun hüquqi qüvvəsinin olmamasını deyil, sadəcə sonradan icarəyə götürənin həmin hüquqların həyata keçirilməsi zamanı hər hansı mübahisə olduğu halda dövlət tərəfindən onun hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilməyəcəyini göstərir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X4 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı "xxxx" ASC Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsi üzrə "xxxx" ASC-nin şəxsi vərəqəsində hesablanmış 8.536,01 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və hesab etmişdir ki, Bakı şəhər İcra hakimiyyəti (“İcarəyə verən”) ilə Azərbaycan Beynəlxalq Bankı (“İcarəçi”) arasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533 məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsinin aylıq icarə haqqı 1.219,43 manat olmaqla 49 il müddətinə sonuncuya icarəyə verilməsinə dair 0079 №li 07.05.2002-ci il tarixli icarə müqaviləsi imzalansa da, həmin müqavilə üzrə qanunla müəyyən edilmiş qaydada icarə hüquq münasibətləri yaranmamışdır. Belə ki, işin araşdırılan hallarından da göründüyü kimi, qeyd olunan müqavilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Bundan əlavə 07.05.2002-ci ildə icarə müqaviləsinin predmeti olan torpaq sahəsinin iddiaçının daimi istifadə hüququna verilməsi barədə Dövlət aktı qeydiyyat kitabında 12.10.2001-ci il tarixdə qeydiyyata alınmış JN 768, KOD 01100003 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı” mövcud olmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, icarə hüquq münasibətlərinin yaranmadığı müqavilə üzrə hər hansı şəxsə (fiziki və ya hüquqi) şəxsə icarə haqlarının və müvafiq olaraq vergilərin (vergi borcunun) hesablanması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsində göstərilmişdir ki, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət “İnterservis” tərəfindən 11 mart 2011ci il tarixli məktubla göndərilmiş “Bakı şəhəri üzrə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsi haqqında 01.01.2011-ci il tarixə ümumi məlumat”dan müəyyən olunur ki, Bakı şəhər İcra hakimiyyəti (“İcarəyə verən”) ilə Azərbaycan Beynəlxalq Bankı (“İcarəçi”) arasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533 məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsinə dair aylıq icarə haqqı 1.219,43 manat olmaqla 49 il müddətinə 0079 №li 07.05.2002-ci il tarixli; Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi və M.Qorki küçəsi, kəsişməsi, 340-cı məhəllədə yerləşən 2053 kv. metr torpaq sahəsinə dair aylıq icarə haqqı 2152,33 manat olmaqla 49 il müddətinə 0252 №li 21.11.2003-cü il tarixli icarə müqavilələri bağlanmışdır. İş materiallarında olan Bakı şəhər İcra hakimiyyəti (“İcarəyə verən”) ilə Azərbaycan Beynəlxalq Bankı (“İcarəçi”) arasında 29 aprel 2004-cü il tarixdə imzalanmış 0079 №li 07.05.2002-ci il tarixli “Torpaq icarə müqaviləsinə Dəyişikliklər”dən görünür ki, tərəflər torpaq icarə müqaviləsi ilə bağlı aşağıdakı razılığa gəlmişlər: İcarə haqqı 01.01.2003-cü il tarixdən hesablanır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə ünvanlanmış **********05 №li 19.08.2020-ci il tarixli məktubdan görünür ki, 07.05.2002-ci il tarixli 0079 nömrəli icarə müqaviləsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan məhkəmənin müvafiq (Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən, icarəyə verilmiş torpaq sahəsinə dair bağlanılmış icarə müqaviləsi üzrə "xxxx" ASC tərəfindən icarə haqlarının ödənilibödənilməməsi haqqında məlumat verilməsinə dair) sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 01.03.2021-ci il tarixli **********27 №li məktubda göstərilmişdir ki, qeyd edilən ünvanda yerləşən torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Xidməti ilə "xxxx" ASC arasında icarə müqaviləsi bağlanmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********16 №li 05.04.2021-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş "xxxx" ASC-nin adına keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş və Dövlət aktı qeydiyyat kitabında 167 nömrə ilə 12.10.2001-ci il tarixdə qeydiyyata alınmış JN 768, KOD 01100003 nömrəli “Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı”ndan müəyyən olunur ki, Bakı şəhər İHB-nın 09 iyul 2001-ci il tarixli 481 saylı sərəncamına əsasən cizgidə göstərilən sərhəd daxilində (Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pros. 533-cü məhəllə) 1119,68 kv. metr torpaq sahəsi bina tikintisi üçün "xxxx" ASC-nin daimi istifadəsinə verilmişdir. "xxxx" ASC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən çıxarışdan müəyyən olunur ki, vergi orqanı tərəfindən 0079 №li 07.05.2002-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən, 1120 kv. metr torpaq sahəsindən istifadəyə görə 2013-cü il tarixdən 2019-cu il tarixədək olan dövr üzrə "xxxx" ASC-yə 8.536,01 manat (səkkiz min beş yüz otuz altı manat, bir qəpik) məbləğində borc (torpaq icarəsi haqqı) hesablanmışdır. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Həmin Qanunun 11-ci maddəsində göstərilmişdir ki, icarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Torpaq icarəsi müqaviləsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun tərtib olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhər İcra hakimiyyəti ilə Azərbaycan Beynəlxalq Bankı arasında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 533 məhəllədə yerləşən 1120 kv. metr torpaq sahəsinə dair aylıq icarə haqqı 1.219,43 manat olmaqla 49 il müddətinə 0079 №li 07.05.2002-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. "xxxx" ASC-nin şəxsi hesab vərəqəsindən çıxarışdan müəyyən olunur ki, vergi orqanı tərəfindən 0079 №li 07.05.2002-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu, İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən, 1120 kv. metr torpaq sahəsindən istifadəyə görə 2013-cü il tarixdən 2019-cu il tarixədək olan dövr üzrə "xxxx" ASC-yə 8.536,01 manat (səkkiz min beş yüz otuz altı manat, bir qəpik) məbləğində borc (torpaq icarəsi haqqı) hesablanmışdır. Həmçinin müəyyən olunmuşdur ki, qeyd olunan müqavilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmamışdır. Halbuki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin icarə müqaviləsi bağlanarkən qüvvədə olmuş redaksiyasına əsasən torpaq icarəsi müqaviləsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Torpağa icarə hüququ həmçinin qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş icarə hüquqlarının müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Dövlət və bələdiyyə torpaqlarının icarəçilərinə torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr verilir. Göründüyü kimi icarə müqaviləsi bağlanarkən qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, icarə müqaviləsinin hüquqi qüvvəsi olmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, icarə hüquq münasibətlərinin yaranmadığı müqavilə üzrə hər hansı şəxsə (fiziki və ya hüquqi) şəxsə icarə haqlarının və müvafiq olaraq vergilərin (vergi borcunun) hesablanması qanunvericiliyin tələblərinə ziddir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərarın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-341/2021 saylı 29 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1862/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1862/2021
02.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver