Məhkəmə qərarları › İş №2-1(103)-1862/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1862/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1862/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cavid Vaqif oğlu Hüseyndən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3238/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı Şəhəri İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən düzgün aparılmayan qiymətləndirilməyə əsasən 19.3 kv.m sahənin düzgün qiymətləndirilməsi və ona dəymiş ziyanın ödənilməsinin cavabdeh həvalə edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi, 1 saylı evdə iddiaçı və anası X8 qeydiyyatda olmaqla yaşayırlar. Sözügedən ünvan söküntü ərazisinə düşdüyünə və düzgün qiymətləndirilmə aparılmadığına görə iddiaçı və anasının istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi, 1 saylı ev 87.5 kv.m olduğu halda Bakı şəhəri Yasamal rayonu 64 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən təqdim olunan arayışa əsasən 68.2 kv.m qeyd edilmişdir və 19.3 kv.m olan sahənin və köməkçi sahə kimi qeyd olunan dəhliz (15 kv.m) sahənin qeyd olunmaması Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən düzgün aparılmayan qiymətləndirilmə nəticəsində əmələ gəlmişdir. Cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsinə görə vətəndaş X1 ödənilmişdir. Belə ki, istifadəsində olan daşınmaz əmlaka görə vətəndaş X8 Bakı şəhəri 19 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində alqı-satqı müqaviləsi bağlayaraq fərdi yaşayış sahəsini X4 150300 (yüz əlli min üç yüz) manata satmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3238/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərardadı (hakim T.Məlikov) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər həqiqətən yaşayış sahəsi iddiaçı tərəfə aid olmasaydı, onda bəs nə üçün icra hakimiyyəti kompensasiya məbləğini iddiaçı tərəfə ödəyirdi?! Demək ki, subyekt olaraq iddiaçı həmin iddianı verməkdə haqlı olmuşdur. Həmin yaşayış sahəsi qeydiyyatdan keçmədiyi üçün müvafiq sənəd əldə edilməmişdir. Məhz buna görə subyektiv mənada evin sahibi kimi çıxış etmək mümkün olmasa da, ancaq həmin evdə yaşayan və faktiki sahiblik edən şəxs kimi çıxış etdiyindən subyektiv hüququn olmaması kimi bu iddianın qeyri-mümkün hesab edilməsi yolverilməzdir. Tərəflərin izahatları: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1862/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti adi cəlbetmə qaydasında 3-cü şəxs qismində işə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişlər. Sədrlik edənin sualına cavab olaraq iddiaçı bildirdi ki, icra hakimiyyəti ilə müqavilə anası ilə bağlanmış, ödənişlər anasına həyata keçirilmiş, lakin faktiki olaraq evin sahəsi düzgün müəyyənləşdirilməmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Kollegiya ilk növbədə qeyd edir ki, subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Kollegiya hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmamışdır. İş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əjdər Xanbabayev küçəsi ünvanında yerləşən istifadəsində olmuş mənzilin qiymətləndirilməmiş və ona dəyəri ödənilməmiş 19.3 kv.metr sahəsinə görə cavabdehdən kompensasiya tələb etsə də, həmin sahənin mövcud olması, mövcud olsa belə həmin sahənin ona məxsus olmasına dair hər hansı tutarlı dəlil təqdim edə bilməmişdir. İş materiallarında olan Bakı şəhəri 19 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli ilkin alqı-satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə İddiaçı ilə deyil, X7 ilə X14 (X3 əvəzinə) bağlanmış və müqaviləyə əsasən birinci tərəf – X7 uzun müddətdir istifadəsində olan, xx.xx.2023-cü il tarixdə №167 nömrə ilə 64 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 4 ünvanında yerləşən 68.2 kv.m olan fərdi yaşayış sahəsindən köçürülmə ilə əlaqədar aldığı kompensasiyaya görə ikinci tərəf –X3 xeyrinə imtina etmişdir. Yaşayış sahəsi olan xx.xx.2023-cü il tarixdə 167 nömrə ilə 64 saylı MKİS tərəfindən verilmiş arayış əsasında birinci tərəfin istifadəsindədir. Birinci tərəf ikinci tərəfdən 150300 (yüz əlli min üç yüz) manat məbləğində kompensasiyanı notariusun depozit heaabı vasitəsilə almaqla fərdi yaşayış sahəsini ikinci tərəfin xeyrinə imtina edir. Müqavilənin şərtlərinə əsasən birinci tərəf müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 gün müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı və gələcəkdə bu yaşayış sahəsinə və bu Müqaviləyə dair hər hansı iddia qaldırmayacağını öhdəsinə götürür. Tərəflər öz aralarında razılığa gəlirlər ki, satıcı yaşayış sahəsini 1 gün müddətinə boşaldıb alıcıya təhvil verdikdən sonra alıcı tərəfindən müqavilə rəsmiləşdirilən zaman notariusun depozit hesabına ödənilən məbləğ bank tərəfindən satıcıya tam şəkildə ödəniləcək. Həmçinin iş materiallarında olan 64 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışının surətindən görünür ki, X7 Ə.Xanbabayev küçəsindəki 1 nömrəli evin 68.2 kv.metr sahəsi olan 2 nömrəli mənzilində yaşayır. Bina sənədsizdir. Sahibi (kirayəşin) X2r. Ailə tərkibi 2 nəfərdən – özü və İddiaçı ibarətdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı sözügedən yaşayış sahəsi ilə bağlı məlumat Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 167 nömrəli arayışında qeyd edildiyindən, iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Yasamal RİH tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd edilmişdir ki, ünvan 3 ünvanında söküntü işlərinin aparılması ilə bağlı Yasamal RİH tərəfindən hər hansı kompensasiya ödənilməmiş, eyni zamanda ünvan 3 ünvanında söküntü işləri Rayon İcra Hakimiyyəti tərəfindən aparılmadığından hər hansı bir sənəd aşkar edilməmişdir. Beləliklə, mübahisəli fərdi yaşayış evinin sökülməsi ilə bağlı kompensasiya İddiaçı deyil, onun anası X5 müvafiq icra hakimiyyəti tərəfindən ödəndiyindən, bununla bağlı mübahisə olmadığından və İddiaçı fərdi yaşayış sahəsindən imtina ilə əlaqədar ilkin alqısatqı müqaviləsi üzrə tərəf olmadığından, birinci instansiya məhkəməsinin subyektiv hüququnun olmaması əsası ilə iddianın mümkün hesab edilməməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hətta, iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmiş olsa belə, mübahisəli sahə ilə bağlı alqı-satqı müqaviləsindən aydın olur ki, tikilinin sahəsi konkret göstərilmiş, müqavilə tərəfləri bununla bağlı mübahisə açmamış, müqavilə hazırda da qüvvədədir, müqaviləyə əsasən tikilinin sahibi ödənişi əldə etmiş, həmçinin, gələcəkdə hər hansı bir iddia qaldırmayacağına dair öhdəlik götürmüşdür. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3238/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3238/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar