Məhkəmə qərarları › İş №2-1(103)-1863/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1863/2020

19.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1863/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “2018-ci il tarixdən əvvəlki 3 il üçün veteran haqqının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1904/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı vəsiqəsinin əldə etdiyi 2018-ci il tarixdən əvvəlki 3 il üçün veteran haqqının hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 2018-ci il tarixdən əvvəlki 3 il üçün veteran haqqının hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1904/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, SXHÇDX-nin Kürdəmir rayon çağırış komissisyası tərəfindən xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılaraq xx xxxx 1992- ci il tarixində hərbi hissəyə göndərilmişdir.1992-1994-cü illərdə vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibədə iştirak etmişdir. Döyüşlərdə olan zaman xx.xx.1994-cü ildə bir-neçə güllə yarası-xəsarət almış və 1994-cü ildə tərxis olunmuşdur. Tərxis olunsa da məhkəmənin 2018-ci il tarixli qətnaməsinə əsasən veteran adı almış və Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfində M/V 085034 saylı, xx xxxxxxx 2018ci il tarixli veteran vəsiqəsini əldə etmişdir. Ona görə də, ona veteran vəsiqəsinin verildiyi 2018-cü il tarixindən əvvəlki 3 il üçün veteran haqqının (veteran pulunun) hesablanaraq ödənilməlidir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı DSMF-nin Bakı şəhəri, Sabunçu rayon şöbəsinə müraciət edərək, ona müharibə veteranı adı verildiyi tarixədək 3 illik dövrə görə sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Fondun Bakı şəhəri Sabunçu rayon şöbəsi vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən müavinət təyin etmiş, əvvəlki illər üçün müavinət ödəməkdən imtina etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Müharibə veteranı anlayışının əhatə dairəsinə daxil olmaq sosial müavinət üçün əsas deyil. Sosial müavinətlər haqqında qanunvericilik “müharibə veteranlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi” şərtini gətirir. Müvafıq icra hakimiyyəti orqanı isə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” olaraq müəyyən edir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin, 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların sosial müavinət almaq hüququnu onların veteran statusu almaq hüququndan fərqləndirməyə ehtiyac vardır. Veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1904/2020 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixiqdə 085034 nömrəli “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında Fondun müvafiq şöbəsi vətəndaşa həmin tarixindən müavinət təyin etmişdir. “Sosial müavinətlər haqqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qanunvericiliyin müxtəlif normalarında veteranların bu güzəştlərdən istifadə edə bilməsi imkanı veteran vəsiqəsinin alınması anı ilə şərtləndirilmişdir. Vəsiqənin, yəni veteran adının almağın önəmli olduğu “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüquqununu yarandığı günlə şərtləndirmişdir. Ona görə də, bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya baxışı zamanı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon Şöbəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx xxxxxxx 2018-ci il tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra o, cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müharibə veteranı vəsiqəsi təqdim edilən andan etibarən, yəni xx xxxxxxx 2018-ci il tarixdən müavinət təyin olunmuş, ödənişlər həyata keçirilməyə başlanılmışdır. Lakin əvvəlki üç il müddət üçün müavinətlərin ödənilməsindən imtina edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək ona 2018-ci il tarixdən əvvəlki 3 (üç) il ərzində ödənilməli olan müavinətin hesablanaraq birdəfəlik qaydada ödənilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, sosial müavinətin cavabdehin imtinasında göstərdiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin Azərbaycan Respublikasının müdafiəsi zamanı gedən döyüşlərdə iştirakına görə verildiyini nəzərə alsaq, belə olan halda, ona həmin döyüşlərdə iştirakına görə verilməli olan müavinət – ona 31 oktyabr 2018-ci il tarixdə verildiyi veteran vəsiqəsindən əvvəlki üç il üçün, yəni, 31 oktyabr 2015ci il tarixdən ödənilməli olduğu öz təsdiqini tapmış olur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla),müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Hazırki işin hallarından görünür ki, iddiaçıya 31 oktyabr 2018-ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmiş və ona bununla əlaqədar olaraq sosial müavinət təyin edilmişdir. İşin mübahisələndirilən halı həmin müavinətin “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təyinatdan əvvəlki üç il nəzərə alınaraq yenidən hesablanması və fərqin ödənilməsi ilə bağlıdır. Cavabdeh iddiaçıya müharibə veteranı vəsiqəsinin 2018-ci ildə verilməsini əsas gətirərək, həmin tarixdən də ona sosial müavinət təyin edildiyini bildirir və bu səbəbdən iddiaçıya müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə müavinət ödənilməsidən imtina edir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki, Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Yuxarıda istinad olunan normadan da görünür ki, qanunvericilik ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlərin təyin olunmasını mümkün saymışdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərək ona müharibə veteranı kimi müavinətin 31 oktyabr 2018-ci ildən əvvəlki üç illik dövr üçün hesablanaraq ödənilməsi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab edərək bildirir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38-ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun əliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb ola bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanının 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. 2019-cu il 1 aprel tarixdən əvvəl müharibə veteranı vəsiqəsi və statusu almış şəxslərə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi tətbiq olunmaqla müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(112)-1904/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar