Məhkəmə qərarları › İş №2-1(103)-1863/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1863/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1863/2021 18.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsi ilə, Bəktaşi Səadət İnayət qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh AR Ədliyyə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-207/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı ona, sabiq ədliyyə polis-polkovnik leytenantı İddiaçı “müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona “müharibə veteranı statusu və vəsiqəsi”nin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, O, Penitensiar Xidmətin 1 saylı cəza çəkmə müəssisəsində xidmət edərkən 05.05.1992-ci il 17 saylı əmrlə,13.05.1992-ci il tarixdən 25.05.1992-ci il tarixədək, sərhədlərin bütövlüyünün qorunması məqsədi ilə Zəngilan rayonuna-döyüş bölgəsinə ezam olunmuşdur. Zəngilan döyüş bölgəsində olduğuna görə ona Azərbaycan Vətən Müharibəsi Veteranları birliyi tərəfindən 14376 saylı 23.01.1997-ci il tarixli vəsiqə verilmişdir. 'Müharibə veteranı" vəsiqəsi verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin ona "Müharibə veteranı" vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İmtina onunla əsaslandırılmışdır ki, onun təqdim etdiyi arayışda ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunmağı barədə məlumat qeyd edilməmişdir. Sənədləşmə ilə o məşğul olmamış, Zəngilan şəhərinin müdafiəsi ilə bağlı döyüşlərdə iştirak etmiş, onun komandirlik etdiyi əməkdaşlardan bir neçə nəfərinə "müharibə veteranı" vəsiqəsi verilmişdir. Zərurət yaranarsa, şahid qismində həmin şəxsləri məhkəməyə dəvət edə bilər. Binəqədi Rayon Hərbi Komissarlığı üzrə xidmət müddətinin dəqiqləşdirilməsi üçün sorğu edilən hərbi vəzifələrin adlı siyahasında hərbi xidmət keçdiyi h/h-nin nömrəsi və müddəti aşağıdakı kimi göstərilmişdir:05.05.1992- 25.05.1992-N saylı h/h. Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-207/2020 nömrəli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-207/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, Məhkəmə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin və Binəqədi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən verilmiş məlumatların uyğunsuzluğunu araşdırmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2- 1(103)-600/2021 nömrəli qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-207/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmişdır. Qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(103)-600/2021 nömrəli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19.05.2021-ci il tarixli, 2-1(102)-939/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16.02.2021-ci il tarixli, 2-1(103)600/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə gönərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Növbəti apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-207/2020 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərin surətlərindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1956-cı ildə Quba rayonu, Rustov kəndində doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətinə əsasən iddiaçı 26.10.1974-cü ildən 19.11.1976-cı ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur. Bakı şəhəri Binəqədi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən verilmiş Binəqədi rayon Hərbi Komissarlığı üzrə xidmət müddətinin dəqiqləşdirilməsi üçün sorğu edilən hərbi vəzifələrinin adlı siyahısına əsasən İddiaçı hərbi xidmət keçdiyi h/h-nin nömrəsi və müddəti 05.05.1992-25.05.1992-ci il N h/h kimi qeyd edilmişdir. 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovnik-leytenantı Emin Həsənov tərəfindən imzalanmış 05.05.1992-ci il tarixli 17 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı 13.05.1992-ci il tarixdən 25.05.1992-ci il tarixinədək Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 16.03.2020-ci il tarixli 9/2-3535 saylı arxiv arayışında göstərilmişdir ki, N №li hərbi hissə komandirinin may 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi işin hallarına “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsini, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3-cü maddələrini, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3, 7-ci maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndini, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarını tətbiq etməklə belə qərara gəlmişdir ki, qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə iş materiallarında hər hansı sübut olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək hüququ olmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı döyüşlərdə iştirak etdiyini təsdiq edən sübut kimi iş materiallarına əlavə edilmiş onun Zəngilan şəhəri döyüş bölgəsinə ezam edilməsi barədə əmrdən çıxarışa istinad etsə də, həmin əmrdə sonuncunun ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunmağı barədə məlumat qeyd edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüququ normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki hallarını, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İşə kassasiya şikayətinə əsasən baxarkən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi iş üzə qəbul etdiyi 16.02.2021-ci il tarixli qərarda özü iddiaçının Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunmasını təsdiq edən ən azından 2 rəsmi sənədi (Binəqədi rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin 12.06.2012-ci il tarixli, 974 saylı arayışı və 1 saylı cəza çəkmə müəssisəsinin 17 nömrəli 05.05.1992-ci il tarixli əmri) müəyyən etsə də, həmin mötəbər sübutları tam və hərtərəfli araşdırılmadan, Müdafiə Nazirliyinin işlər idarəsinin mərkəzi arxivinin “N nömrəli hərbi hissə komandirinin 13.05.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində X1 barəsində məlumat aşkar olunmamışdır” məzmunlu 16.03.2020-ci il tarixli, 9/2-3535 saylı arxiv arayışına istinadən iddiaçının sözügedən hərbi hissəyə ezam olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Hazırda məhkəmə kollegiyası Ali Məhkəmənin qərarındakı mövqeyinə uyğun olaraq araşdırma aparmaqla belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün qərar qəbul etmişdir. Eyni zamanda məşkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iş materiallarına və maddi hüquq normalarına istinadla açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iş üzrə müəyyən edilir ki, iddiaçının “xeyrinə olan” (iddiasını əsaslı olduğunu təsdiq edən) 2 sənəd mövcuddur ki, bunlardan biri iddiaçının 13.05.1992-ci il tarixdən 25.05.1992-ci il tarixinədək Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunması haqqında 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini müvəqqəti icra edən ədliyyə polkovnikleytenantı Emin Həsənov tərəfindən imzalanmış 05.05.1992-ci il tarixli 17 saylı əmrdən çıxarışdır, digər isə Bakı şəhəri Binəqədi rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi tərəfindən verilmiş “Binəqədi rayon hərbi komissarlığı üzrə xidmət müddətinin dəqiqləşdirilməsi üçün sorğu edilən hərbi vəzifələrinin adlı siyahısında İddiaçı 05.05.1992- 25.05.1992-ci il tarixlərdə N hərbi hissədə hərbi xidmət keçməsi haqqında” qeyddir. Eyni zamanda işin materiallarında iddiaçının “ziyanına olan” (iddiasını əsassız olduğunu təsdiq edən) daha 2 sənəd mövcuddur ki, bunlardan biri, 1-ci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “iddiaçının əmrdən çıxarışda ezamiyyətinin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunması haqqında məlumatın olmaması səbəbindən ona “Müharibə veteranı” adının verilməsinin mümkün olmadığı haqqına 18.11.2019-cu il tarixli məktubudur, digəri isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş “ arxiv sənədlərində N nömrəli hərbi hissə komandirinin 13.05.1992-ci il tarixli nizami hissə üzrə əmrlərində X1 barəsində məlumat aşkar olunmaması haqqında 16.03.2020-ci il tarixli, 9/2-3535 saylı arxiv arayışıdır. Hazırda işə baxan məhkəmə kollegiyası Ali Məhkəmənin qərarındakı mövqeyə uyğun olaraq yuxarıda qeyd olunun sənədlərdə biri-birinə zidd olan mövqelərin araşdırılması və bu ziddiyətin aradan qaldırılması üçün Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinə sorğu ünvalamış və göstərmişdir ki, işin materiallarına əlavə olunmuş Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsi tərəfindən verilmiş məlumata əsasən İddiaçı 05.05.1992-25.05.1992-ci il tarixlərdə N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. Qeyd olunan iş üzrə zərurət yarandığından, İddiaçı 05.05.1992-25.05.1992-ci il tarixlərində N nömrəli hərbi hissəyə ezam olunması faktını təsdiq edən ilkin sənədlərin növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunur. Sorğuya cavab olaraq İdarə tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 1956-cı il təvəllüdlü İddiaçı 28.10.1974-cü il tarixdə Xətai (keçmiş Şaumyan) rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 10.12.1974-cü ildən 09.11.1976-cı ilədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. Ezam olunması barədə heç bir məlumat yoxdur. Daha sonra məhkəmə kollegiyası tərəfindən yenidən Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinə sorğu ünvanlanaraq bildirilmişdir ki, iş materiallarına əlavə olunmuş Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsi tərəfindən verilmiş məlumata əsasən İddiaçı 05.05.1992-25.05.1992-ci il tarixlərdə N nömrəli hərbi hissədə ezamiyyətdə olmuşdur. Eyni zamanda məhkəmə sorğusuna cavab olaraq məhkəməyə ünvanladığınız 26.07.2021-ci il tarixli, 943 nomrəli məktubda qeyd olunmuşdur ki, 1956-cı il təvəllüdlü İddiaçı 28.10.1974cü il tarixdə keçmiş (Şaumyan) Xətai rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 10.12.1974-cü il tarixdən 09.11.1976-cı il tarixədək SSRİ SQdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Ezam olunması barədə heç bir məlumat yoxdur. Yaranmış ziddiyətlə əlaqədar məlumatın məhkəməyə təqdim olunması xahiş olunmuşdur. İkinci sorğuya cavab olaraq İdarə tərəfindən məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, 1956-cı il təvəllüdlü İddiaçı 28.10.1974-cü il tarixdə Xətai (keçmiş Şaumyan) rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 10.12.1974-cü ildən 09.11.1976-cı ilədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. Ezam olunması barədə heç bir məlumat yoxdur. Təkrar yoxlama aparıldı. İddiaçı ezam olunması barədə heç bir məlumat yoxdur. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 01.07.2021-ci il tarixli, 06/13-560 nömrəli məktubda qeyd olunmuşdur ki, X3 İsayevin «Müharibə veteranı» adının verilməsi barədə daxil olmuş müraciəti ilə əlaqədar bildiririk ki, 1 saylı X5 üzrə 05.05.1992-ci il tarixli 17 nömrəli əmrdən çıxarışa əsasən, o, 13.05.1992-25.05.1992-ci il tarixlərdə Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunmuşdur. «Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş Əsasnamənin tələblərinə əsasən «Müharibə veteranı» adı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı İlə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara həmçinin əmrdən çıxarışlar əsasında verilir. Lakin İddiaçı təqdim etdiyi müvafiq əmrdən çıxarışda ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunması barədə məlumat qeyd olunmamışdır. Eyni zamanda İddiaçı digər müvafiq təsdiqedici sənəd təqdim etməmişdir. Göstərilənlərə əsasən İddiaçı “Müharibə veteranı” adının verilməsi imkan xaricində olmuşdur. Beləliklə yuxarıda qeyd olunanlardan məlum olur ki, işin materiallarında olan və iddianın əsaslı-əsassız olmasını təsdiq edən sənədləri təqdim etmiş dövlət orqanlarının bu iş üzrə mövqeləri arasında ziddiyyət qalmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd 1.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.1.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Qanunvericiliyin tələblərinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Lakin iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi barədə iş materiallarında hər hansı sübut olmadığından iddiaçının cavabdehdən müharibə veteranı adının və vəsiqəsinin verilməsini tələb etmək hüququ olmamışdır. Belə ki, iş materiallarında iddiaçının 13.05.1992-25.05.1992-ci il tarixlərdə Zəngilan şəhəri döyüş bölgəsinə ezam olunması barədə sənədlər mövcud olsa da, onun ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunması barədə məlumat qeyd olunmamışdır. Eyni zamanda İddiaçı digər müvafiq təsdiqedici sənəd təqdim etməmişdir. Ona görə də şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-207/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 10.11.2020-ci il tarixli, 2-1(112)-207/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar