Məhkəmə qərarları › İş №2-1(103)-1863/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1863/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1863/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X6 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5475/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 07 iyun 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1948-ci il təvəllüdlüdür. AZ seriyalı 180621 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Mirzə-zadə Arzu İdayət qızı arasında xx.xx.1970- ci il tarixdə rəsmi nikah bağlanılmışdır. AZ seriyalı 034458 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İddiaçının mərhum ərinə məxsus 10D388 saylı əmək kitabçasından çıxarışdan görünür ki, iddiaçının mərhum əri Rüstəm Kələntərov 12 iyul 1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ Dövlət Komitəsinin Azərbaycan Respublika İdarəsinə Baş direktorun müavini – Azərbaycan SSR üzrə Standartlara və ölçü vasitələrinə nəzarət üzrə baş dövlət müfəttişinin müavini vəzifəsində işləmişdir. İşdə olan Ləğv prosesində olan Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 7/3- 2021 saylı 08 oktyabr 2021-ci il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı həyat yoldaşı X5, həqiqətən 12 iyul 1984-cü il tarixdə (Əmr № 63-K, xx.xx.1984- cü il) SSRİ Dövlət Komitəsinin Azərbaycan Respublika İdarəsinə Baş direktorunun müavini - Azərbaycan SSR üzrə standartlara və ölçü vasitələrinə nəzarət üzrə baş dövlət müfəttişinin müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə (Əmr № 4-K, xx.xx.1992-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. “İttifaq tabeli müəssisələrin və təşkilatların Azərbaycan Respublikasının dövlət idarə orqanlarının ixtiyarına verilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 323 nömrəli xx.xx.1991-ci il tarixli Fərmanına müvafiq olaraq, “Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 307 nömrəli 02 iyul 1992-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (sonradan Azərdövlətstandart adlanacaq) yaradılmışdır. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2001-ci il tarixli 623 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) və Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsi ləğv edilərək Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsinin Patent-Lisenziyalaşdırma İdarəsinin bazasında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi yaradılmışdır. “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2008-ci il tarixli 53 №-li Sərəncamı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsasında Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yaradılmışdır. “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikasi Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2018-ci il tarixli 319 s nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilməsi ilə əlaqədar ləğvetmə komissiyası yaradılmışdır. Yuxarıda göstərilən dövrlər üzrə ümumi əmək stajı – 07 (yeddi) il 06 (altı) ay 05 (beş) gündür. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Nərimanov rayon Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 13/3-1064 saylı 19 dekabr 2011-ci il tarixli məktubdan görünür ki, iddiaçıya müraciəti ilə əlaqədar bildirilmişdir ki, onun həyat yoldaşı rəhmətə gedən zaman o dövrdə, yəni xx.xx.2000-ci il tarixdə «Dövlət qulluqçularınının pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 04 avqust tarixli 911 nömərəli Fərmanı ilə təsdiq edilmiş inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu və Fərmanda nəzərdə tutulan qaydalar 2005-ci ilin yanvarın 1-dən tətbiq edilir. Bir daha nəzərinə çatdırılır ki, mərhum həyat yoldaşına görə onun dövlət qulluqçusu pensiyası almaq hüququ yoxdur. İddiaçı dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir (i.v.6). Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********1 saylı xx.xx.2021-ci il tarixli “Dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” imtina məktubunda qeyd edilmişdir ki, onun mərhum həyat yoldaşı X4 vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 26 fevral 2000-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də, ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Əlavə olaraq bildirilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu 1 sentyabr 2001-ci il tarixindən qüvvəyə minmişdir. Cavabdehin qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Mərhum həyat yoldaşı X5 ilə 03 mart 1970-ci ildə nikaha girərək ailə qurmuşdur. O. xx.xx.1984-cü il tarixindən xx.xx.1992-ci il tarixinə kimi SSRİ Standartlar Komitəsinin Azərbaycan Respublika İdarəsinin rəisinin müavini, Azərbaycan Respublikası Standartlaşdırma və Metrologiya Mərkəzinin direktor müavini və həmin Mərkəzin Baş direktorunun müavini vəzifələrində işləmişdir. Həmin vəzifələrdə dövlət qulluqçusu kimi iş stajı 07 il 06 ay 05 gün təşkil edir. Həyat yoldaşı xx.xx.2000-ci il tarixində vəfat etmişdir. Ona müraciəti əsasında DSMF-nun Nərimanov rayon şöbəsi tərəfindən mərhum həyat yoldaşına görə 2010-cu ilin noyabr ayında ailə başçısını itirdiyi üçün ailə başçısını itirən kimi adi pensiya təyin edilmişdir. O, dövlət qulluqçusunun həyat yoldaşı kimi ailə başçısını itirdiyinə görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2011-ci il tarixində DSMF-nun Nərimanov rayon Şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etmiş və tələb olunan bütün sənədləri təqdim etmişdir. DSMF-nun Nərimanov rayon Şöbəsi xx.xx.2011-ci il tarixli xx/xx- 1064 saylı cavab məktubu ilə ona dövlət qulluqçusunun ailəsi kimi pensiya təyin etməkdən həyat yoldaşı rəhmətə gedən zaman, yəni xx.xx.2000-ci il tarixində “Dövlət qulluqçularının pensiya təminatı haqqında” qanunun qüvvəyə minməməsini əsas gətirərək qanunsuz olaraq imtina etmişlər. O, xx.xx.2021-ci il tarixində təkrar olaraq dövlət qulluqçusunun həyat yoldaşı kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına tələb olunan bütün sənədləri ərizəsinə əlavə etməklə müraciət etmişdir. Mərkəzi Filial xx.xx.2021-ci il tarixli **********1 saylı cavab məktubu ilə ona dövlət qulluqçusunun ailə üzvü kimi əmək pensiyası təyin etməkdən imtina edərək bildirmişlər ki, mərhum həyat yoldaşının vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi xx.xx.2000-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Hesab edir ki, inzibati orqan bu dəfə də, ona qanunsuz və əsassız olaraq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin etməkdən imtina edir. Ona görə də, inzibati orqanların cavab məktublarının əsassız hesab edilməsi və o dövrdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 32.3-cü maddəsinin tələbinə əsasən bu qanun qüvvəyə minən gündən yəni xx.xx.2006-cı il tarixindən ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsinin cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Onun mərhum həyat yoldaşı vaxtı ilə işləmiş olduğu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli, 5 nömrəli sərəncamı ilə ləğv edilmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, vətəndaşın mərhum həyat yoldaşı X2 vaxtilə işlədiyi vəzifələr onun vəfat etdiyi 26 fevral 2000-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmirdi. Bu səbəbdən də vətəndaşa dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Əlavə olaraq bildirilmişdir ki, "Dövlət qulluğu haqqında" Qanunu 1 sentyabr 2001-ci il tarixindən qüvvəyə minmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5475/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı xx.xx.2006-cı il tarixdən dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və ötən dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. 2-1(112)-5475/2022 saylı qərarla xx.xx.2017-ci il tarixinə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2006-cı il tarixinə qadınlar üçün yaş həddinin 57 yaş olduğu əsas götürülərək iddia tələbini təmin etmiş və xx.xx.2006-cı il tarixdən etibarən ötən bütün müddət üçün pensiyanın ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul etmişdir. İddiaçıya xx.xx.2010-ci il tarixdən ümumi əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir və hal-hazıradək ödənilməkdədir. Sözügedən Qanunun 32.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalarının təhlilindən aydın olur ki, keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) iliə məhdudlaşdırılmışdır. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iddiaçı İ.İddiaçı 06 dekabr 2021-ci il tarixdə inzibati orqana müraciət edərək dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsini xahiş etmişdir. Buna baxmayaraq məhkəmə tərəfindən pensiya məbləğinin ödənilməsi öhdəliyinin müraciət edilən tarixdən əvvəlki (06 dekabr 2018-ci il) ən çoxu 3 (üç) illə məhdudlaşdırılmalı olduğu halda həmin müddətlə bağlı məsələyə ümumiyyətlə münasibət bildirilməmiş, pensiya hüququnun yarandığı 01 yanvar 2006-ci il tarixdən təyin edilməsi və ötən dövr üzrə yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi qoyulmuşdur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İş materiallarından həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması müəyyən edilmir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın “öhdəliyin icrası haqqında” iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “dövlət qulluqçusunun ailə üzvünə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən “onun mərhum həyat yoldaşı X2 vaxtilə işlədiyi vəzifələrin onun vəfat etdiyi 26 fevral 2000-ci il tarixində qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilməməsi” əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə araşdırma zamanı iddiaçının mərhum ərinin qanunvericiliyin tələblərinə əsasən dövlət qulluqçusu stajına malik olmasının öz təsdiqini tapmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1948-ci il təvəllüdlüdür, o, xx.xx.1970-ci il tarixdə X5 ilə nikaha daxil olmuş, iddiaçının həyat yoldaşı xx.xx.2000-ci il tarixdə ölmüşdür. İddiaçıya xx.xx.2004-cü il tarixdə adi qaydada ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. Hazırda iddiaçı mərhum ərinin xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ Dövlət Komitəsinin Azərbaycan Respüblikası İdarəsinə Baş Direktorunun müavini- Azərbaycan SSR üzrə standartlaşdırma və ölçü vasitələrinə nəzarət üzrə baş dövlət müfəttişinin müavini vəzifəsində işlədiyi 07 il 06 ay 05 günün dövlət qulluğu stajına daxil edilməklə ona dövlət qulluqçusunun arvadı kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdehə 2011-ci və 2021ci il tarixlərdə müraciət etməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaçının müraciətlərindən mərhum əri Rüstəm Kələntərovun vaxtilə işlədiyi vəzifələrin onun vəfat etdiyi xx.xx.2000-ci il tarixdə qüvvədə olmuş qanunvericiliyə əsasən dövlət qulluğu vəzifələri hesab edilmədiyinə, bu səbəbdən də ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmadığına, “Dövlət qulluğu haqqında” Qanunun xx.xx.2001-ci il tarixdən qüvvəyə minməsinə istinad edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991 -ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1-ci və 2ci bəndlərinə əsasən aparılmışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən iddiaçının mərhum ərinin xx.xx.1984-cü il tarixdən xx.xx.1992-ci il tarixədək SSRİ Dövlət Komitəsinin Azərbaycan Respublikası İdarəsinə Baş Direktorunun müavini- Azərbaycan SSR üzrə standartlaşdırma və ölçü vasitələrinə nəzarət üzrə baş dövlət müfəttişinin müavini vəzifəsində işlədiyi 07 il 06 ay 05 günün dövlət qulluğu stajına daxil edilməsi məsələsinə münasibət bildirilməsi üçün Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin PHŞ/3-2-2022-2754 saylı xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdi ki, Azərbaycan SSR Nazirlər Sovetinin 5 oktyabr 1973-cü il tarixli 337 nömrəli Qərarı ilə təsdiq edilmiş “SSSR Nazirlər Sovetinin Dövlət Standartları Komitəsi haqqında Əsasnamənin 1-ci hissəsinə əsasən, Komitə standartlaşdırma və metrologiyaya rəhbərliyi həyata keçirən ümumittifaq dövlət idarəetmə orqanıdır. Həmin Əsasnamənin 14-cu hissəsinə əsasən, ittifaq respublikalarında dövlət standartının respublika idarələri bilavasitə sözügedən Komitənin tabeliyindədir. Respublika idarələrinin bilavasitə tabeliyində isə respublika metrologiya və standartlaşdırma mərkəzləri, standartlar və ölçmə texnikası üzərində respublika, bölgələrarası və bölgə (vilayət) dövlət nəzarət laboratoriyaları mövcuddur. Əsasnamənin 15-ci hissəsinə əsasən, həmin idarələr SSRİ Dövlət Standartları Komitəsinin vahid sistemini təşkil edir. SSSR Dövlət Standartlaşdırma Komitəsinin Azərbaycan Respublikası Dövlət Standartlaşdırma idarəsinin 15 avqust 1991-ci il tarixli 54 nömrəli əmrinə əsasən, SSSR Dövlət Standartlaşdırma Komitəsinin Azərbaycan Respublikası İdarəsi və Azərbaycan Standartlaşdırma və Metrologiya Mərkəzi SSSR Dövlət Standartlaşdırma Komitəsinin 05 avqust 1991-ci il tarixli 238 nömrəli əmri ilə ləğv edilmiş və həmin təşkilatların bazasında hüquqi şəxs statuslu Azərbaycan Dövlət Standartlaşdırma Mərkəzi (Azərdövlətstandart) yaradılmışdır. "Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi (Azərdövlətstandart) haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 iyun 1992-ci il tarixli 307 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi yaradılmış, həmin Mərkəzin tərkibində Naxçıvan, Sumqayıt, Xankəndi, Gəncə standartlaşdırma və metrologiya mərkəzləri, habelə Şəki, Lənkəran, Salyan şəhər ərazi şöbələri mövcud olmuşdur. Yuxarıda adıçəkilən Siyahının 1.16-ci bəndində Azərbaycan SSR Nazirlər Soveti yanında baş idarənin, idarənin və digər idarəetmə orqanlarının aparatında, ittifaq-respublika tabeliyində olan büdcədən maliyyələşdirilən dövlət idarəetmə orqanlarının (baş idarələrin, idarələrin) rəhbərinin birinci müavini, müavini vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan orqanların aparat rəhbərinin müavini vəzifəsinə uyğunlaşdırılmışdır. Göründüyü kimi, iddiaçının mərhum ərinin qanunvericiliyin tələblərinə əsasən dövlət qulluğu stajına malik olması öz təsdiqini tapmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.8-ci maddəsinə əsasən dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11- 1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ixtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Həmin Qanunun 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3- cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Sadalananlardan görünür ki, iddiaçının mərhum ərinin vəfat etdiyi xx.xx.2000-ci il tarixədək dövlət orqanlarında qulluq stajı qanunla tələb olunan müddətdən artıq olmuşdur. Belə olan halda müəyyən olunur ki, həm iddiaçının yaşı, həm də onun vəfat etmiş ərinin malik olduğu sığorta stajı qanunvericiliklə tələb olunan şərtlərə uyğun olaraq iddiaçıya dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə pensiya almaq hüququnu verir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə qadınlar üçün yaş həddi 57 yaş olduğundan, iddiaçının isə 57 yaşının tamam olduğu xx.xx.2005-ci il tarixdən dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə pensiyaya çıxmaq hüququ olsa da, lakin adı çəkilən Qanunun müddəasına görə ona ən tez həmin Qanunun qüvvəyə mindiyi tarixdən bu növdə pensiya təyin edilməsinin mümkünlüyünü nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məhz xx.xx.2006-cı il tarixdən dövlət qulluqçusu olan ailə başçısını itirməyə görə pensiya təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Digər tərəfdən Kollegiya onu da nəzərə alır ki, iddiaçı mərhum dövlət qulluqçusu olmuş ərinin ailə üzvü kimi ona ailə başçısını itirməyə görə pensiya təyin olunması ilə bağlı cavabdeh orqana 2011-ci ildən etibarən müraciətlər etsə də, həmin müraciətindəki tələbinin təmin olunmasından imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.2-ci bəndinə əsasən pensiyanın bir növündən digər növünə keçdikdə yeni növ pensiya növbəti ayın 1-dən ödənilir. Lakin nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadının 75 və 76-cı bəndlərinə görə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 illə məhdudlaşdırılmışdır. Sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Kollegiya nəticədə nəzərə almışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1- 1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən adı çəkilən Qərardadın tələblərindən göründüyü kimi, müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Hazırki işdə cavabdeh orqan iddiaçının əmək pensiyası hüququnun xx.xx.2017-ci il tarixədək yaranmasına baxmayaraq təyin edilmiş pensiyanın son üç ildən daha əvvəlki dövr üçün ödənilməsinin qanunvericiliyin normalarının tələblərinə zidd olduğu qənaətindədir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarının işığında hazırki işin faktiki halları ilə bağlı bildirir ki, iddiaçının əmək pensiyası hüququ 2017-ci il 01 iyul tarixindən əvvəl yaranmaqla yanaşı, o, bu hüququn reallaşdırılması üçün həmin tarixdən əvvəl (2011-ci ildə) inzibati orqana müraciət etmişdir. İşin bu halı mübahisəsizdir. İddiaçının 2011-ci ildə etdiyi müraciətə münasibətdə də cavabdeh orqan eyni əsaslarla imtina etmişdi. İddiaçının həmin müraciəti öz mahiyyətinə görə bilavasitə onun dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun reallaşdırılmasının tərkib hissəsi olduğundan və iddiaçının sosial təminat hüququna təminat verən dövlətin səlahiyyətli orqanına edildiyindən iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanununun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları 2017-ci il 01 iyul tarixinədək qüvvədə olmuş redaksiyada tətbiq olunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya keçmiş dövr üzrə ödənilməli olan məbləğ xx.xx.2006-cı il (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi) tarixdən etibarən ötən bütün müddət üçün ödənilməlidir. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasında məhkəmə təcrübəsi belə formalaşmışdır (2-1(102)-1722/2022 saylı xx.xx.2022-ci il tarixli qərar). Cavabdehin apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olub, qərarın iddianın təmin olunduğu hissədə ləğv olunub, iddianın təmin edilməməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin 2-1(112)-5475/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5475/2022 saylı 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar