Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1863/2025 02.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4687/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkməsində aparılan icraat : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 60 (altmış) yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun əmək kitabçasında göstərilən qeydlərə əsasən, 01 yanvar 2006-cı il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 № li siyahı ilə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay işlədiyinə və 25 il ümumi iş stajı olduğuna görə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qeyri-qanuni və əsassız olaraq müxtəlif bəhanələr göstərməklə ididiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə qeyri-qanuni və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4687/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və məhkəmə icraatı iştirakçılarının izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı daha əvvəl güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli 3-3-17-1/2- Q-263066/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, onun işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr (a) polad və dəmir-beton kosntruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar, sənaye dəmir-beton borularının boruçəkənləri və mütəxəssislər (b) bəndində iş icraçıları vəzifəsi ilə eyniyyət təşkil etmir. Bakı İnzibati Məhkəməsi öz qərarını maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyətli halların tam hərtərəfli, obyektiv arasdırılmaması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması şəraitində çıxarmışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu, təmin edilməyərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apelyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri "Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007- ci il 6 mart tarixli, 260-İİİqD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə mübahisə üzrə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun 60 yaşı, həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün azı 25 il stajı (ümumi) və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə güzəştli iş stajı olmalıdır. Hazırki işdən görünür ki, İddiaçı ona 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini tələb edir. İşdən aydındır ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olub və 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixdə isə 60 yaşı tamam olmuşdur. - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur (02 il 13 gün). MT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - 14.08.1981 -ci il tarixdən xx.xx.1982-ci il tarixədək X2 1 saylı tara sexi üzrə fəhlə (01 il); - 01.09.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Azərbaycan SSR Quba rayonu Sabir adına sovxozda fəhlə (01 ay 22 gün); - 02.01.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Bakı ş. 22 saylı OTPM-də təhsil (05 ay 22 gün); - 02.07.1985-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Abşeron Quraşdırma İdarəsində quraşdırıcı çilingər (11 il 04 ay 29 gün); - 01.05.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" SC Xüsusiləşdirilmiş Enerji-Təmir Müəssisəsi Abşeron Quraşdırma İdarəsində quraşdırıcı çilingər (05 il 02 ay 01 gün); - xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Azərbaycan DRES-də çilingər (01 il 02 ay 16 gün); - xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (xx.xx.2006-cı il tarixədək 03 il 05 ay 09 gün) "xxxx" Birgə Müəssisəsində boruçu (06 il 10 ay 13 gün); - xx.xx.2009-cu il tarixdən xx.xx.2012-ci il tarixdən "xxxx" ASC “STP Tikinti Layihəsinin” Quraşdırma sahəsində boru quraşdırıcısı (03 il 01 ay 13 gün); - xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" MMC-də boru quraşdırıcısı (01 il 14 gün); - xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" Birgə Müəssisəsində konstruksiya quraşdırıcısı (ayaqaltı), xx.xx.2015-ci il tarixdən ayaqaltı işləri üzrə nəzarətçi (02 il 10 ay 15 gün); - xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" Birgə Müəssisəsində ayaqaltı işləri üzrə nəzarətçi (01 il 06 ay 13 gün); - xx.xx.2018-ci il tarixdən hal-hazıradək "xxxx" Birgə Müəssisəsində nəzarətçi vəzifəsində işləyir. Göründüyü kimi, iddiaçının 25 ildən artıq ümumi iş stajının olması iş materialları ilə təsdiq olunur. Ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi sonuncunun güzəştli iş stajının olmaması qeyd edilmişdir. 12 il 6 ay güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin stajın mövcudluğu iş materillarına əlavə edilmiş arayışlarla öz təsdiqini tapır. Belə ki, məhkəmənin sorğusuna əsasən daxil olmuş "xxxx" MMC-nin AZF2024/339/L nömrəli xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir: “...İddiaçı xx.xx.2002-ci il tarixindən hal-hazırki dövrə kimi Azfen BM-in (hal-hazırda Azfen MMC-nin) layihələrində boruçu, konstruksiya quraşdırıcısı, ayaqaltı işləri üzrə nəzarətçi işində çalışmaqdadır və onun yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: -Polad dəmir-beton konstruksiyaların və sənaye dəmir-beton boruların quraşdırılması; Polad dəmir-beton konstruksiyaların və sənaye dəmir-beton boruların quraşdırılması, yığılmasında istifadə olunan elementlərin (tavr, ikitavr, künclük və s.) növləri və tərkibləri haqqında məlumatın olması və iş əsanasında istifadəsi; Polad dəmirbeton konstruksiyaların və sənaye dəmir-beton boruların quraşdırılması işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadəsi; Polad dəmir-beton konstruksiyaların və sənaye dəmir-beton boruların işləri ilə bağlı cizgi və planın oxunması, izah edilməsi, cizgi əsasında metal hissələri və bütün növ polad, dəmir-beton detalların kəsimi, uyğunlaşdırılması, yerləşdirilməsi, tərkib hissələrinin quraşdırmasının təmin edilməsi; Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə qaydaları, nəzarət ölçü cihazlarının təyinatını və tətbiqini təmin etmək;Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, verilmiş cizgi və ya eskizlər əsasında metal detal, element, polad və dəmirbeton konstruksiyaların hazirlaması, hazırlanmış detal, element konstruksiyaları cizgi ilə tələb olunan yerlərdə koordinatla yerinə çəkilməsi; Detal element və konstruksiyaların hazırlanmasında cilalayıcı elektrik avadanlıqlarından, deşmə avadanlıqlarından və qazla kəsən alətlərdən istifadə edilməsi; Qapalı sahədə kəsmə zamanı ventilyasiya sisteminin quraşdırılması; Polad və dəmirbeton konstruksiyaların cizgilər əsasında armofleks, xüsusi rezin, mineral, pambıq, kömür və s. odadavamlı izolyasiya materialları ilə izolyasiya edilməsi; Polad dəmir-beton konstruksiyaların və sənaye dəmir-beton boruların şablonlarının işlənib hazırlanması, sınağı, yerləşdirilməsi və nişanlanması, o cümlədən flans birləşmələrdən istifadə edərək boru sistemlərinin birləşdirilməsi; Polad dəmir-beton konstruksiyaların və sənaye dəmirbeton boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsi; İşçilərin ləvazimatlardan, fərdi mühafizə vasitələrindən, xüsusi geyimdən düzgün istifadə etmələrinə və onlar tərəfindən işlədilən alət və ləvazimatların mal, material, avadanlıq, inventarların yararsız hala salınmasına, korlanmasına, xarab edilməsinə yol verilməməsinə nəzarət etmək; Sahədəki işin, digər tikinti proseslərinin əmək mühafizəsi və təhlükəsizlik qaydalarına, müvafiq təlimatların tələblərinə uyğun olaraq təşkil edilməsini təmin etmək; Zərərli, partlayış təhlükəli materialların (maddələrin) təhlükəsizlik qaydalarının, müvafiq təlimatların tələblərinə uyğun olaraq istifadəsini təşkil etmək; İşçilərin təhlükəsizlik qaydalarına və təlimatlarına riayət etmələrini təmin etmək; Tabeliyində olan işçilər tərəfindən əmək intizamı üzrə qayda və təlimatlara riayət etmələrini təmin etmək; İşdə nasaz və yararsız avadanlıqdan, mexanizmdən, alətlərdən, qurğulardan istifadə olunmasına yol verməmək; İşçilərin səhhətinə, həyatına təhlükə yaradan amillərin aşkar edildiyi zaman işi saxlamaq, tabeliyində olan işçilərin xüsusi iş paltarlarından, ayaqqabılardan, mühafizə vasitələrindən istifadə etmədikləri, xəstə və sərxoş halda olduqları zaman onlan iş görməyə buraxmamaq; Qəzaların və bədbəxt hadisələrin baş verdiyi halda rəhbərinə, SƏTƏM nümayəndəsinə məlumat vermək və işçini sahə tibb məntəqəsinə göndərmək. Əgər hadisə yeri işçilər üçün təhlükə yaratmırsa, onda iş yerini əvvəlki qaydada saxlamaq; Baş vermiş bədbəxt hadisələrin səbəbləri barədə tabeliyində olan işçilərə məlumat vermək və bu səbəblərin nəticəsində baş verə biləcək hadisələrin qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi istiqamətində iş aparmaq; Zəruriyət olduqda əmək şəraitini yaxşılaşdıran və ətraf mühitin çirklənməsinin qarşısını alan tədbirlər planının hazırlanmasında və yerinə yetirilməsində iştirak etmək; İş yerinin normaya əsasən yanğınsöndürən avadanlıq və alətlərlə təchiz olunmasına diqqət yetirmək. İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndlərə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.” "xxxx" MMC-nin AZF-2024/21-K nömrəli xx.xx.2024-cü il tarixli güzəştli arayışında göstərilmişdir ki, “Verilir İddiaçı ona görə ki, o, həqiqətən Azfen MMC layihələrində aşağıdakı peşələrdə işləmişdir və hal-hazırda işləyir. Onun güzəştli iş stajı aşağıdakı kimi qəbul edilməlidir: 1)xx.xx.2002- xx.xx.2009 - Boruçu peşəsində 6 il 10 ay 13 gün (altı il, on bir ay, on üç gün) çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının müvafiq maddə, başlıq və bəndlər - 29-cu maddə " Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında “Sənaye dəmir-beton borularının boruçəkənləri’' 2)xx.xx.2014 – xx.xx.2015 - Konstruksiya quraşdırıcısı peşəsində 1 il 2 ay 4 gün (bir il, iki ay, dörd gün) çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının müvafiq maddə, başlıq və bəndlər - 29-cu maddə " Bina, qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndi Qeyd: Konstruksiya quraşdırıcısı peşəsi polad və dəmirbeton konstruksiyaların quraşdırılması peşəsi eyni işləri icra edir. xx.xx.2015 - xx/xx/2016 Ayaqaltı işləri üzrə nəzarətçi vəzifəsində 1 il 8 ay 13 gün (bir il, səkkiz ay, on üç gün) çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının müvafiq maddə, başlıq və bəndlər - 29-cu maddə " Bina, qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin iş icraçıları bəndi Qeyd: Ayaqaltı işləri üzrə nəzarətçi vəzifəsi “İş icraçıları” vəzifəsi ilə eyni işləri icra edir. xx.xx.2017 – xx.xx.2018 Ayaqaltı işləri üzrə nəzarətçi vəzifəsində 1 il 6 ay 14 gün (bir il, altı ay, on dörd gün) çalışmışdır. xx.xx.2018 Hal-hazırda Ayaqaltı işləri üzrə nəzarətçi vəzifəsində 5 il 3 ay 14 gün (beş il, üç ay, on dörd gün) çalışmışdır. 29-cu maddə - " Bina, qurğu və digər obyektlərin inşası,yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin iş icraçıları bəndi Qeyd: Ayaqaltı işləri üzrə nəzarətçi vəzifəsi “İş icraçıları” vəzifəsi ilə eyni işləri icra edir. İddiaçı işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 29-cu maddəsinin, “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.” Məhkəmənin sorğusuna əsasən daxil olmuş "xxxx" MMCnin 001/0240/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “…İddiaçı "xxxx" MMC-də xx.xx.2012ci il tarixindən xx.xx.2014-cü il tarixinədək X1 1 №-li Quraşdırma sahəsinin Hazırlanma bölməsinin 6-cı dərəcəli boru quraşdırıcısı vəzifəsində işləmişdir. Həmin dövrdə İddiaçı əmək müqaviləsi rəsmiləşdirilərkən, əmək müqaviləsində “işçi aşağıdakı əmək funksiyanın icrasını öhdəsinə götürür bölməsində” “vəzifə təlimatlarına uyğun olaraq” sözləri qeyd edilmişdir. Lakin həmin dövrdə sənədləşməni həyata keçirən əməkdaşlar tərəfindən 6-cı dərəcəli boru quraşdırıcısı vəzifəsi üzrə vəzifə təlimatları hazırlanmamışdır (təsdiq edilməmişdir). Buna görə də İddiaçı vəzifə funksiyasının nədən ibarət olmağını təsdiqləyən vəzifə təlimatını məhkəməyə təqdim etmək imkanımız xaricindədir. İddiaçı "xxxx" MMC-də 6-cı dərəcəli boru quraşdırıcısı vəzifəsi üzrə faktiki yerinə yetirmiş olduğu əmək funksiyası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 29-cu fəslində müəyyən edilmiş “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” – “a” (fəhlələr) bəndinin 28-ci sətrində müəyyən edilmiş sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsinin xüsusiyyətləri ilə eynilik təşkil edir. "xxxx" MMC-nin 06 nömrəli xx.xx.2024-cü il tarixli “Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair Arayış”ında göstərilir ki, “...Verilir İddiaçı (FİN xxxxxxx) ondan ötrü ki, o, həqiqətən “Sumqayıt Texnologiyalar Parkı" MMC-nin X1 1 N-li Quraşdırma sahəsinin Hazırlanma bölməsinə 6-cı dərəcəli boru quraşdırıcısı vəzifəsində xx.xx.2012-ci il tarixindən (əmr 01-kş saylı) xx.xx.2014-cü il tarixinədək (əmr 08-kş/x saylı) işləmişdir. Göstərilən peşə Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu hissəsinin - Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri “a” (fəhlələr) bəndinin 28-ci sətrində müəyyən edilmiş sənaye dəmir-beton borularının boruçəkənləri vəzifəsinin xüsusiyyətləri ilə eynidir. İşlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı 1 (bir) il, 0 (sıfır) ay, 14 (on dörd) gün təşkil edir. Məhkəmənin sorğusuna əsasən daxil olmuş "xxxx" ASC-nin 01-PH/575 nömrəli xx.xx.2024-cü il tarixli mətubunda göstərilmişdir ki, “...1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2009-cu ildə (əmr № 88/21-kş, xx.xx.2009-cu il) "xxxx" ASC-nin “STP Tikinti Layihəmin Quraşdırma sahəsinin boru quraşdırıcısı peşəsinə qəbul edilib, xx.xx.2012-ci ildə (Əmr№741-kş, xx.xx.2012-ci il) vəzifə və dərəcəsi saxlanılmaqla 1 Saylı Quraşdırma sahəsinin Hazırlama bölməsinə peşəsinə keçirilib və xx.xx.2012-ci ildə ( Əmr №-48/6-irş, xx.xx.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar) əsasən işdən azad edilib. Göstərilən peşə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” Fəslinin “a” fəhlələr bəndinə əsasən “sənayedə dəmirbeton boruların boruçəkənləri” bəndinə əsasən Elektrik Stansiyalarında yüksək təzyiqli buxarın buxar turbininə ötürülməsini təmin edən boruların çəkilməsini boru quraşdırıcıları yerinə yetirirlər. İddiaçı peşəsi həmin işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXVİİ Fəslinin “Bina, qurğu və digər obyektlərin inşaası. yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri üzrə ”a” Fəhlələr fəslinin “Sənayedə dəmir-beton borularının boruçəkənləri” yarımbəndinə əsasən boru quraşdırıcıları 2290000a-19233 saylı sifrəsi ilə eynidir və xüsusi zərərli əmək şəraitli işlər hesab edildiyinə görə güzəştli şərtlərlə pensiyası hüququna malikdir. Güzəştli pensiya üçün staj: 03 il, 01 ay, 13 gün təşkil edir. Göründüyü kimi, iddiaçının boruçu və konstruksiya quraşdırıcısı vəzifələrində işlədiyi müddətdə sənaye dəmir-beton boruların çəkilməsi ilə məşğul olması, konstruksiya quraşdırıcısı vəzifəsində işlədiyi müddətdə polad və dəmir-beton konstruksiyaların quraşdırılması ilə məşğul olması, həmçinin işlədiyi ayaqaltı işləri üzrə nəzarətçi vəzifəsinin isə iş icraçıları vəzifəsinə uyğun gəlməsi birinci instansiya məhkəməsi tərəfindən göndərilən sorğulara əsasən daxil olan arayışlarla öz təsdiqini tapır. Belə olan halda isə cavabdehin mübahsələndirdiyi və iddiaçının işlədiyi peşələr onun güzəştli iş satjına daxil edilməlidir. Beləliklə, qeyd olunanlara əsasən Kollegiya belə nəticəyə gəlir ki, iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir. Eyni zamanda iddiaçının işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4687/2025 nömrəli xx.xx.2025-ci il tarixli dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1863/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1863/2025
02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver