Məhkəmə qərarları › İş №2-1(103)-1864/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1864/2022

09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1864/2022 09.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5584/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabiliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5584/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Apelyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə xx.xx.2021-ci il tarixli 2-1(112)-5584/2021 nömrəli qərarı qəbul edərkən xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayon “Aqrar” X1 işləməyi barədə sənədlər təqdim edilsə də həmin müddəti nəzərə almamışdır. Məhkəmə Dövlət arxivinə sorğu göndərərək iddiaçının Kürdəmir rayon “Aqrar" X1 işlədiyim müddəti təstiq edən sənədləri tələb etməli olduğu halda bunu etməyərək maddi və prosessual hüquq pozuntusuna yol verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini əsassız hesab edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan: - Notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. - Notarial qaydada təsdiq edilmiş iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli, xx.xx.1985-cil tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, əmək kitabçasında aşağıdakı qeydlər vardır: İddiaçı xx.xx.1985-ci il tarixdə Kürdəmir rayon X9 Birliyinə ərizəsi əsasında mühasib köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdən Kürdəmir rayon Ağrar X1n öz ərizəsinə əsasında mühasib köməkçisi vəzifəsindən azad edilmişdir. Əmək kitabçası 41-ci səhifədən başlamış, iddiaçı barəsində müvafiq qeydlər isə 43-cü səhifədən yazılmağa başlamış, daxil olma əmrinin nömrəsi 96, xaric olma əmrinin nömrəsi 18 göstərilməsinə baxmayaraq, əmrlərin tarixi qeyd edilməmişdir. - Notarial qaydada tərcümə və təsdiq edilmiş ИТ-İ seriyalı, ******* nömrəli iddiaçının adına xx.xx.1991-ci il tarixdə açılmış əmək kitabçasının surətindən görünür ki, əmək kitabasında aşağıdakı qeydlər vardır: MİK-dan arayışa əsasən işə qəbul edilənədək əmək stajı olmayıb, xx.xx.1991-ci il tarixdən (xx.xx.1991-ci il tarixli, 260 k saylı əmr) “Kirovneft” Qazçıxarma İdarəsi Neft və qaz hasilatı sexinə (2 saylı Neft sənayesi) neft və qaz hasilatı üzrə dispetçer pultunun 3-cü dərəcəli operatoru qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə (xx.xx.1991-ci il tarixli, 878 saylı əmr) 4-cü dərəcə verilmiş, xx.xx.1992-ci il tarixdə Nazirlər Kabinetinin 177 saylı qərarına əsasən “Kirovneft” Qazçıxarma İdarəsinin adı “Binəqədineft” Neftqazçıxarma İdarəsinə dəyişdirilib, xx.xx.1992-ci il tarixdə (xx.xx.1992-ci il tarixli, 732 k saylı əmr) tədqiqat üzrə 4-cü dərəcli operator keçirilmiş, xx.xx.2005-ci il tarixdə Ləğvetmə komissiyasının xx.xx.2005-ci il tarixli, 1 №-li Protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv olunması ilə əlaqədar) uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2005-ci il tarixdə (HRA/01 saylı, xx.xx.2005-ci il tarixli əmr) “X16” X4 və Hasilatın Ölçülməsi sexinə quyuların tədqiqi üzrə operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə əməliyyat şöbəsi 2-ci mədənə quyuların tədqiqi üzrə operator vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə (HRİ 03/07 saylı, xx.xx.2007-ci il tarixli əmr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı ilə əlaqədar) işdən azad edilmişdir. - Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli, **********4 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşərləin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayon “Aqrar” X1 işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən yuxarıda qeyd olunan əmək stajına dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəflərindən aidiyyəti üzrə sorğu verilmişdir. Sorğulara daxil olmuş müvafiq cavabda Kürdəmir rayon “Aqrar” X2 arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və həmin müəssisənin hüquqi ünvanını müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Buna görə də, xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (15 il 10 ay 15 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hisəssində qydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 44400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13665.44 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, **********798800 nömrəli cavab məktubundan görünür ki, dövlət reyestrində Kürdəmir rayon Aqrar İstehsalat-Tədarük Birliyinin xx.xx.1995-ci il tarixdə 22088 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin müəssisə VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir. Dövlət reyestrində X7 tədarük Emal Müəssisəsi adlı hüquqi şəxsin qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd edilməsi ilə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmadığından yanlış nəticəyə gəlinmişdir. İddia tələbinin hüquqi əsasından görünür ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasının 9.1-ci maddəsinə (axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) istinad etməklə ona 52 yaşından, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən, 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin hallarını hərtərəfli araşdıran məhkəmə kollegiyası bildirir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 52 yaşı xx.xx.2017-ci ildə tamam olduğundan və zəruri iş stajı xx.xx.2017-ci il tarixədək toplandığından, hazırki mübahisə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən tənzimlənməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qanunvericilikdən də göründüyü kimi, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən əmək pensiyası hüququ yaranmışdır. Ona həmin tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün isə digər 2 şərt ödənilməlidir: xx.xx.2017cü il tarixə azı 20 il iş stajı toplanmış olmalı və həmin müddətin 10 ilini zərərli işlərdə çalışmış olmalıdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair yekun nəticəsini əsaslandırarkən qeyd etmişdir ki, “... iddiaçıya məxsus əmək kitabçasında hazırki iş üzrə mübahisə doğuran dövr iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1991-ci il tarixədək Kürdəmir rayon X10 X15 X11 Müəssisəsində mühasib köməkçisi vəzifəsində işlədiyi illər olmuş və həmin qeydlərin mötəbərliliyinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının adına xx.xx.1985-ci il tarixdə açılmış əmək kitabçasında onun xx.xx.1985-ci ildən xx.xx.1991-ci il tarixədək Kürdəmir rayon X10 X15 X11 Müəssisəsində mühasib köməkçisi vəzifəsində işləməsi ilə bağlı qeydlər olsa da, həmin qeydləri təsdiq edən, əmrlər, əmək haqqı cədvəlləri, əmək müqavilələri və s. aşkar olunmamış, ümumiyyətlə iddiaçının adına açılmış həmin əmək kitabçasında iddiaçının işə daxil olma və işdən xaric olma barədə əmrlərinin tarixi də göstərilməmiş, əmək kitbaçası 1-ci səhifədən deyil, 41-ci səhifədən yazılmağa başlamış, iddiaçının adına sonradan açılmış xx.xx.1991-ci il tarixli əmək kitabçasında isə MİK-dən verilmiş arayışa əsasən işə qəbul edilənədək əmək stajının olmaması barədə qeydlər göstərilmişdir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X12 tərəfindən iddiaçı barəsində verilmiş arayışlar isə arayışda göstərildiyi kimi iddiaçıya məxsus əmək kitabçasından istifadə edilməklə verildiyindən, həmin arayışlar da mötəbər hesab oluna və iddiaçının əmək stajını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Həmçinin, Kürdəmir rayon X10 Birliyi özü ümumiyyətlə xx.xx.1995-ci il tarixdə, 22088 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatından keçmiş, Çöhranlı kənd X11 Müəssisəsi adlı hüquqi şəxsin isə qeydiyyatdan keçməsi barədə isə məlumat mövcud olmamışdır. Göstərilən hallar isə, iddiaçının əmək kitabçasındakı həmin qeydlərin qeyri-mötəbərliliyinə dəlalət etmişdir.” Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən tam ətraflı araşdırma aparılmadan iddiaçının ******* nömrəli əmək kitabçasındakı qeydlərin qeyri-mötəbər olması nəticəsinə gəlindiyindən mübahisəli məsələ əsassız olaraq iddianın rədd edilməsi qaydasında həll edilmişdir. AR İPM-in 12.1-ci madddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarında olan: - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Kürdəmir rayon X10 Birliyi tərəfindən vəkil sorğusuna 16 nömrəli, 09 sentyabr 2019-cu il tarixli məktubla verilmiş cavab məktubundan görünür ki, Kürdəmir rayon X14 Birliyi 1949-cu ildən “Tədarük kontoru” (kənd təsərrüfatı məhsulları və xam malların tədarükü və satışı) kimi mövcud olmuş, 1987-ci ildən isə indiki adla (X14 Birliyi) hal-hazırda mövcuddur. - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” Kürdəmir rayon X10 Birliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına təqdim edilməsi üçün verilmiş 15 nömrəli, 09 sentyabr 2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən müraciətində qeyd etdiyi kimi 17 oktyabr 1985-ci il tarixdən 02 fevral 1991-ci il tarixədək “Kürdəmir rayon X10 Birliyi”-ndə mühasib köməkçisi vəzifəsində işləmişdir. Bundan əlavə, müraciət ərizəsinə əlavə olunmuş əmək kitabçasının surətinə və daha sonra təqdim edilmiş əslinə tərəflərindən baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı əmək kitabçasında olan möhürün “Kürdəmir rayon X10 Birliyi”nə məxsus olması tərəflərindən müəyyən olunmuşdur. Daha sonra aparılmış araşdırma nəticəsində yuxarıda qeyd olunan tarixlərdə İddiaçı həqiqətən “Kürdəmir rayon X10 Birliyi”də mühasib köməkçisi vəzifəsində işləməsi tərəflərindən təsbit olunmuşdur. İddiaçı işlədiyi müddət ərzində özünü işgüzar, bacarıqlı, çalışdığı sahə üzrə lazımlı mütəxəssis kimi göstərmiş, bununla da, çalışdığı kollektivin hörmətini qazanmışdır. Həmçinin, “Kürdəmir rayon X10 Birliyi” 2002-ci ildən hazıradək fəaliyyətini dayandırmışdır. - Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kürdəmir rayon Statistika İdarəsi tərəfindən vəkil sorğusuna verilmiş 18 iyul 2019-cu il tarixli, 142 nömrəli cavab məktubundan görünür ki, Kürdəmir rayon X10 Birliyi xx.xx.1999-cu ildən hüquqi şəxslərin reyestri üzrə Kürdəmir rayonunda qeydiyyatdadır. - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X6 rəhbəri tərəfindən vəkil sorğusuna verilmiş AAŞ-54/67 nömrəli, xx.xx.2019-cu il tarixli cavab məktubundan görünür ki, Kürdəmir rayon X14 Birliyi 1949-cu ildən “Tədarük Kontoru” (kənd təsərrüfatı məhsulları və xam malların tədarükü və satışı) kimi mövcud olmuş, 2002-ci ildən isə fəaliyyətini dayandırmışdır. - Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X13 İH-56 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərittifaqın tabeliyində olan Kürdəmir rayon Aqrar X2 sənədləri Azərittifaqın arxivinə təhvil verilmədiyi üçün İddiaçı barəsində məlumat təqdim edə bilmirlər. Həmçinin bildirilmişdir ki, Çöhranlı kənd X11 müəssisəsi həqiqətən Kürdəmir rayon Aqrar X2 tabeliyində fəaliyyət göstərmişdir. Apelyasiya baxışı zamanı məhkəməyə təqdim edilmiş X3 lazımi qaydada təsdiq edilmiş xx.xx.2003-cü il tarixli, 138 saylı qərarından çıxarışdan görünür ki, X8 Tədarük Birliyi xx.xx.2003-cü il tarixdə ləğv edilmiş, onun bazasında, RKC- tabeçiliyində tam təsərrüfat hesablı “Kooptədarüksənayeticarət” birliyi yaradılmışdır. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” İdarə heyəti Rəhbəri tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, AAŞ-37/39 saylı məktubda qeyd edilmişdir ki, Azərittifaqın tabeliyində olan X10 Birliyi 1949-cu ildən “tədarük kontoru” (kənd təsərrüfatı məhsulları və xam malların tədarükü və satışı) kimi mövcud olmuşdur. Kürdəmir rayon X10 Birliyi Azərittifaqın arxivinə heç bir sənəd təhvil vermədiyindən İddiaçı haqqında məlumat təqdim edilə bilmir. Beləliklə, aydın oldduğu kimi, iddiaçının ******* nömrəli əmək kitabçasındakı qeyd edilən 17 oktyabr 1985-02 fevral 1991-ci illərdə çalışdığı müəssisə olan Kürdəmir rayon Aqrar X2 (tərkibində fəaliyyət göstərmiş Çöhranlı kənd X11 müəssisəsinin) həqiqətən mövcud olduğu və fəaliyyət göstərməsi, lakin sonradan ləğv edilməsi sadalanan faktiki dəlillər və işin digər halları ilə təsdiqini tapır. Kollegiya qeyd edir ki, müvafiq Birlik ləğv edilərkən Azərittifaqın arxivinə sənədlərin təhvil verilmədiyindən hazırda iddiaçı barəsində müvafiq əmrlər, əmək haqqı cədvəlləri, əmək müqavilələri və s. aşkar olunmamışdır. Lakin, məhkəmənin mövqeyinin əksinə, sənədlərin təhvil verilməmiş olması Kürdəmir rayon Aqrar X2 idarəçiliyi tərəfindən yol verilmiş yalnışlıq olmaqla, bugün üçün həmin Birliyin mövcud olmaması nəticəsinə gəlməyə və ya iddiaçının Birlikdəki əmək fəaliyyətinin tanınmamasına əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndində qeyd edilir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməli olması ilə bağlı məcburi göstəriş nəzərdə tutulmamışdır. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı, iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər mümkünlüyü də təsbit edilmişdir. xx.xx.2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Birinci instansiya məhkəməsinin iddiaçının adına açılmış ******* nömrəli əmək kitabçasında onun işə daxil olma və işdən xaric olma barədə əmrlərinin tarixinin göstərilməməsinə dair dəlilinə münasibətdə kollegiya bildirir ki, sadalanan qanun normalarının tələblərindən də aydın olduğu kimi vaxtı ilə işə götürən tərəfindən əmək kitabçasında qeydlərin tam aparılmaması, əmrlərin qeyd olunmaması kimi yalnışlıqlar, bu halı təkzib edən digər arayışlar, məlumatlar və s. (15 nömrəli, 09 sentyabr 2019-cu il tarixli arayış və s.) olduqca iddiaçının əmək stajının real olmaması nəticəsinə gəlməyə və əmək stajını nəzərə almamağa əsas deyildir. Beləliklə işin apelyasiya baxışı zamanı müəyyən edilmiş faktiki hallarına əsasən kollegiya hesab edir ki, İddiaçı ümumi iş stajı ******* nömrəli əmək kitabçasındakı qeydlərə uyğun olaraq Kürdəmir rayon Aqrar X1 çalışdığı əmək fəaliyyəti dövrü də nəzərə alınaraq əmək stajı hesablanmalıdır. Belə ki, iddiaçıya məxsus ******* nömrəli və ******* nömrəli əmək kitabçalarına və digər iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixə İddiaçı 21 il 02 ay 26 gün ümumi iş stajı toplanmışdır. ((xx.xx.1991 – xx.xx.1985 = 5 il 03 ay 15 gün) + (xx.xx.2005 – xx.xx.1991 = 14 il 04 ay 15 gün) + (xx.xx.2007 – xx.xx.2005 = 1 il 06 ay 26 gün) = 21 il 02 ay 26 gün)) İddiaçının güzəştli iş stajına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. SOCAR Azneft İB tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, SOCAR**********10210033B00502 saylı məktubda qeyd edilmişdir ki, “SOCAR-ın Baş ofisinin Mərkəzi arxivindən veriimiş 04 noyabr 2022-ci il tarixli SOCAR**********80020123X00343 nömrəli arxiv arayışından müəyyən olunur ki, siz “Binəqədineft” Neft və Qazçıxarma İdarəsinin (əvvəlki “Kirovneft" NQÇİ) 2 nömrəli Neft və qazçıxarma sexində xx.xx.1991-ci il tarixindən xx.xx.1902-ci il tarixinədək dispetçer məntəqəsində (dispetçer pultunda) neft və qazçıxarma üzrə operator və həmin sexdə xx.xx.1992-ci il tarixindən 01,09.2005-ci il tarixinədək tədqiqat üzrə operator peşəsində işləmisiniz. Sizin "Binəqədineft” Neft və Qazçıxarma İdaıəsinin (əvvəlki “Kirovneft" NQÇİ) 2 nömrəli Neft və qazçıxarma sexində xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək (13 il 23 gün) işlədiyiniz tədqiqat üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölrnəsində nəzərdə tutulan “quyuların tədqiqatı üzrə operatorlar” peşəsi ilə eynilik təşkil edir.” X17 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 02/1066 saylı məktubda qeyd edilmişdir ki, “Bununla yazıb biliririk ki, xx.xx.1965 ci il təvəllüdlü İddiaçı həqiqətən“X16“ Şirkətində xx.xx.2005-ci il tarixdə (ƏMR HRH 01 xx.xx.2005 il) Dinamometr və hasilatın ölçülməsi sexinə quyuların tədqiqi üzrə operator vəzifəsinə qəbul edilmişdir. xx.xx.2006-ci il tarixdən 2-ci Mədənə quyuların tədqiqi üzrə operator vəzifəsinə keçirilib. xx.xx.2007-ci il tarixdən (ƏMR № HRİ 03/07 xx.xx.2007-ci il) Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad edilib. İddiaçı şirkətdə çalışdığı quyularm tədqiqi üzrə operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin,vəzifələrin və göstəricilərin siyahısının 10.2-ci “Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölməsində nəzərdə tutulan “quyuların tədqiqi üzrə operatoru” peşəsi ilə eynilik təşkil edir.” Göründüyü kimi, iddiaçının işlədiyi “quyuların tədqiqi üzrə operator” peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölrnəsində nəzərdə tutulan “quyuların tədqiqatı üzrə operatorlar” peşəsi ilə uyğunluq təşkil etməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir; 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasına əsasən, 9.1-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixədək iddiaçının 13 il 21 gün (xx.xx.2005 – xx.xx.1992 = 13 il 21 gün) zərərli iş stajı, ümumilikdə 21 il 02 ay 26 gün ümumi stajı mövcud olduğundan və xx.xx.2017-ci il tarixdən 52 yaşı tamam olduğundan, müvafiq normanın tələblərinə əsasən, ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan və məhkəmə tərəfindən işin faktiki halları tam araşdırılmadan mübahisəli məsələ üzrə yalnış nəticəyə gəlindiyindən, apelyasiya şikayəti təmin edilməli və mübahisələndirilən qərar ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Apelyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5584/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərlərlə əmək pensiyasının təyin olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabiliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar