Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1864/2024 28.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və X3 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X10) “plan və ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2215/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin plan-ölçüsünün və texniki pasportunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ilkin olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” JN- 28226D nömrəli şəhadətnamə ilə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə planölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu raycnu, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinin təsdiq edilmiş sxem-planı olmuş və həmin torpaq sahəsinin sxem-planı alqı-satqı müqaviləsi bağlanarkən müvafiq orqana təqdim edilməsi üçün notariat kontoruna təhvil verilmişdir. Bundan sonra iddiaçı torpaq sahəsinə dair çıxarış almasına baxmayaraq, cavabdeh tərəfindən ona torpağa dair texniki pasport təqdim edilməmişdir. Bu səbəbdən də cavabdeh orqana müraciət edərək torpaq sahəsinin texniki pasportunun verilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən müraciəti xx.xx.2022-ci il tarixli məktubu ilə təmin edilməmişdir. Cavabdehin imtinası əsassız və qanunsuz olmuşdur. Belə ki, cavabdeh tərəfindən məktubda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin 4Ə-1897 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi, torpaq sahəsinə yerli baxış keçirilən zaman həmin torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasarlandığı və orada fərdi yaşayış evinin tikildiyi və plan və ölçünün tərtib edilməsinin mümkün olmadığı bildirilmişdir. Nəticədə isə xüsusi mülkiyyətində olan torpaq sahəsinə texniki pasport verilməmişdir. Cavabdehin məktubunda qeyd etdiyi əsaslar tamamilə əsassızdır. Buna görə də xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair texniki pasportun verilməməsi və plan-ölçünün tərtib edilməməsi onun hüquqlarını kobud şəkildə pozur. İşin faktiki hallarına əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda üzərində mülkiyyət hüququnun olduğu torpaq sahəsinə texniki pasportun alınmasını tələb etdiyi əmlakı qanuni əsasla əldə etmişdir, hazırda qüvvədə olan qanunvericiliyə əsasən qeyd edilən daşınmaz əmlaka aid cavabdeh tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarışı olduğundan torpaq sahəsinin texniki pasportunun alınmasını tələb etmək hüququ mövcuddur. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-2215/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ilkin olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” JN-28226D nömrəli şəhadətnamə ilə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Mehriban Qarayeva) 2-1(112)-2215/2023 nömrəli, 25 yanvar 2024-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-2215/2023 saylı qərarının iddia tələbinin dəqiqləşdirilməsi, əsaslandırıcı və nəticə hissələrində «Bakıxanov» sözünün «Balaxanı» kimi oxunması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinin plan ölçüsünün və texniki pasportunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ilkin olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” JN-28226D nömrəli şəhadətnamə ilə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən iddianın təmin edilməsi, İddiaçı mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ilkin olaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “torpağın mülkiyyətə verilməsinə dair” JN-28226D nömrəli şəhadətnamə ilə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satılmış Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Torpaq sahəsi ilkin olaraq Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-28226D nömrəli Şəhadətnamə ilə əvvəlki hüquq sahibi Vaqif Tofiq oğluna məxsus olmuşdur. 30 noyabr 2021-ci il tarixli, 4Ə-1897 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında iddiaçı X1 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsinə mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin mütəxəssislər tərəfindən texniki baxış keçirilən zaman şərti olaraq kənardan göstərilən torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq fərdi yaşayış evlərinin inşa edildiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən şərti olaraq göstərilən torpaq sahəsinə digər fiziki şəxs X5 xx.xx.2021-ci il tarixli müraciəti olmuşdur. Bakı İnzibati Məhkəməsi tərəfindən torpaq sahəsinin qanuni yerləşməsi ilə bağlı araşdırma aparılmamışdır. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: xüsusi mülkiyyətinizdə olan Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi 4Ə-1897 saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Eyni zamanda yerli baxış keçirilən zaman şərti olaraq kənardan göstərilən torpaq sahəsinin digər fiziki şəxs tərəfindən hasarlanaraq fərdi yaşayış evinin inşa edildiyi məlum olmuşdur. Bu səbəbdən plan və ölçünün tərtib edilməsi mümkün olmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (elektron) təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsinə (yaşayış məntəqələrinin torpaqları) İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********18). Həmin məktuba əlavə edilmiş xx.xx.2021-ci il tarixli (Reyestr 4Ə-1897) alqı-satqı müqaviləsinin surətindən görünür ki, X11 ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsini Alıcı İddiaçı satmışdır. Həmin məktuba əlavə edilmiş JN-28226D, kod-00500086 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Balaxanı qəsəbəsində yerləşən 0.12 hektar torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün Vaqif Tofiq oğlunun mülkiyyətinə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana vizual baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinin sərhədləri mişar daş ilə hasarlanmışdır. Üzərində digər fiziki şəxslərin istifadəsində olan 3 ədəd fərdi yaşayış evi mövcuddur. Faktiki göstərilən sahəyə X5 xx.xx.2021-ci il tarixli ********** nömrəli müraciəti olmuşdur. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, X2 Tofiq oğlu tərəfindən ona verilmiş etibarnamə əsasında JN-28226D, kod-00500086 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında cavabdehə müraciət etmişdir. İş materiallarında olan “X9 və Ekspertiza Mərkəzi” MMC tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi yaşayış məntəqəsinin torpaqlarına aiddir, konfiqurasiyası JN-28226D saylı Şəhadətnaməyə uyğundur, koordinatları müəyyən edilərək rəyə əlavə edilmiş sxemdə qeyd edilir. Həmin torpaq sahəsinin üzərində 3 ədəd fərdi yaşayış evi yerləşir, torpaq sahəsinin faktiki sahəsi sənəddə qeyd ediləndən 33 kv.metr az, yəni 0,1167 hektar təşkil edir. İş materiallarında olan cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, kənardan göstərilən torpaq sahəsi sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq hasar daxili 0.1177 ha təşkil edir (üzərində yaşayış evləri mövcuddur). Faktiki olaraq kənardan göstərilən 0.1177 ha torpaq sahəsinin koordinatları əlavə olunur: X - 407922.410; 407958.279; 407971.838; 407937.009; Y- 4481530.206; 4481549.484; 4481524.550; 4481504.309. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan (kənardan göstərilən) sahə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Sahə üzərində digər fiziki şəxslər tərəfindən yaşayış evləri inşa olunub. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6719 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunan torpaq sahəsinin “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olduğu, sahənin üzərində digər fiziki şəxslər tərəfindən 3 fərdi yaşayış evlərinin inşa olunduğu müəyyən olundu. Həmçinin qeyd olunur ki, təqdim olunan sahənin (0,1167 - 0,1177 ha) konfiqurasiyası, JN-28226D saylı Şəhadətnaməyə uyğun olsa da, faktiki vəziyyət ilə sənəd üzrə vəziyyət arasında uyğunsuzluğun (sürüşmə) olduğu müəyyən olunur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlər Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.1177 ha təşkil edir. Torpaq sahəsi üzərində yaşayış evi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən **********18 reyestr nömrəli sahə JN-28226 saylı şəhadətnamə əsasında verilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaq sahəsinin planı və ölçüsünün təsviri»:
4. Plan və ölçüdə aşağıdakılar göstərilir: 4.1. Dövlət Xidmətinin, habelə onun tabeliyində olan qurumun adı; 4.2. torpaq sahəsinin ünvanı, ünvan olmadıqda isə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq onun yerləşdiyi ərazi vahidi; 4.3. torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat: 4.3.1. fiziki şəxs olduqda - soyadı, adı, atasının adı; 4.3.2. hüquqi şəxs olduqda - tam adı (o cümlədən təşkilati-hüquqi forması); 4.4. torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı); 4.5. torpaq sahəsinin mülkiyyət növü; 4.6. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü; 4.7. torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi; 4.8. torpaq sahəsinin hüquq-müəyyənedici sənədlərdə əksini tapmış sahəsi (hektarla); 4.9. torpaq sahəsinin inventarlaşdırılma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (hektarla); 4.10. torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat; 4.11. plan və ölçünün tərtib edilməsi üçün əsas olan sənədin rekvizitləri; 4.12. plan və ölçünün tərtib edilməsi tarixi; 4.13. torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı); 4.14. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr; 4.15. torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış; 4.16. şərti işarələr (rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri); 4.17. torpaq sahəsinin qonşu sərhədləri; 4.18. torpaq sahəsinin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı; 4.19. plan və ölçünün X12 Kitabında uçota alındığı nömrə və tarix (üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsinə dair tərtib edilən plan və ölçü istisna olmaqla); 4.20. Dövlət Xidmətinin tabeliyində olan qurumun möhür yeri, vəzifəli şəxsinin imzası, soyadı, adı, atasının adı, plan və ölçünü tərtib etmiş icraçının imzası, soyadı, adı, atasının adı.
5. Bu sənədin 4.5-ci, 4.6-cı və 4.7-ci bəndlərində göstərilən məlumatlar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı hallarda plan və ölçüdə əks olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları”: 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir. 4.2. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin: 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.50-ci bəndində əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək Xidmətin vəzifələrinə aiddir. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizaminaməsi»nin: 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), X12nın tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. 3.1.16-cı bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22-ci bəndinə əsasən daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək DƏDKR-in vəzifələrinə daxildir. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 0.12 ha torpaq sahəsi Vaqif Tofiq oğlunun xüsusi mülkiyyətində olmuş, həmin torpaq sahəsinə dair Vaqif Tofiq oğlunun adına xx.xx.2006-cı ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpağın mülkiyyətə verilməsinə dair” JN- 28226D nömrəli şəhadətnamə verilmiş, torpaq sahəsinin yerləşdiyi yerin sxemi tərtib edilmiş, xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Vaqif Tofiq oğlu həmin torpaq sahəsini İddiaçı satmışdır, hazırda həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək ona verilməsi üçün cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçünün verilməsini xahiş edir. Göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Sadalanan qanunvericilik normalarına əsasən daşınmaz əmlaka hüquqların qeydiyyata alınaraq çıxarışların verilməsi, torpaq sahələrinin planını və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə daxildir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik normaları daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını həmin əmlakın müvafiq əlamətlərini özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsi ilə şərtləndirir. Hazırkı işin hallarına görə isə daşınmaz əmlakın dövlət reyestrində müvafiq alqı-satqı müqaviləsi əsasında alıcı kimi iddiaçının mülkiyyət hüquqlarının qeydiyyatı aparılsa da, onun adına yeni “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib olunması təmin edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə çıxarışın, həm də həmin çıxarışın tərkib hissəsi kimi çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) əks etdirən müvafiq sənədlərin (texniki pasport, plan-ölçü sənədlərinin) eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müvafiq torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilərək iddiaçıya verilməsindən imtina olunması qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Cavabdehin irəli sürdüyü dəlillərin hüquqi əsası yoxdur və bu dəlillər onu hazırkı məzmunda öhdəliyi icra etmək vəzifəsindən azad etmir. Göründüyü kimi, qeyd olunan torpaq sahəsinə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində hazırda iddiaçının adına qeydiyyata alınmışdır, həmin torpaq sahəsinə dair plan və ölçünün tərtib edilməsindən imtina üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2215/2023 nömrəli, 06 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.