Məhkəmə qərarları › İş №2-1(103)-1866/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1866/2021

06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1866/2021 06.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1691/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.02.1995-ci ildən ARTA “İnkişaf” birgə müəssisəsi 2 saylı Gəncə filialında 01.03.2000-ci il tarixədək fəhlə vəzifəsində işləməsinin nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının 19.07.2020-ci il tarixdən təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (iddia tələbinin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 19.07.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür, “Leninneft” neftqaz çıxarma idarəsinə işə girməmişdən əvvəl 01.09.1971-ci ildən 1972-ci ilə qədər Texniki peşə məktəbini bitirmişdir. 18.07.1972-ci ildə “Leninneft” neftqaz çıxarma idarəsində 3-cü dərəcəli çilingər olaraq, avadanlıqların komplekləştirmə sexinə işə qəbul olunmuş, 19.04.1974-cü ildən ordu sıralarına çağırıldığı üçün işdən azad olunmuş və 1974-1976-cı illərdə orduda xidmət etmişdir. 18.06.1976-cı ildə Qullar üzümçülük sovxozunda tikinti briqadasında xarrat kimi işə qəbul olunmuş, 01.09.1976-cı ildə öz razılığı ilə işdən azad olunmuşdur. 04.05.1977-ci ildə Şulaver dəri məmulatları zavodunda 3-cü dərəcəli fəhlə kimi işə qəbul edilmiş, 01.04.1980-ci ildə öz razılığı ilə işdən azad olunmuşdur. 05.08.1980-ci ildə o zaman Gürcüstan Respublikası Şulaveri yun fabrikasında yunun birinci emalı fabrikasında 4-cü dərəcəli presçi kimi, 20.01.1981-ci ildə həmin idarədə təmir usta sexində çilingər kimi işləmişdir. 01.08.1984-cü ildə öz xahişi ilə işdən azad olunmuşdur. Sonradan əmək kitabçasında olan 11-ci qeydlə işdən azad olma haqqında olan qeyd ləğv edilmiş və işinə davam etmişdir. 01.09.1990-cı ildə işlədiyi idarədə işçilərin sayının azaldılması ilə əlaqədar olaraq öz xahişi ilə işdən azad olunub. 07.03.1991-ci ildə Tikinti təmir idarəsində 3-cü dərəcəli fəhlə kimi işə qəbul olunub. 01.12.1993-cü ildə öz xahişi ilə işdən azad olunub. 02.05.1994-cü ildə Təmir tikinti trestində 2-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir. 01.02.1995-ci öz xahişi ilə işdən azad olunub. 16.02.1995-ci ildən Azərbaycan, Rusiya, Türkiyə, Avstraliya (ARTA) “İnkişaf” BM iki saylı Gəncə filialında fəhlə kimi işə qəbul olunub. 01.03.2000-ci ildə öz xahişi ilə işdən azad olunub. Ümumi əmək stajı isə əmək kitabçasına əsasən 25 ildən çoxdur. Qeyd edilənlərə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə ərizə ilə müraciət etsə də, sonuncu ümumi iş stajının 25 ildən az təşkil etdiyini bildirərək, 16.02.1995-ci ildən ARTA “İnkişaf” BM iki saylı filialda fəhlə kimi işə qəbul olduğu və 01.03.2000-ci ilədək işləmiş olduğu adı çəkilən idarədə arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığını bəhanə gətirərək, həmin dövrlərin sosial sığorta stajının araşdırımasını aparmamaqla pensiya təyinini mümkün hesab etməmişlər. Göründüyü kimi mübahisənin məhkəmədən kənar həll edilməsi qeyri-mümkün olmuşdur. Bundan əlavə yaşa görə əmək pensiyasının təyin edilməsi hər bir halda mümkündür. Çünki işləmiş olduğu 1995-ci ildən 2000-cil il tarixlərdə əmək stajı əmək kitabçasında qeyd olunmuşdur. Ona məxsus əmək kitabçasında onun həmin yerdə işlədiyini təsdiq edən səlahiyyətli şəxsin imzası və işləmiş olduğu müəssisənin möhürü öz əksini tapmışdır Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X5 məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). İddiaçının təqdim etdiyi əmək kitabçasında bir sıra qeydlərin (xüsusilə 4 nömrəli qeydin və 1993-cü ilə aid nömrəsiz qeydin) “İl, ay, gün" bölməsindəki tarixləri ilə müvafiq əmrlərin tarixləri üst-üstə düşmür. 11-ci qeyddən sonrakı qeydlərin sıra ardıcıllığı pozulmuş, bir neçəsi isə nömrələnməmişdir. Həmçinin mövcudluğu barədə əsaslı şübhələr olan “Razvitiye/Razvitiya" Azərbaycan-Rusiya-Türkiyə-Avstraliya birgə müəssisənin 2 saylı filialı barədə olan 13 və 14-cü qeydlər digər qeydlərə münasibətdə xronoloji ardıcıllığı pozulmuş, bundan başqa həmin iki qeydin “İl” qrafasına müvafiq tarixlərin gününü göstərən, “Gün” qrafasına isə müvafiq tarixlərin ilini göstərən rəqəmlər yazılmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1691/2021 saylı, 08 aprel 2021-ci il t tarixli qərarı ilə iddia təmin edilərək iddiaçı xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətini etirazına uyğun əsaslandırıb məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrinin izahatını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1955-ci ildə doğulmuş, 01 sentyabr 1971-ci il tarixdən iyul 1972-ci il tarixə kimi Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki peşə məktəbində təhsil almış, 10 may 1974-cü ildən 20 may 1976-cı ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki, İddiaçı 18.07.1972-ci ildə “Leninneft” Neft və Qaz çıxarma İdarəsinin avadanlıqların komplektləşmə sexinə 3-cü dərəcəli çilingər kimi işə qəbul olunmuş, 19.04.1974-cü ildə Sovet Ordusu sıralarına çağırılması səbəbiylə vəzifədən azad edilmişdir, 18.06.1976-cı ildə Güllər üzümçülük c/p tikinti briqadasına xarrat qəbul edilmişdir, 01.09.1976-cı ildə öz ərizəsi ilə işdən azad edilmişdir, 04.05.1977-ci ildə Şulaver dəri məmulatları zavoduna 3-cü dərəcəli fəhlə işinə qəbul edilmişdir, 01.04.1980cı ildə öz ərizəsi ilə işdən azad edilmişdir. 04.04.1980-cı ildə 01.08.1980-cı ilə qədər ehtiyatda olan zabitlər kursunda oxumuşdur, 05.08.1980-cı ildə X6 Nazirliyi, Şulaveri yunun birinci emalı fabrikinin yun yuma sexinə İV dərəcəli presçi kimi işə qəbul edilmişdir, 20.06.1981-ci ildə Təmir usta sexinə Vİ dərəcəli çilingər keçirilmişdir, 17.07.1981-ci ildə yun yuma sexinə çilingər keçirilmişdir, 01.09.1990-cı ildə işdən azad edilmişdir, 07.03.1991-ci ildə tikinti təmir İdarəsinə 3 dərəcəli fəhlə qəbul edilmişdir, 01.12.1993-cü ildə işdən azad edilmişdir, 02.05.1994-cü ildən 01.02.1995-ci ilədək Təmir Tikinti Trestində 2-ci dərəcəli fəhlə işləmişdir. 16.02.1995-ci ildə APTA “Razvitiye” BM 2 saylı filiala 2-ci dərəcəli fəhlə işinə qəbul edilmişdir, 01.03.2000-ci ildə işdən azad edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11.02.2021-ci il tarixli məktubda göstərilmişdir ki, elektron uçot məlumat bazasına əsasən aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, "xxxx" Azərbaycan-Rusiya-X1 2 Saylı Filiali 11/5791 nömrə ilə 03.10.1995-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Filial 18.10.2001-ci il tarixdən vergi uçotuna alınmışdır (VÖEN: **********). Filialın hüquqi ünvanı kimi AZ 2022, ünvan 1liyyəti hal-hazırda dayandırılmış vəziyyətdədir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 22.02.2021-ci il tarixli arxiv arayışında Azərbaycan-Rusiya-Türkiyə- Avstraliya “Razvitiye” Birgə müəssisəsinin 2 saylı filialının 01.03.2000-ci il tarixli əmrdən çıxarışda İddiaçı-2-ci dərəcəli fəhlə, 01.03.2000-ci il tarixdən öz xahişi ilə işdən azad olunduğu qeyd olunmuşdur. Arayışda həmçinin qeyd edilmişdir ki, Dövlət arxivi Gəncə filialında mühafizə olunan "xxxx" Birgə Müəssisəsi arxiv fondunun 1994-2000-ci illər üzrə əmr kitabı, 1997-1998, 2000-ci illər üzrə əmək haqqı cədvəlləri yoxlanılmış, İddiaçı işə qəbul əmri aşkar olunmamışdır və adına əmək haqqı hesablanmamışdır. 1995-1996, 1999-cu illər üzrə əmək haqqı cədvəlləri Dövlət arxivinin Gəncə filialına təhvil verilməmişdir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona ünvanlanmış 03.07.2020-ci il tarixli **********4 saylı məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin və 62 yaşa çatmış qadınların 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduqda sığorta stajından asılı olmayaraq, pensiya kapitalı olmadıqda isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim edilən sənədlərdən göründüyü kimi ümumi iş stajı 25 ildən az təşkil edir. 16.02.1995-ci ildən 01.03.2000-ci ilədək işləmiş olduğu “Razviliya” Azərbaycan-Rusiya-X1 faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması imkan xaricindədir. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını qanunsuz və əsassız hesab edərək iddia tələbini təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, inzibati orqan tərəfindən iddiaçının sığorta stajını 16.02.1995-01.03.2000-ci illərə münasibətdə mübahisələndirsə də, qeyd olunan dövrlə bağlı əmək kitabçasında və arxiv arayışında aparılmış qeydlərin mötəbərliyinin müəyyən edilməsi üçün heç bir tədbir görülməmiş və həmin məlumatları təkzib edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində göstərilmişdir ki, sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Həmin qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi ( vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 18.07.1972-ci ildən 19.04.1974-cü illərdə “Leninneft” Neft və Qaz çıxarma İdarəsinin avadanlıqların komplektləşmə sexinə 3-cü dərəcəli çilingər kimi işə qəbul olunmuş, 18.06.1976-cı ildən 01.09.1976-cı ilədək Güllər üzümçülük c/p tikinti briqadasında xarrat işləmişdir. 04.05.1977-ci ildən 01.04.1980-ci ilədək Şulaver dəri məmulatları zavoduna 3-cü dərəcəli fəhlə işinə qəbul edilmişdir 05.08.1980-cı ildən 01.09.1990-cı ilədək X6 Nazirliyi, Şulaveri yunun birinci emalı fabrikinin yun yuma sexinə müxtəlif vəzifələrfə işləmişdir. 07.03.1991-ci ildən 01.12.1993cü ilədək Tikinti Təmir İdarəsinə 3 dərəcəli fəhlə qəbul edilmişdir. 02.05.1994-cü ildən 01.02.1995-ci ilədək Təmir Tikinti Trestində 2-ci dərəcəli fəhlə işləmişdir. 03.10.1995-ci ildən 01.03.2000-ci ilədək APTA “Razvitiye” BM 2 saylı filiala 2-ci dərəcəli fəhlə işində işləmişdir. Beləliklə iddiaçının əmək kitabçasına görə iş stajı 23 (iyirmi üç) il 28 (iyirmi səkkiz) gün təşkil edir. Beləliklə, iddiaçının hərbi xidmət (2 il 10 gün) və təhsil (10 ay) dövrləri nəzərə alınmaqla 01.01.2006-cı il tarixə qədər 25 (iyirmi beş) il 11 (on bir) ay 8 (səkkiz) gün iş stajı olmuşdur. Beləliklə, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 mart 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun (01 iyul 2017-ci ilədək olan redaksiyası) 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Göründüyü kimi, iddiaçının 25 ildən artıq əmək stajı olduğundan, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olduğundan apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1691/2021 saylı, 08 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar