Məhkəmə qərarları › İş №2-1(103)-1866/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1866/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1866/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X3) “sərəncamın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9538/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs X3 işə cəlb edilməklə) cavabdehin 126 saylı xx.xx.2022-ci il tarixli sərəncamının ləğv edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərindən iddia qaldırılan zaman Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məktubuna əsasən mübahisəli mənzilə Cavabdeh tərəfindən X1 xx.xx.2022-ci il tarixli 126 saylı sərəncamın surətinin təqdim olunmasına dair vəkil sorğusu verilmişdir. Verilmiş 02 aprel 2023-cü il tarixli sorğuya cavab olaraq bildirilmişdir ki, X1 Cavabdehndən xx.xx.2022-ci il tarixli 126 saylı sərəncam verilməmişdir. Bu səbəbdən də, iddia tələblərində yalnız “çıxarışın ləğv olunması” predmeti qoyulmuşdur. Lakin, məhkəmənin Cavabdehnə 05 sentyabr 2023-cü il tarixli sorğusuna cavab olaraq sözügedən 126 saylı xx.xx.2022-ci il tarixli sərəncam və ona əlavə edilmiş sənədlər təqdim edilmişdir. Təqdim olunan sənədlərdə iddiaçının yaşadığı mənzili yardımçı sahə və eyni zamanda Faizə Abbasovanın istifadəsində olduğu qeyd edilmişdir. Bildirirlər ki, yardımçı sahə adlanan sahə bir otaqlı və yaşayış üçün tam yararlı mənzildir. Cavabdeh məhkəməyə təqdim etdiyi sənədlərdən göründüyü kimi, Faizə Abasovaya məxsus mənzillərdən də, ayrı yerləşir. Mübahisəli mənzil məlum hadisələrlə bağlı erməni milliyyətli şəxsə məxsus tam şəkildə boş bir yer olmuş 1994-cü ildən iddiaçının və ailəsinin istifadəsində olub, ondan əvvəl isə erməni milliyyətli bir şəxsə məxsus olub. Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün kimi həmin mənzildə qeydiyyata almışlar. Həmin zamandan da, bütün kommunal ödənişlər sayğaclar əvvəllər ərinin, o, vəfat etdikdən sonra isə onun adına rəsmiləşdirilmişdir. Bu gün də, kommunal xərclər ödənişlər edir. Artıq 30 ilə yaxındır ki, mənzildə istifadə hüququ yaranıb. Uzun illərdir ki, uşaqları ilə bərabər bu mənzildə yaşayırlar. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Seriya ÖM, № 180039 nömrəli xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə və 814 nömrəli xx.xx.2003-cü il tarixli Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki paspotuna əsasən sözügedən ev 2 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 98,9 kv.m təşkil etmişdir. Təsərrüfat otağı kimi sənədə salınmayan 12.8 kv.metrlik sahə 1978-ci ildən həmin ünvanda yaşayan və hazırda mülkiyyətçi Faizə Abasovanın və onun ailə üzvlərinin istifadəsində olmuşdur. Təqdim edilmiş sənədlər nəzərə alınaraq Cavabdeh müvafiq sərəncamı ilə həmin 12.8 kv.metrlik sahə mülkiyyətçi Faizə Abasovanın mənzil sahəsinə əlavə edilmişdir. Bildirlər ki, sözügedən ünvan 1 ünvanda yerləşən yaşayış evin 1-ci mərtəbəsində 12.8 kv.metirlik sahədə ərizəçi ünvan 2əcburi köçkün olan İddiaçı və onun 2007-ci il təvəllüdlü X10 müvəqqəti məskunlaşmışlar. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 298 saylı, 1 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılmışdır ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdanadək, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 04 noyabr 2004-cü il tarixli, 232 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Respublika Baş Prokurorluğu, Azərbaycan Respublikasının Qaçqınların və X4 üzrə Dövlət Komitəsi, aidiyyəti mərkəzi təşkilatlar və yerli icra hakimiyyəti orqanlarinın rəhbərlərinə tapşırılmışdır və Respublika Ali Məhkəməsi, Apellyasiya Məhkəməsi, şəhər və rayon məhkəmələrinə tövsiyə edilmişdir ki, məcburi köçkünlər öz doğma yurdlarına qaydana, həmçin müvəqqəti yaşamaq məqsədi ilə yeni qəsəbələrə və evlərə köçürülənədək, mülkiyyətindən asılı olmayaraq, 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılmasının qarşısının alınması üçün müntəzəm lazımı tədbirlər həyata keçirsinlər və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versinlər. Qeyd olunanlar rəhbər tutularaq vətəndaş İddiaçı ailəsi ilə birgə hazırda göstərilən ünvanda yaşamaqda davam edir. Əlavə olaraq nəzərə çatdırırlar ki, sözügedən ərazi Bakı şəhərinin müfəssəl planlaşdırma layihəsinə əsasən müasir məhəllələrin salınması nəzərdə tutulan söküntü zonasında yerləşdiyindən ərizəçi və onun ailə üzvləri gələcəkdə yararlanmaq niyyəti ilə məhkəməyə müraciət etmişlər. Sadalananlarla yanaşı qeyd edirlər ki, formalaşmış inzibati məhkəmə icraatı praktikasına görə iddiaçının subyektiv hüququnun olduğu və digər mümkünlük şərtlərinin (mübahisə publik olması, cavabdehin düzgün seçilməsi və s.) ödənildiyi hallarda növbəti qiymətləndirilən xüsusat iddia müddətinə riayət olunmasıdır. Bununla bələ, diqqətə çatdırırlar ki, iddia qaldırıldığı vaxtdan 30 gün əvvəlki tarixədək iddiaçıya mübahisə predmeti olan sərəncamın məlum olmasını təsdiqləyən sübut və dəlillər məhkəmə icraatına təqdim edilməmişdir. Eyni zamanda, üçüncü şəxsin vəkili iddiaya dair etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, verilmiş iddia tam əsassızdır və bundan əlavə iddiaçının bu iddianı verməsi üçün heç bir subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı mübahisəli sahəyə məcburi köçkün olaraq yerləşən zaman həmin sahə anbar olaraq X2 faktiki olaraq sərəncamında və istifadəsində olmuş və onun razılığı ilə iddiaçı həmin yerdə məskunlaşmışdır. Həmin sahənin sonradan özəlləşdirilməsi iddiaçının heç bir hüququnu pozmur. Həmin sahə özəlləşdirilməsə belə, iddiaçının həmin sahəni heç bir zaman özəlləşdirmək hüququ yarana bilməz. İstinad edilmiş Prezidentin sərəncamına əsasən iddiaçı həmin sahədə yalnız yaşaya bilər ki, iddiaçı və ailə üzvləri də hal-hazıda maneəsiz həmin sahədə yaşayır. Bundan əlavə, iddiaçının məcburi köçkün kimi çıxdığı dədə baba torpağına qaytarılması prosesi başlayıb və onda olan məlumata görə iddiaçı və ailəsi siyahıya alınıb və yaxın zamanda öz torpaqlarına qayıdacaqlar. İddiaçının məqsədi sadəcə həmin sahəni sənədsiz olaraq ələ keçirib həmin yerdə yeni çoxmənzilli yaşayış binası tikəcək tikinti şirkətinə satmaqdır. Hesab edir ki, belə bir iddianın qaldırılması üçün iddiaçının heç bir subyektiv hüququ yoxdur və bu səbəbdən də, iddia icraatına iddiaçının sübyektiv hüququ olmadığından xitam verilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9538/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadı ilə (hakim A.Abdullayeva) İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 9538/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının mübahisəli mənzilə dair hüquqları həmin mənzilə sahiblik və ondan istifadə faktına əsaslanır. İddiaçının ailəsi ilə bərabər həmin mənzildə hər hansı etiraz olmadan uzun müddət yaşamaqla yanaşı, mənzildə təmir-tikinti işləri aparmış, mənzil 1 otaqdan ibarət olsa da mənzildə yaşayış üçün bütün şərait yaradılmışdır. Bunları da nəzərə alındıqda artıq 30 ildir ümumilikdə mənzilə dair sahiblik və ondan istifadə qanunsuz olmamışdır. Əlavə olaraq, iş üzrə mübahisəli hüquq münasibətinin digər tərəfi olan, həm üçüncü şəxs, həm də cavabdeh də öz etirazlarında iddiaçının uzun illərdir həmin mənzildə məskunlaşdığı qeyd edilmişdir. İddiaçı 1994-cü ildə həmin mənzilə köçmüş, bundan irəli gələn hüquqları həmin vaxtda qüvvədə olan qanunvericiliyə əsasən qazanmışlar və halhazıradək həmin mənzildə yaşamaqdadırlar. Məcburi köçkün kimi dövlət tərəfindən yaşayış yeri kimi qeydiyyata alınmışdır. Onun əsasında da bütün kommunal xidmətlərlə bağlı abonent kodları da əvvəl iddiaçının ərinin, vəfat etdikdən sonra isə iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı özü, işlədiyi müəssisəyə yaşayış yeri olaraq qeydiyyata alınmış həmin ünvanı, uşaqları məktəbə, ərazi üzrə poliklinikaya və s. bütün idarə, təşkilat müəssisələrə həmin ünvanı qeydiyyata alındığı rəsmi ünvan olaraq təqdim etmişdir. Bu səbəbdən də iddiaçının mübahisəli mənzilə dair iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir və haqlıdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən onların iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 180039 nömrəli, xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinə və 814 nömrəli xx.xx.2003-cü il tarixli fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin texniki paspotuna əsasən sözügedən ev 2 mərtəbədən ibarət olmaqla ümumi sahəsi 98,9 kv.m təşkil etmişdir. Təsərrüfat otağı kimi sənədə salınmayan 12.8 kv.metrlik sahə 1978-ci ildən həmin ünvanda yaşayan və hazırda mülkiyyətçi Faizə Abasovanın və onun ailə üzvlərinin istifadəsində olmuşdur. Təqdim edilmiş sənədlər nəzərə alınaraq Cavabdeh müvafiq sərəncamı ilə həmin 12.8 kv.metrlik sahə mülkiyyətçi Faizə Abasovanın mənzil sahəsinə əlavə edilmişdir. Sözügedən ünvan 1 ünvanda yerləşən yaşayış evinin 1-ci mərtəbəsində 12.8 kv.metirlik sahədə ünvan 2əcburi köçkün olan İddiaçı və onun 2007-ci il təvəllüdlü oğlu X10 məcburi köçkün kimi müvəqqəti məskunlaşmışlar. İddiaçının həmin ünvana dair hər hansı bir hüquqmüəyyənedici sənədi mövcud deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq, xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır Məcəllənin qeyd olunan norması, prosessual qanunvericiliyin iddianın verilməsi ilə bağlı müəyyən etdiyi tələblər baxımından, belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla, əsaslandırılmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinin tələbinə görə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda subyektiv hüququ olmaması təsbit edildiyindən onun iddiasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbləri baxımından əsaslandırılmış iddia tələbi kimi qəbul edilməsi istisna edilməlidir. Belə ki, iddiaçının hazırki iddia tələbini irəli sürmək hüququnun mövcudluğunun təsbit edilməsi üçün o, azından məhkəməyə ilkin hüquqmüəyyənedici sənəd qismində qiymətləndirilə biləcək, həmin mənzilə dair hər hansı sənəd təqdim etməli idi. Lakin, işin materiallarından iddiaçı tərəfindən belə bir sənədin təqdim edilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü maddəsinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 4.1-ci maddəsinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən kommunal, işıq, qaz və s xidmətlərindən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi həmin əmlak üzərində hər hansı hüququn yaranmasına əsas verə bilməz. Qeyd olunmalıdır ki, sadalanan xərclər qarşılıqlı müqavilə üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir ki, bu ödənişləri ehtiva edən sənədlər qanunla müəyyən edilmiş qaydada nəzərdə tutulmuş mənzilə dair hüquqmüəyyənedici sənədi ifadə etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-9538/2023 nömrəli, 07 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar