Məhkəmə qərarları › İş №2-1(103)-1867/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1867/2020

10.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1867/2020 10.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi ilə (məruzəçi), Nuriyeva Afaq Bayram qızı və Hüseyn Aida Əli qızı ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2377/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1980-cı ildən xx.xx.1987-ci ilə qədər Ermənistan Respublikasının Ararat rayonunun N.Nərimanov adına kolxozunda, xx.xx.1987-ci ildən xx.xx.1997-ci ilə qədər Sumqayıt “Üzvi sintez” İstehsalat Birliyi və sonradan Sumqayıt “Üzvi sintez” zavodu adlanan sağlamlıq üçün təhlükə törədən zərərli iş hesab edilən müəssisədə işləməyinə görə ona əmək pensiyasının təyin edilməsi barədə qarar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt “Üzvi sintez” zavodunda işlədiyi müddət sağlamlıq üçün təhlükə törədən zərərli iş hesab olunduğu üçün ona hal hazırda əmək pensiyası təyin edilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2377/2019 saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2377/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1591/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-191/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı iş materiallarına uyğun izahat verərək sağlamlıq üçün təhlükə törədən zərərli iş hesab edilən müəssisədə işlədiyi üçün pensiya təyin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasında təmsil olunmamış, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası idiaçını dinləyib, işin materiallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. İşə Ali Məhkəmədə baxılarkən məhkəmə qeyd etmişdir ki, iddia tələbinin həm əsaslandırıcı hissəsindən, həm də "xahiş edirəm" hissəsindən görünür iddiaçı onun “Üzvi kimya” zavodunda ağır işdə işləməsini nəzərə alaraq əmək pensiyası təyin olunmasını istəyir. Tələbin məzmunu daha çox ona dəlalət edir ki, iddiaçı güzştli şərtlərlə pensiya təyin olunmasını xahiş edir. Lakin məhkəmə bu iddianı adi yaşa görə pensiya tələbi kimi qəbul etmişdir. İrəli sürülmüş tələblə məhkəmənin baxdığı tələblər faktik əsasları, habelə tətbiq olunan hüquq normaları baxımından müxtəlif olmaqla, əhəmiyyətli dərəcədə fərqlənir. Bu halda işə baxan məhkəmə iddiaçıya müvafiq dəqiqləşdirmə aparmağı, zəruri olduqda bununla bağlı izahat verilməsini, iddianın dəqiqləşdirilməsi barədə ərizə verməyə təklif etməli idi. Çünki Azərbaycan Resbulikası İPM-nin «Məhkəmənin yardım etmə vəzifəsi» adlanan 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Lakin məhkəmə bu cür yardım göstərməmişdir. Apelyasiya instansiyası məhkəməsi də işin bu vəziyyətini görmüş, yardım etmə vəzifəsinə uyğun olaraq bu ziddiyyəti aradan qaldırmamış, qərarında isə bildirmişdir ki, iddiaçının gətirdiyi dəlillər güzəştli şərtlərlə əmək pensiyasının müddəaları təşkil etsə də, hazırki iş üzrə cavabdeh orqanın mübahisələndirilən imtinası və məhkəmə qərarı yaşa görə pensiya verilməsi ilə bağlıdır. Apelyasiya instansiyasının bu əsaslandırması işin hallarının tam araşdırılması deməkdir və ziddiyyətlidir. Çünki məhkəmənin bu cür əsaslandırması, ilk növbədə iddiaçının cavabdehə pensiya təyin olunması barədə ərizənin məzmununun öyrənilməsini tələb edirdi. Ona görə də məhkəmə iddiaçının inzibati orqana ilkin müraciət məktubunu alıb işə əlavə etməli idi. Əgər iddiaçının inzibati orqana yazdığı ərizədə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması xahiş etdiyi müəyyən olunsa, o halda cavabdehin işdə olan imtina məktubu, iddia tələbinə xüsusi şərtlərlə pensiya təyin olunması tələbi kimi baxmağa maneə olmurdu. Əgər iddiaçı inzibati orqana yazdığı ərizədə ona ümumi əsaslarla (7-ci maddə) pensiya təyin olunmasını xahiş etmişsə və hazırda tələbinə xüsusi şərtlərlə pensiya təyin olunması barədə iddia kimi baxılmasını tələb edirsə, bu halda iddianın həmin əsasla mümkünlüyü məsələsi həll olunmalı idi. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondununun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2377/2019 saylı qərarı ləğv olunsun. İddiaçı Cavabdehnə qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən: Valeh Ağayev Hakimlər: Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar