Məhkəmə qərarları › İş №2-1(103)-1867/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1867/2022

18.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1867/2022 18.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Yusifov Cahangir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilliyin Siyasəti Şöbəsi işə cəlb edilməklə müraciətə cavab verilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3364/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlilliyin Siyasəti Şöbəsi işə cəlb edilməklə 13.09.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə edilən müraciətinə yazılı cavab verilməsi və poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müraciətinə əsasən 25.06.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə o, əyani müayinəyə göndərilmiş, müayinə olunmuş və əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan 30.06.2021-ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edildikdə ona 09.07.2021-ci ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Hətta, bu barədə 30.07.2021-ci il tarixə kimi dəfələrlə, 30.07.2021-ci il tarixdə isə axırıncı dəfə şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X2 Heyətinin sədrinin müavini Mətanət Məmmədovadan cavab məktubu yerləşdirilərək “0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” kimi qeydlər aparılmışdır. Eyni zamanda bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir. 24.04.2021-ci ildən 30.07.2021-ci ilədək onun elektron şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə əsasən 0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” kimi yazılmış 30 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç biri poçt vasitəsi ilə (məktubların bir hissəsinin elektron şəxsi kabinetindən çıxarış edib iddia ərizəsinə əlavə edir) ona göndərilməmişdir. Bu barədə o, məhkəməyə müraciət etmişdir. 05.08.2021-ci il tarixdə şəxsi kabinetinə baxış keçirən zaman görmüşdür ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşüb, əlilliyin axırıncı qiymətləndirilməsi sistemdən silinmiş, əlillik müddəti və diaqnozu dəyişdirilmişdir. Bu səbəbdən də, o, cavabdehə dəfələrlə müraciət etmişdir. Hal-hazırda yenə də, onun elektron şəxsi kabinetində olan məlumatlara əsasən 13.09.2021-ci il tarixdə müraciətinə cavabdeh tərəfindən cavab verilməyərək “Vətəndaşların müraicətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri növbəti dəfə pozulmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3364/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3364/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini və işə yenidən baxılması və mahiyyəti üzrə qərar çıxarılması məqsədilə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 27.07.1996-cı ildən 21.08.2013-cü ilədək AR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Hal-hazırda ehtiyyatda olan zabit, Prezident təqaüdçüsüdür. 2014-cü ildən 2-ci qrup müharibə əlilidir. Müraciətinə əsasən 25.06.2021-ci ildə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin göstərişi ilə əyani müayinəyə göndərilmiş və əlilliyin səbəb əlaqəsi dəyişdirilmişdir. Eyni zamanda şəxsi kabinetində qeydiyyat vardır və sms vasitəsilə telefonuna bidiriş göndərilmişdir. İddiaçının elektron şəxsi kabinetində olan məlumatlara əsasən 14.09.2021ci il tarixdə müraciətinə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən cavab verilməmiş və “Vətəndaşların müraciətləri haqqında” qanunun tələbləri növbəti dəfə pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının Nazirlər Kabinetinin Aparatı vasitəsilə etdiyi elektron müraciət aidiyyəti üzrə baxılması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edilmiş, Agentlik 13.09.2021-ci il tarixdə daxil olmuş elektron müraciətə cavab olaraq iddiaçıya 23.09.2021-ci il tarixli, **********5 nömrəli cavab məktubu ünvanlamışdır. Adıçəkilən cavab məktubu iddiaçıya hazırkı iddia ərizəsi ilə müraciət edildiyi 26.10.2021-ci il tarixdən öncə 23.09.2021-ci il tarixdə göndərilmişdir. Belə olan halda, məhz iddiada göstərilən tələblə bağlı məhkəmə müdafiəsi hüququnun realizəsi üçün zərurət olmadığından hazırkı tələbə mahiyyəti üzrə baxıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi nəticəsi ilə razılaşır və qeyd edir ki, iddiaçının tələbinin mümkün hesab edilərək inzibati icraat qaydasında baxılması üçün əsaslar mövcud olmamışdır. İş materiallarından göründüyü kimi iddaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətəndaşların Qəbulu şöbəsindən daxil olmuş müraciəti Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmış, Agentliyin müraciətə cavab olaraq elektron sənəd dövriyyəsi vasitəsilə tərtib etdiyi iddiaçıya ünvanlanmış 23.09.2021-ci il tarixli, **********5 nömrəli məktubunda bildirilmişdir ki, hərbi səbəblə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsinə köməklik göstərilməsi barədə müraciətinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilmişdir ki, X1 X3 və səbəb əlaqəsi barədə 25.06.2021-ci ildə keçirilən əyani komissiyanın müvafiq qərarına əsasən hal-hazırda o, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbi ilə 12.10.2016-cı ildən beş il müddətinə ikici dərəcə əlillik statusuna malikdir. Növbəti müayinə tarixi - 12.10.2021-ci il. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabientinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bununla əlaqədar o, göndərişin (forma-088) tərtibi məqsədilə qeydiyyatda olduğu dövlət tibb müəssisəsinə müraciət etməlidir. Elektron sənəd dövriyyəsi məlumatlarına əsasən İddiaçı ünvanlanmış DO-DTSERA-**********5 nömrəli məktuba verilmiş **********5 nömrəli cavab məktubu 23.09.2021-ci il tarixdə imzalanmış, ünvan 1 ünvanına göndərilmiş və müraciətin icra statusu tam icra olunub şəklində qeyd edilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun: 3.0.11-ci maddəsinə əsasən, yazılı müraciət – kağız üzərində və ya elektron formada tərtib edilmiş müraciətdir; 6.2-ci maddəsinə əsasən, yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir; 6.7-ci maddəsinə əsasən, elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir; 7.3-cü maddəsinə əsasən, müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır; 7.4-cü maddəsinə əsasən, vətəndaşın müraciətinə onun daxilolma tarixi və qeydiyyat nömrəsi qoyulur. Müraciət edən şəxsin tələbi ilə ona müraciətin qeydiyyat nömrəsi, tarixi və onun icraçısına dair məlumat bildirilir; 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir; 8.1 və 8.1.4-cü maddələrinə əsasən, vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. “İnzibati icraat haqqqında” Qanunu 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddaçının eyni məzmunlu və çoxsaylı müraciətlərinə cavab olaraq ona iddiaçının Nazirlər Kabinetinin Aparatı vasitəsilə etdiyi elektron müraciət aidiyyəti üzrə baxılması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim edilmiş, Agentlik 13.09.2021-ci il tarixdə daxil olmuş elektron müraciətə cavab olaraq iddiaçıya 23.09.2021-ci il tarixli, **********5 nömrəli cavab məktubu ünvanlamışdır. Adıçəkilən cavab məktubu iddiaçıya hazırkı iddia ərizəsi ilə müraciət edildiyi 26.10.2021-ci il tarixdən öncə 23.09.2021-ci il tarixdə göndərilmişdir. Belə olan halda, məhz iddiada göstərilən tələblə bağlı məhkəmə müdafiəsi hüququnun realizəsi üçün zərurət olmadığından məhkəmə haqlı olaraq iddianı mahiyyəti üzrə baxılmasını mümkün saymamışdır. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7.6-cı maddəsinə əsasən elektron müraciətlərə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən müraciət edənin göstərdiyi elektron ünvan vasitəsilə elektron qaydada və ya müraciət edənin xahişi ilə poçt ünvanı vasitəsilə yazılı cavab verilməklə baxılır. Elektron müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə müraciətə poçt vasitəsilə yazılı cavab verilir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, elektron müraciətə bir qayda olaraq cavab elektron ünvan vasitəsilə elektron qaydada verilir. Elektron müraciətə poçt ünvanı vasitəsilə yazılı cavab müraciət edənin xahişi olduqda və ya müraciətdə müraciət edənin elektron ünvanı göstərilmədikdə verilir. Hazırkı iş üzrə cavabdehin nümayəndəsinin təqdim etdiyi sənədlərdən və izahatından iddiaçının müraciətinə yazılı cavab verildiyi müəyyən olunur. Əgər iddiaçı elektron müraciətinə poçt vasitəsilə yazılı cavab məktubunun təqdim edilməsini tələb edirsə (cavabdehin elektron müraciətə elektron qaydada cavab verildiyi müəyyən olunsa belə), bu halda iddiaçı ilk növbədə cavabdeh orqana yazılı müraciət etdiyini və həmin yazılı müraciətə cavab məktubunun poçt vasitəsilə ünvanına göndərilməsini xahiş etdiyini sübut etməlidir. Hazırkı iş üzrə isə iddiaçının elektron müraciətə yazılı cavab verilməsi ilə bağlı Agentliyə müraciət etməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 195 nömrəli 23.06.2021-ci il tarixli qərarına əsasən əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini və 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq 23.06.2021- ci il tarixdən 23.06.2026-cı il tarixədək 5 il müddətinə təyin edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8104/2021 saylı, 22.10.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 09.07.2021-ci il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin müddətsiz olaraq təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. AR İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-nin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. AR İPM-nin 45.5.1-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 №-li qərarının 15.6-cı bəndinə əsasən qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hüquqi marağına uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi məsələsini digər inzibati iş üzrə mübahisələndirdiyindən hazırkı iş üzrə iddiaçının etdiyi müraciət mahiyyət etibarı ilə əlillik dərəcəsinin təyinatı ilə bağlı olduğundan və mübahisələndirilən 13.09.2021-ci il tarixli müraciətə cavab verilməsi məsələsi iddiaçının hüquqi marağına xidmət etməməklə öz aktuallığını itirdiyindən və nəticə etibarı ilə hüquqi marağı məhkəmənin icraatında olan 2-1(112)-8104/2021 saylı inzibati iş üzrə mübahisələndirildiyindən hazırkı iddia mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3364/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3364/2022 saylı, 17 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar