Məhkəmə qərarları › İş №2-1(103)-1868/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1868/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1868/2021 08.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR Dövlət Sərhəd Xidmətinə qarşı “pul təminatının ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2-1(112)-948/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbini dəqiqləşdirərək, hərbi vəzifədə olduğu müddətdə yüksək maaşlı zastava rəisi vəzifəsini icra etdiyi ümumilikdə 1305 gün müddət (X3 10-cu (Böyükdüz) sərhəd zastavası – 13 ay olmaqla 395 gün, (X4 16-cı (Dərsəm) sərhəd zastavası – 4 ay olmaqla 120 gün, (X5 21-ci (2-ci Şahsevən) sərhəd zastavası – 3 ay olmaqla 90 gün, Xudat sərhəd dəstəsi 16-cı (Zuxul) sərhəd zastavası – 23 ay olmaqla 700 gün) ərzində həmin vəzifə maaşına görə əlavə pul təminatının hazırkı dövr üçün ehtiyac meyarı nəzərə alınmaqla hesablanaraq birdəfəlik ödənilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2-1(112)-948/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra etdiyi 11.06.2004-cü il tarixdən 18.08.2004-cü il tarixədək olan dövr üçün zastava rəisi vəzifəsi ilə komendant bölüyü komandiri vəzifəsinin maaşları arasındakı fərqin hazırkı vəzifə maaşları əsas götürülməklə hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2-1(112)-948/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə ünvanladığı 09.09.2020-ci il tarixli 5 bənddən ibarət vəsatət təmin olunmamışdır. Həmin vəsatətdə sərhəd zastavasında hər gün Dövlət Sərhədinin mühafizəsinə yazılı qərar qəbul etmiş, sərhədin mühafizəsini planlaşdırmış, xidməti-döyüş fəaliyyətinin təşkilinə fasiləsiz rəhbərlik etmiş, Dövlət Sərhədininin toxunulmazlığına, şəxsi heyətin, xidməti heyvanların qorunmasına, silah, döyüş texnikası və mühəndis-texniki qurğuların düzgün istismarına cavabdehlik daşımış, o cümlədən məxfi və qeyri-məxfi sənədlərlə işləməyə icazə verilmiş, birbaşa rəislərdən daxil olan bütün yazılı əmr və sərəncamları qəbul edərək onlardan irəli gələn tələblərin icrasını tam məsuliyyətilə təmin etmiş, bütün hesabat və yazışmalara imza atmış faktiki məsul şəxsin müəyyənləşdirilməsi xahiş olunmuşdur. Məhkəmə qərarını əsaslandırarkən inzibati orqanın təqdim etdiyi etiraza istinad etmişdir. Bundan başqa, məhkəmə vəsatətin yalnız İV və V bəndləri üzrə sorğu göndərməklə kifayətlənmişdir. Ancaq inzibati məhkəmə nədənsə məhkəmə iclaslarında rəğbətləndirilməyinin hansı tədbirdə və şəraitdə baş verdiyini dəfələrlə səsləndirdiyi məqamlara əhəmiyyət verməmişdir. Halbuki, vəsatətdə təltif olunmağını qeyd etməklə əsas niyyəti zastava rəisi vəzifələrini icra etməsini təsdiqləyən hal olaraq DSX Aparatında zastava rəisləri və onları əvəz edən şəxslərin iştirakı ilə təşkil olunmuş təlim toplantısında iştirak etmək məqsədilə onun N nömrəli hərbi hissənin (Xudat sərhəd dəstəsi) 16-cı “Zuxul” sərhəd zastavasının rəisi əvəzi qismində 15-17 dekabr 2005-ci il tarixlərdə Bakı şəhərinə ezam olunduğuna, həqiqətən 3(üç) günlük toplantıda iştirak etdiyinə və həmin toplantının yekununa həsr olunmuş müşavirədə şəxsən Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən rəğbətləndirildiyi faktlara hakimin diqqətini yönəltmək olmuşdur. Həmin müşavirənin protokolunun məhkəməyə təqdim edilməsinin vacibliyi ünvanladığı vəsatətdə də tələb olaraq bildirilmişdir. Hətta məzuniyyətdə olan zastava rəisləri də geri çağırılaraq sözügedən toplantıya məcburi cəlb edilmişlər. Yəni həmin vaxt onun da qanuni zastava rəisi olmuş olsa idi və o da məzuniyyətdə olsa idi belə, onda zastava rəisinin toplantıda mütləq iştirakı təmin edilər və artıq onun həmin toplantıya göndərilməsinə lüzum olmazdı. Apellyasiya baxışı zamanı iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından cavabdehin verdiyi apellyasiya şikayəti iddianın təmin olunmamış hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddianın həmin hissəsində yoxlayır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 21.06.1994-cü il tarixdən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində (Sərhəd Qoşunlarında) xidmətə başlamış, 15.07.2015-ci il tarixdə öz arzusu ilə ehtiyata buraxılmışdır. İddiaçı 05.07.1994-cü il tarixdən 10-cu sərhəd zastavasının rəisinin müavini, 24.11.1995-ci il tarixdən 12-ci sərhəd zastavasının rəisinin müavini, 01.05.1996-cı il tarixdən 16-cı sərhəd zastavasının rəisinin müavini, 09.02.1999-cu il tarixdən 3-cü sərhəd zastavasının rəisi, 12.07.1999-cu il tarixdən 2ci sərhəd dəstəsinin N nömrəli hərbi hissə üzrə komendant rotası komandirinin müavini, 27.01.2003-cü il tarixdən N nömrəli hərbi hissənin komendant bölüyünün komandiri, 13.08.2004-cü il tarixdən 16-cı sərhəd zastavasının rəisinin müavini, 11.07.2007-ci il tarixdən 16-cı sərhəd zastavasının rəisi, 26.01.2008-ci ildən 5-ci sərhəd dəstəsində dövlət sərhədinin mühavizəsi bölməsinin baş zabiti, 11.03.2013-cü il tarixdən 15.07.2015-ci il tarixədək isə DSX Akademiyasında “Sərhəd mühafizəsi” kafedrasının baş müəllimi vəzifəsində işləmişdir. İddiaçı müxtəlif dövrlərdə zastava rəisi vəzifəsini icra etdiyinə istinad edərək, həmin dövrlər üçün ona zastava rəisinin vəzifəsinə uyğun təminatın ödənilməsini tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia tələbində qeyd etdiyi dövrlərdən 11.06.2004cü il tarixdən 18.08.2004-cü il tarixədək N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının rəisi vəzifəsinin icrasının müvəqqəti həvalə edildiyinə dair əmrin olduğu müəyyən edilsə də, iddia tələbinin digər hissələri ilə bağlı müvafiq əmrlərin olmadığı müəyyən edilmişdir. İddiaçı həmin dövrlərdə zastavaya rəhbərliyin məhz onun tərəfindən həyata keçirildiyinə və faktiki olaraq rəis vəzifəsini icra etdiyinə istinad etsə də, bununla bağlı müvafiq əmrin olmaması, həmçinin iddiaçı rəis müavini olaraq zərurət yarandığı halda zastavanın idarə edilməsini öz üzərinə götürməli olduğuna görə, məhkəmə iddia tələbini həmin hissələrdə əsassız hesab edir. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqan İddiaçı 11.06.2004-cü il tarixdən 18.08.2004-cü il tarixədək N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının rəisi vəzifəsini Nazirlər Kabinetinin 10.04.2017-ci il tarixli 133 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 3.1-ci bəndinin tələblərinə uyğun olaraq DSX rəisinin və silahlı birləşmələrdə əlavə səlahiyyət verilmiş səlahiyyətli şəxslərin əmri ilə deyil, yalnız xidmət etdiyi hərbi hissə komandirinin əmri ilə icra etdiyinə istinad etsə də, nəzərə alınmalıdır ki, iddiaçının xidmət etdiyi dövrdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təminatı Azərbaycan Respublikası Müdafiə Nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə” ilə tənzimləndiyindən, qeyd olunan əmr qanunvericiliyin tələblərinə uyğun qəbul edilmişdir. İddiaçıya 11.06.2004-cü il tarixdən N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının vakant olan rəisi vəzifəsinin icrası hərbi hissə komandirinin əmri ilə həvalə edilərək, həmin vəzifənin icrası 18.08.2004-cü il tarixədək, yəni 30 gündən çox davam etmiş olsa da, ona ödənilmiş təminat məbləğində artım olmamış, müvəqqəti icra etdiyi rəis vəzifəsinə görə deyil, əsas vəzifəsi, yəni komendant bölüyü komandirinin vəzifəsinə görə maaş ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 21-ci sərhəd zastavasının rəisi vəzifəsini müvəqqəti icra etdiyi 11.06.2004-cü il tarixdən 18.08.2004-cü il tarixədək olan dövr üçün zastava rəisi vəzifəsi ilə komendant bölüyü komandiri vəzifəsinin maaşları arasındakı fərqin hazırkı vəzifə maaşları əsas götürülməklə hesablanaraq ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 05.06.2002-ci il tarixli 220 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin: 52-ci maddəsinə əsasən, hissə komandirinin əmri ilə həmin hissədə digər yüksək maaşlı vəzifələri müvəqqəti icra etmələrinə icazə verilmiş zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq xidmət hərbi qulluqçulara müvəqqəti icra olunan vəzifələr üzrə vəzifə maaşları (Əsasnamənin 54-cü maddəsi nəzərə alınmaqla), əgər vəzifənin müvəqqəti icrası fasiləsiz olaraq: vakant vəzifədə - 30 gündən çox, vakant olmayan vəzifədə 60 gündən çox davam etmişsə ödənilir. 53-cü maddəsinə əsasən, vəzifəni müvəqqəti icra etmənin fasiləsiz müddəti vəzifəyə başlama günündən, lakin vəzifəni müvəqqəti icra etməyə icazə vermə haqqında hərbi hissə komandirinin əmrinin imzalanması günündən tez olmayaraq, vəzifədən azad olunma gününədək azad olunma günü də daxil olmaqla hesablanır. 54-cü maddəsinə əsasən, zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq xidmət hərbi qulluqçularına yüksək maaşlarla vəzifələri müvəqqəti icra etmələri zamanı vəzifə maaşları aşağıdakılara əməl etməklə ödənilir: ...b) hərbi hissələrin və bölmələrin qərargah rəisləri, vəzifə borclarından asılı olmayaraq bütün adlardan olan komandir və rəislərin müavinləri və köməkçiləri olan hərbi qulluqçulara bilavasitə komandirlərinin və rəislərinin vakant olmayan vəzifələrini icra edərkən, müvəqqəti icra edilən vəzifələrə görə deyil, əsas vəzifələrinə görə maaşlar ödənilir. Göstərilən hərbi qulluqçular bilavasitə rəislərinin (komandirlərinin) vakant vəzifələrini müvəqqəti icra edərkən ümumi əsaslarla müvəqqəti icra olunan vəzifələrə görə maaşlar ödənilir. 62-ci maddəsinə əsasən, yüksək maaşlı vakant vəzifələrə təyin olunmuş zabitlərə, bu vəzifələrin müvəqqəti icra edilməsinin 30 günlük müddətinin bitməsinədək icra edilən vəzifələrə görə maaşlar vəzifələrin müvəqqəti icra edilməsinə başlama günündən lakin vəzifələrin müvəqqəti icra edilməsinə icazə haqqında əmrin imzalanması günündən tez olmayaraq ödənilir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, məhkəmə işin araşdırılması üçün zəruri olan sənədləri iddiaçı tərəfindən vəsatət təqdim olunmasına baxmayaraq əldə etməmişdir. Beləliklə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdrırılmamışdır. Lakin iş materiallarına əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçı barəsində qəbul edilmiş əmrlərdən çıxarışlar təqdim olunmuşdur. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün üçün əhəmiyyət kəsb edən 2004-cü ildə və hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatını tənzimləyən normativ hüquqi aktların və iddiaçının mükafatlandırılması barədə 2005-ci ilin dekabrında verilmiş əmrin təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması cavabdehdən xahiş olunmuş, həmin sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli üçün zəruri olan sübutlar toplanaraq İddiaçı iddia tələbində qeyd etdiyi dövrlərdən 11.06.2004-cü il tarixdən 18.08.2004-cü il tarixədək N nömrəli hərbi hissənin 21-ci sərhəd zastavasının rəisi vəzifəsinin icrasının müvəqqəti həvalə edildiyinə dair əmrin olduğu müəyyən edilsə də, iddia tələbinin digər hissələri ilə bağlı müvafiq əmrlərin olmadığı müəyyən edilmişdir. Öz növbəsində eyni əsaslarla məhkəmə kollegiyası da iddiaçının apellyasiya şikayətinə əlavə etdiyi vəsatəti də təmin etməkdən imtina etmişdir. Belə ki, vəsatətdə iddiaçı onun zastava komandiri vəzifəsini əvəz etdiyini təsdiq edən müxtəlif sənədlərin (arayışların, əmr kitablarındlan çıxarışın, protokolların, videoyazıların və s.) təqdim edilməsi barədə müvafiq sorğu verilməsini xahiş etsə də, bu sənədlər yuxarıda qeyd edilən normativ hüquqi aktlarla nəzərdə tutulmuş müvafiq əmrləri (iddiaçının zastava komandiri vəzifəsinin əvəz edilməsinə icazə verilməsinə dair) əvəz edə bilməz. Qeyd olunan əmrlərin mövcudluğu isə iş üzrə müəyyən edilmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 02.04.2021-ci il tarixli, 2-1(112)-948/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar