Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1868/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11156/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından iddiaçının xeyrinə 50000 manat mənəvi ziyanın tutularaq «Yaşat» Fondunun hesabına köçürülməsi; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarını vaxtında və qərəzli şəkildə icra etmədiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının İPM-nin 120.3-cü maddəsinə uyğun olaraq 50.000 manat cərimə edilməsi; Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından işi uzatmaq məqsədi ilə əsassız vəsatət, şikayətlər verdiyi üçün MPM-nin 174.5-ci maddəsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının əməkdaşı X7 500 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsi “iddiaçıya dəymiş 50000 manat mənəvi ziyanın cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialından onun xeyrinə tutulması barədə qərar qəbul edilməsi” hissəsində icraata qəbul edilmiş, ərizənin digər hissədə icraata qəbul edilməsindən imtina edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyində baş mühəndis vəzifəsində işlədiyi 2006-2014-cü illər üzrə məcburi sosial sığorta haqlarına cəlb edilməli vəsaitlərin DSMF-yə köçürülübköçürülməməsini müəyyən etmək üçün xx.xx.2015-ci il tarixli ərizə ilə DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentinə müraciət etdi, oradan verilmiş xx.xx.2015-ci il tarixli cavab məktubunda göstərilirdi ki, 2006-2013-cü illərdə Nəsimi MKTB tərəfindən Departamentə daxil olan vəsaitlər 25%-dən az təşkil etmişdir və təqdim edilən B3 hesabatlarında əmək haqqına nisbətdə ödənilən vəsaitlər şəxsi hesabına işlənmişdir. 2014-cü il üçün işlədiyi müəssisə tərəfindən təqdim edilən B3 hesabatında uyğunsuzluq olduğu üçün həmin ilin məlumatları bazaya işlənməmişdir. Daha sonra xx.xx.2015-ci il tarixli ərizə ilə DSMF-yə müraciət edib, 2006-2014-cü illər üzrə əmək haqqından tutulmuş sosial sığorta haqları üzrə vəsaitin tələb edilərək şəxsi hesabına tam daxil olmasının təmin edilməsini xahiş etdi. Onunla bağlı hazırlanmış və DSMF tərəfindən qəbul edilmiş B3 hesabatında da qeyd edilən illər üzrə məcburi sosial sığorta haqlarına cəlb edilən gəlirin cəmi 10663,82 manat təşkil etdiyi göstərilirdi. Bundan sonra Birlik tərəfindən 22 saylı, xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə 10663,82 manat vəsait "xxxx" ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə həmin dövrdə Birliyin uçotda olduğu DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürüldü. Ödəniş tapşırığının Dİ. bölməsində göstərilmişdir: Ödənişin təyinatı və əsas: İddiaçı ödənilməmiş sığorta haqqı 25% ödənilir; SSN **********0513. Ödənilən 10663,82 manat vəsaitin pensiya kapitalında əks edilibedilməməsi ilə bağı verdiyi ərizəyə Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli xx/xx-2272 saylı məktubda göstərilmişdir ki, 2006-2014-cü illərə dair məcburi dövlət sosial sığorta haqqı üzrə müvafiq məlumatların ona aid fərdi şəxsi hesabda öz əksini tapması təmin edilmişdir. Bundan sonra iddiaçı tam arxayın oldu ki, DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentə ödənilmiş 10663,82 manat vəsaitin fərdi şəxsi hesabına mədaxil etmişdir. Pensiya kapitalı barədə məlumat əldə etmək üçün 2019-cu ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron informasiya sistemi olan e-sosial.az saytına daxil oldum və müəyyən etdi ki, 2006-2014-cü illər üzrə əvvəllər ödənilməyən 10663,82 manat borcu qalır, xx.xx.2015-ci il tarixdə ödənilmiş vəsait isə fərdi şəxsi hesabında əksini tapmamışdır. xx.xx.2019-cu il tarixdə Nazirliyə ərizə ilə müraciət edərək məsələnin araşdırılmasını xahiş etdi. Ərizəsinə cavab verilmədiyi üçün xx.xx.2019cu il tarixdə yenidən Nazirliyə ərizə ilə müracəl edib. DSMF tərəfindən ona göndərilmiş xx.xx.2019-cu il tarixli məktubda göstərilirdi ki, müraciətindəki məsələnin həlli ilə əlaqədar guya ki, gecə-gündüz dayanmadan müvafiq işlər aparılır və «araşdırma» yekunlaşdıqdan sonra ona əlavə məlumat veriləcək. Bu cavabdan sonra oturub gözlədi. 1 il, 2 aydan sonra ona göndərilmiş xx.xx.2020-ci il tarixli, **********8 saylı məktubda göstərilmişdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqqı Nəsimi rayon MKTB tərəfindən 2015-ci il üzrə təqdim etdiyi B3 formasında adları qeyd edilmiş sığortaolunanların fərdi şəxsi hesablarında proporsional qaydada bölüşdürülmüşdür. Sonrakı müraciətilərinə xx.xx.2020ci il tarixli cavabda isə ümumiyyətlə məsələyə işə aidiyyatı olmayan qanun normasına, xx.xx.2019-cu il tarixdə qüvvəyə minmiş Sosial Sığorta Haqqında Qanunun 9-1.1-ci maddəsinə istinad edilməklə, hüquqları ona izah edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5479/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı, xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürdüyü 10663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq İddiaçı (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alındı. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-1187/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilmiş, 1-ci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Bu qərardan verdiyi kasasiya şikayəti Ali Məhkəmənin 2-1(102)-2372/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1187/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və yeni qərar qəbul edilərək iddia təmin edilmişdir. Ali Məhkəmə xx.xx.2021-ci il tarixli qəti qərarını verdikdən sonra qərar Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün cavabdehə məktub göndərilmişdir. Uzun müddət ərzində cavbadeh qərarın icrasını müxtəlif bəhanələr gətirməklə icra etməmiş, yayınmışdır. Cavabdehin inzibati binasına dəfələrlə getməyi, telefonla danışmağı nəticə verməmiş, ona bildirilmişdir ki, guya qərarın icra edilməsi üçün DSMF icazə verməlidir. Məcburiyyət qarşısında qalıb, bundan sonra cavabdehə yazılı müraciət etdi və uzun illər ərzində hüquqlarını pozmaları ilə əlaqədar qanunsuz, hərəkətləri nəticəsində mənəvi iztirablar keçirməyi, bütün əsəblərini itirməyi, müxtəlif xəstəliklərə düçar olmaqla bağlı mənəvi zərəri kimi 50000 manat vəsaitin ona ödənilməsini xahiş etdi. Ərizəsinə verilmiş xx.xx.2022-ci il tarixli cavabda göstərilmişdir ki, qərarın icrası Filialın səlahiyyəti xaricində olduğundan bununla bağlı xx.xx.2022-ci il tarixdə təkrar olaraq Fonda müraciət edilmişdir və qərarın icrası ilə bağlı tədbirlər görülməkdədir. Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən mənə verilmiş xx.xx.2022-ci il tarixli məktubda nəhayət ki, qərarın 5 aydan sonra (qəbul edildikdən 7 ay sonra) icra olunduğu göstərilmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində çoxsaylı sarsıntılar keçirmiş, eyni zamanda şəkər xəstəliyinə düçar olmuşdur. Belə ki, X3 X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli diabetik testin cavabı, Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci il tarixli cavabı bu faktı təsdiq edir və daimi müalicə qəbul edir. O, heç zaman xəstə olmamış, xəstəliyi məhz cavabdehin ona qarşı etdiyi qanunsuzluqlardan sonra baş vermişdir. Cavabdeh iddiaya etirazda göstərmişdir ki, Ali Məhkəmənin Qərarının icrasının təmin edilməsi məqsədilə texniki düzəlişlərin edilməsi Filialın səlahiyyətləri xaricində olduğundan Filialın 14 mart 2022-ci il tarixli **********2 nömrəli məktubu ilə müvafiq düzəlişlərin edilməsi üçün aidiyyəti üzrə Fonda müraciət edilmişdir. Fond 19 may 2022-ci il tarixli **********8 nömrəli məktubu ilə Nazirliyin tabeliyində “DOST X1" MMC-yə (bundan sonra - "xxxx" MMC) müraciət edərək Ali Məhkəmənin Qərarının qəti olmasını nəzərə alaraq. Birlik tərəfindən 2015-ci il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a (Forma B3) əsasən fərdi şəxsi hesablarına məcburi dövlət sosial sığorta haqları bölüşdürülmüş və əmək pensiyası təyin edilməmiş sığortaolunanların fərdi şəxsi hesablarından məcburi dövlət sosial sığorta haqqının azaldılaraq sığortaolunan İddiaçı əmək fəaliyyətli olduğu 2006-2014-cü illər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq bölüşdürülməsi və fərdi şəxsi hesabında əks olunması üçün köməklik göstərilməsi xahiş edilmişdir. "xxxx" MMC Fonda 22 iyun 2022-ci il tarixli **********9 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, Birlik tərəfindən 2015-ci il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”a əsasən, təqdim olunan siyahı üzrə sığortaolunanların fərdi şəxsi hesablarından məcburi dövlət sosial sığorta haqqı azaldılmışdır. Həmin məbləğ sığortaolunan İddiaçı əmək fəaliyyətli olduğu 2006-2014-cü illər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq fərdi şəxsi hesabına bərkidilməsi təmin edilmişdir. Fond tərəfindən Filiala 1 iyul 2022-ci il tarixli **********4 nömrəli məktubla bildirilmişdir ki, Ali Məhkəmənin 15 dekabr 2021-ci il tarixli 2- 1(102)-2372/2021 nömrəli Qərarı əsasında Birlik tərəfindən sığortaolunan İddiaçı xeyrinə ödənilmiş 10663,82 manat məcburi dövlət sosial sığorta haqqı sığortaedən tərəfindən təqdim edilmiş 2015-ci il üzrə illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”da (Forma B3) fərdi şəxsi hesablarına məcburi dövlət sosial sığorta haqları bölüşdürülmüş və əmək pensiyası təyin edilməmiş sığortaolunanların fərdi şəxsi hesablarından azaldılaraq İddiaçı əmək fəaliyyətli olduğu 2006-2014-cü illər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq MEİS-in “Sığorta” (Hesabat) altsistemində **********513 nömrəli fərdi şəxsi hesabına bərkidilməsi təmin olunmuşdur. Filial Bakı İnzibati Məhkəməsinə və Birliyə 4 iyul 2022-ci il tarixli **********4 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, Ali Məhkəmənin 15 dekabr 2021-ci il tarixli 2- 1(102)- 2372/2021 nömrəli Qərarı tam icra edilmişdir. Göründüyü kimi, Nizamnamədə MEİS-in “Sığorta” (Hesabat) altsistemində sığortaolunanların fərdi şəxsi hesabına texniki düzəlişlərin edilməsi "xxxx" MMC-nin fəaliyyət istiqamətlərinə aid edilmişdir. Bu səbəbdən Ali Məhkəmənin Qərarının icra edilməsi üçün tərəfimizdən Fonda müraciət edilmişdir. Fond tərəfindən isə aidiyyəti üzrə "xxxx" MMC-yə müraciət edildikdən sonra Qərar icra edilmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı Filiala 15 fevral 2022-ci il tarixdə müraciət edərək Ali Məhkəmənin Qərarının icra edilməsini xahiş etmişdir. Filial tərəfindən 15 mart 2022-ci il tarixli **********6 nömrəli məktubla bildirilmişdir ki, Qərarın icrası ilə bağlı Fonda müraciət edilmişdir. İddiaçı Filiala 4 may 2022- ci il tarixdə təkrar eyniməzmunlu müraciət etmiş, Filialın 18 may 2022-ci il tarixli **********3 nömrəli məktubu ilə bildirilmişdir ki, Qərarın icrası ilə bağlı Fonda təkrar müraciət edilmişdir. Qeyd edilənlərə əsasən Filial iddiaçının hüququnun pozulması ilə nəticələnən qanunsuz inzibati akt qəbul etməmiş, hərəkət və ya hərəkətsizlik etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11156/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. İddiaçı hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş olsun, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqə olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində çoxsaylı sarsıntılar keçirmiş, şəkər xəstəliyinə düçar olmuşdur. Belə ki, X3 X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli diabetik testin cavabı, Bakı Sağlamlıq Mərkəzinin xx.xx.2021-ci ıl tarixli cavabı bu faktı təsdiq edir . Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı subyektiv hüquqa malikdir, cavabdeh iddiaya cavab verməli orqandır. İnzibati Prosessual Məcəllənin 2.2.4 və 2.2.7 maddələrinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) və inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. - 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarından göründüyü kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X11 şəxsin Sosial sığorta və fərdi uçot üzrə Mərkəzi filialına (üçüncü şəxs Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin iştirakı ilə) qarşı vəsaitin ödəniş təyinatına uyğun olaraq məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5479/2020 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı, xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürdüyü 10663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq İddiaçı (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5479/2020 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1187/2021 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5479/2020 nömrəli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı iddiasının rədd edilməsi qərara alınmışdır. Ali Məhkəmənin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli 2-1(102)- 2372/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-1187/2021 nömrəli qərarının ləğv edilməsi, iddiaçının iddiasının təmin edilməsi qərara alınmışdır. İş materiallarında olan Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi filialının xx.xx.2022ci il tarixli məktubdan görünür ki, qərar tam icra olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki: “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Qərardan göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan başqa, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “mənəvi zərərin ödənilməsi” barədə hüquqi mövqeyindən göründüyü kimi, sözügedən iddia o zaman təmin edilə bilər ki, cavabdehi hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya vurulmuş mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilmiş olsun. İşə məhkəmədə baxılarkən isə belə əlaqə müəyyən edilməmişdir. İddiaçı cavabdehin hərəkətləri nəticəsində iztirab keçirdiyini, bu səbəbdən mənəvi zərər tələbinin əsaslı olduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Ali Məhkəmə Plenumunun göstərilən qərarında qeyd edilmişdir ki, şəxsin iztirab keçirməsi dedikdə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. İşin məhkəmədə araşdırılan hallarından isə cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən iddiaçının sağlamlığının pozulması, bunun nəticəsində fiziki əzab çəkməsi öz təsdiqini tapmamışdır. İşdə olan tibbi müayinə sənədləri iddiaçının məhz cavabdehin hərəkət və ya hərəkətsizliyi səbəbindən sağlamlığının pozulması ilə səbəbli əlaqəni sübut etməyə kifayət etmir. Beləliklə də hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər də öz təsdiqini tapmır. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11156/2022 saylı, 01 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1868/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1868/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver