Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1869/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, iddiaçının vəkili X3 (Bakı şəhəri 12 saylı Vəkil Bürosu) və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1960-cı il tarixdə Yevlax rayonunda anadan olmuş, ünvan 1 mən. 8 ünvanında qeydiyyatdadır, VÖEN- **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “inzibati aktın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5411/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “barəsində qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli **********4660 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli **********0148 saylı qərarı ilə onun ünvan 2 ünvanında fəaliyyət göstərdiyi “HAN” restoranında digər məsələlər ilə yanaşı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə də operativ vergi nəzarət tədbiri təyin edilmiş və aparılmış nəzarətin nəticəsi üzrə xx.xx.2020-ci il tarixli 004697 nömrəli “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” Akt tərtib edilmişdir. Sözügedən aktda onun təsərrüfat subyektində operativ nəzarət tədbiri zamanı 22 nəfər fiziki şəxs X20, X28, X12, X10, X21, X29, X33, X22, X13, X17, X4, X6, X14, X23, X15, X24, X5, X7, X11, X25, X16 və X8 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi qeyd edilmiş və onun barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxsə görə 2000.0 manat olmaqla, ümumilikdə 44 000,0 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq xx xxxxxx 2020-ci il tarixdə **********4660 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş, ümumilikdə 44 000, 00 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan inzibati qərardan tərəfindən xx xxxx 2020-ci il tarixdə yuxarı inzibati orqana şikayət verilmiş və 90 gün sonra şikayətlərə baxılması kobud surətdə pozulmaqla xx xxxx 2020-ci il tarixdə ona cinayət işinin başlanması səbəbi ilə formal mülahizələrə istinad edilərək şikayətə baxılmaqdan imtina edilməsi barədə cavab məktubu təqdim edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə “iş üzrə icraatın dayandırılması barədə” vəsatət təqdim etmişdir. Vəsatətdə bildirilmişdir ki, İddiaçı Qulu oğlunun fəaliyyət göstərdiyi obyektdə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən, xeyli sayda, yəni 22 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 166.1.1-ci maddəsi ilə Q2000699 nömrəli cinayət işi başlanmışdır və hazırda cinayət işinin icraatı davam etdirilir. Həmin cinayət işi üzrə icraat başa çatanadək hazırkı iş üzrə məhkəmə icraatının dayandırılması xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5411/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim M.Qarayeva) vəsatət təmin edilməmişdir. xx.xx.2020-ci il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, qərardadın ləğv edilməsini və iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qərardadın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan cavabdehin vəsatətindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 166.1.1-ci maddəsi ilə Q2000699 nömrəli cinayət işi başlanmışdır və hazırda cinayət işinin icraatı davam etdirilir. Q2000699 nömrəli cinayət işi aidiyyəti məhkəmənin icraatına göndərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərarına əsasən fiziki şəxs İddiaçı (VÖEN: **********) fəaliyyət göstərdiyi obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxslərin, yəni 22 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə cinayət işi başlanılmış və həmin iş icraata qəbul edilərək, ibtidai araşdırılma aparılması qərara alınmışdır.( İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi X1 Baş İdarəsinin İstintaq və təhqiqat şöbəsinin təhqiqatçısı, kiçik ədliyyə müşaviri Cəmil Əliyev) Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iki əsasdan təmin edilməməlidir. Birincisi, Azərbaycan Respublikası İPM-in cavabdehin vəsatətinin prosessualhüquqi əsası kimi çıxış edən 7.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi, İPM-in 7.2-ci maddəsi MPM-in 254.1.4-cü maddəsi ilə, demək olar ki, eyni qaydaları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli Qərarında açıq göstərilmişdir ki, “İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz”. İkincisi, iş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bu baxımdan, həm İPM-in 7.2-ci maddəsində, həm də MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Lakin hazırkı iş üzrə işlərin belə bir asılılığı müəyyən edilmir. Belə ki, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisəli qərarı, inzibati orqan (cavabdeh) tərəfindən ümumi hüquq (vergilərin müəyyən edilməsi və ödənilməsi) sahəsinə aid olan məsələni (vergiləri azaldan vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsini) həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı şəxs (iddiaçı) üçün hüquqi nəticələr (müəyyən miqdarda əlavə vergilər və maliyyə sanksiyaları) yaradan qərar növündə hakimiyyət tədbiri olmaqla, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati aktdır. Beləliklə də göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə icraatın dayandırılmaması nəticə etibarı ilə işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərardadın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5411/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5411/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1869/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1869/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver