Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1869/2022 26.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cavid Vaqif oğlu Hüseyn və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10000/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-1-ci maddəsinin tələblərinə uyğun olaraq 23 aprel 2021-ci il tarixdən etibarən qanuna əlavənin qüvvəyə mindiyi gündən qanunun tələblərinə uyğun olaraq onun pensiyasına prokurorun vəzifə maaşının 1 misli miqdarının 80 faizi həcmində əlavənin edilməsinə dair qeyd edilən qanunun tələblərinin yerinə yetirilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 il prokurorluq orqanlarında xidmət etdiyinə görə 2002-ci ildən prokurorluq işçisi kimi pensiya alır. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14-cü maddəsinə əsasən prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 9.4-cü maddəsinə əsasən prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri güzəştli şərtlərlə əmək pensiyası almaq hüququna malikdirlər. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından rütbələrdən illərə görə əlavələrdən və qanunvericilikdə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Azərbaycan Respublikasının Milli Məclisi “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanunun 21.2-1 maddəsi əlavə edilmiş və həmin əlavəyə əsasən prokurorluq işçilərinə hər ay vəzifə maaşının bir misli məbləğində vəzifə maaşına əlavə alırlar. Qeyd edilən dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 23 aprel 21-ci il tarixli fərmanı ilə təsdiq edilmiş və qanuni qüvvəsini almışdır. Lakin, həmin edilmiş dəyişiklikdən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, bu günə kimi qeyd edilən artımlar əmək pensiyasına əlavə edilməmişdir. Onunla bağlı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Filialına müraciət edilməsinə baxmayaraq, qeyd edilən İdarə tərəfindən bu qanunun icrası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun 15 may 2020ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.01, 1.02, 1.05 və 20.14-cü maddələrinə şərh edilməsinə dair” Qərarını əsas götürərək pensiyanın əlavə edilməsinə imtina edilmişdir. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununa 21.2-1 əlavəsi prokurorluq işçilərinə hər ay vəzifə maşının 1 misli məbləğində vəzi maaşına əlavə edilməsi ona da, aid olduğundan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən qeyd edilən qanunun tələblərinin yerinə yetirilməsi və 23 aprel 2001-ci il tarixdən pensiyasının əlavələrinin verilməsinə dair məcburetmə haqqında qərar qəbul edilməlidir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının müraciəti ilə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Göstərilənlərə əsasən, iddiaçıya sözügedən əlavənin tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2021-ci il tarixli, 2-1(112)-10000/2021 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilib iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, o, 25 il prokurorluq orqanında işlədiyi dövrdə rayon prokuroru kimi əmək haqqı alarkən vəzifə maaşı həmin ödənişə daxil edildiyindən və 2002-ci ildə təqaüdə çıxarkən sosial sığorta faktoru əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinə əsasən ona şamil olunmur. Buna baxmayaraq, məhkəmə tərəfindən qeyd edilən maddələrin tələbləri pozularaq əsassız olaraq iddia rədd edilmişdir. Azərbaycan Respublikası Milli Məclisi tərəfindən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununa 21.2-1 əlavəsi prokurorluq işçilərinə hər ay vəzifə maşının 1 misli məbləğində vəzifə maaşına əlavə edilməsi ona da aid olduğundan İnzibati Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən qeyd edilən qanunun tələblərinin yerinə yetirilməsi və 23 aprel 2021-ci il tarixdən pensiyanın əlavələrinin verilməsinə dair məcbur edilmə haqqında qərar qəbul edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına, iddiaya etiraza uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən göründüyü kimi, iddiaçıya prokurorluq orqanlarında xidmət illəri nəzərə alınaraq 29.11.2002-ci ildən əmək pensiyası təyin edilmişdir.“Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-1-ci maddəsinin tələblərinə uyğun olaraq 23 aprel 2021-ci il tarixdən etibarən qanuna əlavənin qüvvəyə mindiyi gündən qanunun tələblərinə uyğun olaraq onun pensiyasına prokurorun vəzifə maaşının 1 misli miqdarının 80 faizi həcmində əlavənin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14 maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hehsablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməməsini əsas gətirərək, 04 avqust 2021-ci il tarixli, **********5 nömrəli məktubla imtina etmişdir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını istisna edir. İşin müəyyən edilmiş faktiki hallarına qanunvericiliyin sözügedən tələbləri baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının prokurorluq işçisi kimi almadığı, hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavənin pensiya hesablanmasında nəzərə alınması Konstitusiya Məhkəməsi Plenumunun qərarında şərh edilən qanun normalarının tələbləri ilə uzlaşmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarı ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının ailə başçısını itirməyə görə pensiya hüququ yaranmaması ilə bağlı cavabdehin imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda göstərilənlərə məcmu halında qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına uyğun olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10000/2021 saylı, 22 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cavid Hüseyn Mirzə Tağızadə
Məhkəmə qərarları › İş №2-1(103)-1869/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1869/2022
26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver