Məhkəmə qərarları › İş №2-1(103)-1869/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1869/2023

18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1869/2023 18.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair hüquqların qeydə alınması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 40 ünvanında yerləşən, bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat olan 952,9 kv.m. torpaq sahəsinin və həmin torpağın üzərindəki 1015,8 kv.m. qeyri-yaşayış sahəsinin üzərində mülkiyyə hüququnun daşınmaz əmlakın dövlət reyestrində cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin “Badamdar şossesi, 40 ünvanda “Xarrat” KM-nə məxsus ticarət obyektinin tikintisi barədə" xx.xx.1993-cü il tarixli 1281 nömrəli Sərəcam qəbul edilmiş və həmin Sərəncamla “Xarrat” KM-nə Badamdar şossesi 40 /16,0x10,0/ ölçüdə ticarət obyektinin tikintisinə icazə verilmişdir. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin “Badamdar şossesi, 40 ünvanda “Xarrat” KM-nə sahə ayrılması barədə” xx.xx.1995-ci il tarixli 2282 nömrəli Sərəcam qəbul edilmiş və həmin Sərəncamla “Xarrat” KM-nə məxsus olan və Badamdar şossesi 40 ünvanda yerləşən ticarət obyektinin yanındakı boş ərazidə /15,0x10,0/ ölçüdə sahə ayrılmışdır. Həmin Sərəncamların əldə edilməsi üçün Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına sorğu göndərilmiş və sorğulara cavab olaraq hər iki sərəncamın surəti və onlara əlavə edilmiş sənədlər bizə təqdim edilmişdir. xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında MənzilKommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən “Xarrat” KM-nə məxsus Badamdar şossesi 40 ünvanda yerləşən ticarət obyektinin texniki pasportu tərtib edilmişdir. “Xarrat” KM-nə məxsus Badamdar şossesi 40 ünvanda yerləşən torpaq sahəsinə və ticarət obyektinə dair “Xarrat” KM-nin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə, tələb olunan sənədləri əlavə edilməklə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsəm də, cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ,Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 40 ünvanında öz şəxsi vəsaiti hesabına tikdiyi 928,9 kv.m olan qeyri-yaşayış sahəsi (və açıq eyvan 86,5 kv.m. ümumi sahəyə daxil edilməklə) üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 40 ünvanında öz şəxsi vəsaiti hesabına tikdiyi sahəsi 928,9 kv.m olan qeyri-yaşayış sahəsi (sahəsi 86,5 kv.m. olan açıq eyvan ümumi sahəyə daxil edilməklə) üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, sözügedən qeyri-yaşayış binası və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin müvafiq qeyri-yaşayış binası Mərkəzi Nəbatət bağı ilə həmsərhəddir və yol kənarında yerləşir. Mərkəzi Nəbatət bağı Nazirlər Kabinetinin qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmiş və hal-hazırda bu cərgədəki daşınmaz əmlaklar və torpaq sahələri barədə Bakı Şəhər İcra Hakimiyyətində araşdırma aparılır. Bu barədə İdarəyə rəsmi müraciət daxil olmuşdur. Lakin müvafiq məhkəmə işinin dəqiq və düzgün araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti müvafiq məhkəmə işinə üçüncü şəxs qismində cəlb edilməmişdir. Bundan əlavə, təqdim olunmuş sənədlər “X5 Kiçik Müəssisəsinin adına verilsə də, iddiaçı qismində onun direktoru İddiaçı çıxış etmiş və məhkəmə tərəfindən heç bir əsas olmadan müvafiq ünvanda yerləşən qeyri- yaşayış binası və yerləşdiyi torpaq sahəsinin onun (İddiaçı) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qərara alınmışdır. Bundan başqa, İdarəyə təqdim edilmiş Səbail rayon İcra hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 1281 nömrəli sərəncamı Badamdaı şossesi 40 ünvanına 16mx10m ölçüdə ticarət obyektinin tikintisi üçün “Xarrat” çoxsahəli sərbəst kiçik müəssisəsinə icazə verilməsi barədə qəbul edilsə də, qeyri-yaşayış binasının faktiki ölçüsü 928,9 kv.m-dir. Bundan əlavə, qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin bir hissəsi ARDNŞ-in kontrakt ərazisidir. Torpaq sahəsinin yol tərəfdən 2,3 metr məsafədən yeraltı orta təzyiqli xətti keçir və torpaq sahəsinə dair fiziki şəxslərin (X1 və X2) müraciəti daxil olmuşdur. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi aplleyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdırıb belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Səbail rayon İcra hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli 1281 nömrəli sərəncamına əsasən Badamdar şossesi 40 ünvanına 16mx10m ölçüdə ticarət obyektinin tikintisi üçün “Xarrat” çoxsahəli səbəst kiçik müəssisəsinə icazə verilmişdir. Sərəncamın arxiv nüsxəsinin və sərəncama əlavə edilmiş cizginin mövcudluğu (sərəncama əlavə edilməklə) Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən təsdiq edilmişdir. - Səbail rayon İcra hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli 2282 nömrəli sərəncamına əsasən “Xarrat” çoxsahəli səbəst kiçik müəssisəsinə məxsus olan və Badamdar şossesi 40 ünvanında yerləşən ticarət obyektinin yanındakı boş ərazidə “Xarrat” KM-nə (15mx10m) ölçüdə sahə ayrılmışdır. Sərəncamın arxiv nüsxəsinin Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən təsdiq edilmişdir. - Badamdar şossesi 40 ünvanında yerləşən qeyri-yaşayış binasına dair tərtib olunmuş xx.xx.1995-ci il tarixli texniki pasporta əsasən torpaq sahəsinin ölçüsü 967,7 kv.m., tikintisi 282,8 kv.m. olaraq göstərilmişdir - Kommersiya qurumların dövlt reyestrindən çıxarışa əsasən İddiaçı sərbəst “Xarrat” çoxsahəli kiçik müəssisəsinin yeganə təsisçisidir. - 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 40 ünvanına dair təqdim edilmiş müayinə aktına əsasən torpaq sahəsinin ölçüsü 952,9 kv.m, tikilinin ümumi sahəsi 928,9 kv.m-dir. Tikili sifarişçinin öz vəsaiti hesabına inşa edilmiş yeni tikilidir. Elektron baza məlumatlarına əsasən koordinatı verilmiş torpaq sahəsi Mərkəzi Nəbatət bağının ərazisinə bitişik, yol kənarında yeləşir. Mərkəzi Nəbatət bağı Nazirlər Kabinetinin qərarı ilə BŞİH-nin balansına verilib. Hal-hazırda bu cərgəki daşınmaz əmlaklar və torpaq sahələri barədə BŞİH-də araşdırma aparılır. Bu barədə idarəyə rəsmi müraciət daxil olub - 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş ********** nömrəli cizgiyə əsasən ümumi tikintialtı sahə 631,7 kv.m. (əsas 616 kv.m., daş hasar 15,7 kv.m.) olmaq açıq torpaq sahəsi 321,2 kv.m. təşkil edir. Ümumi torpaq sahəsi 952,9 kv.m, ərazidəki ikimərtəbəli tikilinin birinci mərtəbəsi 505,4 kv.m., ikinci mərtəbəsi 423,5 kv.m. olmaqla cəmi 928,9 kv.m., açıq eyvan sahəsi 86,5 kv.m.-dir - Daşınmaz əmlakın dövlət reyestrindən imtina onunla əsaslandırılmışdır ki, sözügedən qeyri-yaşayış binası və torpaq sahəsi ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü İl yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə uyğun tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə və istismara icazə sənədləri daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Belə ki, torpaq sahəsində tikilmiş qeyri-yaşayış binasının tikintisinə icazə və layihəsi həmin dövrdə (1995-ci ildə) buna səlahiyyətli qurum tərəfindən razılaşdırılmış və həmin qeyriyaşayış binasına mülkiyyət hüququnun tanınmasına dair iddiaçının etimadı qanunla qorunur.” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin əlavəsi olan rayon icra hakimiyyəti başçıları aparatının nümunəvi strukturunda memarlıq xidməti nəzərdə tutulmadığından Bakı şəhərində qeyri yaşayış sahələrinin layihələrinin təsdiqi, həmçinin fərdi yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun olması barədə rəy verilməsi yalnız Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin səlahiyyətlərinə aiddir. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.2-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 01 avqust 2018-ci il tarixli, 226 nömrəli Fərmanın 1-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş idarəsi (bundan sonra - İdarə) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin Fərmanın 2-ci bəndində qeyd olunur ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini 01 avqust 2018-ci il tarixdən sonra (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X6 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Hazırkı işin hallarından müəyyən edilir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi 40 ünvanında Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-ci il tarixli, 1281 saylı və xx.xx.1995-ci il tarixli, 2282 saylı sərəncamlarına əsasən “Xarrat” kiçik müəssisəsinə torpaq sahəsi ayrılmışdır. “Xarrat” kiçik müəssisəsinə dair tərtib olunmuş xx.xx.1995-ci il tarixli texniki pasporta əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar şosesi 40 ünvanında torpaq sahəsinin ölçüsü 967,7 kv.m. olaraq göstərilmişdir. 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş cizgiyə əsasən tikintinin ümumi sahəsi 928,9 kv.m.-dir. (açıq eyvan 86,5 kv.m). İddiaçı sərbəst “Xarrat” çoxsahəli kiçik müəssisəsinin yeganə (100%) təsisçisidir. Odur ki, sərbəst “Xarrat” çoxsahəli kiçik müəssisəsinin əmlakına hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır. Sərbəst “Xarrat” çoxsahəli kiçik müəssisəsi vaxtilə qüvvədə olan “Müəssisələr haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında yaradılmışdır. Həmin Qanunun 24-cü maddəsinin 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericilik aktları və müəssisənin nizamnaməsi ilə digər hal nəzərdə tutulmayıbsa, müəssisə sərəncamında olan binaları, qurğuları, avadanlığı, nəqliyyat vasitələrini, inventarı və digər maddi sərvətləri satmaq və başqa müəssisələrə, təşkilatlara və idarələrə vermək, dəyişdirmək, icarəyə vermək, müvəqqəti istifadə üçün pulsuz vermək, yaxud da borc vermək, habelə onları balansdan silmək hüququna malikdir.İddiaçı torpaq sahəsinə və ticarət obyektinə dair “Xarrat” KM-nin mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas gətirərək, ərizəni təmin etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, qanunvericilik normalarının məzmunundan da göründüyü kimi mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktını təqdim etməlidir. Lakin müvafiq qeyri-yaşayış binasına və yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd (torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, istismara qəbul aktı) iş materiallarında mövcud deyildir və eyni zamanda hazırkı mərhələdə də iddiaçı tərəfindən bununla bağlı sənəd və sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1995-ci il tarixli texniki pasportun surətinə münasibətdə qeyd edir ki, texniki pasporta əsasən torpaq sahəsinin ölçüsü 967,7 kv.m., tikintisi 282,8 kv.m. olaraq göstərilsə də, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş ********** nömrəli cizgiyə əsasən ümumi tikintialtı sahə 631,7 kv.m. (əsas 616 kv.m., daş hasar 15,7 kv.m.) olmaqla açıq torpaq sahəsi 321,2 kv.m. təşkil edir. Ümumi torpaq sahəsi 952,9 kv.m, ərazidəki ikimərtəbəli tikilinin birinci mərtəbəsi 505,4 kv.m., ikinci mərtəbəsi 423,5 kv.m. olmaqla cəmi 928,9 kv.m., açıq eyvan sahəsi 86,5 kv.m. olduğu müəyyən edilir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş texniki pasportla daşınmaz əmlakın faktiki ölçüsü arasında fərqlər mövcuddur ki, bu hal sənədin əsaslılığına şübhə yaradır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 89, 90, 94-cü və 99-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1531/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 40 ünvanında öz şəxsi vəsaiti hesabına tikdiyi 928,9 kv.m olan qeyri-yaşayış sahəsi (və açıq eyvan 86,5 kv.m. ümumi sahəyə daxil edilməklə) üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər . Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar