Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1869/2025 18.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, nümayəndəsi Nümayəndə2, Cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X15 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1, Üçüncü şəxs X12 iştirakı ilə, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X15 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X9 və X14) ünvan 2-nin “Q” tikilisi yerləşən 400 kv.m. ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-1(112)-1076/2025 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X21 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsinə əsasən qət edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüquqi ilə iddiaçının mülkiyyətində olan “Q” tikilisinin texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 2 ünvanındakı “Q” tikilisi yerləşən 400 kv.m. ölçüdə olan torpaq sahəsi üzərində Ələkbərova (Hümbətova) Elnarə Nazim qızının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-8220/2024 saylı qərardadı ilə X9 və X14 iş üzrə zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən paylı mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olan “Q” tikilisinin texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması qət edilmiş, qətnamə Bakı Apellyasiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində qüvvədə saxlanılmışdır. Qətnamə üzrə icra sənədi icra olunması üçün Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə icraya yönəldilmiş, icra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə icra olunması üçün cavabdehə göndərilmişdir. Lakin cavabdeh tərəfindən icra sənədinin icrası təmin edilməmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, icra sənədinin icrası ilə bağlı idarənin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Bundan əlavə olaraq göstərilmişdir ki, əraziyə baxış keçirilən zaman icra sənədində göstərilən “Q” tikilisinin sökülməsi və yenidən inşa olunması aşkar edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilərək, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsinə izah verilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə ərizə təmin edilməmiş, qərardadda inzibati məhkəmə icraatı qaydasında müraciət edilməsi hüququ izah edilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd olunanlarla bağlı Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktub daxil olmuş, xx.xx.2023-cü il tarixli, **********19 xaricolma nömrəli tarixli məktubla cavab verilmişdir. Lakin iddia tələbi ilə bağlı iddiaçının idarəyə rəsmi qaydada müraciəti daxil olmamışdır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsi ilə cavabdehin üzərinə heç bir öhdəlik qoyulmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilən zaman faktiki olaraq tikililərin hamısının sökülərək yenidən inşa olunduğu aşkarlanmışdır. Bakı şəhəri, ünvan 1 fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən **********48-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Hazırda həmin fərdi yaşayış evi “A” tikilisindən ½ hissəsi X12, “A” tikilisindən ½ hissəsi X4 və “Q” tikilisi X5 paylı mülkiyyətindədir. Üçüncü şəxslər tərəfindən təqdim edilmiş yazılı etirazda isə qeyd olunmuşdur ki, mübahisəli ünvan üzrə dövlət fonduna aid edilən torpaq sahəsindən iddiaçının adına hər hansı bir ölçüdə torpağın ayrılmasına dair müvafiq orqanın qərar və sərəncamı yoxdur və olmayıb. Bakı İnzibati Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-1(112)-1076/2025 saylı qərarı ilə (hakim E.A.Abdullayev) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci intansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuş, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə iddiaçı ilə mübahisəli torpaq sahəsinin əvvəlki qanuni istifadəçisi X10 arasında, sahənin bölgü sxeminin tərtib edilməməsi, ümumi torpaq sahəsinin onun adına reyestrdə qeydiyyata alınmaması, axırıncının həmin torpağa dair sərəncam vermək hüququnun olmaması, onların arasındakı yazılı razılaşmanın hüquqi nəticə yaratmaması, həmin ünvanda yerləşən “Q” tikilisi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınsa da, onun yerləşdiyi 400 kv.m. ölçüdəki mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində qalması ilə əsaslandırmağa çalışmışdır. Halbuki, X10 599,7 kv.m. torpaq sahəsində yerləşən “Q” tikilisini xx.xx.1999-cu il tarixli 074181 saylı (ümumi sahəsi - 29,7 kv.m. o cümlədən yaşayış sahəsi - 17,9 kv.m. və köməkçi sahəsi - 11,8 kv.m) 27 nömrəli Dövlət Notariat Kontorunda 3MA1-130 saylı reyestrlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən Ələkbərova (Hümbətova) Elnarə Nazim qızına satmışdır (alqı-satqı müqaviləsində fərdi yaşayış evinin bir hissəsi olan “Q” tikilisinin 599,7 kv.m. torpaq sahəsi üzərində yerləşdiyi göstərilmişdir). Qeydiyyat idarəsi tərəfindən Hümbətova (Ələkbərova) Elnarə Nazim qızının adına mülkiyyət hüquqi qeydiyyata alınaraq 02 nömrəli reyestr kitabının 197-ci səhifəsində qeydiyyat aparılmaqla ona xx.xx.2001-ci il tarixli, 30/1076 nömrəli Qeydiyyat Vəsiqəsi verilmişdir (seriya FM № 010202). Bundan başqa “Q” tikilisinə aid torpaq sahəsinin ölçüsünün və onun istifadəçisinin müəyyənləşdirilməsi üçün, iddiaçı ilə mübahisəli torpaq sahəsinin əvvəlki qanuni istifadəçisi olmuş X6 və əlavə üç nəfər şahidin iştirakları ilə “Q” tikilisinə aid 400 kv.m. torpaq sahəsinin tərəflərin razılaşması ilə N.Rzayev tərəfindən 1000 ABŞ dolları pul vəsaiti müqabilində İddiaçı sahibliyinə verilməsi barədə 05 sentyabr 1998-ci il tarixli akt tərtib edilmişdir. Həmin torpağın pulunun alınması və onun təhvil verilməsi barədə akta uyğun olaraq, “Q” tikilisinin yerləşdiyi 400 kv.m. torpaq sahəsi nişanlar qoyulmaqla, iddiaçıya naturada təhvil verildikdən sonra, 05 sentyabr və 22 oktyabr 1998-ci il tarixlərdə 500+500 cəmi 1000 ABŞ dolları məbləğində pul vəsaitini N.Rzayev həmin akta imza etməklə qəbul etmişdir. İddiaçı tərəfindən 1999-cu ilin noyabr ayının sonunadək, yəni 26 il əvvəl mərz nişanları qoyulmuş “Q” tikilisinin yerləşdiyi 400 kv.m. torpaq sahəsinin perimetri boyunca mişar daşları ilə hasar çəkdirilmiş və həmin əraziyə giriş-çıxış üçün dəmir darvaza quraşdırılmış və həmin torpaq sahəsindən hal-hazıradək istifadə edilir. Üçüncü şəxslər “Q” tikilisinin yerləşdiyi 400 kv.m. torpaq sahəsindən iddiaçının ailəsinin açıq-aşkar və fasiləsiz istifadəsinə 26 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq aktı etibarlı razılaşma kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Belə olan halda, tərəflərin qarşılıqlı razılaşması ilə mübahisəli sahə mərz nişanları qoyulmaqla naturada bölünmüşdürsə və “Q” tikilisinin yerləşdiyi 400 kv.m. torpaq sahəsinin perimetri boyunca mişar daşları ilə hasar çəkdirilmişdirsə və həmin əraziyə girişçıxış üçün dəmir darvaza quraşdırılmışdırsa, onda sahənin bölgü sxeminin tərtib edilməsinə heç bir lüzum qalmır. İşə baxan məhkəmənin isə ətraflı araşdırma aparmadan, sübutlara düzgün hüquqi qiymət vermədən iddiaçı ilə N.Rzayev arasındakı “Q” tikilisinin yerləşdiyi 400 kv.m. torpaq sahəsinin İddiaçı verilməsi barədə yazılı razılaşmanın, yəni aktın hüquqi nəticə yaratmaması və sahənin bölgü sxeminin tərtib edilməməsi barədə mülahizəsi tamamilə əsassızdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2(001)-32-2022 saylı qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olan “Q” tikilinin texniki pasport əsasında “İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması, cavabdeh X2 dəymiş zərərin əvəzi olaraq 6745 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan əlavə X6 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 may 2022-ci il tarixli, 2(103)-3933/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2022-ci il tarixli 2(102)-5959/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bununla da, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 17 fevral 2022-ci il tarixli 2(001)-32-2022 saylı qətnaməsi Mülki Prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qanuni qüvvəsini almış və icra edilməsi üçün icraya yönəldilmişdir. Lakin hazırkı inzibati iş üzrə cavabdeh 02 may 2023-cü il tarixli məktubla onun üzərinə hər hansı bir öhdəlik qoyulmaması bəhanəsi ilə qətnamənin icrasından imtina etmişdir. Məhkəmə bütün bu sadalanları öz qərarında ardıcıllıqla qeyd etsə də, bütün bunlara heç bir hüquqi qiymət verməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(001)-32/2022 saylı qətnaməsinin icrası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏKR X19 həvalə edilmişdir. Eyni zamanda, inzibati işə əlavə edilmiş, notariat işinin içərisində “Q” tikilsiinin satılması barədə N.Rzayevin həm özünün, həm də yoldaşının razılıq ərizələri olmuşdur. Bu hal da məhkəmə tərəfindən nəzərə alınmamışdır. Yəni məhkəmə nəzərə almamışdır ki, “Q” tikilisi hansısa sahədən ibarət olmaqla müəyyən sahəyə malik torpaq sahəsi üzərində yerləşir. Bundan əlavə məhkəmə ekspertiza mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2922 saylı ekspertiza rəyindən görünür ki, həmin həyətyanı torpaq sahəsi faktiki olaraq 3 hisssəyə bölünərək “A”, “B” literli yaşayış evlərinin həyətyanı torpaq sahələrinə ayrı-ayrılıqda giriş-çıxış yolunun olduğu və sökülmüş “Q” literli yaşayış evinin torpaq sahəsinə ayrıca darvazanın quraşdırıldığı müəyyən edilmişdir. Digər tərəfdən, məhkəmə nəzərə almamışdır ki, Bakı şəhər Binəqədi rayon İcra hakimiyyətinin 24 dekabr 1992-ci il tarixli, 1108 saylı sərəncamı və ünvan 2 ünvanına dair texniki pasportla müəyyən edilir ki, “Q” tikilisi 17,9 kv.m. yaşayış sahəsindən, 11,8 kv.m. köməkçi sahədən (mətbəx), “A” tikilisi 25,2 kv.m. yaşayış sahəsindən, 5,2 kv.m. köməkçi sahədən (mətbəx) ibarət olmaqla bir həyətyanı sahədə yerləşmişlər. Həmin texniki pasportun torpaq sahəsi üzrə eksplikasiyası hissəsində yuxarıda göstərilən ünvanda N.Rzayevin qanuni istifadəsində sənəd üzrə 600 kv.m. torpaq sahəsinin olduğu göstərilmişdir. Bundan əlavə, əhalidən tutulan torpaq vergisi də (bələdiyyə vergisi) iddiaçı tərəfindən hal-hazıradək ödənilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. “Daşınmaz Əmlakın Dövlət Reyestrinin aparılması Qaydalarının” 45-ci maddəsinin tələblərinə zidd olaraq Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin 24 dekabr 1992-ci il tarixli, 1108 nömrəli Sərəncamı ilə fərdi yaşayış evinin tikintisi üçün X7 ayrılmış 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququ ona verilmiş dövlət reyestridən **********8-10301 reyestr nömrəli çıxarışda öz əksini tapmamışdır. Halbuki, həyətyanı 599,7 kv.m. torpaq sahəsinə dair 1 saylı Bakı Ərazi İdarəsinin arxivində bütün hüquqmüəyyənedici sənədlər mövcuddur. Halbuki, torpağın əvvəlki sahibi N.Rzayevin mülkiyyət hüququ üçüncü şəxsin istifadə hüququndan (istifadə hüququ özü belə təsdiq olunmur, cavabdeh bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir) üstündür. Əgər həqiqətən də, iddiaçıya 24 dekabr 1992-ci il tarixdə ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz, əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. İş materialları ilə tam sübut olunur ki, ünvan 2 ünvanında yerləşən “Q” tikilisinin X1 işin mübahisəsiz halıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında məhkəməyə bildirdi ki, Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı əsassızdır və yalnız məhkəmənin mülahizəsinə əsaslanmışdır. İddiaçı tərəfindən əsas olaraq Torpaq Məcəlləsinin 88-ci maddəsinə istinad olunmuşdur. “Q” tikilisi ilə bağlı tərəflər arasında alqısatqı müqaviləsi bağlanılmışdır. Birinci instansiya məhkəməsinin iş üzrə icra olunmamış qətnamələri mövcuddur. Alqı-satqı zamanı Rzayev Nurağa və İddiaçı arasında akt bağlanmışdır. Həmin akta əsasən Rzayev Nurağa və əlavə üç nəfər şahidin iştirakı ilə “Q” tikilisinə aid 400 kv.m. torpaq sahəsi tərəflərin razılaşması ilə Rzayev Nurağa tərəfindən 1000 ABŞ dolları pul vəsaiti müqabilində İddiaçı satılmışdır. X13 məqsədi həmin torpaq sahəsini ikinci dəfə satmaqdan ibarətdir. Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü hissəsinə uyğun olaraq, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı və ya qurğunu əldə edənə keçir. Belə ki, tərəflər arasında bağlanan razılaşmaya görə 400 kv.m. torpaq sahəsinə münasibətdə İddiaçı mülkiyyət hüququ tanınmalıdır. İddiaçı sözügedən torpaq sahəsini aldıqdan sonra orada hasar çəkmiş və darvaza qoymuşdur. 400 kv.m. torpaq sahəsi hasarın içindədir. 26 ildir ki, İddiaçı sözügedən torpaq sahəsindən istifadə edir. Analoji işlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarına əsasən, notarial qaydada təsdiq olmasa belə, tərəflər arasında bağlanan razılaşma və torpaq sahəsinin iddiaçının uzun müddət ərzində istifadəsində olması və həmin müddət ərzində hər hansı iddia qaldırılmaması halı əsas götürülərək şəxsə məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən isə bu kimi hallara hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sözügedən torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində dövlət mülkiyyətində olan torpaq sahəsi olduğu bildirilir. X20 verilmiş torpaq sahəsinə dair texniki pasportdan torpaq sahəsinin qanuni əsaslarla ayrılması göstərilir. Azərbaycan Respublikası Prezidentinin 439 saylı Fərmanına istinadən əgər torpaq sahəsinə dair texniki pasportdan torpaq sahəsinin qanuni əsaslarla ayrılması göstərilirsə, bu halda şəxs həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə edə bilər. Sözügedən torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisinə daxil olması ilə bağlı qeyd edilməlidir ki, İddiaçı 1992-ci il tarixdə ayrılmış torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudların daxilində yerləşməsi ilə bağlı heç bir hüquqi sənəd, çıxarış mövcud deyil. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili ona verilmiş suallara cavab olaraq bildirdi ki, 400 kv.m. torpaq sahəsi hasarın içindədir. 26 ildir ki, İddiaçı sözügedən torpaq sahəsindən istifadə edir. Aktın əslini də məhkəmə təqdim edə bilərik. Qanunvericiliyə əsasən şəxsin torpaq sahəsi üzərində qanuni istifadə hüququ varsa, torpaq sahəsi üzərində mülkiyyət hüququ tərəflər arasındakı razılaşma əsasında tanınır. 400 kv.m. torpaq sahəsi həm “Q” tikilisini, həm də onun altındakı torpaq sahəsini əhatə edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında məhkəməyə bildirdi ki, sözügedən torpaq sahəsi atası tərəfindən 1998-ci ildə bacısı İddiaçı adına alınmışdır. İddiaçı Bakıya gələrək qeydiyyata düşmək üçün həmin torpaq sahəsini almışdır. Torpaq sahəsi üzərində “A” və “Q” tikililəri vardır. Atası tərəfindən 4 sot torpaq sahəsi alınaraq orada tikinti işlərinə başlanılmışdır. Daha sonra atasının səhətinin pisləşməsi ilə bağlı olaraq tikinti işlərini davam etdirə bilməmiş və Rzayev Nurağa tərəfindən tikili sökülmüşdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən təşkil olunan ekpertiza nəticəsində 6745 manat dəymiş zərərin əvəzi kimi müəyyənləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X15 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında məhkəməyə bildirdi ki, iddiaçı tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması istənilir. Lakin torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir. Belə olduğu halda isə torpaq sahəsinin xüsusi mülkiyyətə keçirilməsi üçün “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi və ya Azərbaycan Respublikası Prezidentinin 439 saylı Fərmanında nəzərdə tutulan hüquqmüəyyənedici sənədlərdən biri təqdim olunmalıdır. İddiaçı tərəf bununla bağlı hər hansı sənədi nə inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Belə olduğu təqdirsə isə torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil. Qarşı tərəf məhkəmə qətnaməsinin inzibati orqan tərəfindən icra edilmədiyini bildirir. Lakin həmin qətnamə əmlakın naturada bölgüsü ilə bağlıdır və məhkəmə tərəfindən inzibati orqanın üzərinə icra edilməli hər hansı öhdəlik qoyulmamışdır. Həmçinin məhkəmə qətnaməsində sadəcə tikililərə münasibət bildirilib, torpaq sahəsinə isə heç bir münasibət bildirilməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X14 izahatında məhkəməyə bildirdi ki, sözügedən ərazidə torpaq sahəsi üzərindəki daşınmaz əmlak söküldüyünə görə və artıq orada daşınmaz əmlak mövcud olmadığı üçün öhdəliklər də aradan qaldırılır. Məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləvğinin məhkəmə qərarında göstərilməsi, torpağın bölgü-sxeminin tərtib edilməsi və torpağın bölgü-sxeminə əsasən çıxarışda dövlət mülkiyyəti kimi göstərilməsini məhkəmədən xahiş edir. Qarşı tərəf bütün məhkəmə iclaslarında 4 sot torpaq sahəsinin iddiaçıya məxsus olmasını bildirir. Lakin iddiaçıya məxsus torpaq sahəsi 1,6 sotdur. Qarşı tərəf istəyə görə ərazinin bölünməsini tələb edir. Lakin torpaq sahəsi ekspertiza təşkil edilməklə bölünməli və iddiaçı tərəfə məxsus ərazi qeyd olunmalıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və iddiaçının əsas olaraq istinad etdiyi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-32/2022 saylı qətnaməsində aşağıdakılar göstərilmişdir: “... İddiaçı cavabdeh X7 qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən “Q” tikilisinin cavabdeh tərəfindən sökülməsi nəticəsində ona dəymiş 59.400 manat məbləğində maddi zərərin, 4.800 manat məbləğində əldən çıxmış fayda, 10.000 manat məbləğində dəymiş mənəvi zərərin, hüququ yardım üçün iddiaçının ödədiyi 210 manat maliyyə vəsaitinin və 30 manat dövlət rüsumu olmaqla, cəmi 74.440 manat pulun ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ... Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2922 nömrəli ekspert rəyindən görünür ki, ünvan 4 ünvana baxış keçirilən zaman tədqiq olunan “Q” literli yaşayış evinin sökülmüş vəziyyətdə olduğu müəyyən edilmişdir. Lakin iş materiallarına əlavə edilmiş texniki pasportun məlumatları ilə mövcud vəziyyəti müqayisə edilən zamanı mübahisəli torpaq sahəsinin hüdudları daxilində “Q” tikilisindən əlavə “A” və “B” literli yaşayış evlərinin yerləşdiyi və hal-hazırda həmin tikililərin yerində olduğu müəyyən edilmişdir. Həmin həyətyanı torpaq sahəsi faktiki olaraq 3 hissəyə bölünərək “A”, “B” literli yaşayış evlərinin həyətyanı torpaq sahələrinə ayrı-ayrılıqda girişçıxış yolunun olduğu və sökülmüş “Q” literli yaşayış evinin torpaq sahəsinə ayrıca darvazanın quraşdırıldığı müəyyən edilmişdir və “Q” tikilisinin təcrid mənzillər şəklində ayrılması (bölünməsi) İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Həmçinin ünvan 4 ünvanda yerləşən “Q” tikilisi “A” və “B” tikililərindın ayrı-ayrılıqda yerləşdiyindən, yaşayış evlərinin paylarına müvafiq real bölünməsi “İnşaat Norma və Qaydalarına” uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün “Q” literli yaşayış evinin qarşısından 3.0 metr ara məsafəsi saxlanılaraq 8.0 metr uzunluğunda, 9.0 metr enində sərhəd hasarı çəkilməli və küçə tərəfə qapı quraşdırılmalıdır. ... Mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsi alqı-satqı əsasında alındığı və dövlət qeydiyyatından keçdikdən sonra torpaq sahəsinə dair qanunamüvafiq qaydada tərəflər arasında bölgü aparılmamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra ərazidə mövcud olan “Q” tikilisi faktiki olaraq söküldüyündən və həmin ərazinin naturada bölünməsi mümkün olmadığından, torpaq sahəsi texniki pasport əsasında ekspert rəyinə əsasən bölünməlidir.”. Həmin qətnamə ilə iddia ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olan “Q” tikilisi texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması (bölünməsi), cavabdeh X2 dəymiş zərərin əvəzi olaraq 6745 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamənin “Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olan “Q” tikilisi texniki pasport əsasında “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq ayrılması (bölünməsi)” hissəsində hal-hazırda icra edilməməsi işin mübahisələndirilməyən hallarındandır. Həmçinin iş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-32/2022 saylı qərardadından müəyyən edilir ki, “ ... iddiaçının nümayəndəsi-vəkili X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-32/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsini icra etməli olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X15 1 saylı Bakı Ərazi İdarəsi qərardadın icra edilməsindən imtina etmiş və imtina üçün səbəb olaraq həmin idarənin cavabdeh qismində müvafiq mülki işə cəlb edilmədiyini və sözügedən əmlakın mövcud olmamasını göstərilmişdir. Bu səbəbdən o, qətnaməyə izah verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır”. Məhkəmə ərizəyə baxaraq belə qənaətə gəlmişdir ki, qətnamə verilən tələblər üzrə çıxarıldığından, məhkəmənin gəldiyi nəticə dəqiq göstərildiyindən, ərizəçinin ərizəsində qeyd olunan hal məhkəmə aktına izah verilməsi üçün əsas olmadığından məhkəmə aktına izah verilməsinə dair ərizə təmin edilməməlidir Bundan sonra iddiaşı həmin qərardadda qeyd olunan “2.2 və 2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır” ifadəsini əsas götürərək, hazırkı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiyası məhkəməsi haqlı olaraq iddiaçının tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, “ ... daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda yalnız fərdi yaşayış evinin tikililəri üzərində iddiaçının və üçüncü şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, tikililərin yerləşdiyi torpaq sahəsinin isə dövlət mülkiyyətində olduğu qeyd edilmişdir. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ümumilikdə 591 kv.metr olmaqla sahənin bölgü sxemi aparılmamışdır. Yəni, hansı tikilinin hansı ölçüdə torpaq sahəsində yerləşməsi müəyyən deyildir. ... Göründüyü kimi iddiaçı ünvan 2-nin “Q” tikilisinin yerləşdiyi 400 kv.metr tropaq sahəsinin ayrılması barədə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etsə də, iddia qismən təmin edilərək, yalnız “Q” tikilisinin texniki pasport əsasında ayrılması qət edilmişdir. Qətnamədə 400 kv.metr torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. İşin müəyyən edilmiş hallarından da görünür ki, həmin ünvanda olan “Q” tikilisi sökülmüş və bununla bağlı X2 6745 manat maddi ziyan məhkəmə qətnaməsinə əsasən iddiaçının xeyrinə tutulmuşdur. İddiaçı ilə X10 arasında 400 kv.metr torpaq sahəsi ilə əlaqədar yazılı razılığa gəldikdə isə qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır (144.1.). Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir (144.2.). Göründüyü kimi ünvan 2-nin yerləşdiyi torpaq sahəsi ilkin sənədlər əsasında X6 adına qeydiyyata alınmamış, X6 həmin torpaq sahəsi üzərində sərəncam vermək, o cümlədən həmin torpaq sahəsini iddiaçıya satmaq hüququ olmamışdır. Bu səbəbdən həmin yazılı razılaşma hər hansı hüquqi nəticə yaratmır”. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsində sadalanmış və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi hazırkı halda cavabdeh inzibati orqanın imtinasının əsaslı olması və iddiaçının hüquqlarını pozmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının vəkilinin məhkəmə iclasında səsləndirdiyi və apellyasiya şikayətində də istinad edilən əsas dəlil ondan ibarətdir ki, mübahisələndirilən 400 kv.m. torpaq sahəsi ayrıca hasar daxilindədir və həmin torpaq sahəsindən 26 ildir ki, iddiaçı istifadə edir. Bununla yanaşı isə tələbin istinad nöqtəsi olaraq Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu götürülür. Həmin sənəddən isə görünür ki, torpaq sahəsində A, B və Q tikilisinin mövcud olması qeyd olunur, Q tikilisinin ümumi sahəsi 29,7 kv.m. təşkil edir. Torpaq sahəsinin ölçüsü ümumilikdə 599,7 kv.m. təşkil edir. Sahənin bölgü sxemi aparılmamışdır. Yəni, hansı tikilinin hansı ölçüdə torpaq sahəsində yerləşməsi müəyyən deyildir. Hal-hazırda Q tikilisinin sökülməsi, digər tikililərin isə yerində olması müəyyən edilir. Bu kontekstə hazırkı vəziyyətdə iddiaçının “Q tikilisi yerləşən 400 kv.m. ölçüdə olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması...” barədə tələbi əsaslı hesab edilə bilməz. Belə ki, faktiki olaraq mövcud olmayan tikilinin altına tam olaraq düşməyən (*Q tikilisinin texniki pasportda göstərilən ümumi sahəsi nəzərə alınarsa) mücərrəd 400 kv.m. torpaq sahəsinə dair yalnız buna müvafiq hüquqmüəyyənedici sənədləri olmayan şəxs tərəfindən imzalanmış akta əsaslanaraq mülkiyyət hüququnun qeydiyyata alınması qanunvericiliyin tələblərinə cavab vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayəti qərarın ləğvinə əsas vermir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-1(112)-1076/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2-1(112)-1076/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Kamran Əkbərov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-1869/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1869/2025
18.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver