Məhkəmə qərarları › İş №2-1(103)-187/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-187/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-187/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Ağayev Valeh Məmməd oğlunun sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızından və Hüseyn Aida Əli qızınddan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı İddiaçı, iddiaçının nümayəndəsi, Vəkil, Cavabdehin nümayəndəsi X7 oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “diplom üzrə ali təhsil sahəsində aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi“nə dair iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-1594/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından (hakim Rauf Daşdəmirov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək X3 adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli B 18 seriyalı 215387 nömrəli diplom üzrə ali təhsil sahəsində aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2013-cü il tarixdə X3 adına Xarkov Milli İqtisad Universitetinin maliyyə-kredit fakültəsinə daxil olmuşdur. 2018ci il tarixdə təhsilini başa vurmuşdur. Azərbaycan Respublikası Hökümət və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında 2000-ci il martın 16-da Bakı şəhərində Saziş imzalanmışdır. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) barədə həmin ilin oktyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Nostrifikasiya və akkreditasiya idarəsinə sənədlərini elektron variantda təqdim etmişdir. xx xxxxxx 2018-ci il tarixdə həmin İdarəyə dəvət olunmuş və müsabiqədən keçmişdir. Həmin təşkilat xx xxxxxx 2019cu il tarixdə diplomun tanınması üçün elektron variantda imtina məktubu göndərmiş, imtinaya səbəb kimi göstərmişdir ki, X3 adına Xarkov Milli İqtisadUniversitetinin tədris normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkün olmuşdur. Cavabdehin imtinası qanunsuzdur və ona X3 adına Xarkov Milli İqtisad Universiteti tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli B18 serialı 215387 nömrəli diplom ali təhsil sahəsində ixtisas üzrə tanınması və bu barədə şəhadətnamənin verilməsi cavabdehin üzərinə vəzifə kimi qoyulmalıdır. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-1594/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları’na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyinə görə, X1 Simon Kuznets adına Xarkov Milli İqtisad Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaş həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunmuş tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Müvafiq icra hakimiyyəti orqanından alınmış məlumatlara əsasən bildirmək olar ki, iddiaçı təhsil aldığı müddət ərzində dərslərdə və imtahanlarda iştirak etməmiş, təhsilalanın tədriq prosesində iştirak etmədən tədris yükünü yerinə yetirməsi, imtahanları verməsi, sonda diplom işi yazıb müdafiə edərək ali məktəbdən məzun olması qeyri-mümkündür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 dekabr tarixli 2-1(103)-2365/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2019-cu il 10 iyul tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 646/2020 saylı iş üzrə xx.xx.2020-cu il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 5 dekabr tarixli 2-1(103)-2365/2019 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, şikayət qalan hissədə təmin olunmamışdır. Növbəti Apellyasiya baxışı zamanı iddiaçı iş materiallarına uyğun izahat verərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-1594/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)- 1594/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)- 1594/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materialları əsasında müəyyən edilmişdir ki, X4 və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş B18 seriyalı 215387 saylı diplomun Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2018-ci ildə universiteti bitirmiş, “maliyyə və kredit” ixtisası üzrə bakalavr ali təhsil dərəcəsinə yiyələnmişdir. X5 və Elm Nazirliyi tərəfindən xx xxxx 2018-ci ildə A-55204-18 nömrəsi ilə xx.xx.1961-ci il tarixli Haaqa Konvensiyasına əsasən apostil edilmişdir. Ukrayna Təhsil və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş B18 seriyalı 215387 saylı diploma əlavənin Azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 4 il 10 ay qiyabı formada təhsil almışdır. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət edərək Ukrayna Təhsil və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universiteti tərəfindən verilmiş B18 seriyalı 21538 saylıdiplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin inzibati orqan xx xxxxxx 2019-cu il tarixli məktubla bildirmişdir ki, X3 adına Xarkov Milli İqtisad Universitetinin tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diplomada əlavədə qeyd olunan tədris yükünün yerinə yetirilməsi qeyri-mümkündür. Məhkəməyə təqdim edilmiş qeydiyyat vərəqindən görünür ki, İddiaçı Yaşar qızı X6 adına Xarkov Milli İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə 2013-2018-ci illərdə qiyabi formada bakalavr təhsili almışdır. İ il – 5 gün, İİ il- 5 gün, İİİ il- 9 gün, İV il -1 ay 9 gün, V il-1 ay 13 gün müddətində həmin ölkədə olmuş, diplom üzrə ixtisasının tanınması ilə bağlı ekspert qrupu tərəfindən ona mənfi rəy verilmişdir. Ukrayna Təhsili və Elm Nazirliyi Semyon Kuznets adına Xarkov Milli İqtisad Universiteti Xarici vətəndaşların hazırlıq fakültəsinin dekanatlığının xx xxxxx 2019-cu il tarixli 41/1092 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası vətəndaşı İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilədək müddət ərzində Semyon Kuznets adına Xarkov Milli İqtisad Universitetində “Maliyyə və kredit” peşə istiqamətinin qiyabi təhsil forması üzrə təhsil alırdı. Tələbə istiqamətverici sessiyada iştirak etmədiyi halda universitetdə növbəti imtahan sessiyası üçün tapşırıqların verilməsi nəzərdə tutulmuşdur, bunun üçün universitetin işləyib hazırladığı təlim sistemlərindən istifadə edilir ki, onlar imtahan sessiyasına müstəqil hazırlaşmağa və, zərurət yarandıqda onlayn rejimdə də olmaqla, məsləhətlər almağa şərait yaradır. Birinci instansiya məhkəməsi işin hallarını nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq apellyasiya şikayətini təmin etmiş, birinci intansiya məhkəməsinin qərarını ləğv edilməsi, iddianın təmin olunmamasına dair qərara almışdır. İşə kassasiya şikayətinə əsasən baxılarkən məhkəmə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalqmüqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. İnzibati prosessual məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, cavabdeh orqan tərəfindən Dövlət Sərhəd Xidmətindən əldə edilmiş sərhədkeçmə haqqında məlumatdan görünür ki, iddiaçı təhsil aldığı müddət ərzində Xarkov şəhərində 2013-cü ildə 7 gün, 2014-cü gün 18 gün, 2015-ci gün 34 gün, 2016-cı ildə 37 gün, 2017ci gün 46 gün, 2018-ci 42 gün müddətində olmuşdur. Qeyd edilən məlumatlara əsasən müəyyən olunur ki, iddiaçının 2013 və 2014-cü illər ərzində auditoriya dərslərində iştirakı tələb edilən normativdən az olmuşdur. Həmçinin, iddiaçı 2013 və 2014-cü illərdə hər il 1 dəfə semestr imtahanlarında iştirak etmişdir. Qeyd edilən hal işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən də müəyyən edildiyi halda, məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab etmiş və iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də məhkəmə apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddianın rədd edilməli olduğuna dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-1594/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1 (82)-1594/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar