Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-187/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4062/2022 nömrəli 13 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli **********427500 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4062/2022 nömrəli 13 may 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********427500 nömrəli qərarı 4.972,32 manat vergi məbləğinin hesablanması hissəsində ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün «sair ərzaq məhsullarının pərakəndə satışı»ndan ibarət olduğu, adına vergi orqanında qeydiyyatdan keçmiş təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı təqdim edilmiş malların alış aktlarına əsasən fərdi sahibkarın 2020-ci ilin yanvar-dekabr ayları ərzində vergi orqanlarında uçota durmadan sahibkarlıq məqsədləri üçün elektron alış aktı ilə 119335,57 manat dəyərində mallar (müxtəlif növ meyvə və tərəvəzlər) təqdim edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar xx.xx.2021-ci il tarixdə vergi orqanı tərəfindən sahibkarlıq məqsədləri üçün qeydiyyata alınaraq yaranmış kənarlaşma ilə əlaqədar fərdi sahibkara “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********690200 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən əsaslı izahat və ya cari bəyannamə təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci maddələrinə əsasən 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 5966,78 manat vergi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********427500 nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Fərdi sahibkar qərardan inzibati şikayət etmiş və təqdim etdiyi malların alış sənədlərinin olmadığı və bu səbəbdən də vergilərin Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə uyğun hesablanmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixli **********301600 nömrəli Qərar ilə vergi ödəyicisinin inzibati şikayəti təmin edilməyərək vergi orqanının xx.xx.2021-ci il tarixli **********427500 nömrəli Qərarı qüvvədə saxlanılmışdır. İnzibati araşdırma zamanı fərdi sahibkar tərəfindən 2020-ci il ərzində 259,0 kq şirin bibərin 155,40 manata, 21542,0 kq kivinin 41119,47 manata, 4040,0 kq limonun 6666,00 manata, 69399,0 kq pomidorun 55031,50 manata, 1586,0 kq quru sarımsağın 10546,90 manata, 1767,0 kq zəncəfilin 5816,30 manata olmaqla, ümumilikdə 98593,0 kq (98,6) ton meyvə-tərəvəzin 119335,57 manata təqdim edildiyi müəyyən edilmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın adına vergi orqanında qeydiyyatdan keçmiş aktiv təsərrüfat subyektinin və nəzarət kassa aparatının, qeydiyyatda olan işçisinin olmadığı, bank idarələrində hesablaşma hesablarının açılmadığı, vergi ödəyicisi kimi qeydiyyata alındığı tarixdən sonra mallar almadığı, idxal etmədiyi müəyyən edilmişdir. İnzibati şikayətdə qaldırılmış məsələnin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə fərdi sahibkara xx.xx.2021-ci il tarixli **********758000 nömrəli, xx.xx.2021-ci il tarixli **********559600 nömrəli, xx.xx.2021-ci il tarixli **********579000 nömrəli, xx.xx.2021-ci il tarixli **********322300 nömrəli məktublar göndərilərək malları aldığı şəxslər barədə (adı, familiyası, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi) məlumatları, malların daşınmasının hansı formada həyata keçirilməsi (nəqliyyat vasitəsinin qeydiyyat sənədləri, fərqlənmə nişanı, icarə müqaviləsi və s) barədə məlumatları, bank hesablarından çıxarışları, müqavilə, təhvil-təslim aktları, qaimə-faktura, kassa mədaxil və məxaric orderləri, malların hərəkəti barədə dövriyyə cədvəllərinin təsdiq olunmuş surətləri və digər zəruri hesab edilən sənədlərin inzibati araşdırmaya təqdim edilməsi xahiş edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş cavab məktublarında malların müxtəlif yerlərdən və şəxslərdən alındığını, heç bir qeydiyyat aparılmadığı üçün həmin şəxsləri tanımadığını, tanımadığı şəxslərə müraciət edərək az ödəniş müqabilində malların daşınmasını təmin etdiyini qeyd etmişdir. Həmçinin, fərdi sahibkarın etibarnamə ilə səlahiyyətli nümayəndəsi X1 Vergi Xidmətinin inzibati binasında xx.xx.2021-ci il tarixdə inzibati araşdırmada iştirakı təmin edilmişdir. N.Əhmədov araşdırmaya təqdim etdiyi izahatında malların müxtəlif şəxlərdən alındığını, həmin şəxsləri tanımadıqlarını, aldıqları malların rəsmiləşdirilmədiyini, malların alış qiymətlərini xatırlamadıqlarını, daşımanın müxtəlif şəxslər vasitəsilə həyata keçirildiyini, xərclərin uçotunun təsdiqedici sənədlərlə aparılmadığı (rəsmiləşdirilmədiyi) üçün təsdiqedici sənədlər təqdim edə bilməyəcəklərini qeyd etmişdir. Məhkəmə qərarında qeyd olunmuşdur ki, iddiaçının xərclərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəlirin (ƏDV nəzərə alınmadan) müəyyən olunması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə Qaydalarına istinad etmək hüququndan imtina oluna bilməz. İddiaçı faktiki sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün qanunvericiliyin tələbinə uyğun olaraq vergi orqanında uçota durmalı, gəlir və xərclərinin uçotunun aparmalı olduğu, təqdim etdiyi mallar üzrə elektron qaimə-fakturalar təqdim etməli olduğu halda vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, malları alış aktı ilə təqdim edərək əldə etdiyi malları təqdim edən, həmçinin malların daşınmasını həyata keçirən şəxslər barədə məlumat verməməklə, həmin şəxslərin gəlirlərinin yayındırılmasına səbəb olmuşdur. Göründüyü kimi fərdi sahibkar tərəfindən malların satışı üzrə elektron qaimə-fakturalar təqdim edilməməsi, eyni zamanda vergi orqanında qeydiyyata alınmış nəzarət kassa aparatının və bank idarələrində açılmış hesablarının olmaması səbəbindən əldə edilmiş malların faktiki həcmini, malların topdan yaxud pərakəndə qaydada satılmasını, malların satışından əldə edilmiş gəlirləri, gəlirlərin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri, ticarət əlavəsini və vergiyə cəlb olunan gəliri müəyyən edilməsi mümkün olmamışdır. Bununla belə, malların alınması ilə bağlı rəsmi (ciddi hesabat blankları, ödənişlər barədə və sair) təsdiqedici sənədlərin olmaması səbəbindən araşdırmaya təqdim edilməsi ilə yanaşı, malların alınması ilə bağlı alqı-satqı əməliyyatlarının aparılması barədə ciddi hesabat blankı olmayan, üzərində satıcı barədə hər hansı tanıdıcı məlumatları olan adi kağız daşıyıcısı formasında (qarşı tərəflərin malları satması barədə) məlumat da təqdim olunmamışdır. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, xərclərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsi olduğu halda, İddiaçı tərəfindən xərclərin uçotu aparılmamış, nə inzibati araşdırmada, nə də məhkəmə prosesində malların alışını təsdiq edən sənədlər təqdim olunmamışdır. Məhkəmə tərəfindən iddianın təmin olunması barədə qərarın çıxarılması vergi ödəyicisinin gələcəkdə də bu kimi hallara yol verməsinə, gəlir və xərclərin uçotunu aparmamaqla vergi qanunvericiliyinin tələblərini kobud şəkildə pozmasına şərait yaradacaqdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilmiş hissədə rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən tərtib edilmiş Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2021-ci il tarixli **********427500 nömrəli qərara əsasən bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 2020-ci il üçün 5.966,78 manat gəlir vergisi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi “Gəlir vergisinin bəyannaməsi”ni təqdim etmədiyinə görə əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli 9/3010 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur: Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2020-ci ilə dair gəlir vergisi 119.335,57 manat məbləğində ümumi gəlirdən xərclər çıxılmadan birbaşa olaraq hesablanmışdır. Bildirilir ki, belə qaydada mənfəət vergisi hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Belə ki, Vergi Məcəlləsinin 67-ci “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları” maddəsində aşağıdakılar göstərilmişdir, o cümlədən: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Vergi Məcəlləsinin 83.9-cu maddəsinin tələblərinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Yəni gəlir və ya xərc tam olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinə 2020-ci il üzrə hesablanmalı olan gəlir vergisi yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən gəlir və ya xərc nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli Qərarında təsbit olunmuş qaydada, yəni həmin gəlirin məbləğinə 20 faiz şərti rentabellik səviyyəsi tətbiq edilməklə mənfəət müəyyən olunaraq hesablanmalıdır. Göründüyü kimi gəlir və ya xərc tam olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinə 2020-ci il üzrə hesablanmalı olan mənfəət vergisi yuxarıda qeyd edilən Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən hesablanmalı idi. Bu səbəbdən də hazıkı tədqiqatla vergi ödəyicisinə vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********427500 nömrəli qərar ilə əlavə olaraq hesablanmış mənfəət vergisinin (2020-ci il üzrə) düzgünlüyü müəyyən olunmadı. Bundan başqa qeyd edilir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1, 102.1.30-cu maddələrində aşağıdakılar göstərilmişdir. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi. Tədqiqatla 2020-ci il üçün gəlir vergisi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Qaydaların tələbləri və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1, 102.1.30-cu maddələrinin tələbləri nəzərə alınmaqla həmin qaydalar nəzərə alınmaqla hesablandıqda vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə aparılmış əməliyyatlara görə 994,46 (119.335,57:120x20x20%- 75%) manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2021-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı və əsas fəaliyyət növünün «sair ərzaq məhsullarının pərakəndə satışı»ndan ibarət olduğu, adına vergi orqanında qeydiyyatdan keçmiş təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı təqdim edilmiş malların alış aktlarına əsasən fərdi sahibkarın 2020-ci ilin yanvar-dekabr ayları ərzində vergi orqanlarında uçota durmadan sahibkarlıq məqsədləri üçün elektron alış aktı ilə 119335,57 manat dəyərində mallar (müxtəlif növ meyvə və tərəvəzlər) təqdim edildiyi müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar xx.xx.2021-ci il tarixdə vergi orqanı tərəfindən sahibkarlıq məqsədləri üçün qeydiyyata alınaraq yaranmış kənarlaşma ilə əlaqədar fərdi sahibkara “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********690200 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən əsaslı izahat və ya cari bəyannamə təqdim edilmədiyi üçün vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci maddələrinə əsasən 2020-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə 5966,78 manat vergi hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********427500 nömrəli qərar qəbul edilmiş və vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları»nın: 1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir. 6.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) aşağıdakı şərti üsullardan biri ilə müəyyən edir: 6.1.1. vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında: M1=G1:(100+R)xR. Burada: M1 — vergi ödəyicinin mənfəəti; G1 — vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R — şərti rentabellik normasıdır. 6.1.3-cü bəndinə əsasən vergi ödəyicisinin mənfəəti şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirir və fərdi sahibkar kimi uçota alınmış olmasına etiraz etmir. İddiaçının 2020-ci il ərzində müəyyən edilmiş gəliri 119335,57 manatdır. Qeyd edilən düstura uyğun olaraq iddiaçının vergiyə cəlb edilməli gəlirləri aşağıdakı qaydada hesablanmalıdır: 119335,57 : (100+20) x 20 = 19889,26 manat. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. 102.1-ci maddəsinə əsasən fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi (3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 102.1.30-cu maddəyə “mikro” sözündən əvvəl “bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının vergiyə cəlb edilən gəlirləri 19889,26 manat olmaqla 20 faiz dərəcə ilə vergi tutulmalı (19889,26 manat x 20% = 3977,85 manat), Azərbaycan Respublikası Vergi Məcəlləsinin Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli qanunu qüvvəyə minənə qədər olan redaksiyada 102.1.30-cu maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azad olunmalı idi (3977,85 manat – 75% = 994,46 manat). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, vergi məbləğinin 994,46 manat hesablanmalı olması nəzərə alınmaqla mübahisələndirilən qərarın 4972,32 manat vergi məbləğinin hesablanması hissəsində ləğv olunması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir (vergi orqanı tərəfindən hesablanmış 5966,78 manat vergi məbləği – vergi ödəyicisinin marağına uyğun olaraq hesablanmalı 994,46 manat vergi məbləği). Eyni zamanda hazırki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2023-cü il tarixli 9/3010 nömrəli ekspert rəyində göstərilmişdir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə olaraq hesablanmış 2020-ci ilə dair gəlir vergisi 119.335,57 manat məbləğində ümumi gəlirdən xərclər çıxılmadan birbaşa olaraq hesablanmışdır, belə qaydada mənfəət vergisi hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Gəlir və ya xərc tam olmadıqda vergi orqanı tərəfindən vergi ödəyicisinə 2020-ci il üzrə hesablanmalı olan mənfəət vergisi Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin tələblərinə əsasən hesablanmalı idi. Bu səbəbdən də hazıkı tədqiqatla vergi ödəyicisinə vergi orqanı tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********427500 nömrəli qərar ilə əlavə olaraq hesablanmış mənfəət vergisinin (2020-ci il üzrə) düzgünlüyü müəyyən olunmadı. Tədqiqatla 2020-ci il üçün gəlir vergisi məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təsdiq edilməsi barədə” Qaydaların tələbləri və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1, 102.1.30-cu maddələrinin tələbləri nəzərə alınmaqla hesablandıqda vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə aparılmış əməliyyatlara görə 994,46 (119.335,57:120x20x20%-75%) manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən mübahisələndirilən Qərarla aparılmış 5966,78 manat məbləğində hesablamanın 4972,32 manat hissədə (5966,78 – 994,46) əsassız olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-4062/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-187/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-187/2023
22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver