Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-187/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X8) “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-478/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********94 nömrəli imtinasını əsassız hesab edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1216 saylı bağa dair torpaq sahələri barədə uyğunsuzluğun aradan qaldırılması, sözügedən həmin torpaq sahələrinə dair koordinatlar müəyyən edilməsi, həmin torpaq sahəsinə dair plan və ölçünün düzgün çəkilməsi, ünvan 2nə dair mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 məhkəmə icraatında iştirakı zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində nəzərə alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1216 saylı bağın koordinatlarına dair uyğunsuzluğun aradan qaldırılması, X3 ayrılmış ünvan 3nin koordinatlarının ləğv edilərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1216 saylı bağın X10 məxsusluğu barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Günel Sevdimalıyeva) 2-1(112)-478/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 1216 saylı bağın torpaq sahəsinin ölçüsü 1690 kv.m. olmaqla mərhum X10 mülkiyyət hüququ ilə məxsusluğu barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum X7 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 1216 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli xx.xx.2021-ci il tarixdə ərizə ilə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Həmçinin göstərilən bağ sahəsinin bir hissəsi digər fiziki şəxsin adına (X8) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Bundan əlavə, müqavilə möhürlə təsdiq edilməmişdir. Əlavə olaraq, bağ sahəsinin ölçüsü sənəd üzrə 0,25 ha qeyd edilsə də, faktiki 0,2190 ha təşkil edir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi qeyd olunan halları nəzərə almamış, əsassız olaraq İddiaçı iddia tələbini təmin etmişdir. Bu səbəbdən də həmin Məhkəmə tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixi 2-1(112)-478/2023 nömrəli qərarı ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvalanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, mərhum X7 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 1216 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən sahə ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq mövcuddur. Həmçinin göstərilən bağ sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşür. Əlavə olaraq, müqavilə möhürlə təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvalanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 1216 saylı bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında bağlanılmış 16 sentyabr 1983-cü il tarixli, 13472 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsi Bağçılıq təsərrüfatı idarəsi ilə X13 arasında bağlanılmış 16 sentyabr 1983-cü il tarixli, 13472 nömrəli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Türkan qəsəbəsində yerləşən sahəsi 0,25 ha olan 1216 saylı bağ sahəsi X10 icarəyə verilmişdir. İş materiallarında olan ünvan 1 ünvanlanmış torpaq sahəsinə dair çıxarış verilməsinə dair xx.xx.2021-ci il tarixli 394 nömrəli məktubdan görünür ki, X9 xx.xx.1992-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin qızı İddiaçı olması barədə məlumat verilir. Bununla əlaqədar ünvan 2 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair arayış verilməsi xahiş olunur. İş materiallarında olan Xəzər rayon Pirallahı qəsəbə İN tərəfindən verilmiş AZ-T seriyalı 038800 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.1946-cı ildə Bakı şəhərində doğulmuşdur, atası X13, anası X6r. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 900868 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1992-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi, 1216 nömrəli bağ sahəsinə dair sənədlərin surətlərindən görünür ki, daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə (baxış) aktına əsasən Türkan bağ massivi, 1216 saylı bağın hüquq müəyyənedici sənəd üzrə sahəsi 0,25 ha, fakitiki sahəsi isə 0,2190 ha-dır. Bağ sahəsinin ərazisi şərti olaraq göstərilmişdir. Həmin müayinə aktında bildirilmişdir ki, bağ sahəsinin naturada yerləşməsi sxematik xəritəyə uyğun gəlmir. Bağ sahəsində İ- dağılmış tikilinin bir qismi və İİ- hovuz var. Həmçinin iddia olunan ümumi sahənin bir hissəsi digər fiziki şəxsin adına özəlləşib və hasarlanaraq 1 mərtəbəli bağ evi və köməkçi tikili inşa edilib. Həmin hissə vətəndaş tərəfindən kənardan göstərildi. Sözügedən mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmə işi olmuşdur. Sorğu vərəqəsi ərizəyə əlavə olundu. Həmin məktuba əlavə edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 0,05 ha olan torpaq sahəsi tam mülkiyyət üzrə X4 tərəfindən bacısı X3 bağışlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Çıxarışa əsasən ünvan 3 (0.05 ha) X2 xüsusi mülkiyyətinə keçmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərədindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinə əsasən: Sual 1. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 1216 saylı bağ sahəsinin (bundan sonra - torpaq sahəsi) sxematik xəritəyə əsasən həqiqi ərazisinin (sahəsi göstərilməklə) koordinatlar üzrə yerləşmə sxemi müəyyən olunsun. Cavab - Sözügedən ərazidə hasarlama işləri plan üzrə (bölgü sxeminə uyğun) aparılmadığından qeyd olunan bağ sahəsinin dəqiq koordinatlarını təyin etmək mümkün olmamışdır. Sual 2. Torpaq sahəsinin həqiqi ərazisi X3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi 1217L saylı bağ sahəsinin koordinatları ilə üst-üstə düşürmü (Düşürsə hansı hissədə)?; Həmin koordinatların dəyişdirilməsi və ya dəqiqləşdirilməsi mümkündürmü?. Cavab - Torpaq sahəsinin koordinatlarını dəqiq təyin etmək mümkün olmadığından qeyd olunan sualın (tam olaraq) cavablandırılması mümkün olmamışdır. Məlumat üçün bildirilmişdir ki, faktiki olaraq nümayəndə tərəfindən iddia olunan bağ sahəsinin sərhədləri şərtidir. Bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir. Həmçinin iddia olunan ümumi sahənin bir hissəsi digər fiziki şəxsin adına 1217L saylı bağ nömrəsi ilə qeydiyyatdan keçib və hasarlanaraq 1 (bir) mərtəbəli yaşayış evi və köməkçi tikili inşa olunub. Həmin hissə nümayəndə tərəfindən kənardan göstərilmişdir. Sual 3. Torpaq sahəsinin həqiqi ərazisi hər hansı digər şəxsə məxsus hüquqmüəyyenidici sənəd(lər)lə üst-üstə düşürmü (Düşürsə hansı hissədə)?; Həmin koordinatların dəyişdirilməsi və ya dəqiqləşdirilməsi mümkündürmü?. Cavab - Torpaq sahəsinin koordinatlarını dəqiq təyin etmək mümkün olmadığından qeyd olunan sualın (tam olaraq) cavablandırılması mümkün olmamışdır. İddia olunan ümumi sahənin bir hissəsi digər fiziki şəxsin adına 1217L saylı bağ nömrəsi ilə qeydiyyatdan keçib və hasarlanaraq 1 (bir) mərtəbəli yaşayış evi və köməkçi tikili inşa olunub. Həmin hissə nümayəndə tərəfindən kənardan göstərilmişdir. Sual 4. Torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq kateqoriyası barədə (kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları). Cavab - Sözügedən sahə vahid elektron kadastr baza məlumatlarına əsasən “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aiddir. Həmçinin Türkan bağ massivi ərazisidir. Sual 5. Torpaq sahəsi üzərində hüququn forması (dövlət, bələdiyyə və xüsusi mülkiyyət) və Torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənmə (məhdudiyyətlər) barədə. Cavab - Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “Yaşayış məntəqələri torpaqları” kateqoriyasına aiddir. Həmçinin ərazi Türkan bağ massivi olmaqla Dövlət torpaqlarıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır; 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır; 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən; 45.2.4. müvafiq müayinələrin aparılmasından; 45.2.5. ekspert rəylərindən; 45.2.6 hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; 45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər; 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.50-ci yarımbəndində və Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1.20-ci bəndində isə təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifəsidir. İşin faktiki hallarından görünür ki, Bakı şəhər İcraiyyə Komitəsi Bağçılıq təsərrüfatı idarəsi ilə X13 arasında bağlanılmış 16 sentyabr 1983-cü il tarixli, 13472 nömrəli müqaviləyə əsasən Türkan qəsəbəsində yerləşən sahəsi 0,25 ha olan 1216 saylı bağ sahəsi X10 icarəyə verilmişdir. ünvan 1 ünvanlanmış torpaq sahəsinə dair çıxarış verilməsinə dair xx.xx.2021-ci il tarixli 394 nömrəli məktubda X9 xx.xx.1992-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2021-ci il tarixli ərizəsi əsasında mərhumun vərəsəsinin qızı İddiaçı olması barədə məlumat verilmiş, bununla əlaqədar ünvan 2 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair arayış verilməsi xahiş olunmuşdur. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri qanunvericilikdə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, elektron kadastr məlumatlarına əsasən koordinatlarla göstərilən torpaq sahəsi ilə bağların bölgüsünə dair sxematik xəritə arasında uyğunsuzluq imtina üçün əsas hesab edilə bilməz. Qeyd edilən hallar iddiaçının iradəsindən asılı olan hal deyil, iddiaçı buna görə cavabdehlik daşımır və qeyd olunan uyğunsuzluqların aradan qaldırılması cavabdehin vəzifələrinə daxildir. Belə ki, hər hansı uyğunsuzluq olsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Həmçinin müqavilənin möhürlə təsdiq edilməməsi də imtina üçün əsas hesab edilə bilməz. Bu da iddiaçıdan asılı olan hal deyil, iddiaçı buna görə cavabdehlik daşımır. Müqavilənin əsli iddiaçıdadır, eyni zamanda cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 1216 saylı bağ sahəsinin üzərindəki tikililərlə icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X13 arasında bağlanılmış 16 sentyabr 1983-cü il tarixli, 13472 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədin (müqavilə) qeyri-mötəbərliyi ilə bağlı inzibati orqan tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Əksinə, həmin müqavilənin arxiv nüsxəsi cavabdeh inzibati orqanda saxlanılır. Göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan sənədin (müqavilə) həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir, həmin sənəd ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur və onun təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Qeyd olunmalıdır ki, həmin müqaviləyə münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığından, iddiaçı etimadın qanunla qorunması hüququna malikdir. Bundan başqa, həmin müqavilə geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından mötəbər sübut kimi qiymətləndirilməlidir. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan həmin sənədə etimad göstərərək həmin sənədin məzmununa uyğun davranmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Göründüyü kimi, iddiaçının mərhum atası qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olmuşdur. Hazırda həmin bağ sahəsi iddiaçının istifadəsindədir. İddiaçının atası vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağ sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün yuxarıda qeyd edilən normalara əsasən qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin atasına məxsus olması barədə arayış tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ vardır. Öz növbəsində məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının hüquqmüəyyənedici sənədlə torpaq sahəsinin ölçüsü 0,25 ha olsa da, faktiki ölçüsü 0,2190 ha təşkil edir və 0,05 ha hissəsi ünvan 3 ilə üst-üstə düşür. Cavabdeh qurum 1217L bağ sahəsi ilə üst-üstə düşən sahənin 566 kv.m. olduğunu bildirsə də, 1217L bağ sahəsinin sənəd üzrə sahəsi 500 kv.m. olduğundan, məhkəmə 566 kv.m. hissənin qalan 66 kv.m. hissənin elə 1216 saylı bağ sahəsi olduğu qənaətindədir. Belə ki, cavabdeh 1216 saylı bağ sahəsinin məhz 1217 nömrəli bağ sahəsindən ayrılmış 1217L saylı bağ sahəsi ilə üst-üstə düşdüyünü bildirir, həmin 66 kv.m. hissənin 1217 və ya 1217K saylı bağ sahəsinin koordinatları üzrə aidiyyəti müəyyən edilmir. Odur ki, 1216 saylı bağ sahəsinin iddiaçının qanuni istifadəsinə olan hissəsi faktiki olaraq 1690 kv.m. təşkil edir. Eyni zamanda 1217 saylı bağ sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər (sahəsi 0,25 ha olmaqla 1966-cı ildən) 1216 saylı bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərdən (sahəsi 0,25 ha olmaqla 1983-cü ildən) xeyli əvvələ aiddir. Həmin 1217 saylı bağ sahəsinə dair hüquqlar hələ 2011-ci ildə ilkin qeydiyyata alınmışdır. Qanunvericinin iradəsinə görə vətəndaşların qanuni istifadəsində olan torpaqlara əvəzsiz olaraq mülkiyyət hüquqları tanınmalı olduğundan 1216 saylı bağ sahəsinin ilkin hüquqmüəyyənedici sənədlərində sahəsi 0,25 ha olmasına baxmayaraq, faktiki istifadədə olan ölçüsü nəzərə alınmalıdır. Digər tərəfdən 1217L saylı bağın 1217 saylı bağ sahəsindən ayrılmaqla hüquqmüəyyənedici sənədləri iddiaçıya aid sənədlərdən daha öncəyə aid olduğundan və bağ sahəsinə dair hüquqların qeydiyyatı aparıldığından məhkəmə araşdırması nəticəsində həmin bağ sahəsinin koordinatlarının yanlış olması hazırda müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının nəticə (qərara aldı) hissəsində bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının mərhum atasına məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi ifadə olunmuşdur. Lakin iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçının iradə ifadəsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tələblərinə əsasən hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışıın verliməsi ilə əlaqədardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, ifadə formasına aydınlıq gətirilməsi məqsədi ilə mübahisələndirilən qərarın nəticə hissəsindən «mülkiyyət» sözü çıxarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-478/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarı, qərarın nəticə (qərara aldı) hissəsindən «mülkiyyət» sözü çıxarılmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-478/2023 nömrəli 11 aprel 2023-cü il tarixli qərarı, qərarın nəticə (qərara aldı) hissəsindən «mülkiyyət» sözü çıxarılmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-187/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-187/2024
24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver