Məhkəmə qərarları › İş №2-1(103)-1870/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1870/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1870/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndələri X3, X4, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7622/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi 2021-ci il üzrə mənfəət vergi bəyannaməsinin kameral yoxlaması aparılmış, nəticədə 10 fevral 2023-cü il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə qərar qəbul edilmişdir. Qərara əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 3630,36 manat əlavə vergi öhdəliyi müəyyən olunmuşdur. Vergi orqanı tərəfindən qərar belə əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanılmış müqavilə və bu Müqavilə çərçivəsində təqdim edilmiş elektron qaimə-fakturalara əsasən 2021-ci il ərzində icraçı tərəfindən 18151,80 manat həcmində mallar təhvil verilmiş, təqdim olunan elektron qaimə-fakturalar üzrə alınmış mallar və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəricilərlə uzlaşmaması səbəbi ilə kənarlaşmaların yarandığı qeyd edilmişdir. Qərar çıxarılmasına səbəb olan xx.xx.2023-cü il tarixli “Vergi orqanına dəqiqləşdirilmiş vergi bəyannaməsinin, məcburi dövlət sosial sığorta və işsizlik sığorta hesabatların və ya kənarlaşmaya dair yazılı izahatın təqdim edilməsi” barədə bildirişdən belə anlaşılır ki, bankla icraçı arasında olan əməliyyatlar vergi orqanı tərəfindən “əmtəəsiz əməliyyat” kimi dəyərləndirilmişdir. Vergi Məcəlləsinin 13.2.81ci maddəsinə əsasən “əmtəəsiz əməliyyat” dedikdə vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədi ilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədi ilə rəsmiləşdirilən əməliyyatlar nəzərdə tutulur. Həmin Məcəllənin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Bu əsasla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti malların alqı-satqısı ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən çəkilmiş xərcləri gəlirdən çıxılan xərc kimi nəzərə almamış və beləliklə, 3630,36 manat əlavə vergi öhdəliyi hesablamışdır. Halbuki mallar və xidmətlər təhvil-təslim aktları əsasında iddiaçı tərəfindən faktiki olaraq təhvil verilmiş, vergi orqanı tərəfindən isə əməliyyatların əmtəəsiz olması ilə bağlı nə təsdiqedici sənəd, nə də hansısa formada əsaslandırma təqdim edilmişdir. İddiaçı tərəfindən Bildirişə cavab olaraq vergi orqanına elektron kargüzarlıq sistemi vasitəsi ilə cavab məktubu və ona qoşma qismində 18 sayda hesab-fakturalar, təhvil-təslim aktları, elektron kargüzarlıq sistemindən əldə olunmuş təsdiqlənmiş elektron qaimə-fakturalar təqdim edilsə də, vergi orqanı tərəfindən həmin sənədlər nəzərə alınmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qanunun bu normaları pozulmuş, bank tərəfindən təqdim olunan sənədlərin həqiqəti uyğun olmadığını iddia etməmiş, beləliklə, onların mötəbərliyini sual altında qoymuşdur. Bununla bağlı əsaslı şübhələri olsa belə, vergi orqanı tərəfindən müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görülməmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) e-2-1(112)-7622/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********190500 saylı xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-ci il tarixli **********190500 nömrəli Qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının iddia tələbi təmin edilmişdir. İddiaçı tərəfindən 5 dekabr 2022-ci il tarixdə təqdim edilmiş 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsi Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində araşdırılmışdır. Araşdırma zamanı iddiaçının "xxxx" MMC-dən (VÖEN: **********) əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin, malları təqdim edən şəxslərin vergi orqanının uçot baza məlumatlarında olan iqtisadi göstəriciləri ilə uzlaşmadığı müəyyən edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçıya "2021 ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə" xx.xx.2023-cü il tarixli **********811600 nömrəli Bildiriş göndərilmiş və müvafiq təsdiqedici sənədlərin təqdim edilməsi tələb olunmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyat nömrəsi **********004500) cavab məktubu ilə "xxxx" ASC (VÖEN **********) ilə "xxxx" MMC (VÖEN **********) arasında bağlanmış xx.xx.2021-ci il tarixli İBA- 2021/121 saylı müqaviləyə əsasən 2021-2022 dövrü ərzində "xxxx" MMC-yə 34179,80 (2021-ci il üzrə 32967,80 manat, 2022-ci il üzrə 1212,00 manat) manat ödənildiyi və məktuba əlavə olunmuş təsdiqedici sənədlər əsasında uçota alındığı (məktuba əlavə edilmiş excel faylında ətraflı qeyd edilmişdir), "xxxx" MMC tərəfindən təqdim olunmuş qaimələr üzləşdirildiyi, qaimələrdə qeyd olunan mallar, iş və xidmətlər "xxxx" MMC tərəfindən təqdim edildiyi və "xxxx" ASC tərəfindən təhvil alındığı bildirilmişdir. Təqdim edilmiş sənədlərin vergi orqanının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı iddiaçının 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi hesabatında riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC-dən əldə edilmiş EBBL seriyalı xx.xx.2021-ci il tarixli 947172 nömrəli, xx.xx.2021-ci il tarixli 947670 nömrəli, xx.xx.2021-ci il tarixli 948398 nömrəli, xx.xx.2021-ci il tarixli 948967 nömrəli, xx.xx.2021-ci il tarixli 705652 nömrəli, xx.xx.2021-ci il tarixli 819440 nömrəli və xx.xx.2021-ci il tarixli 804677 nömrəli elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 18.151,80 manat dəyərində mallar alındığına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********397600 nömrəli qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir ki, nəticədə, Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83cü və 109-cu maddələrinə əsasən 2021-ci ilə görə mənfəət vergisi bəyannaməsinə 3630,36 manat əlavə vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı iddiaçıya xx.xx.2023-cü il tarixli **********190500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Məhkəmə iş üzrə qərar qəbul edərkən işin hallarını hərtərəfli, obyektiv və qərəzsiz araşdırmamış, bununla da bir sıra maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə qərarında iddanın təmin edilməsinin əsası kimi “cavabdeh qurum tərəfindən əməliyyatların əmtəəsiz olması ilə bağlı məhkəməyə təsdiqedici sənəd və ya bu barədə hər hansı dəlil təqdim edilmədiyi” qeyd edilmişdir. Vergi orqanı tərəfindən məhz iddiaçı ilə riskli vergi ödəyiciləri arasında olan əməliyyatlar üzrə araşdırmanın nəticəsi olaraq əmtəəsiz əməliyyatlar aparıldığını müəyyən etmişdir. Belə ki, riskli vergi ödəyiciləri tərəfindən təqdim edilən mallar həmin ödəyicilərin alışında və idxalında olmadığı üçün həmin malların da digər vergi ödəyicilərinə satılmasının qeyri-mümkünlüyü nəticəsinə gəlinmişdir. Aparılan əməliyyatların əmtəəsiz əməliyyat hesab edilməsi üçün əsas olan faktlar, yəni alınmamış, idxal edilməmiş malların satılması faktının sənədlərlə sübut edilməsinə və elektron qaimə fakturalarla təsdiq edilməsinə baxmayaraq, məhkəmə daha yüksək sübutetmə standartı tətbiq edərək arqumentlərin sübut edilməsi üçün daha inandırıcı faktlar tələb etmişdir. Sənədlərlə sübut edilmişdir ki, alınmamış mallar satılmışdır. Halbuki alınmamış malların satılması imkan xaricindədir. İddiaçı tərəfindən daxil olmuş apellyasiya şikayətinə etirazda qeyd olunur: Cavabdehin şikayətdə bildirdiyi arqumentlər tamamilə əsassızdır. İlkin olaraq məhkəmət aktı ilə razılaşmayan cavabdeh, qərarda göstərilən “cavabdeh qurum tərəfindən əməliyyatların əmtəəsiz olması ilə bağlı məhkəməyə təsdiqedici sənəd və ya bu barədə hər hansı dəlil təqdim edilmədiyi” qeydini əsassız hesab edərək, bildirir ki, “vergi orqanı tərəfindən məhz iddiaçı ilə riskli vergi ödəyicilari arasında olan əməliyyatlar iizra araşdırmanın nəticəsi olaraq əmtəəsiz əməliyyatlar aparıldığı müəyyən edilmişdir. Belə ki, riskli vergi ödayicilari tərəfindən təqdim edilən mallar həmin ödəyicilərin alışında və idxalında olmadığı üçün həmin malların da digər vergi ödəyicilərinə satılmasının qeyri mümkünlüyü nəticəsinə gəlinmişdir”. Lakin göstərilən nəticənin necə əldə olunmasını əks etdirən sübutları təqdim etməmiş və tərtib etdiyi mübahisə predmeti olan inzibati aktda əks etdirməmiş, dolayı yolla heç bir əsas göstərmədən inzibati akt tərtib etmiş və iddiaçı üçün əlavə vergi öhdəliyi yaratmışdır. Vergi orqanı tərəfindən tərtib edilmiş aktda heç bir əsaslandırma göstərilməmiş, yalnız müqavilə kontragentinin riskli vergi ödəyicisi olması əsas göstərilməklə bu əməliyyatlar əmtəəsiz əməliyyat kimi dəyərləndirilmişdir. Halbuki, mallar və xidmətlər təhvil-təslim aktları əsasında iddiaçıya faktiki olaraq təhvil verilmiş, vergi orqanı tərəfindən isə əməliyyatların əmtəəsiz olması ilə bağlı nə təsdiqedici sənəd, nə də hansısa formada əsaslandırma təqdim edilmişdir. Eyni zamanda müvafiq məhkəmə baxışı zamanı iddiaçı tərəfindən əldə edilmiş mallara dair faktiki sübutlar, həmin malların hamısının müvafiq filial və binalarında yerləşdirilmiş olmasını və hazırda istifadə edildiyini əks etdirən fotoşəkillər əlavə edilmiş və bir daha aparılan əməliyyatın əmtəəsiz olmasına dair şübhə qalmaması üçün bütün mümkün mötəbər sübutlar təqdim edilmişdir. Bunun əksinə, vergi orqanının nümayəndəsi bütün məhkəmə iclaslarında heç bir əsas gətirmədən tərtib edilən aktı mötəbər saymış, davamlı olaraq işi yubadaraq sübut gətirmək, üçüncü şəxsi cəlb etmək kimi bəhanələrlə prosesi uzatmağa çalışmışdır. Əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla öz təsdiqini tapması zəruridir. Belə ki, hazırkı işdə olduğu kimi, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatm əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə əlavə vergi öhdəliklərinin tətbiqinə əsas verməməlidir. Sözügedən əlavə vergilərin hesablanması üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilibedilməməsi halı hərtərəfli araşdırılmalıdır. Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Cavabdeh şikayətində qeyd etmişdir ki, “Məhkəmə xidməti vəzifəsinə görə işdə olan sübutlarla kifayətlənməməli olduğu halda, əlavə araşdırma aparıb, sübutlar tələb edib obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir hərəkət nümayiş etdirmədən, real həqiqətin müəyyən edilməsi üçün ağlabatan səylər göstərmədən sadəcə işdə olan sübutlarla kifayətlənmiş və şübhə və ehtimallar əsasında qərar qəbul etmişdir”. İnzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarm qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlammda araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmam əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər. Eyni zamanda hazırda Vergi Məcəlləsinin 16-cı maddəsi vergi ödəyicisinin vəzifələrini təsbit etmiş, həmin vəzifələrin arasında malların alınması zamanı satıcının idxalında və ya onun tərəfindən rəsmi qaydada həmin malların alınmasının araşdırılması göstərilməmiş, o cümlədən rəsmi qaydada alış sənədləri olmayan satıcıdan mailarm alınmasını qadağan edən hər hansı imperativ norma da mövcud deyildir. Bütün bunlarla bərabər iddiaçının müvafiq əməliyyatları apardığı dövrdə riskli vergi ödəyicisi olmayan və yalnız əməliyyatların bir hissəsi başa çatdıqdan sonra bu cür hesab edilən satıcı ilə bağlı bu hissədə onların heç bir öhdəliyi və əlavə yükü mövcud olmamalıdır. Vergi orqanı tərəfindən eyni müqavilə çərçivəsində, hətta eyni qaimələr çərçivəsində alınmış malların böyük bir hissəsi ilə bağlı əmtəəsiz əməliyyat olmadığı müəyyən edilsə də, yalnız bir hissəsi əmtəəsiz qiymətləndirilmiş və bu hissədə də fərqin niyə yaranması ilə bağlı heç bir dəlil təmin edilməmişdir. Cavabdeh vergi orqanı əlavə vergilərlə bağlı akt tərtib edərkən, yalnız qarşılıqlı əməliyyat apardığımız şəxsin (mal aldığımız şəxsin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarınm müəyyən edilməsi halından çıxış etmiş, apardıqları əməliyyatlarda həqiqətən malların təqdim edilməsinin baş tutub-tutmaması ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində qarşılıqlı əməliyyatın “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin qərarının ləğv edilməsinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri X6 və X7 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********190500 nömrəli qərarından görünür ki, "xxxx" ASC-yə kameral yoxlama nəticəsində 2021-ci il üçün mənfəət vergisi üzrə 3.630,36 manat əlavə vergi məbləği hesablanmışdır (təqdim edilmiş bəyannamə, hesabat üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı - 52.032.007,63 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı - 52.035.637,99 manat, kameral yoxlama nəticəsində əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği - 3.630,36 manat). Həmin qərarda qeyd olunur: Araşdırma nəticəsində 2021-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 18.151.80 manat dəyərində mallar alınmışdır. Qeyd olunan ödəyicilərdən əldə edilmiş elektron qaimə-fakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan göstəriciləri ilə uzlaşmadığı aşkar edilməsi nəticəsində kənarlaşma yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********397600 nömrəli qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən kameral vergi yoxlamasının nəticəsi üzrə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********190500 nömrəli qərar qəbul olunmuş və həmin qərara əsasən iddiaçı "xxxx" ASC-yə kameral yoxlama nəticəsində 2021-ci il üçün mənfəət vergisi üzrə 3.630,36 manat əlavə vergi məbləği hesablanmışdır. Cavabehin mövqeyinə görə 2021-ci il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətiindən əldə edilmiş elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 18.151.80 manat dəyərində mallar alınmışdır. Qeyd olunan ödəyicilərdən əldə edilmiş elektron qaiməfakturalar üzrə alınmış malların və göstərilmiş xidmətlərin həcminin və çeşidinin cəmiyyətin vergi orqanının uçot baza məlumatlarında olan göstəriciləri ilə uzlaşmadığının aşkar edilməsi nəticəsində kənarlaşma yaranmışdır. Belə ki, təqdim edilmiş sənədlərin vergi orqanının uçot-baza məlumatları ilə üzləşdirilməsi zamanı iddiaçının 2021-ci il üzrə təqdim etdiyi mənfəət vergisi hesabatında riskli vergi ödəyicisi hesab edilən "xxxx" MMC-dən əldə edilmiş EBBL seriyalı xx.xx.2021-ci il tarixli 947172 nömrəli, xx.xx.2021-ci il tarixli 947670 nömrəli, xx.xx.2021-ci il tarixli 948398 nömrəli, xx.xx.2021-ci il tarixli 948967 nömrəli, xx.xx.2021-ci il tarixli 705652 nömrəli, xx.xx.2021-ci il tarixli 819440 nömrəli və xx.xx.2021ci il tarixli 804677 nömrəli elektron qaimə-fakturalar üzrə ümumi dəyəri 18.151,80 manat dəyərində mallar alındığına görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2021-ci il tarixli **********397600 nömrəli qərarına əsasən "xxxx" MMC riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir və 2021-ci ilə görə mənfəət vergisi bəyannaməsinə 3630,36 manat əlavə vergi məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçının vergi ödəyicisi "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturalar üzrə (cəmi 14888,80 manat) mallar alınması ilə bağlı əməliyyatlar apardığı vaxt o, riskli vergi ödəyicisi olmamışdır. "xxxx" MMC xx.xx.2021-ci il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İddiaçının həmin MMC ilə xx.xx.2021-ci, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə (cəmi 3263,0 manat) apardığı əməliyyatlar isə həmin MMC riskli vergi ödəyicisi hesab edildikdən sonrakı dövrə təsadüf edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tələblərindən göründüyü kimi, vergi ödəyicisinin riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir və həmin vergi ödəyicilərinə dair məlumat İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. İddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı MMC-nin riskli vergi ödəyicisi hesab olunması barədə qərar qəbul edilmədiyindən bu barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. İddiaçı mənfəət vergisini hesablayarkən həmin əməliyyatlara görə ödədiyi məbləği xərcinə aid etmiş və bu hal vergi qanunvericiliyin tələbinə uyğun olmuşdur. İddiaçının, əməliyyat apardığı vergi ödəyicilərindən aldığı və ya idxal etdiyi malların həcmindən məlumatlı olması, əməliyyat zamanı ona satılan malla alınan və ya idxal edilən malın həcminin yoxlanılması kimi səlahiyyətləri mövcud deyil. Həmçinin əməliyyat apardığı vergi ödəyicilərindən ona təqdim olunan malların müəssisələrin idxal zamanı və ya e-qaimə üzrə alışlarında olub-olmadığını yoxlamaq iddiaçının məsuliyyət sferasına aid deyil və bu hal onun apardığı mal alışı ilə bağlı əməliyyatlarının şübhə altına alınmasına və ya bununla bağlı hər hansı məhdudlaşmaya məruz qalmasına əsas vermir. Qeyd edilən riskli vergi ödəyicisi ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə aparılan əməliyyatlar vergi orqanı tərəfindən həmin vergi ödəyicilərinin riskli vergi ödəyicisi olması barədə müvafiq qərar qəbul edilməmişdən və həmin məlumat açıqlanmamışdan əvvəl aparılmışdır. Qeyd edilən vergi ödəyicilərinin digər şəxslərlə riskli əməliyyatlar aparmış olmaları və ya gələcəkdə riskli vergi ödəyicisi hesab olunmaları iddiaçının məsuliyyət riski ilə əhatə olunmur və yalnız sonradan riskli vergi ödəyicisi hesab olunması əsası ilə müvafiq qərar qəbul edilməmişdən və bu barədə məlumat açıqlanmamışdan əvvəl iddiaçı ilə aparılmış əməliyyatların əmtəəsiz kimi qiymətləndirilməsi ehtimallara əsaslanmış, cavabdeh vergi ödəyicisinin təqsirini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırda mübahisələndirilən 10 fevral 2023-cü il tarixli, **********190500 nömrəli qərarı xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarla əlaqədar əlavə vergi məbləğinin hesablanması hissəsində əsassızdır və birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. Lakin cavabdehin qeyd olunan qərarı xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarla əlaqədar əlavə vergi məbləğinin hesablanması hissəsində əsaslı olduğu üçün iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bu səbəbdən də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********190500 nömrəli qərarının xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarla əlaqədar əlavə vergi məbləğinin hesablanmasına münasibətdə ləğv edilməsi hissəsində) və həmin hissədə iddia təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7622/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı qismən ləğv edilsin (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 fevral 2023-cü il tarixli, **********190500 nömrəli qərarının xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli elektron qaimə-fakturalar üzrə aparılmış əməliyyatlarla əlaqədar əlavə vergi məbləğinin hesablanmasına münasibətdə ləğv edilməsi hissəsində) və həmin hissədə iddia təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7622/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar