Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1871/2021 01.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı cavabdeh AR Daxili İşlər Nazirliyinə qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(112)-1351/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Daxili işlər Nazirinin (general-polkovnik Ramil Usubov) 28 iyun 1995-cı il tarixli, 1673 ş/h nömrəli, «İddiaçı 30 iyun 1995-ci il tarixdən «faktiki fasilə nəzərə alınmamaqla» daxili işlər orqanlarında xidməti işə bərpa olunaraq, Sumqayıt şəhər Polis İdarəsinin polis post patrul xidməti batalyonunun vzvod komandiri vəzifəsinə təyin və «Daxili işlər orqanlarının sıravi və rəis heyətinin xidmət keçmə barədə Əsasnaməsi»nə müvafiq olaraq «polis baş leytenantı» xüsusi rütbəsi bərpa olunmaqla, AR DİN-nin kadrları tərkibinə daxil edilsin» əmrindən «faktiki fasilə nəzərə alınmamaqla» frazasındakı «alınmamaqla» sözünün «alınmaqla» sözünə dəyişdirilməsi, 1978-ci ildən 1983-cü ilə kimi olan 5 il ərzində Azərbaycan Dövlət Universitetində aldığı təhsil dövrün də onun Silahlı Qüvvələrdə xidməti kimi nəzərə alınmaqla əmək stajına daxil edilməsi və 29.06.1990-cu il tarixli, 319 ş/h nömrəli əmrdə onun 29.06.1990-ci il tarixdən xaric olunmağı göstərilməsinə baxmayaraq, xidmət illərinin 27.06.1990-cı ilə kimi hesablanması nəticəsində itirilmiş «2» (iki) günün də əmək stajına hesablanması barədə Qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddianın həcminin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, 28.06.1995-ci il tarixli, 1673 ş/h saylı əmrdəki “nəzərə alınmamaqla” frazasındakı “alınmamaqla” sözünün “alınmaqla” sözünə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(112)-1351/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(112)-1351/2021 saylı qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmasını, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qəbul etdiyi 28.06.1995-ci il tarixli, 1673 ş/h nömrəli əmrin surətinin iddiaçıya təqdim olunmasını sübut edən hər hansı sənəd məhkəməyə təqdim olunmamış, bu məsələ məhkəmənin qərarında qeyd olunmuşdur. İddiaçının əmək kitabçasında cavabdeh tərəfindən həmin əmrin qəbul edildiyi vaxt və əmrin mətni göstərilməmişdir. Cavabdeh 28.06.1995-ci il tarixli, 1673 ş/h nömrəli əmri vəkil tərəfindən sorğu verildikdən sonra təqdim etmişdir. Cavabdehə əmrə düzəliş edilməsi ilə bağlı müraciətə cavab olaraq məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Ona görə də iddiaçı məhkəməyə müraciət etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(112)-1351/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(112)-1351/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirinin 28.06.1995-ci il tarixli əmrini mübahisələndirir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 06.08.2020-ci il tarixdə məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Belə ki, ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin "Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat" adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 (bir) ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə Mülki Prosessual Məcəllədən çıxarılmışdır). Hazırda mübahisələndirilən əmr qəbul edildikdən sonra yuxarıda qeyd edilən prosessual normaların qüvvədə olduğu 15 ildən artıq müddətdə (28.06.1995-01.01.2011-ci illər) mübahisələndirilməmişdir. Belə olan halda, kifayət qədər uzun müddət ərzində iddiaçının həmin əmr barədə məlumatlı olmaması əsaslı şübhə doğurur və inandırıcılıq baxımından ağlabatan mühakimə hesab edilə bilməz. Belə ki, işin araşdırılmış hallarından və məhkəmə iclaslarında da iddiaçının verdiyi izahatlarından aydın olur ki, iddiaçının 1990-cı ildən 1995-ci ilədək işləmədiyi müddət üzrə ona heç bir ödəniş, əmək haqqı ödənilməmişdir. 28 iyun 1995-ci il tarixli 1673ş/h nömrəli əmrlə işə bərpa olunandan sonra da həmin müddət üzrə ödənilməmiş əmək haqlarının ödənilməməsi tələb edilməmişdir. Bu hal da iddiaçının 1990-1995-ci ilədək keçmiş müddətin yenidən işə bərpa olunarkən nəzərə alınmadığından məlumatlı olması deməkdir. Eyni zamanda qeyd olunmuşdur ki, ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İPM-in qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Ona görə ki, İPM əvvəlki qanunvericiliklə müəyyən edilmiş, lakin istifadə müddəti buraxılmış müdafiə imkanını təzələmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, iddiaçı mübahisələndirilən əmrin ona təqdim olunmadığını qeyd etsə də, həmin əmrdən xəbərdar olduğu ərizəsinin təmin olunaraq Daxili İşlər orqanlarına bərpa olunmasına əsasən müəyyən olunur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 19.05.2021-ci il tarixli, 2-1(112)-1351/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1871/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1871/2021
01.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver