Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1871/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “onların pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X23 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X16-Yusiflinin katibliyi ilə, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı “onların pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2644/2021 saylı 17 fevral 2022-ci il tarixli qərardadından X2, X31 və X25 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “1/18 paylı mülkiyyət hüquqi ilə onların ataları X17 məxsus ünvan 3 ünvanda yerləşən yaşayış yeri üzrə pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2644/2021 saylı 29 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi təmin edilərək, İddiaçı1 və İddiaçı2 paylı mülkiyyət hüququ ilə 1/18 hissədə X17 məxsus ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsinin cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Sonradan X2, X31 və X25 tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edilərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2644/2021 saylı 29.04.2021-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırmışlar ki, məhkəmə tərəfindən paylı mülkiyyətçi olduqlarına baxmayaraq, əmisi qızlarının qeyd olunan ünvana qeydiyyata alarkən onların razılığı nəzərə alınmamış, inzibati iş üzə üçüncü şəxslər kimi cəlb edilməmişlər. Nəticədə iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilərək onların hüquqları pozulmuşdur. İddiaçıların atası X30 həmin ünvan üzrə vərəsədir. Lakin onun 1/18 hissəyə mülkiyyətçi payı texniki baxımdan bölgüyə uyğun deyil və iddiaçıların hansı paya uyğun qeydiyyata düşmələri şübhə altındadır. İddiaçılar bu ünvanda 1989-cu ildən qeydiyyatda deyillər. Mənzil alıb köçmələri ilə əlaqədar faktiki yaşadıqları Nərimanov rayonunda qeydiyyatda olublar. 32 ildən sonra yenidən bu ünvana paylı mülkiyyətçilərdən xəbərsiz, gizlin, razılığa gəlmədən qeydiyyata düşmələri şübhə doğurur. Həyət söküntü zonasında yerləşir. Alqısatqı prosesinə maneə olmaq, müxtəlif problemlər yaratmaq niyyətləri aydın görünür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2644/2021 saylı 17 fevral 2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan X2, X31 və X25 tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılışdır ki, ünvan 6 ünvanında yerləşən yaşayış sahəsi 1/36 hissədə X26, 1/36 hissədə X11, 1/18 hissədə X17 (iddiaçıların atası) məxsusdur. Evə dair reyestr çıxarışına əsasən onlarla yanaşı qonşuları Süsən Seyidverdi qızı, X6, X27 və X7 da paylı mülkiyyətçilərdir. Hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən paylı mülkiyyətçilərin razılığı olmadan heç bir şəxs yaşayış sahəsinə qeydiyyata düşə bilməz. İddiaçılar da bunu bildikləri halda bizə heç bir xəbər və məlumat vermədən gizli şəkildə qanunsuz və əsassız olaraq qəbul edilmiş məhkəmə qərarı əsasında qeydiyyata düşmüşlər. İşə baxan məhkəmə paylı mülkiyyətçiləri işə cəlb etmədən qanunsuz olaraq qərar qəbul etmişdir. İddiaçıların atası X30 qızları Cəmillə və Tamillanı bilərəkdən məqsədli olaraq həmin evə qeydiyyata salmışdır. Faiq Əliyev heç özü qeyd olunan ünvanda faktiki olaraq yaşamamış və hal-hazırda da yaşamır. Belə ki, qeyd olunan yaşayış sahəsi üzrə paylı mülkiyyətçilərin paylarının naturada bölünməsi mümkün olmamışdır. Bununla bağlı iddia tələbləri əsasında paylı mülkiyyətdə payların naturada bölünməsinin mümkün olmadığı barədə Yasamal rayon Məhkəməsi tərəfindən müvafiq məhkəmə qətnaməsi qəbul edilmişdir. X30 uzun müddətdir ki, onları rahat buraxmır, əsassız iddialarla məhkəməyə müraciət edir. Onun əsl məqsədi qızlarını evə qeydiyyata aldırmaqla guya ev söküntüyə gedərsə, əlavə kompensasiya almaqdır. İddiaçılar Cəmilə və Tamilla hal-hazıra kimi özlərinə məxsus başqa evdə yaşayırlar və qeydiyyatda sonuncu dəfə öz evlərində olmuşlar. Qeydiyyat orqanının imtina məktubu da əsaslı olmuşdur. İddiaçılar Cəmilə və İddiaçı2lar onlara məxsus məxsus evdə heç vaxt yaşamamışlar, onların atası X12 payı isə naturada müəyyən edilmədiyi üçün onların qeyd olunan ünvana qeydiyyata düşmələri də qanunsuzdur. Tərəflərin izahatları İddiaçı2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 08.06.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında digər İddiaçı1, cavabdehin nümayəndəsi və əriçələr iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə həmin şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə digər İddiaçı1, cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin nümayəndəsinin, X2nın, X18 və X10 iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İş materiallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı tələbi “1/8 paylı mülkiyyət hüquqi ilə onların ataları X17 məxsus ünvan 3 ünvanda yerləşən yaşayış yeri üzrə pasport qeydiyyatına alınmaları öhdəliyinin cavabdehə həvalə edilməsi” barədədir. Bununla bağlı onlar cavabdeh inzibati orqana müraciət etmiş, lakin tələbləri təmin olunmamışdır. Sonradan onlar hazırki tələblə bağlı məhkəməyə müraciət etmiş və onların tələbləri təmin edilmişdir. X5, X31 və X25 tərəfindən Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2644/2021 saylı 29.04.2021-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər İşə birinci instansiya qaydasında baxmış məhkəmə 29.04.2021-ci il tarixli qərarın ərizəçilərin qanunla qorunan maraqlarına toxunmamasına, onlara münasibətdə hər hansı hüquqi qüvvəyə malik olmadığına istinad edərək, ərizənin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ərizənin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı 04.05.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən paylı mülkiyyətdədir. Ev paylı mülkiyyət hüququ üzrə 1/18 hissədə X17, 1/36 hissədə X13, 1/18 hissədə X14, 1/36 hissədə X19, 3/18 hissədə Süsən Seyidverdi qızına, 3/18 hissədə X15, 4/16 hissədə X1, 4/16 hissədə X3 (1 otaq (y/s – 12.4 kv.m, k/s-4.7 kv.m) və X4 (2 otaq (y/s – 28.6 kv.m) məxsusdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2644/2021 saylı 29.04.2021-ci il tarixli qərarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 paylı mülkiyyət hüququ ilə 1/18 hissədə X17 məxsus ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışlar. Belə ki, iddiaçıların digər mülkiyyətçilərə məxsus paylı mülkiyyətə qeydiyyata alınması ilə bağlı məsələ hazırki işdə predmet deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasn iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə görə, İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, işin mahiyyəti ilə bağlı iddiaçıların qeydiyyata düşmək istədikləri paylı mülkiyyətin ərizəçilərə heç bir aidiyyatı yoxdur və buna görə də iddianın təmin olunması ilə bağlı məhkəmə qərarı həmin ərizəçilərin heç bir hüququna toxunmur. Belə olan halda birinci instansiya məhkəməsi düzgün olaraq ərizəçilərin “işə cəlb olunması, məhkəmə qərarının ləğv olunması və işin mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə” ərizəsini təmin etməmişdir. Ona görə də X2, X31 və X25 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2644/2021 saylı 17 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər iş materialları ilə təkzib olunduğu üçün qəbul edilmir, formal xarakter daşımaqla yanaşı, qərardadın ləğv edilməsi üçün heç bir əsas yaratmır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2, X31 və X25 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2644/2021 saylı 17 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-1871/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1871/2022
08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver