Məhkəmə qərarları › İş №2-1(103)-1871/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1871/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1871/2025 29.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X2 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı pensiyanın təyin olunması tələbi üzrə “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında” ərizəyə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3395/2018 saylı, xx.xx.2025-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona xx.xx.1974-cü ildən xx.xx.1987-ci il tarixədək Ermənistan SSR Ararat rayonunda yerləşən Zod qızıl yataq mədənində yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə tam iş günü ərzində fəhlə işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993- cü il tarixli, 320 saylı qərarının bir nömrəli siyahısının birinci bölməsinin Dağmədən işlərində 1010100a şifrəsinə aid olduğundan 29 il 2 ay sığorta stajına uyğun olaraq və Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal 846 manat orta aylıq əmək haqqı əsas götürülməklə xx.xx.2006-cı il tarixdən pensiya təyin edilməsi və həmin tarixdən bu günədək yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3395/2018 №-li qərarı ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(103)-2490/2018 №-li qərardadı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3395/2018 №-li qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(102)- 1812/2019 №li qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2-1(103)-2490/2018 №-li qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1938/2019 №-li qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3395/2018 №-li qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3395/2018 №-li qərarı icra edilməsi üçün xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Məhkəmə qərarı müəyyən edilmiş müddət ərzində icra edilmədiyindən icra vərəqəsi tərtib edilərək aidiyyatı üzrə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilmişdir. Cavabdehin ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3395/2018 №-li qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3395/2018 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ərizə əsasında yeni açılmış hallarla bağlı icraatın təzələnməsi mümkün hesab edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1861/2021№-li, xx.xx.2021ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(81)-3395/2018 saylı 19 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1805/2021 nömrəli, xx.xx.2021-ci il qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1861/2021 nömrəli iş üzrə 06 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra cavabdeh yenidən məhkəməyə yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işin faktiki hallarına əsasən xeyrinə qəbul olunmuş məhkəmə qətnaməsi əsasında vətəndaş İddiaçı təyin edilmiş, məhkəmə qərarlarına əsasən sonradan yenidən hesablanmaqla yüksək məbləğə çatdırılmış və hazırda ödənişi aparılan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunauyğunluğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (bundan sonra - Nazirlik) aidiyyəti üzrə araşdırılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən şəxsə müvafiq instansiya məhkəmələrinin qətnamə və qərarları əsasında, 2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin şərtləri nəzərə alınaraq orta aylıq əməkhaqqı əsas götürülməklə və yaş həddi azaldılmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olmadığı halda təhrif edilmiş (saxtalaşdırılmış) sənədlər əsasında həmin növə görə hüquq yaradılmaqla Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) keçmiş yerli qurumu vasitəsilə yüksək məbləğdə pensiya təyinatına, ötən dövrlərdən yenidən hesablanmasına və hesablama nəticəsində yaranmış yüksək fərq məbləğinin ödənilməsinə, bununla da Fondun büdcəsindən külli miqdarda vəsaitin əsassız xərclənməsinə nail olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla baqlı ərizəsinə əsasən təzələnə bilər. İş üzrə icraatın təzələnməsi üçün aşağıdakı hallar müəyyən edilmişdir:

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) olan məlumatlara əsasən müəyyən edilmişdir ki, İddiaçı yaşayış yeri 2018-ci ilin aprel ayınadək Naxçıvan MR Sədərək rayonunun Heydərabad qəsəbəsi, şəxsiyyət vəsiqəsinin verilmə tarixinə əsasən xx.xx.2018-ci ildən hazıradək yaşayış yeri ünvan 1 ünvanı olmuşdur. Ehtimal edilir ki, İddiaçı pensiya təyinatı aparılması məqsədilə şəxsiyyət vəsiqəsinin surəti saxtalaşdırılmışdır. Belə ki, vətəndaşın adından doldurulmuş və pensiya işinə tikilmiş tarixsiz ərizədə onun həqiqi imzasından tam fərqli olan imza edilmiş və şöbənin müdirinin xx.xx.2017-ci il tarixli əlyazma qaydada olan dərkənarı ilə həmin ərizə şöbədə eyni tarixli 180 №-si ilə qeydiyyata alınmışdır. Həmçinin, müəyyən olunmuşdur ki, İddiaçı həmin dövrdə faktiki ünvanı “ünvan 2 29”, şəxsiyyət vəsiqəsinin seriya və №-si “AZE 01329440” qeyd edilmiş, lakin həmin ünvanda yaşamasını təsdiq edən hər hansı sənəd pensiya işində aşkar olunmamışdır.

2. Əlavə olaraq bildiririk ki, pensiya işinə tikilmiş, verilmə tarixi “xx.xx.2018-ci il” olan şəxsiyyət vəsiqəsinin surətinə baxılarkən məlum olmuşdur ki, həmin surətin əsli ilə düzgünlüyü vəsiqənin verilmə tarixdən təxminən 5 ay əvvəl - xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 36 saylı notariat kontoru tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi, bu fakt əvvəlki 01329440 nömrəli şəxsiyyət vəsiqəsinin surətinin, daha dəqiq şöbə tərəfindən pensiya təyin edilməsi məqsədilə vəsiqənin arxa hissəsində qeyd edilən yaşayış yerinin saxtalaşdırıldığını bir daha təsdiq edir. Ehtimal olunur ki, qeyd edilən saxtalaşdırılmış şəxsiyyət vəsiqəsinin surəti İddiaçı pensiya təyinatı aparıldıqdan sonrakı dövrdə pensiya işindən çıxarılmış, onun yerinə xx.xx.2018-ci il tarixdə verilmiş və yaşayış yeri “Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev 20, mənzil 22” olan şəxsiyyət vəsiqəsinin surəti tikilmiş, notarial qaydada təsdiq olunmuş sənəd kimi görünməsi üçün həmin surətin arxasına 06.11,2017-ci il tarixli notariat qeydlərinin fotosurəti çap edilmişdir.

3. Araşdırma zamanı müəyyən edilmiş digər bir hal da ondan ibarətdir ki, qüvvədə olan qanunvericiliyə əsasən İddiaçı 63,5 yaşından, yəni xx.xx.2018-ci il tarixdən pensiya təyin edilməsi üçün inzibati orqana rəsmi müraciət etməmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin X1 möhürü ilə təsdiq edilmiş və pensiya işinə tikilmiş İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surəti və xx.xx.2018-ci il tarixli 09 nömrəli təqdimatı, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-225/2018 nömrəli qətnaməsində qeyd olunanlara əsasən İddiaçı əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur:

1. xx.xx.1974-xx.xx.1987-ci il dövr ərzində Ermənistan SSR Ararat rayon Zod qızıl yataq mədənində fəhlə,

2. xx.xx.1987-xx.xx.1991-ci il dövr ərzində “Oktyabrın 60 illiyi” adına Sədərək üzümçülük sovxozunda fəhlə,

3. xx.xx.1991-xx.xx.1999-cu il dövr ərzində Sədərək rayon KMK-də fəhlə,

4. xx.xx.2002-xx.xx.2003-cü il dövr ərzində X1 Xətai rayonu yaşıllıq sahəsi üzrə bağ fəhləsi,

5. xx.xx.2004-xx.xx.2005-ci il dövr ərzində X1 Xətai rayonu yaşıllıq sahəsi üzrə bağ fəhləsi, aqronom,

6. xx.xx.2005-xx.xx.2006-cı il dövr ərzində “Yaşıllıqtikinti” RKPM-də aqronom,

7. xx.xx.2006-xx.xx.2021-ci il dövr ərzində X1 Xətai rayonu yaşıllıq sahəsi üzrə aqronom, sahə ustası. İddiaçı hərbi biletinin surətində qeyd edilənlərə əsasən o, xx.xx.1972- xx.xx.1974-cü il dövr ərzində sovet ordusunda hərbi xidmətdə olmuşdur. Ehtimal edilir ki, bu işdə maraqlı olan şəxs(lər)in vasitəçiliyi və sövdələşmə yolu ilə şəxsiyyət vəsiqəsinin saxtalaşdırılmış surətindən istifadə edilməklə İddiaçı adından Binəqədi Rayon Məhkəməsinə müraciət edilmiş, onun xeyrinə həmin məhkəmənin (2(001)-225/2018 nömrəli qətnaməsinin alınmasına nail olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə (ərizənin verilməsi) əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Buna baxmayaraq, əmək stajının müəyyən olunması barədə ərizəyə İddiaçı qeydiyyatda olduğu yerin məhkəməsində, yəni Sədərək Rayon Məhkəməsində baxılmalı olduğu halda heç bir əsas olmadan Binəqədi Rayon Məhkəməsində baxılmış və bununla da qanunvericiliyin tələbi pozulmuşdur. Həmçinin, Binəqədi Rayon Məhkəməsinin şöbəyə və vətəndaşa göndərdiyi xx.xx.2018-ci il tarixli məktubda vətəndaşın ünvanını yuxarıdakı kimi “ünvan 3ir daha şəxsiyyət vəsiqəsinin saxtalaşdırıldığını təsdiq edir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin heç bir tədqiqat və əsaslandırma aparmadan gəldiyi nəticəyə münasibətdə məlumat üçün diqqətə çatdırırıq ki, mövcud coğrafi mövqeyinə və internet resurslarından əldə edilən məlumatlara görə Zod (Söyüdlü) qızıl yatağı Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Ümumi ərazisinin 76 faizi Azərbaycanın Kəlbəcər, 24 faizi isə Vardenis rayonunun ərazisindədir. Yataq 1951- ci ildə "Qafqazqızılkəşfiyyat" İdarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSR Geologiya İdarəsi və Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod qızıl yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır. Həmin yataqdan hasil edilmiş filiz dəmiryolu nəqliyyatı vasitəsilə Ararat rayonu ərazisində fəaliyyət göstərən qızıl istehsalı zavoduna emal üçün göndərilirdi. Bunlardan əlavə, Ararat rayonu 1930-cu il sentyabrın 9-da yaradılmış, 1968-ci ilin mayın 5-nə qədər Vedi rayonu, həmin tarixdən isə Ararat rayonu adlandırılmış, ərazisi 1399 km2 təşkil etmişdir. Rayon mərkəzi X3 şəhərinə olan məsafə 49 km-dir. Vedi rayonu Qərbi Azərbaycan ilə Türkiyə arasında dağarası düzənlik olan Ağrı vadisində yerləşir. 1988-ci ilədək azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələr isə Arazdəyən, Xalisə, Şidli, Şirazlı, Qaralar, Yengicə, Taytan, Kiçik Vedi, Böyük Vedi, Şıxlar, Afşar, Aşağı Qarabağlar, Dəvəli, Daşlı, Armaş və Çəmbərək kəndləri olmuşdur. Göründüyü kimi, Zod qızıl yatağı Ermənistan-Türkiyə sərhədində yerləşən Ararat rayonunda deyil, Ermənistan-Azərbaycan sərhədində yerləşən Kəlbəcər rayonunun ərazisində yerləşmiş və İddiaçı həmin zavodda işləməsi qeyri-mümkündür. Ən yaxşı halda İddiaçı Ararat qızıl istehsal zavodunda işləyə bilərdi. Lakin ermənilərin azərbaycanlılara və türklərə qarşı düşmən münasibətini nəzərə alsaq, İddiaçı Ararat qızıl istehsal zavodunun zərərli və ağır işlərin görüldüyü, o cümlədən qızıl istehsal olunduğu əritmə sahəsində işləməsi də qeyri-mümkündür. Bunlardan başqa, 2018-ci ilin mart ayında vətəndaşa ümumi əsaslarla yaşa görə pensiya təyin edildikdən dərhal sonra əmək pensiyasının aylıq məbləğinin yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması niyyətilə bu işdə mararqlı şəxslərin vasitəsi ilə vətəndaşın adından digər instansiya məhkəməsinə iddia ərizəsi verilmiş və xeyrinə müvafiq qərarın alınmasına nail olunmuşdur. Məlumat üçün bildiririk ki, vətəndaşın ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində təmin olunmuş iddiasına qarşı verilmiş apellyasiya şikayəti ilə əlaqədar Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (XŞTMF) xx.xx.2019-cu il tarixli məktubu (sorğusu) əsasında İddiaçı 227,11 manat aylıq pensiya ödənişi şöbə tərəfindən xx.xx.2019-cu il tarixdən dayandırılmış və XŞTMF-yə göndərilmişdir. Pensiya sənədləri XŞTMF-yə daxil olduqdan sonra xx.xx.2019- cu il tarixli qərarla 000713 №-si təyin edilmiş, 2019-cu ilin oktyabr ayının pensiyası xx.xx.2019-cu il tarixdə 227,11 manat məbləğində ödənişə göndərilmişdir. Eyni zamanda, İddiaçı XŞTMF-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli yazılı ərizəsində məhkəmə qərarlarına əsasən ona güzəştli şərtlə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunduğu kimi, 227,13 manat pensiya məbləği ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun avtomatlaşdırılmış qaydada indeksləşdirilməklə xx.xx.2020-ci il tarixdən 264,81 manat, xx.xx.2021-ci il tarixdən 295,0 manata çatdırılmış və həmin məbləğlə xx.xx.2021 -ci il tarixədək ödənilmişdir. Məhkəmə qərarları əsas götürülməklə qanunvericiliyin şərtlərinə uyğun olaraq İddiaçı 01.01,2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiyanın məbləği aşağıdakı qaydada yenidən hesablanmışdır. xx.xx.2006-xx.xx.2006-cı il dövr ərzində 761,40 manat; xx.xx.2006xx.xx.2006-cı il dövr ərzində 766,40 manat; xx.xx.2006-xx.xx.2006-cı il dövr ərzində 771,40 manat; xx.xx.2007-xx.xx.2007-ci il dövr ərzində 837,52 manat; xx.xx.2007-xx.xx.2007-ci il dövr ərzində 847,52 manat; xx.xx.2008-xx.xx.2008-ci il dövr ərzində 990,71 manat; xx.xx.2008-xx.xx.2008-ci il dövr ərzində 1005,71 manat; xx.xx.2009-xx.xx.2009-cu il dövr ərzində 1199,29 manat; xx.xx.2010xx.xx.2010-cu il dövr ərzində 1216,16 manat; 10.xx.xx.2010-xx.xx.2010-cu il dövr ərzində 1226,16 manat; 11.xx.xx.2011-xx.xx.2011-ci il dövr ərzində 1291,20 manat; 12.xx.xx.2012-xx.xx.2012-ci il dövr ərzində 1386,49,0 manat; 13.xx.xx.2013-xx.xx.2013-cü il dövr ərzində 1400,81 manat; 14.xx.xx.2013-xx.xx.2013-cü il dövr ərzində 1415,81 manat; 15.xx.xx.2014-xx.xx.2014-cü il dövr ərzində 1447,39 manat; 16.xx.xx.2015-xx.xx.2015-ci il dövr ərzində 1466,25 manat; xx.xx.2016xx.xx.2016-cı il dövr ərzində 1520,90 manat; xx.xx.2016-xx.xx.2016-cı il dövr ərzində 1530,90 manat; xx.xx.2017-xx.xx.2017-ci il dövr ərzində 1707,10 manat; xx.xx.2018-xx.xx.2018-ci il dövr ərzində 1804,40 manat; xx.xx.2019-xx.xx.2019-cu il dövr ərzində 1858,54 manat. xx.xx.2020xx.xx.2020-ci il dövr ərzində 2167,05 manat; 01.01,2021-ci ildən ömürlük 2414,09 manat. Məhkəmə qətnamə və qərarlarında qeyd edilmiş 1974-1987-ci illərin iş stajı şübhəli hesab edildiyindən və təkrar araşdırılmasına zərurət yarandığından həmin dövrün iş stajı nəzərə alınmamaqla İddiaçı faktiki ümumi sosial sığorta stajı (hərbi xidmət dövrü daxil olmaqla) xx.xx.2006-cı il tarixədək 16 il 09 ay təşkil etmişdir. PAS-da İddiaçı adına xx.xx.2006-xx.xx.2021-ci il dövr ərzində (15 il 3 ay) pensiya kapitalı, Nazirliyin “Əmək və məşğulluq” altsistemində adına əmək müqaviləsi mövcuddur. Yuxarıda qeyd olunan dəqiqləşdirmələr, habelə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun indeksləşdirmə nəzərə alınmaqla İddiaçı ödənilməli olan aylıq pensiya məbləği xx.xx.2018-ci ildən 162,88 manat, xx.xx.2019-cu ildən 167,77 manat, xx.xx.2019-cu ildən 200,0 manat, xx.xx.2020-ci ildən 233,20 manat, xx.xx.2021-ci ildən 259,78 manat, xx.xx.2021-ci ildən işdən azad olunduğu üçün həmin tarixdən 313,06 manat, xx.xx.2022-ci ildən 323,70 manat və Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli 3135 nömrəli Sərəncamına əsasən 2022-ci il üzrə verilməli olan 200 manat maddi yardım və həmin yardım nəzərə alınmaqla xx.xx.2023-cü ildən 390,39 manat, xx.xx.2024-cü ildən 434,11 manat təşkil etmişdir. Beləliklə, İddiaçı xx.xx.2024-cü il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 140.838,52 manat (164554,43-23715,91) aşkar edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3395/2018 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş ərizə əsasında yeni açılmış hallarla bağlı icraatın təzələnməsi mümkün sayılmamışdır. Ərizəçi qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki və inzibati mühakimə icraatının xüsusi növü sayılır və bu icraat apellyasiya və kassasiya qaydasında işə baxılmasından fərqlənir. Yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslı olmaması, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsi və ya prosessual qanunvericilik normalarının pozulması və ya digər təftiş məsələləri araşdırılmır. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Məlum olmayan və ya ola bilməyən yeni açılmış hal o zaman iş üçün əhəmiyyətli hesab olunur ki, onun məlum olması mahiyyətcə məhkəmə araşdırması nəticəsində ədalətli qərarın çıxarılmasına xidmət etsin. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı ərizənin mümkünlüyünə qiymət verilməlidir. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(81)-3395/2018 №-li qərarı Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(103)-1938/2019 №-li qərarı ilə dəyişdirilmədən saxlanılmış və həmin tarixdən qanuni qüvvəsini almışdır. Lakin, hazırkı ərizə məhkəməyə xx.xx.2024-cü ildə təqdim edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ərizə mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra təqdim edildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq ərizənin mümkün sayılmaması qənaətinə gəlmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3592/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətini mümkünsüz hesab edərək qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (2-1(102)-312/2022 nömrəli, 2- 1(102)-603/2022 nömrəli, 2-1(102)-638/2022 nömrəli, 2-1(102)-1015/2022 nömrəli qərarlarda) yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, İPM-in 103-cü maddəsindən göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Ərizənin mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Yalnız mümkün sayılmış ərizələr məhkəmələr tərəfindən yuxarıda istinad olunan normada nəzərdə tutulmuş əsaslar baxımından yoxlanılır. Mümkünlük şərtini ödəməyən ərizəyə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Belə yanaşma prosessual qənaət prinsipindən irəli gəlir. İPM-in 103-cü maddəsində tutulmuş müddət yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin mümkünlük şərti kimi qiymətləndirilməlidir. Yəni ərizənin qanunla müəyyən olunmuş müddətdə verilməsi onun mümkünlük şərtinə aiddir. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe cavabdehin iştirakçısı olduğu çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə tərəflər üçün əlçatan və bəlli olmuşdur” Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3395/2018 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar