Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1872/2025 07.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi; üçüncü şəxs qismində məhkəmə icraatına cəlbetmə) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X8 və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, X7 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil3 və X2 nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlbetmə barədə vəsatətə dair Bakı İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(112)-879/2023 saylı qərardadından X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən, sahəsi 0,12 ha təşkil edən “1477 o” saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-879/2023 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən, sahəsi 0,12 ha təşkil edən “1477o” saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-1848/2024 saylı qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-879/2023 saylı, 19 dekabr 2023cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
4. Həmin qərardan kasassiya şikayəti verilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-879/2023 saylı qərarı 28 iyun 2024-cü il tarixdə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir.
5. Cavabdehin 02 sentyabr 2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-879/2023 saylı qərarı tərəflərindən icra olunmuş, ünvan ünvanında yerləşən, 0,12 ha torpaq sahəsinə dair İddiaçı adına ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli elektron çıxarış hazırlanmışdır.
6. X4 (bundan sonra - ərizəçi) məhkəməyə ərizə ilə müraciət edərək inzibati iş üzrə 3-cü şəxs qismində icraata cəlb edilməsi və qərarın ləğv edilməsini xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi 1992-ci ildə iki bağ sahəsi almaq üçün işlədiyi müəssisənin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinə müraciət etmişdir. Həmin dövrdə bir nəfər işçiyə 0,12 hektardan çox olmamaq şərti ilə yalnız bir bağ sahəsi verilirdi. Övladlarının hər birinə ayrılıqda torpaq sahəsi almaq niyyəti olduğu üçün, ərizəçi 0,12 ha torpaq sahəsinin birini öz adına, eyni ölçüdə digər torpaq sahəsini isə müəssisədə yanında işləyən iddiaçının adına rəsmiləşdirərək 8 və 62 saylı orderlər almışdır. İddiaçı çalışdığı müəssisədə tabeliyində olan işçi olduğuna və bundan başqa eyni bölgədən olduqları üçün ona etibar etmişdir. Odur ki, oğlunun adına almaq istədiyi 0,12 ha torpaq sahəsinin (1477 o nömrəli bağ sahəsi) birini məcburi olaraq onun adına rəsmiləşdirmişdir. Həmin torpağın yanında yerləşən 0,12 ha ibarət digər torpaq sahəsini (1477 “2” nömrəli bağ) isə öz adına almışdır. Bu iki bağ sahəsi bir-birinə bitişik olan ərazidir. 1992-ci ildən etibarən həmin bağ sahələrini ümumi (0,24 ha) hasara almış, abadlaşdırmış, ağac və s. əkmişdir. Torpaq sahəsində bir təsərrüfat damı və sanuzel qovşağı inşa etmişdir. 1993-cü ilin sonlarında iddiaçı Rusiya Federasiyasına getmiş və uzun müddət orada qalmışdır. Təxminən 2001-ci ildən başlayaraq ərizəçi həmin torpaq sahəsini oğlunun adına rəsmiləşdirmək üçün iddiaçını axtarmağa başlamış, taparaq onunla əlaqə yaratmışdır. İddiaçı dəfələrlə söz verməsinə baxmayaraq torpağı sənədləşdirmək üçün etibarnamə göndərməmiş, hər dəfəsində yaxın günlərdə gələcəyini bildirmişdir. Sonra isə etibarnamə vermək üçün orderin surətinin lazım olduğunu bildirmiş, “Whats app” vasitəsilə orderin surəti ona göndərilsə də, məsələ nəticəsiz qalmışdır. Son olaraq 2024-cü ilin avqust ayının sonunda ərizəçi bağa gedərkən bağın hasarının bir hissəsinin sökülərək dəmir qapı qoyulduğunu və torpağın ortasından hasar çəkildiyini görmüşdür. Ərizəçi dərhal işçilər gətirərək dəmir qapını və hasarı sökdürmüşdür. Bundan sonra iddiaçı və onun qohumu ora gələrək torpağa dair çıxarış aldıqlarını və bu torpağın onlara məxsus olduğunu bildirmişlər. Göründüyü kimi iddiaçı onun və oğlunun etibarından sui istifadə etmişdir. Torpağa dair etibarnamə verəcəyini vəd edərək orderin surətini ələ keçirdikdən sonra daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət edərək öz adına mülkiyyət hüququna dair çıxarış almışdır.
8. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(112)-879/2023 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir.
9. X1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
10. Apellyasiya şikayəti vəsatətə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
11. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi-vəkili C. Mahmudov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.
14. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
15. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
16. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir (28.1.). Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə) (28.2.). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir (28.3.). İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz (28.4.). Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər (28.5.).
18. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Həmin qərardadın 48-ci bəndində qeyd olunur ki, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Həmin qərardadın 49-cu bəndində qeyd olunur ki, “məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPM-in 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazanmış olur.”
19. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, məhkəmə qərarı qəbul olunduqdan sonra məhkəmə həmin qərarın işə cəlb edilməyən digər şəxslərin hüquqlarına toxunduğu müəyyən edərsə, həmin şəxsləri iş üzrə üçüncü şəxs qismində cəlb etməklə öz qərarını ləğv edə bilər.
20. Ərizəçi öz ərizəsində ona əsaslanmışdır ki, 1992-ci ildə işlədiyi müəssisənin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinindən hər biri 0,12 hektardan ibarət olan iki bağ sahəsi almış və həmin bağlardan birini iddiaçının adına rəsmiləşdirmişdir. İddiaçı isə sonradan adına olan ilkin hüquqmüəyyənedici sənədlər əsasında bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmuşdur.
21. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin bildirdiyi dəlillər yalnız formal əsaslara söykənməklə hər hansı sübutla təsdiq edilmir. Belə ki, ərizəçi həmin bağ sahəsinin əslində onun tərəfindən alındığını iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materiallarından görünür ki, iddiaçı həmin bağ sahəsinə dair ilkin hüquqmüəyyənedici sənəd əsasında məhkəməyə müraciət etmiş və iddiası təmin edilmişdir. Qəbul edilmiş qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmışdır. Hazırda həmin bağ sahəsi iddiaçının mülkiyyətindədir. Bağ sahəsinə dair hər hansı sənəddə isə ərizəçinin adı keçməmişdir.
22. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə məhkəmə qərarının ərizəçinin hər hansı hüquq və maraqlarına toxunduğu müəyyən edilmir. Ərizəçi həmin torpaq sahəsinə iddialıdırsa, o iddiaçının adına aparılmış mülkiyyət hüququnun dövlət qeydiyyatını ayrıca iddia ərizəsi ilə məhkəmədə mübahisələndirə bilər. Hazırkı ərizə isə təmin edilə bilməz.
23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisələndirilən bağ sahəsinə dair İddiaçı ilkin hüquqmüəyyənedici sənədi (orderi) bu günə qədər kimsə tərəfindən mübahisələndirilməmişdir və hazırda da qüvvədədir.
24. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs qismində məhkəmə icraatına cəlbetmə barədə vəsatət barədə X3 tərəfindən verilmiş vəsatətin rədd edilməsi bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
26. Beləliklə, məhkəmə kollegiyası X2 apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qərardadın ləğvi üçün əsas ola bilməz.
27. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2-1(112)-879/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev