Məhkəmə qərarları › İş №2-1(103)-1873/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1873/2021

29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1873/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi və məruzəsilə, Tağızadə Mirzə Nəsib oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi, Vəkil2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin (əvvəlki İddiaçı) cavabdeh AR Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxs: AR Maliyyə Nazirliyi) “malların saxlancı ilə bağlı və digər xərclərin qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-444/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı QSC (əvvəlki İddiaçı) cavabdeh Azəbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikası Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, idxal olunan penetrometr avadanlığın qazma maşınlarının müvəqqəti saxlancda 13 gün ərzində saxlandığına görə saxlama xərci olaraq “X3 Handling” şirkətinə ödənilmiş 3758 manat, habelə vəkilə ödənilmiş 300 manatın iddiaçıya geri qaytarılması və ya bu məbləğin qaytarılması üçün müvafiq rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini üçüncü şəxslər sırasından çıxarmaqla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, idxal olunmuş penetrometr avadanlığının qazma maşını 13 gün ərzində müvəqqəti saxlancda saxlandığına görə İddiaçı-nin “X3 Handling” şirkətinə ödədiyi saxlanc ilə bağlı xərclərin əvəzi olan 3758 (üç min yeddi yüz əlli səkkiz) manatın, həmçinin hazırki inzibati iş üzrə vəkillərə ödənilmiş hüquqi yardım haqqının əvəzi olan 400 (dörd yüz) manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manatın, cəmi 4188 (dörd min yüz səksən səkkiz) manatın İddiaçı QSC-yə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-444/2021 saylı qərarı ilə iddia qismən təmin edilmiş, vurulmuş maddi ziyana görə 3758 (üç min yeddi yüz əlli səkkiz) manat məbləğində pulun İddiaçı QSC-yə ödənilməsi öhdəliyi cavabdeh Azəbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-444/2021 saylı qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Resource Planning" MMC-nin Niderlandın “Gouda Geo-Equipment B.V.” şirkəti ilə imzaladığı 03.07.2019-cu il tarixli №473- 2019-07 saylı müqaviləyə əsasən gömrük dəyəri 89334,56 manat olan 6 ədəd penetrometr avadanlığının gömrük rəsmiləşdirilməsi üçün 11.09.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə **********5568 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. Həmin gün qeyd olunan bəyannamə 33-cü qrafada bəyan olunun malın təsnifat koduna düzəliş etmək üçün gömrük əməkdaşı tərəfindən bəyannaməçiyə qaytarılmışdır. Bəyannaməçi tərəfindən 18.09.2019-cu il tarixdə **********5568 sorğu nömrəli gömrük bəyannaməsi yenidən rəsmiləşdirmək üçün gömrük orqanına təqdim olunmuş, lakin malın əmtəə kodunda olan şübhələr aradan qalxmadığına görə gömrük əməkdaşı ekspert rəyi almaq üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Ekspertizası İdarəsinə müraciət etmişdir. Gömrük ekspertizası keçiriləndən sonra İddiaçı-nin ünvanına 20191170 nömrəli invoys üzrə idxal olunan penetrometr avadanlığın qazma maşını XİF MN görə 8430 49 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi təsdiq olunmuşdur. Göründüyü kimi, gömrük rəsmiləşdirilməsi zamanı malın gömrük dəyəri gömrük orqanının vəzifəli şəxsi tərəfindən mübahisələndirilməmişdir və olduğu kimi, yəni 89334,56 manat olaraq qəbul olunmuşdur. Yalnız idxal rüsumunun "0” dərəcəsinə düşən malın XİF MN üzrə “8430 49 000 0” təsnifat kodunda şübhələr yaranmışdır və bu sahədə xüsusi biliklər tələb olunduğuna görə gömrük ekspertizası təyin olunmuşdur. Beləliklə, qanunvericiliyin tələblərinə uyğun olaraq, gömrük ekspertizası keçirildikdən sonra İddiaçı-nin **********5568 sorğu nömrəli gömrük bəyannaməsi ilə idxal etdiyi penetrometr avadanlığının gömrük rəsmiləşdirilməsi 23.09.2019cu il tarixdə başa çatdırılmış və yük sərbəst dövriyyəyə buraxılmışdır. Ona görə, gömrük ekspertizası təyin etməklə gömrük orqanının vəzifəli şəxsi qanuna uyğun hərəkət etmişdir və qanuni hərəkətlərin nəticəsində hüquqi şəxsə vurulmuş zərərin ödənilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyula bilməz. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-444/2021 saylıqərarının ləğv olunmasını, iddianın təmin təmin olunmuş hissəsində də rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-444/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə birinci instansiyanın qərarından iddiaçı apellyasiya şikayəti verməmiş, cavabdehin verdiyi apellyasiya şikayəti isə iddianın təmin olunmuş hissəsində ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini iddianın həmin hissəsində yoxlayır. İş materiallarında olan Azəbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən İddiaçı-yə ünvanlanmış 25.11.2019-cu il tarixli məktubda qeyd olunur: “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 29.10.2019-cu il tarixli 1000-120/120-25/023230 nömrəli məktubunda qeyd edilmiş İddiaçı-nin müraciətləri Hava Nəqliyyatında Baş Gömrük İdarəsində araşdırılmışdır. İddiaçı-nin 26.10.2019-cu il tarixli müraciəti və **********7841 sorğu nömrəli gömrük bəyannaməsi ilə əlaqədar olaraq bildiririk ki, İddiaçı tərəfindən qeyd edilən gömrük bəyannaməsi əsasında ölkəyə idxal olunan mallar üzrə laboratoriya rəyi malların buraxılışından sonra alınmışdır və bununla da «Gömrük ekspertizasının aparılması Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2013-cü il 232 nömrəli Qərarının tələbləri pozulmuşdur. **********7841 sorğu nömrəli gömrük bəyannaməsinin gömrük rəsmiləşdirilməsi «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 noyabr 2017-ci il tarixli, 500 nömrəli Qərarının tələblərinə uyğun şəkildə həyata keçirilmiş, malın XİFMN üzrə tarif dərəcəsinə uyğun olaraq gömrük ödənişləri düzgün hesablanmışdır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 153.2.3cü maddəsinə əsasən, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsinə düzəlişlərin edilməsi və ya onun geri götürülməsinə icazə verilmir. İddiaçı-nin 26.10.2019-cu il tarixli müraciəti və **********5568 sorğu nömrəli gömrük bəyannaməsi ilə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikasının “Gömrük Tarifi haqqında" Qanunun 11.4-cü maddəsinə görə malların gömrük dəyəri düzgün hesab edildikdə malların saxlancı ilə bağlı xərclər həmin Qanunun 11.2-ci maddəsinə əsasən, gömrük dəyərinə düzəlişi təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. Belə ki, **********5568 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük əməkdaşı tərəfindən malların gömrük dəyəri ilə bağlı hər hansı iddia irəli sürülməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, saxlanda bağlı xərclərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən ödənilməsi halınının qanunvericiliklə nəzərdə tutulmadığını bildiririk”. İş materiallarında olan “X3 Handling” şirkətinin İddiaçı-yə ünvanlanmış 08.11.2019-cu il tarixli məktubundan görünür ki, beynəlxalq hava daşımaları qaydalarına uyğun olaraq, zəruri gömrük prosedurlarının icrası yükalan tərəfin üzərinə düşür və bu prosesə "xxxx" MMC-nin “GHC” filialının aidiyyəti yoxdur. İş materiallarında olan gömrük bəyannaməsinin surətindən görünür ki, İddiaçı-nin Niderlandın “Gouda Geo - Equipment B.V." şirkəti ilə imzaladığı 03.07.2019-cu il tarixli № 473-2019-07 saylı müqaviləyə əsasən alınan avadanlığın gömrük rəsmiləşdirilməsi üçün 09.09.2019-cu il tarixdə **********5568 nömrəli gömrük bəyannaməsi təqdim edilmişdir. İş materiallarında olan gömrük orqanının 21.09.2019-cu il tarixli məktubundan görünür ki, ekspertizanın aparılması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı-nin ünvanına 20191170 nömrəli invoys üzrə idxal olunan penetrometr avadanlığın qazma maşını XİF MN gorə 8430 49 000 0 alt yarımmövqeyində sinifləşdirilir. İş materiallarında olan “X3 Handling” şirkətinin ödəniş qəbzindən görünür ki, malların 13 gün saxlanılmasına görə İddiaçı tərəfindən “X3 Handling” şirkətinə 3758,40 manat ödənilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 152.4, 220.1, 221.1 və 221.4-cü maddələrini, «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsini, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçı tərəf Niderlandın “Gouda-Geo Equipment B.V." şirkəti ilə imzaladığı müqaviləyə əsasən alınan penetrometr avadanlığının gömrük rəsmiləşdirilməsi üçün cavabdeh orqana gömrük bəyannaməsi təqdim etmişdir. Lakin təqdim edilmiş malın gömrük dəyərinə şübhə olduğuna görə cavabdehin əməkdaşı tərəfindən ekspert rəyi almaq üçün laboratoriyaya müraciət edilmişdir. Gömrük ekspertizası keçiriləndən sonra iddiaçının ünvanına 20191170 nömrəli invoys üzrə idxal olunan penetrometr avadanlığın qazma maşını XİF MN görə 8430 49 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi təsdiq olunmuşdur. Lakin ekspertizanın keçirilməsi 13 gün davam etmişdir və bu müddətdə malların müvəqqəti saxlanılmasına görə iddiaçı tərəfindən “X3 Handling” şirkətinə 3758,40 manat ödənilmişdir. Göründüyü kimi, cavabdehin təqsiri nəticəsində iddiaçıya 3758,40 manat məbləğində maddi ziyan dəymişdir. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən iddiaçıya dəymiş həmin ziyan məbləği cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, “Gömrük tarifi haqqında” AR Qanununun 1.1.1-ci bəndinə əsasən gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusudur. Həmin Qanunun 1.1.2-ci bəndinə əsasən gömrük rüsumları - malların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növüdür. Həmin Qanunun 1.1.3-cü bəndinə əsasən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası – müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır. Həmin Qanunun 1.1.5-ci bəndinə əsasən malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Qeyd olunan normalara əsasən müəyyən olunur ki, cavabdeh gömrük rüsumunu hesablayarkən gömrük tarifinin müəyyən edilməsi üçün malların nomenklaturasının yanlış qeyd olunduğunu hesab edərək ekspertiza təyin edilmişdir. Aparılan ekspertiza nəticəsində 20191170 nömrəli invoys üzrə idxal olunan penetrometr avadanlığın qazma maşını XİF MN görə 8430 49 000 0 alt yarımmövqeyində sinifləşdirildiyi təsdiq olunmuşdur. Ekspertizanın aparıldığı müddətdə malların müvəqqəti saxlanılmasına görə iddiaçı tərəfindən “X3 Handling” şirkətinə 3758,40 manat ödənilmişdir. Göründüyü kimi, inzibati orqanın hərəkətləri nəticəsində iddiaçıya 3758,40 manat maddi zərər dəymindir. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən iddiaçıya dəymiş həmin ziyan məbləği cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilməlidir. Buna etiraz edən cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlilər əsaslı hesab edilə bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçı MMC tərəfindən təqdim edilmiş gömrük bəyannaməsinin, onun 33-cü qrafasında bəyan olunan malın təsnifat koduna düzəliş etmək üçün gömrük əməkdaşı tərəfindən MMC-yə qaytarılmasını, MMC-nin bəyannamədə bəyan etdiyi malın 89.334,56 manat kimi göstərildiyini, gömrük dəyərinə gömrük orqanının vəzifəli şəxsi tərəfindən heç bir düzəliş təklif olunmadığını qeyd etsə də, əslində, təsnifat koduna edilmiş düzəliş nəticəsində gömrük dəyərinə (dəyərin artmasına səbəb olacaq) düzəliş edilmiş olur. Beləliklə, gömrük orqanının vəzifəli şəxsi tərəfindən malın təsnifat koduna düzəliş etmək üçün əsassız olaraq bəyannaməni bəyyannəməçiyə qaytarılması iddiaçı MMC-yə maddi zərərin vurulmasına səbəb olmuşdur. Odur ki, idxal olunmuş penetrometr avadanlığının qazma maşını 13 gün ərzində müvəqqəti saxlancda saxlandığına görə, iddiaçı MMC-nin “X3 Handling” Şirkətinə ödədiyi saxlanc ilə bağlı xərclərin əvəzi olan 3758 manat MMC-nin müəyyən etdiyi gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina etmiş, eyni zamanda bəyannaməçinin müəyyən etdiyi təsnifat koduna əsassız düzəlişlər təklif etmiş (təsnifat koduna edilmiş düzəliş nəticəsində gömrük dəyərinə düzəliş edilmiş olur) vəzifəli şəxsin işlədiyi inzibati orqan olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən tutulması barədə Bakı İnzibati Məhkəməsi düzgün nəticəyə gəlmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh AR Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12.03.2021-ci il tarixli, 2-1(112)-444/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar