Məhkəmə qərarları › İş №2-1(103)-1874/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1874/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1874/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının, cavabdehin nümayəndəsi vəkil X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4713/2021 saylı, 17.05.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 57 yaşının tamam olduğu 21 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə xx.xx.1963-cü il təvəllüdlü iddiaçı 01 sentyabr 1979-cu ildən 17 iyul 1982-ci ilə qədər 2 nömrəli texniki peşə məktəbində “elektrovoz maşinist köməkçisi” peşəsi üzrə təhsil almış, 1982-1984-cü illərdə hərbi xidmətdə olmuş, 11.02.1982-ci ildə "xxxx" QSC-nin Bakı Lokomotiv deposunda işə başlamışdır. İşlədiyi müddətdə elektrik qatarlarının maşinist köməkçisi, elektrik qatarlarının maşinisti və teplovozda maşinist vəzifələrində işləmiş və hazırda da əmək fəaliyyətini davam etdirir. Əmək kitabçasında müvafiq qeydlər mövcuddur və qeydlər müəssisənin səlahiyyətli şəxslərinin imzaları və təşkilatın möhürü ilə təsdiq edilmiş, eyni zamanda, Bakı Lokomotiv Deposundan iddiaçının iş stajının təsdiq olunması üçün verilən açıqlama arayışında həmin məlumatlar öz əksini tapmışdır. Həmin sənədlərə əsasən iddiaçı 01.01.2006-cı il tarixədək ümumi 25 ildən artıq və güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə isə 12 il 6 aydan artıq işləmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 02.02.2021-ci il tarixli məktubu ilə onun fərdi hesabın yığım hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi qeyd edilərək fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq, iddiaçıya münasibətdə 48.001,67 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cəmi 42.366,28 manat məbləğində olduğunu əsas gətirərək, güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4713/2021 saylı, 17.05.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 21 dekabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Şikayət onunla əsaslandırılmışdır ki, «…qərar əsassızdır. Belə ki, iddiaçı əvvəllər güzəştdi şərtlərlə pensiya almamış və məhz bu məqsədlə inzibati orqan müraciət etmişdir. Qüvvədə olan qanunvericiliyə görə də inzibati orqan ona güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar qəbul etməmiş,ona qanunvericiliklə, arxiv arayışı təqdim edəcəyi zaman müraciətinə baxıla biləcəyi qeyd edilmişdir. Иддиа нювц ющдялийин ижрасы щаггында иддиа нювц дейил, мяжбуретмя щаггында иддиа нювцдцр. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə edilən 10 mart 2017-ci il tarixli 543-VQD №-li Azərbaycan Respublikası Qanunu ilə dəyişikliyə əsasən «57» rəqəmləri 260» rəqəmləri ilə, «52» rəqəmləri «55» rəqəmləri ilə əvəz olunmuş və həmin maddəyə «çalışmışlarsa» sözündən sonra «və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapital əmək pensiyasının minimumu məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə» sözləri əlavə edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minmum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 48.001,67 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı, cəmi 42.366,28 manatdır...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil S.Əliyev apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı 1982-ci ildən Bakı Lokomativ Deposunda “elektrik qatarlarınını və teplovozların maşinsti kimi” 25 iddən çox stajı olduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin dəlillərində ilk öncə mübahisələndirir ki, hazırkı iddianın növü öhdəliyin icrası haqqında iddia növü deyil, məcburetmə haqqında iddia növünə aiddir. Məhkəmə kollegiyası prosessual baxımdlan aşağıdakı əsaslara görə cavabdehin qeyd olunan mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2.11-ci bəndinə əsasən əüraciət kağız üzərində olduqda sənədlər PAS-a daxil edildikdən sonra 9 (doqquz) iş günü ərzində, elektron müraciət edildikdə isə 1 (bir) iş günü ərzində komissiya üzvləri öz rəylərini PAS-a daxil edərək gücləndirilmiş elektron imzaları ilə təsdiqləyirlər. Komissiyanın bütün üzvləri tərəfindən rəylər təsdiqləndikdən sonra sadə səs çoxluğu ilə qərar (5 və 6 nömrəli Əlavələr) qəbul edilir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ilk öncə cavabdehə müraciət etmiş, lakin sonuncu ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etmiş və iddiaçı məcburetmə qaydasında arzüladığı qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının hazırkı iddiasını məcburetmə haqqında iddia növü kimi qiymətləndirir. Lakin cavabdehin apellyasiya şikayətinin sonra dəlillindən göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvədə olan 9.1-ci maddəsinə istinadən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün birincisi birincisi mübahisələndirir ki, iddiaçı tələb olunan yaş həddinə (60 yaş) çatmamış, ikincisi, fərdi hesabının sığorta hissəsində pensiya kapitalının ən aşağı həddi (48.001,67 manat) mövcud deyildir. Məhkəmə kolllegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlllərini əsassız sayır. 01.01.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Lakin həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (01.01.2006-cı il tarixə qədər) qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 01.08.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «b» bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir (Qanunun qeyd edilən 13-cü maddəsinə 13.06.1997-ci il 321-İQD saylı Qanunu ilə dəyişiklik edilərək 55 və 50 yaş həddləri 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmaqla 2000ci ilin avqust ayının 1-dən müvafiq olaraq 57 və 52 yaş həddlərinə çatdırılmışdır). Həmin Qanunun 67-ci maddəsinin 3-cü hissəsinin müddəalarından isə görünür ki, hərbi xidmət dövrü və texniki peşə məktəbində təhsil müddəti də iş sajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddiaçının iş materiallarında olan hərbi biletinin, diplomunun və əmək kitabçasının surətlərinə, habelə, Azərbaycan Dəmir Yolları Bakı Lokomativ Deposunun 08.01.2021-ci il tarixli açıqlama arayışına əsasən aşağıdakı kimi iş stajı müəyyən olunur: 01.09.1979-17.07.1982: texniki-peşə məktəbində təhsil müddəti-2 il 8 ay16 gün; 27.10.1982-30.10.1984: hərbi xidmət dövrü - 2 il 3 gün; 06.12.1984-14.02.1985: Azərbaycan Dəmir Yolları Bakı Lokomativ Deposunda çlingər – 2 ay 8 gün; 14.02.1985-25.05.1992 həmin Depoda elektrik qatarlarının maşinist köməkçisi –7 il 3 ay 11 gün; 25.05.1992 – 01.04.2010 – həmin Depoda elektrik qatarlarının maşinisti - 17 il 10 ay 6 gün (o cümlədən: 01.01.2006-cı il tarixədək 13 il 7 ay 6 gün) ; 01.04.2010 – cu ildən hal-hazıra qədər teplovoz maşinisti. Beləliklə də qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçının 01.09.1979-cu il tarixindən 01.01.2006-cı il tarixinə (yəni “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək) qədər 25 il 9 ay 14 gün (2 il 8 ay16 gün + 2 il 3 gün+ 2 ay 8 gün+7 il 3 ay 11 gün + 13 il 7 ay 6 gün ) ümumi stajı vardır. Azərbaycan Dəmir Yolları Bakı Lokomativ Deposunun işə əlavə olunmuş 08.01.2021-ci il tarixli izahlı arayışından isə aydın olur ki, iddiaçı: 14.02.1985-25.05.1992ci il tarixindək 7 il 3 ay 11 gün elektrik qatarlarının maşinist köməkçisi –25.05.1992 – 01.01.2006-cı il tarixədək, 13 il 7 ay 6 gün elektrik qatarlarının maşinisti kimi güzəştli pensiya hüququ verən peşələrdə çalışmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş («Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri»nin) 2 №-li Siyhısın “23000000 XXVİİİ Nəqliyyat bölməsinin “23001000—14241” kodunda “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri” zərərli peşələr sırasına aid edilmişdir. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq iddiaçının 57 yaşından (21.12.2020-ci il tarixindən) pensiya hüququ yaranmış olur (ASAN 2 xidməti tərəfindən 07.03.2014-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1963-cü il tarixdə anadan olmuşdur). Göründüyü kimi, cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixdən qüvvədə olan redlaksiyasına istinadən, 60 yaşının və onun fərdi hesabında müvfiq pensiya kapitalının yığılmadığını əsas tuturaq iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur. Belə olan halda, İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4713/2021 saylı, 17.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Beləliklə də qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4713/2021 saylı, 17.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193-cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar