Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1874/2023 01.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X8 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6235/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı məhkəməyə iddia tələbi ilə müraciət edərək, X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 1/5 nömrəli evin 39,1 kv.m yaşayış sahəsi və 8,2 kv.m köməkçi sahəsi naturada ayrılmaqla onun mülkiyyətindədir. X3 mülkiyyətində olan evdə qeydiyyatda olsa da, 2012-ci ilin sentyabr ayında 11 yaşında olan zaman valideynləri ilə birlikdə mülkiyyətində olan həmin evdən köçmüş və həmin vaxtdan ona məxsus evdə yaşamamışdır. X2 anası Müseyibova Xatirə Elmar qızı 2012-ci ilin sentyabr ayında Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi 46 saylı fərdi yaşayış evini əldə etmiş və həmin tarixdən sonra bir ailə kimi oğlu, iki nəvəsi, o cümlədən Şahnaz Müseyibli və Xatirə Müseyibova ona məxsus olan evdən çıxaraq özlərinə məxsus həmin evə köçüb yaşamışlar, hazırda harda yaşamaları ona məlum deyildir. Eləcə də, 2018-ci ildə Müseyibova Xatirə Elmar qızı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 may 2018-ci il tarixli qətnaməsi ilə oğlu X11 Müseyibova arasında 29 yanvar 1999-cu il tarixdə bağlanmış nikah pozulmuş və X2 anası Müseyibova Xatirə Elmar qızının yanında saxlanılması qət edilmişdir. X1 onun mülkiyyətindəki evdə pasport qeydiyyatında qalması onun mülkiyyəçi kimi hüquqlarını məhdudlaşdırır. Qeyd edilənlərə əsasən, cavabdeh inzibati orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 21-1(112)-6235/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2001-ci il təvəllüdlü X5 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs X8 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Üçüncü şəxsin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, X4 ay, 2023-cü ilin yanvar ayının əvvəllərində “Kontakt Home” mağazalarına aldığı telefon üçün olan kredit ödənişini icra edən zaman ona bildirdilər ki, şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı ilə bağlı problem var, vəsiqəsi etibarsız görsənir. O dərhal “Asan Xidmət” mərkəzinə getmiş, orada ona yaşayaş yeri üzrə pasport qeydiyyatından çıxarıldığı bildirilmişdir. Yeni yaşayış yeri üzrə də qeydiyyatı mövcud olmadığından şəxsiyyət vəsiqəsi etibarsızdır. “Asan Xidmət” mərkəzində ona bildirilmişdir ki, məhkəmə qərarı ilə pasport qeydiyyatından çıxarılmışdır. Daha sonra o müvafiq orqanlara, Yasamal Rayon Məhkəməsinə, Yasamal Rayon Polis İdarəsinə müraciət etdikdə onu Bakı İnzibati Məhkəməsinə yönləndirmişlər. O Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və məlum olmuşdur ki, onun barəsində hələ xx.xx.2022-ci il tarixdə həmin məhkəmədə qərar qəbul olunmuşdur və hətda icra olunmuşdur. Ona aydın olmuşdur ki, bu nənəsi olan iddiaçının işidir. Nənəsi vaxtılə anası Xatirə Müseyibovanıda da onun iştirakı və xəbəri olmadan keçirilmiş məhkəmə qərarı ilə qeydiyyatdan çıxarmış, lakin sonradan anası xəbər tutan kimi yuxarı məhkəmələrə şikayət etmiş, yuxarı məhkəmələr nənəsinin xeyrinə olan qərarı ləğv etmiş, anasının xeyrinə qətnamə çıxarmış və anası təkrar həmin evə qeydiyyata salınmışdır. Anasının və atasının həmin evdən istifadə hüququnun olması məhkəmə qətnaməsilə müəyyən olunmuşdur, bundan əlavə anası və atasının həmin ünvanda iddiaçının mülkiyyətinə aid olmayan əlavə yaşayış sahələrinin də olduğu məhkəmə qətnaməsi ilə müəyyənləşdirilmiş haldır. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarən dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs tərəf apellyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılan cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “ X1 qeyd olunan mənzilin mülkiyyətçisi olan İddiaçı ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq, ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti olmadığından, iddiaçı ilə mənzilindən istifadəyə dair heç bir notarial razılaşması olmadığından qeyd olunan mənzildə qeydiyyatda olması onun həmin mənzilə hansısa subyektiv hüquqlarını yaratmamışdır”. Kollegiya məhkəmənin mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına hərtərəfli yanaşılmamışdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı əvvəllər Müseyibova Xatirə Elmar qızına və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, cavabdehin iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin naturada ayrılmış ½ hissəsinin 3 otağından ibarət, yaşayış sahəsi 39,1 kv.m., köməkçi sahəsi 8,2 kv.m. olan sahələrinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)552/2019 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia tələbi təmin edilmiş, cavabdeh Müseyibova Xatirə Elmar qızının Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinə münasibətdə istifadə hüququ olmayan hesab edilməklə, həmin evdən çıxarılması, bu halın cavabdehin qeydiyyatdan çıxarılmasına əsas olması qət edilmişdir. Cavabdeh Müseyibova Xatirə Elmar qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)-552/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli, 2(103)-9957/2019 nömrəli qətnaməsi ilə (hakim A.N.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Xəlilovdan və V.N.Sadıqovdan ibarət tərkibdə) cavabdeh Müseyibova Xatirə Elmar qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)-552/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Müseyibova Xatirə Elmar qızı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli, 2(103)9957/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(102)-487/2020 nömrəli qərarı ilə (hakim Ə.G.Nurməmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər M.T.Əhmədovadan və V.Ə.İbayevdən ibarət tərkibdə) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli, 2(103)- 9957/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 mart 2021-ci il tarixli, 2(103)- 314/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(004)- 552/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iddianın rədd edilməsi qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 4 avqust 2021-ci il tarixli, 2(103)-314/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 9 avqust 2021- ci il tarixli, 2(102)-3371/2021 nömrəli qərarı ilə (hakim E.Şamayevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Vəliyevadan və A.Abbasovdan ibarət tərkibdə) kassasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2021-ci il tarixli, 2(103)-10061/2021 nömrəli qətnaməsi ilə (hakim A.Tanrıverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər T.Səmədovdan və İ.Kərimlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmiş və həmin qərar kassasiya instansiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Göründüyü kimi iddiaçı mülki qaydada məhkəməyə müraciət edərək hazırkı iş üzrə üçüncü şəxs olan X5 anası Müseyibova Xatirə Elmar qızına qarşı iddia qaldıraraq sonuncunun Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 1/5 saylı fərdi yaşayış evinin naturada ayrılmış ½ hissəsinin 3 otağından ibarət, yaşayış sahəsi 39,1 kv.m., köməkçi sahəsi 8,2 kv.m. olan sahələrinə dair istifadə hüququnun olmamasının müəyyən edilməsi və həmin fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etsə də iddia tələbi təmin edilməmişdir. Müseyibova Xatirə Elmar qızının X10 ilə 29 yanvar 1999-cu ildə nikah bağlaması və həmin tarixlərdə ünvan 1 ünvanına köçməsi, daha sonra birgə nikahlarından xx.xx.2001-ci il tarixdə hazırkı iş üzrə üçüncü şəxs X5 anadan olması və onunda ailəsi ilə birlikdə həmin ünvanda yaşaması işin mübahisə olunmayan faktiki hallarıdır. Qeyd edilənləri nəzərə alan Kollegiya bildirir ki, üçüncü şəxsin anası Müseyibova Xatirə Elmar qızının sözügedən mənzilə istifadə hüququna xitam verilmədiyindən və üçüncü şəxs X8 xx.xx.2001-ci il tarixdən ailəsi ilə birlikdə həmin ünvanda yaşadığından sonuncunun da həmin ünvana istifadə hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı isə üçüncü şəxsin istifadə hüququna xitam verilməsi ilə bağlı hər hansı məhkəmə qətnaməsinin olması müəyyən edilməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün yuxarda qeyd edilən qanunun 9-cu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, şəxsin qeydiyyatdan çıxarılmanın əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində təsbit edilsə də, qeydiyyatda olan şəxsin qeydiyyatda olduğu mənzildə əmlak hüquqları olmadığı və orada yaşamadığı təqdirdə də onun başqasının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması mümkün sayıla bilər. İddiaçı tərəfdə məhz üçüncü şəxsin həmin ünvanda yaşamamasını dəlil olaraq göstərmiş, bununla bağlı ərizə təqdim etmişdir. Lakin, yuxarda qeyd edilən məhkəmə aktları həmin ərizələrin mötəbər olmamasını təsdiq edir. Həmçinin həmin ərizəçilərdən biri olan X6 iş materiallarına əlavə edilmiş digər ərizəsində qeyd edilmişdir ki, X7 onu aldadaraq gəlini Müseyibova Xatirə Elmar qızı və nəvələri Müseyibli Şahnaz və X9 ünvan 1 ünvanında yaşamadıqları barədə yalan məlumat vermiş və ondan bu barədə ərizə almışdır. Eyni zamanda apellyasiya şikayətinə əlavə edilmiş 07 aprel 2022-ci il tarixli aktdan da görünür ki, üçüncü şəxs sözügedən mənzildə yaşayır. Əlavə olaraq üçüncü şəxsin hal-hazırda başqa ünvanda qeydiyyatda olması ilə bağlı Kollegiya bildirir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6235/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli mübahisələndirilən qərarından üçüncü şəxs qərar icra olunduqdan sonra məlumatlı olmuş və daha sonra apellyasiya şikayəti vermişdir. Üçüncü şəxs apellyasiya şikayətində bildirmişdir ki, o işə qəbulla bağlı müraciət edərkən vəsiqəsinin etibarlı olması üçün məcburən müvəqqəti olaraq babası və nənəsinə məxsus olan Yevlax rayonunda yerləşən ünvana qeydiyyata düşmüşdür. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməyərək yalnış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. AR İPM-in 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv ediməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X5 apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6235/2022 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Kamran Əkbərov İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-1874/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1874/2023
01.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver