Məhkəmə qərarları › İş №2-1(103)-1876/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1876/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1876/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi haqqında» iddia tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1041/2021 saylı 03.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı məhkəməyə müraciət edərək, müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində şərh olunan faktiki hallara görə iddiaçı 1988-ci ildən 1991-ci ilə qədər Ağdam rayonunun Bağbanlar kəndində təşkil olunmuş özünümüdafiə dəstəsinin tərkibində erməni hərbi birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak etmiş, döyüşlərdə iştirak etməsi müvafiq olaraq sənədlərdə öz əksini tapır. Səfərbərliklə əlaqədar Silahlı Qüvvələrə çağırılmayıb və fərarilik etməyib. Döyüşlərdə iştirak etməsi döyüş yoldaşları da təsdiqləyə bilərlər. İki qardaşı Qarabağ döyüşlərində şəhid olmuşdur. Müharibə veteranı adı almaq üçün cavabdehə müraciət etmiş, sonuncu özünün 26.09.2019-ci il tarixli, 0/3852 saylı cavab məktubu ilə bildirmişdir ki, aparatına təqdim etdiyi sənədlərdə özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşlərdə iştirak etməsinə dair sənədlər olmadığı üçün ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi hazırda mümkün deyildir. Döyüş əməliyyatlarında iştirakın sübut edən sənədlər olduğu təqdirdə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə adiyyəti komissiyada baxıla bilər”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə digər kateqoriya şəxslərlə yanaşı, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Cavabdehin imtinasını əsassız və qanunsuzdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş və iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə özünümüdafiə dəstələrinin tərkibində iştirakını sübut edən sənədlər olmadığından, iddia rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1041/2021 saylı 03.03.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 85-ci maddəsinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır Belə ki, Ağdam rayon icra Hakimiyyətinin verdiyi 02/1398 saylı, 14 noyabr 2017-ci il tarixli arayışında göstərilir ki, “verilir Ağdam rayonu Bağbanlar kənd sakini İddiaçı ondan ötəri ki, o, 1988-ci ildən, 1991-ci ilə qədər Ağdam rayonu Bağbanlar kəndində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Cavabdeh tutarlı əsas gətirmədən ona imtina etmişdir. Bir tərəfdən onun döyüşlərdə iştirakını təsdiqləmiş, digər tərəfdən heç bir əsas gətirmədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə əsaslanaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ş.Əliyev apellyasiya şikayətinə etiraz edərək, iddiaçının döyüşlərdə iştirakını təsdiq edən əsasılı sübutlar olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi, qanunvericiliklə, aşağıdakı iki şərtin yerinə yetirildiyi halda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı özünümüdafiə dəstələri və birləşmələrində döyüş əməliyyatlarında iştirak edən şəxslərə müharibə veteranı adı verilə bilər: 1.Döyüş əməliyyatları aşağıdakı Ermənistanla həmsərhəd inzibati ərazi vahidində: - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazisində aparılmalı;

2. Yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahıda adı olmalı və həmin siyahı döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edilməlidir . İddiaçıya münasibətdə isə qanunvericiliklə müəyyən edilən birinci şərt öz təsdiqni tapsa da, ikinci şərtin, yəni, 1988-ci ildən 1991-ci ilə qədər Ağdam rayonu Bağbanlar kəndində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində döyüşlərdə iştirakı, qanunvericiliyə uyğun sənədlərlə təsdiq olunmur. Belə ki, iddiaçının istinad etdiyi Ağdam rayon icra Hakimiyyətinin işə əlavə olunmuş 02/1398 saylı həmin arayışı 14 noyabr 2017-ci il tarixdə tərtib olunmuşdur. Cavabdeh Xidmətin işə əlavə olunmuş 30.11.2017-ci il tarixli 1377 saylı arayışında da, məhz, həmin arayışı əsasən verilmişdir. İşə əlavə olunmuş Ağdam rayon icra Hakimiyyətinin həmin arayışında isə verilməsinin əsası kimi, Ağdam rayon icra Hakimiyyəti başçısınını Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təqdim etdiyi Siyahı və 13 noyabr 2017-ci il tarixli 491 saylı arayışı göstərilmişdir. Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tətəfindən bir gün əvvəl təqdim olunmuş 13 noyabr 2017-ci il tarixli 491 saylı arayışında isə qeyd olunur ki, iddiaçı “...həqiqətən 1988-1991-ci illərdə erməni silahlı qüvvələrinə qarşı torpaqlarımızın müdafiəsindəkənd özünümüdafiə təstəsinin tərkibində fəal iştirak etmişdir...” Birincisi, həmin arayışın özü də 2017-ci ildə tərtib olunan bir arayışdır və hansı əsasa istinadən verildiyi bəlli deyil. Həmin arayışa əlavə olunmuş, iddiaçının adının qeyd olunduğu Siyahıya gəldikdə isə, tarixi bəlli olmayan həmin Siyahıının isə latın əlifbası və kompüter texnologiyası vasitəsilə tərtib edilib çap olunması açıq şəkildə onu deməyə əsas verir ki, son zamanlarda tərtib olunmuşdur. Beləliklə də, konkret halda, zamanında özünümüdafiə dsətələrinin təşkil olunduğu vaxt Ağdam rayonu Bağbanlar inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərtib olunmuş Siyahısı mövcud olmadığı halda, 27 il sonra həmin nümayəndəlik tərəfindən tərtib etdiyi heç bir əsasa söykənməyən Siyahıda və aryaışdakı məlumatların mötəbərliyi istisna olunur. Həm də ona görə istisna olunur ki, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsindən göründüyü kimi, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıları sübut kimi, döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda, qəbul edilir. Cavabdeh Xidmətin işə əlavə olunmuş 30.11.2017-ci il tarixli 1377 saylı arayışından da görünür ki, Ağdam rayon icra Hakimiyyətinin qeyd olunan 02/1398 saylı 14 noyabr 2017-ci il tarixli arayışına əsasən verilmiş və sonradan, həmin arayışın iddiaçının - “1988ci ildən 1991-ci ilə qədər Ağdam rayonu Bağbanlar kəndində təşkil olunmuş özünümüdafiə dəstələrinin tərkibində erməni quldurlarına qarşı gedən döyüşlərdə iştirak etdiyinin“ qeyd edildiyi ikinci abzası hissəsində - 25.06.2019-cu il tarixli 1890 saylı ikinci bir arayışı ilə cavabdehin özü tərəftindən etibarsız sayılmışdır. Göründüyü kimi, Xidmətin 30.11.2017-ci il tarixli 1377 saylı arayışında təsbit olunan məlumatların sübut əhəmiyyətli məlumatlar kimi qiymətləndirilməsi də istisna olunur. Beləliklə də, iddiaçıya müharibə veteranı statusunun verilməsini zəruri edən faktiki şərtlər mövcud deyil. Belə olan halda, cavabdeh tərəfindən ona 26.09.2019-cu il tarixli 0/3352 nömrəli məktubu ilə veteran adı və vəsiqəsinin verilməsindən imtina olunması qanuni və əsaslıdır. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd olunması mahiyyəti üzrə düzgün nəticədir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1041/2021 saylı 03.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1041/2021 saylı 03.03.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cahangir Yusifov

Hakimlər: Həmid Həmidov

Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar