Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1876/2023 15.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14051/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları:
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamına əsasən ona Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3nin ərazisində ayrılmış 0.10 ha torpaq sahəsinin dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi xahişi ilə müraciət etmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəsissəsinin balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşmişdir.
İİ. Tərəflərin əsaslandırması
İddiaçının əsaslandırması:
3. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999cu il tarixli, 096 nömrəli sərəncamına əsasən ona Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3nin ərazisində ayrılmış 0.10 ha torpaq sahəsinin dövlət reyestrində qeydə alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamı ilə Buzovna tərəvçilik-südçülük sovxozunda işləyən və mənzilə ehtiyacı olan fəhlə və mütəxəssilərə verilməsi üçün hər ailəyə 0.10 ha hesabı ilə həyatyanı torpaq sahəsi ayrılması qərara alınmışdır. Qeyd olunan sərəncama əsasən ona da, fərdi yaşayış evi tikmək məqsədi ilə 0.10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi 2003-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssəsi tərəfindən yerdə və naturada ona təhvil verilmişdir. Torpaq sahəsi təhvil verilərkən sxem təqdim edilmiş və ona ayrılmış torpaq sahəsi 26 saylı kodla qeyd edilmişdir. Elə həmin ildən o, torpaq sahəsini qəbul etmiş və bu günə qədər oradan istifadə edir. Torpaq sahəsinin dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan ərizəsini təmin etməmiş və ona ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X3nin balansında olan ərazidən kənarda yerləşməsini əsas gətirmişdir. Nəzərə çatdırırlar ki, onlara ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi X3nin mütəxəssisləri tərəfindən yerdə və naturada ayrılaraq təhvil verilmişdir. Lakin, hansısa səbəbdən bu gün cavadeh inzibati orqan torpaq sahəsinin başqa ərazidə yerləşməsini əsassız olaraq əsas gətirmişdir.
Cavabdehin etirazı:
4.Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilsə də cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilməmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14051/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin olunmuşdur.
6. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14051/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2020-ci il tarixdə İdarəyə müraciət etmişdir.Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3nin balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşməklə, sovxoz ərazisinə aidiyyəti yoxdur.Təqdim edilən yerləşmə sxemində istinad və məsafələr qeyd edilməmişdir, torpaq sahəsi ümumi ərazi (1,765 ha) daxilində yerləşir. Həmçinin, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi 1000 kv.m, faktiki sahəsi isə 981 kv.m-dir.Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticədə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir.Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə həmin ünvanda ekspertiza təyin edilməlidir.İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X3) rəhbərinin (direktor və s.) əmri təqdim edildiyi təqdirdə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün sayılır.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddiaçının iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli, 2-1(112)-14051/2022 nömrəli qərar ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır.
8. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir.
9. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.
İİİ. Məhkəmənin mövqeyi
10. Məhkəmə kolegiyası iş üzrə materialları, cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14051/2022 saylı, xx.xx.2022-ci tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır.
11. Apellyasiya baxışının hədləri ilə bağlı məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
12. İnzibati Prosessual qanunvericiliyin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
13. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
14. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
15. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
16. Belə ki, işin hallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəsissəsinin balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşmişdir.
17. İşdə olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 tərəfindən verilmiş 774 nömrəli, xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən X3 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrindən çıxarışa əsasən müəssisəsinin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0.10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur. Məhkəmə mübahisəsi yoxdur. Əlavə olunmuş siyayıda sıra nömrəsi 26-dir. İşdə olan X3 tərəfindən verilmiş İddiaçı aid həyətyanı torpaq sahəsinin sxemindən görünür ki, həmin sxemdə İddiaçı ayrılmış torpaq sahəsinin kodu 26 göstərilmişdir. İşdə olan Abşeron rayon İcra Hakimiyyəti başçısının 096 nömrəli, 15 aprel 1999-cu il tarixli sərəncamından çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 nömrəli sərəncamı ilə Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəssislərə verilməsi üçün hər ailəyə 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınması, vətəndaş İddiaçı 0.10 ha torpaq sahəsi verilməsi Azərbaycan Respublikası Prezidetinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999cu il tarixli, 27/k-li əmrinin nəzərə alınması qərara alınmışdır.
18. İşdə olan Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3nin 28 nömrəli, 21 may 2003-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli, 096 saylı sərəncamı, tərəvəzçilik-südçülük sovxozu (Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli, 02 saylı protokolunu nəzərə alaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə İddiaçı 0.10 ha hesabı ilə həyətyanı torpaq sahəsi ayrılması barədə əmr verilmişdir.
19. İşdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 269/KS/22 nömrəli, 06 dekabr 2022-ci il tarixli İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında (sıra nömrəsi 26) yerləşən 0.10 ha torpaq mütəxəssis rəyindən görünür ki, İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstə düşür. Torpaq sahəsinin naturada sərhədləri və koordinatları müəyyən edilmişdir: X Y 1. 425910.51 4484710.81 2. 425973.13 4484718.39 3. 425976.06 4484704.49 4. 425914.04 4484694.09 İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3nin balansında olan torpaq sahəsində yerləşir və 7-ci səhifədəki sxemdə sarı rəngli cizgi ilə göstərilmişdir.
20. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur.
21. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
22. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
23. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına - yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan X3) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış da daxil edilmişdir.
24. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
25. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
26. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda.
27. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3nin (Buzovna tərəvəzçilik-südçülük sovxozu) 21 may 2003-cü il tarixli, 28 nömrəli əmrinə əsasən İddiaçı müsəssisənin balansında olan torpaq sahəsindən fərdi yaşayış evi tikintisi üçün 0,10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3 tərəfindən verilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının müraciəti əsasında əraziyə baxış keçirilmiş və həmin ərazinin plansxemi və arxiv arayışı tərtib edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3nin xx.xx.2019-cu il tarixli arayışında isə qeyd olunur ki, həmin torpaq sahəsinin ölçüsü sənəd üzrə uyğundur, məhkəmə mübahisəsi yoxdur, əlavə olunmuş siyahıda sıra nömrəsi 26-dir.
28. Cavabdeh imtinasını həmin torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3nin ərazisindən kənarda yerləşməsi ilə əsaslandırmışdır. Lakin, iş üzrə verilmiş mütəxəssis rəyi ilə həmin torpaq sahəsinin koordinatları göstərilməklə, eyni zamanda İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3nin balansında olan torpaq sahəsindən kənarda yerləşməsi müəyyən edilmişdir.
29. Məhkəmə müəyyən etmişdir ki, iddia olunan torpaq sahəsi uzun müddətdir iddiaçının istifadəsindədir.Torpağın ayrılmasına əsas olunan sənəd isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsinə əsasən, eləcə də Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
30. Həmçinin, məhkəmə Kollegiyası cavabdehin iddia tələbinə etirazının dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olduğunu, həmin dəlillərə isə yuxarıda hüquqi qiymət verildiyini qeyd etməklə yanaşı cavabdehin apellyasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd edir ki, şikayətdə göstərilmişdir ki, elektron kadastr baza məlumatına əsasən sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X3nin balansında olan ərazidən, ayrıc aktından kənarda yerləşməklə, sovxoz ərazisinə aidiyyəti yoxdur.Təqdim edilən yerləşmə sxemində istinad və məsafələr qeyd edilməmişdir, torpaq sahəsi ümumi ərazi (1,765 ha) daxilində yerləşir. Həmçinin, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi 1000 kv.m, faktiki sahəsi isə 981 kv.mdir.Qeyd olunan səbəblərə görə iddiaçının ərizəsinin icrası mümkün olmamış və iddiaçıya qanunamüvafiq qaydada imtina məktubu ünvanlanmışdır.
31. Şikayətin bu dəlilinə münasibətdə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq bir daha vurğulayır ki, şikayətin dəlilləri baxımından apellyasiya baxışı zamanı cavabdehə sorğu göndərilərək mübahisə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3nin balansında olan torpaq sahəsinə dair Ayrıc Aktının məhkəməyə təqdim olunması xahiş olunmuşdur.Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3nin balansında olan torpaq sahəsinə dair Ayrıc Aktının kağız xəritə materialları 1 saylı Bakı Ərazi İdarəsində aşkar edilməmişdir.
32. Bundan başqa cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, torpaq sahəsi ümumi ərazi (1,765 ha) daxilində yerləşir. Həmçinin, hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi 1000 kv.m, faktiki sahəsi isə 981 kv.m-dir.
33. Şikayətin bu dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası qeyd edir ki, işdə olan "xxxx" MMC tərəfindən tərtib edilmiş 269/KS/22 nömrəli, 06 dekabr 2022-ci il tarixli İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ünvanında (sıra nömrəsi 26) yerləşən 0.10 ha torpaq mütəxəssis rəyindən görünür ki, İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstə düşür. Torpaq sahəsinin naturada sərhədləri və koordinatları müəyyən edilmişdir: X Y 1. 425910.51 4484710.81 2. 425973.13 4484718.39
3. 425976.06 4484704.49 4. 425914.04 4484694.09 İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X3nin balansında olan torpaq sahəsində yerləşir və 7-ci səhifədəki sxemdə sarı rəngli cizgi ilə göstərilmişdir.
34. Beləliklə, məhkəmə Kollegiyası nəzərə alır ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri mötəbər sübutlara dayanmır, iş materialları ilə təsdiqini tapmır.
35. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
36. Göründüyü kimi, birinci instansiya məhkəməsində işə baxılarkən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək iddia təmin edilmişdir.Cavabdeh isə iddiaçının müraciətinin təmin olunmasından imtinasının və apellyasiya şikayətinin dəlillərinin əsaslı olmasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir.
37. Buna görə də məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, ədalətli və işin faktiki halları baxımdan əsaslıdır.
38. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14051/2022 saylı, xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14051/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.