Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1876/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “təmirli mənzil ilə təmin edilmə və müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməyi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8151/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanındakı qəzalı sayılaraq söküntüsünə qərar verilmiş ikigirişli beşmərtəbəli daş binanın ikinci mərtəbəsində yerləşən xüsusi mülkiyyətindəki bir otaqlı, ümumi sahəsi 26,18 kv.m olan 17a №-li mənzilinin əvəzinə təmirli mənzil verilməklə, yeni mənzil verilənədək kirayə mənzil üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “mülkiyyətində olan 17A saylı mənzilin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi 53a saylı bina söküləndən sonra yeni tikiləcək yaşayış binasında mənzillə və buna qədər müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməyi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi” kimi dəyişdirilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “mülkiyyətində olan 17A saylı mənzilin yerləşdiyi Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi, 53a saylı bina söküləndən sonra yeni tikiləcək yaşayış binasında təmirli mənzillə və buna qədər müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməyi üçün lazımi maliyyə vəsaitinin ödənilməsinin təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aysev Almazova) 2-1(112)-8151/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi məqsədi ilə işin birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “təmirli mənzil ilə təmin edilmə və müvəqqəti olaraq kirayə edilmiş mənzildə yerləşdirilməyim üçün lazımi maliyyə vəsaitinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli 2-1(112)-8151/2023 saylı qərardadına əsasən iddia mümkün sayılmamışdır. Həmin qərardad maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyindən ləğv edilməli və iddia mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmalıdır. Belə ki, məhkəmə qəradadını bir cümlə ilə əsaslandırır ki: “İddiaçı yataqxana binasının cavabdeh tərəfindən söküləcəyi, söküldükdən sonra yerində cavabdeh tərəfindən yeni bina inşa ediləcəyi barədə hər hansı bir dəlil göstərməmişdir. Bununla yanaşı cavabdeh qurum tərəfindən belə bir sənədləşmə və ya layihənin mövcud olmadığı bildirilmişdir”. Həmçinin ona yaşadığı yataqxana binasının söküləcəyi halda səlahiyyətli quruma və ya şəxsə qarşı müvafiq kompensasiya və ya əmlak tələbi ilə müraciət etmək hüququnun olması izah edilmişdir. Cavabdeh qurum 17 noyabr 2020-cı il tarixdə ona qarşı "birdəfəlik maddı yardım (kompensasiya) ödənilməklə otağın boşaldılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmiş, həmin iddia Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli 2(001)-1296/2021 saylı qətnaməsi ilə rədd edimişdir. Əgər cavabdeh tərəfindən onun yaşadığı mənzil sökülməyəcəksə, hansı səbəbdən cavabdeh mənzili tərk etməli olduğu barədə dəfələrlə ona xəbərdarlıqlar göndərir. Sonuncu dəfə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində xəbərdarlıqlar göndərilmişdir. Cavabdehə tabe olan MİS yenidən ona qarşı ədalətsiz məbləğdə kompensasiya ödənilməklə mənzildən çıxarılmağı barədə iddia qaldırılmış və hazırda mülki iş Binəqədi rayon məhkəməsinin icraatındadır. Həmçinin birinci instansiya məhkəməsi niyə nəzərə almır ki, cavabdeh öz etirazında bildirir ki, onun mənzilinin yerləşdiyi bina qəzalı vəziyyətdədir və o, mənzilindən çıxarılmalıdır. Əgər cavabdeh binanın qəzalı vəziyyətdə olmasını və sökülməli olduğunu bildirirsə, məhkəmə niyə həmin binanın söküləcəyini sual altına qoyur? Məhkəmə ona bildirir ki, hazırkı iddia ilə bağlı müvafiq quruma müraciət etməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, onun yaşadığı mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdədir. Qəzalı vəziyyətdə olan binada yaşayan şəxslərə hansı təminatların verilməli olduğu qanunvericiliklə nəzərdə tutulub. Bərpası mümkün olmayan binadan çıxarılan sakinlərə abadlaşdırılmış yaşayış sahələri verilməlidir. Bu səlahiyyətlər (mənzilin boşaldılması və abad mənzillə təmin edilmə) yerli icra hakimiyyəti orqanına həvalə edilir ki, Binəqədi rayon icra hakimiyyəti durmadan ona mənzilini tərk etməli olmağı barədə xəbərdarlıqlar göndərir və artıq 2-ci dəfədir ki, onun mənzildən çıxarılmağı barədə iddia qaldırır. Lakin cavabdeh qurum səlahiyyətlərini aşaraq qanunda göstərildiyi kimi onu abad mənzillə təmin etmək əvəzinə özbaşına təyin etdiyi kompensasiyanı sırayır. 30.000 manat o, Binəqədi rayon ərazisində mənzil ala bilər? Ümumiyyətlə, Bakı şəhərinin ərazisində 30.000 manata mənzil almaq mümkündür? Bundan başqa, əgər məhkəmənin dediyi kimi cavabdehin ona məxsus mənzili sökmək kimi səlahiyyəti yoxdursa, hakim niyə cavabdehə onu mənzilindən çıxarılmağını qadağa etmir? Beləliklə, məhkəmə onun iş materialına əlavə etdiyi sübutları araşdırmayaraq onların tam tədqiqinə nail olmamış, şifahi vəsatətlərini qəbul etsə də hərəkətsizlik göstərmişdir. Digər tərəfdən, məhkəmə prosessual normaları pozaraq hazırlıq icraatlarına cəmi 10 dəqiqə zaman ayıraraq ona nitqini tam ifadə etməyə imkan yaratmamışdır. Məhkəmənin hazırkı qanunsuz qərardadı ilə onun Azərbaycan Respublikasının Konstitusiyası və Avropa Konvensiyasının 6-cı maddəsi ilə qorunan məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Cavabdeh tərəfindən evindən qovulduğu halda (dolayısı ilə cavabdeh də bu halı etiraf edərək bildirmişdir ki, mənzil qəzalı vəziyyətdə olduğundan o, mənzilindən çıxarılmalıdır) məhkəmə iddianı qəbul edib mahiyyəti üzrə baxmaqdan belə imtina etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, K.Rəhimov küçəsi, ev 53a, mənzil 17A İddiaçı xüsusi mülkiyyətindədir (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surəti iş materiallarına əlavə edilmişdir, qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2013-cü il). Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və 78 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən iddiaçıya ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, həmin bina qəzalı vəziyyətdə olduğu üçün mənzilin boşaldılaraq təhvil verilməsi, Binəqədi rayonu, Koroğlu Rəhimov küçəsi 53a ünvanında yerləşən qəzalı vəziyyətdə olan yataqxana binasında yaşayan ailələrə birdəfəlik maddi yardımın ödənilməsi və sakinlərin köçürülməsi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış Komissiyaya tapşırıldığı üçün müvafiq razılaşma üçün həmin Komissiyaya yaxınlaşması bildirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin cavabdeh İddiaçı qarşı “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxananın binasındakı otağın boşaldılması” tələbinə dair iddiaçı təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı 2 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin cavabdeh İddiaçı qarşı “birdəfəlik maddi yardım ödənilməklə qəzalı vəziyyətə düşmüş yataqxananın binasındakı mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir (MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan mənzilin qəzalı vəziyyətdə olduğu üçün onun boşaldılaraq təhvil verilməsi ilə əlaqədar tərəflər arasında mübahisə mövcuddur. Bununla əlaqədar olaraq iddiaçının hüquqi marağı müəyyən edilərək iddia tələblərinin dəqiqləşdirilməsində birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım edilməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddia tələblərinin dəqiqləşdirilməsində, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya hüquqi yardım edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 3.5. Apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Apellyasiya instansiyası məhkəməsi isə iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidir. Lakin birinci instansiyası məhkəməsi iddia tələblərinin dəqiqləşdirilməsində, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında iddiaçıya hüquqi yardım etməmiş, yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv olunmalı, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13, 82, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8151/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-1876/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1876/2024
07.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver