Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1877/2024 07.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4, ərizəçinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “yardımçı tikilinin çıxarışa əlavə edilməsi” tələbinə dair iş üzrə "xxxx" MTK tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ilə əlaqədar Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12438/2021 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətindəki torpaq sahəsində 193,27 kv.m olan yardımçı tikilinin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının əsl İddiaçı ilə əvəz edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətindəki torpaq sahəsində 193,27 kv.m olan yardımçı tikilinin MA ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışa əlavə edilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12438/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-12438/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətindəki torpaq sahəsində 193,27 kv.m olan yardımçı tikilinin MA ******* nömrəli xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışa əlavə edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan apellyasiya şikayəti verilməmiş, qərar qanuni qüvvəyə minmiş və cavabdeh tərəfindən icra edilmişdir. "xxxx" MTK (əvvəlki adı "xxxx" MTK) vəsatətlə məhkəməyə müraciət edərək, "xxxx" MTK-nın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini və həmin iş üzrə Məhkəmənin 2-1(112)-12438/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı ilə çıxarış verilməsi öhdəliyi qoyulmuş mübahisələndirilən yardımçı tikilinin yerləşdiyi torpaq sahəsinin 186 kv.m. hissəsi daşınmaz əmlakın dövlət reyestrində "xxxx" MTK-nın adına qeydiyyatdan keçirilmişdir. Sözügedən qərar qəbul edilənədək İddiaçı eyni iddiası məhkəmənin 2-1(112)- 8692/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə baxılmamış saxlanılmış, həmin iddiada iddiaçının çıxarış verilməsini tələb etdiyi daşınmaz əmlak əvvəlki "xxxx" MTK-nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixdə bundan imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12438/2021 saylı iş üzrə iddia ərizəsinə əlavə edilmiş cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubu eyni xx.xx.2021-ci il tarixli məktub olmaqla, hər iki inzibati işdə cavabdehin imtinasının əsası eyni olmuşdur. Bu baxımdan hazırki iddia tələbi bilavasitə "xxxx" MTK-nın qanuni maraqlarına toxunduğundan, o, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməli idi. Məlumat üçün bildirilir ki, "xxxx" MTK (VÖEN **********) kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış əvvəlki "xxxx" MTK-nın hazırki dəyişdirilmiş adıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-12438/2021 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərardadı ilə "xxxx" MTK-nın (əvvəlki adı "xxxx" MTK) vəsatəti təmin edilməmişdir. Həmin qərardaddan ərizəçi "xxxx" MTK apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12438/2021 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi, icraatın təzələnməsi və "xxxx" MTK-nın üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12438/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçımüəssisəsinin mülkiyyətindəki torpaq sahəsində 193,27 kv.m olan yardımçı tikilinin MA 0254223, xx.xx.2011-ci il tarixli çıxarışa əlavə edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə qərarı ilə çıxarış verilməsi öhdəliyi qoyulmuş, mübahisələndirilən yardımçı tikilinin yerləşdiyi torpaq sahəsinin 186 kv.m hissəsi daşınmaz əmlakın dövlət reyestrində "xxxx" MTK-nm adına qeydiyyatda alınmışdır. Sözügedən qərar qəbul edilənədək, İddiaçı eyni iddiası Məhkəmənin 2-1(112)-8692/2021 saylı, xx.xx.2021-ci tarixli qərardadı ilə baxılmamış saxlanmış, həmin iddiada iddiaçının çıxarış verilməsini tələb etdiyi daşınmaz əmlak əvvəlki "xxxx" MTK-nın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığından, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2021-ci il tarixdə bundan imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12438/2021 saylı iş üzrə iddia ərizəsinə əlavə edilmiş cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinin imtina məktubu eyni xx.xx.2021-ci il tarixli məktub olmaqla, hər iki inzibati işdə cavabdehin imtinasının əsası eyni olmuşdur. Bu baxımdan iddia tələbi bilavasitə "xxxx" MTK-nın qanuni maraqlarına toxunduğundan, o, inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməli idi. Çünki sözügedən torpaq sahəsinin 186 kv.m hissəsi **********84 reyestr nömrəsi ilə "xxxx" MTK-nm adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. "xxxx" MTK (VÖEN: **********) kommersiya hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış əvvəlki "xxxx" MTK-nın hazırki dəyişdirilmiş adıdır. Lakin "xxxx" MTK-nın nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MTK-nın üçüncü şəxs qismində cəlb edilməsi barədə və həmin iş üzrə yuxarıda qeyd olunan Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilərək, işə mahiyyəti üzrə baxılmasının təzələnməsinə dair qərardad qəbul edilməsi ilə əlaqədar vəsatəti Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-12438 nömrəli qərardadı ilə təmin edilməmişdir. Həmin qərar və qərardad əsassız və qanunsuz qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadı: 52. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı olaraq isə “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarı və həmin qərardakı hüquqi mövqelər nəzərə alınmalıdır. … Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarındakı hüquqi mövqelərə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yol veriləndir. Başqa sözlə, əgər adi qaydada cəlbetmə həyata keçirilməlidirsə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edilə bilməz. «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarı:
1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Həmin qərarda həmçinin qeyd olunur ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. … Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakı Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2000-ci il tarixli Şəhadətnaməyə əsasən İddiaçı kiçik müəssisəsi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllədə yerləşən Texniki idman klubunun istehsal sahəsinin yerləşdiyi torpaq sahəsi (3121,2 kv.m) qüvvədə olan qanunvericilik əsasında satın almışdır. Şəhadətnamə ilə rəsimləşdirilmiş torpaq sahəsi İddiaçı kiçik müəsisəsinin daimi toxunulmaz xüsusi mülkiyyətində olduğu göstərilmişdir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 776 nömrəli xx.xx.2001-ci il tarixli “Yasamal rayonu, Tblisi prospekti, 1054 saylı məhəllədə idman kompleksi tikintisinə icazə verilməsinə dair” Sərəncamına əsasən Yasamal Rayon İcra Hakimiyyətinin 29.11.01-ci il tarixli, 328/D-BŞ saylı razılıq məktubu, İddiaçı kiçik müəssisəsinin müraciəti, Azərbaycan Respublikası Dövlət Əmlakı Komitəsinin 17.07.97-ci il tarixli, 004755 saylı, xx.xx.2000-ci il tarixli, 000088 saylı şəhadətnamələri nəzərə alınaraq, Yasamal rayonu, Tbilisi prospektindəki 1054 saylı məhəllədə (sahəsi 0,31 ha) idman kompleksinin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* nömrəli xx.xx.2011ci il qeydiyyat tarixli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 2326.4 kv.m olan qeyri-yaşayış binası və 0.31212 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasının xx.xx.2011ci il tarixli 11/3268 inventar nömrəli Texniki pasportunda mübahisə predmeti olan yardımçı tikili göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2006-cı il tarixli Şəhadətnaməyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 39338.7 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Mənzil Tikinti Kooperativi ilə əvəz edilmişdir. Eyni zamanda həmin məktubdan müəyyən edilir ki, "xxxx" Mənzil Tikinti Kooperativinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospekti 1054-cü məhəllədə yerləşən əmlak kompleksinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ********* qeydiyyat nömrəli, xx.xx.2006-cı il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestridən Çıxarış sənədi verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçının adına ayrılmış torpaq sahəsinin bir hissəsi sonradan başqa şəxsə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Lakin iddiaçıya torpaq sahəsi daha əvvələr ayrılmış və həmin vaxtdan, yəni 2000-ci ildən onun mülkiyyət hüquqları qeydə alınmışdır. Belə ki, Yasamal rayonu, Tbilisi prospekti, 1054 saylı məhəllədə yerləşən mübahisəli torpaq sahəsinin üzərində İddiaçı kiçik müəssisəsinin mülkiyyət hüquqları qeydə alınaraq bu barədə xx.xx.2000-ci il tarixində müvafiq Şəhadətnamə verilmiş, daha sonra İddiaçı kiçik müəssisəsinə (iddiaçıya) Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2001-ci il tarixli, 776 Sərəncamı ilə həmin torpaq sahəsində idman kompleksinin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Qeyd olunan tikilinin yerləşdiyi torpaq sahəsinin yerləşmə cizgisi də həmin sərəncama əlavə edilmişdir. Torpaq sahəsi üçüncü şəxs qismində qoşulma barədə ərizə vermiş "xxxx" MTKnın mülkiyyətinə isə 2006-ci il tarixdə keçmişdir. Göründüyü kimi, qeyd edilən torpaq sahəsi İddiaçı müəssisənin mülkiyyətində 2000-ci ildən, "xxxx" MTK-nın isə mülkiyyətində daha sonralar, yəni 2006-ci ildən olmuşdur. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi yalnız zəruri cəlbetmə qaydasında üçüncü şəxslərin icraata cəlb edilməli olduğu hal müəyyən edildikdə yolveriləndir. İşdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. «İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 01/2022 nömrəli qərardadında qeyd olunur ki, «33. İPM-in 28.1-ci maddəsi adi, 28.2-ci maddəsi isə zəruri cəlbetmə halını tənzimləyir. Adi cəlbetmə halını nizamlayan İPM-in 28.1-ci maddəsində “məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda” ifadəsindən, zəruri cəlbetməni nizamlayan İPM-in 28.2-ci maddəsində isə “üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda” ifadəsindən istifadə olunmuşdur». «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli qərarında isə qeyd olunur ki, zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi üçün ərizəçinin zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində icraata cəlb edilməli olduğu hal müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi "xxxx" MTK-nın inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsaslar mövcud deyil. Qeyd olunan məhkəmə qərarı ilə ərizəçinin maraqlarına toxunulması, həmçinin onun hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulması halları müəyyən edilmir. Bu səbəbdən də ərizənin (vəsatətin) təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Ərizəçi "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12438/2021 nömrəli, 25 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.