Məhkəmə qərarları › İş №2-1(103)-1878/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1878/2021

02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1878/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı pensiyanın yenidən hesablanması tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5319/2016 saylı, 14 dekabr 2016-cı il tarixli qərarı ilə yekunlaşmış iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1 Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizəyə dair Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadından DSMF Xüsusi Şərtlərlə X1 Filialı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1961-1988-ci illərdə Ermənistan SSR Kirovakan rayonunda Mədənçıxarma sənayesində ağır şəraitdə yeraltı mədənlərin tikintisində işlədiyini nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsinin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədənçıxarma üzrə 846 manat olmaqla 01.01,2008-ci ildən 926,56 manat, 01.09.2008-ci ildən 941,56 manat, 01.01.2009-cu ildən 1121,80 manat, 01.01,2010-cu ildən 1137,50 manat, 01,09.2010-cu ildən 1147,50 manat, 01.01.2011-ci ildən 1208,06 manat, 01.01,2012-ci ildən 1296,78 manat, 01.01,2013-cü ildən 1310,11 manat, 01.09.2013-cü ildən 1325,11 manat, 01.01,2014-cü ildən 1354,51 manat, 01.01,2015-ci ildən 1372,07 manat, 01.01,2016-cı ildən 1422,95 manat, 01.02.2016-cı ildən 1432,95 manat olmaqla pensiyanın yenidən hesablanması və 01.01,2008-ci il tarixdən yaranmış fərqin ona birdəfəlik olaraq ödənilməsinin cavabdehin üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2016-ci il tarixli, 2-1(81)- 5319/2016 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2-1(103)-594/2017 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5319/2016 nömrəli, 14 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2-1(102)- 292/2017 nömrəli qərarı ilə cavabdehin kasssiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2017-ci il tarixli, 2-1(103)-594/2017 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2016-ci il tarixli, 2-1(81)- 5319/2016 nömrəli qərarı 13 iyun 2017-ci ildə qanuni qüvvəyə minmişdir. Birinci instansiya məhkəməsinin sözügedən qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış -14/ 4926 nömrəli, 25.09.2017-ci il tarixli məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5319/2016 saylı, 14 dekabr 2016-cı il tarixli qərarı icra edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1 Filialı inzibati məhkəməyə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə müraciət edərək 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 14.12.2016-ci il tarixli, 2-1(81)-5319/2016 nömrəli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(81 )-5319/2016 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ərizəsi mümkün hesab edilməmişdir. Qərardaddan narazı qalan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1 Filialı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materiallarından müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 dekabr 2016-ci il tarixli, 2-1 (81)-5319/2016 nömrəli qərarı 13.06.2017-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdeh orqanın 25.09.2017-ci il tarixli məktubdan görünür ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-5319/2016 saylı, 14.12.2016-cı il tarixli qərarı icra edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəni 06.04.2021-ci ildə məhkəməyə ünvanlamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı ərizənin inzibati məhkəmə icraatının mümkünlüyü şərtləri öz təsdiqini tapmadığına görə ərizə mümkün hesab edilməsin. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadında gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Belə ki, qanunvericiliyin tələbinə görə yeni açılmış hallarla bağlı inzibati məhkəmə icraatının mövcud olması üçün 2 şərt olmalıdır. İlk növbədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı sonradan yeni sübutlar və ya hallar aşkar olunsun və həmin sübutlar və ya hallar ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilməsin.( İnzibati Prosessual Məcəllənin 100-cü maddəsi) İkinci şərt odur ki, yeni açılmış hallarla bağlı ərizə yeni sübut və hallar şəxsə məlum olduğu vaxtdan 3 ay müddətində verilsin. (İPM 103.1-ci maddə) Eyni zamanda, qeyd etmək lazımdır ki, inzibati prosessual qanunvericilik yuxarıda göstərilən şərtlər mövcud olduğu halda da yeni açılmış hallarla bağlı inzibati məhkəmə icraatının təzələnməsi imkanını müəyyən bir müddətlə məhdudlaşdırır. Belə ki, inzibati prosessual qanunvericilik qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə verilməsi imkanını istisna edir. (İlkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda, İPM 103.2-ci maddə). Qeyd edilən sonuncu normanın mənasına görə yeni açılmış hallarının mövcudluğu halında belə qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra ərizə ümumiyyətlə verilə bilməz. İş materiallarından müəyyən olunur ki, qərar 13.06.2017-ci il tarixdə qüvvəyə minmiş, inzibati orqan isə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni 06.04.2021-ci il tarixdə məhkəməyə təqdim edərək qanunvericilikdə nəzərdə tutulan prosessual müddəti ötürmüşdür və bu müddətin bərpasına da yol verilmir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 103.3-cü maddəsinin məzmununda qeyd edilir ki, Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kolelgiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, bu səbəbdən də qərardad dəyişidirlmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94 və 100-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X1 Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(81)-5319/2016 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar