Məhkəmə qərarları › İş №2-1(103)-1878/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1878/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1878/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (hazırkı adı: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ) qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınıb çıxarış verilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3674/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında(Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Poliqraf” X1 rayonunun Dübəndi bağlar massivində ayrılmış torpaq sahəsində yerləşən sahəsi 400 kvm. olan 145 nömrəli bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə Bakı şəhər X4 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı ilə Dövlət Mətbuat Komitəsinin (Dövlətnəşrkomun) nəzdnində “Poliqraf” bağçılıq yoldaşlıq birliyinin üzvləri üçün indiki Pirallahı rayonunun Dübəndi bağlar massivində 360 nəfərə 21 hektar 40 sot ərazisi olan bağ sahəsi ayrılmışdır. Onun adı da həmin 360 nəfərin sırasındadır. 1988 -1990-cı illərdə və ondan sonrakı dövrlərdə baş verən faciəvi hadisələr, müharibələr onlara ayrılmış torpaq sahələrinə sahiblənməyə, sənədləşdirməyə mane oldu. Ancaq hazirki vaxta qədər istifadəsiz qalmış bağ sahələrinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarışların alınması üçün cavabdeh orqana müraciət etmişlər. Cavabdeh 20 aprel 2021-ci il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İmtinaya əsas kimi də qeyd olundu ki, “bağ sahələrinə dair siyahılar, bölgüsxem layihələri mövcud olsa da, ancaq bağ sahələrinə dair vətəndaşların adına verilmiş üzvlük kitabçaları, texniki pasport və ya cizgilər arxiv qovluğunda aşkar edilməmişdir. Cavabdeh inzibati orqanın bu cür imtinası qanunların aliliyinə hörmət edilməməsinin birbaşa nəticəsidir. Çünki cavabdeh inzibati orqan onlara həmin bağ sahələrinin 1987-ci il tarixindən ayrıldığını, adının bağçılıq-yoldaşlıq birliyi üzvlərinin siyahısında olduğunu və hətta “Poliqraf” bağçılıq yldaşlıq birliyinə ayrılmış bağ sahələrinin bölgü-sxem layihəsində adının olmasını təsdiq etsə də, sonradan məhz üzvlük kitabçasının olmaması əsası ilə məhkəməyə müraciət etməyi məsləhət görür. Hesab edir ki, bu cavabdehin imtinasının əsassızlığının birbaşa sübutudur. Qeyd edir ki, hazırlanmış “Poliqraf” bağçılıq yoldaşlıq birliyinə ayrılmış bağ sahələrinin bölgü-sxem layihəsində sahəsi 0,4 ha olan bağ sahəsinin onun üçün ayrıldığı əks olunmuşdur. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq qeyd edilən bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmiş, həmçinin müraciətində bağ sahəsinin nömrəsi qeyd olunmadığından ərizənin icrası tərəflərindən mümkün olmamış və iddiaçıya xx.xx.2021-ci il tarixli, **********96 saylı cavab məktubu ünvanlanmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3674/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının arxiv arayışına əsasən Bakı şəhər X4 27 oktyabr 1987-ci il tarixli, 20/396 saylı qərarı ilə Dövlət Mətbuat Komitəsinin (Dövlətnəşrkomun) nəzdindəki “Poliqraf” bağçılıq yoldaşlıq birliyinin üzvləri üçün indiki Pirallahı rayonunun Dübəndi bağlar massivində 360 nəfərə 21 hektar 40 sot ərazisi olan bağ sahəsi ayrılmışdır. Bundan başqa cavabdeh məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda “Poliqraf” bağçılıq yoldaşlıq birliyinə dair sxematik xəritə və birliyin nəzdində Dübəndi bağ massivində 145 saylı bağ sahəsinə aid sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar edilməmişdir. “Poliqraf” bağçılıq yoldaşlığın üzvlərinin Siyahısından təsdiq olunmuş surətində İddiaçı adı qeyd olunmamışdır. Həmçinin cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, idarənin arxivində saxlanılan qovluqda həmin bağçılığa aid müxtəlif yazışmalar mövcuddur (iş materialarında var). Onun bağ torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmışdır və bu hüququ qeydə alınıb ona reyestrdən çıxarış verilməlidir. Lakin cavabdehin imtinası məhkəmə tərəfindən əsaslı hesab edilmişdir “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8, 12.1 və 15-ci maddələrinə istinadən iddiaçı hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətnə uyğun izahat vermiş, eyni zamanda, bağçılığa torpaq sahəsi ayrılarkən faktiki olaraq bağçılığın üzvlərinə bölünüb verilmədiyini, konkret halda bir neçə nəfər o da həmçinin, bağ yerlərini özləri müəyyənləşdirdiklərini bildirərək, apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Abbaslı, “Poliqraf” bağçılıq yoldaşlığına torpaq ayrılması barədə icra hakimiyyəti orqanının qərarı və üzvlərinin Siyahısı mövcud olsa da, iddiaçının həmin Siyahıya müvaiq olan üzvlük kitabçası və ya protokoldan çıxarış olmadığını, ümumiyyətlə, faktiki olaraq üzvlərin hər birinə bağ sahələri ayrılmadığını, yerlərin müəyyən olunmadığını bildirərək, birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 34.-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 20/396 №-li qərarına əsasən Əzizbəyov rayonu, keçmiş Zirə tərəvəz-südçülük sovxozunun ərazisində - Azərbaycan SSR Nəşiryyat, Poliqrafiya və Kitab Ticarəti Dövlət Komitəsinin 360 nəfər üzvündən ibarət “Poliqraf” bağçılıq-yoldaşlıq cəmiyyətinə Dübəndi bağ massivində torpaq sahəsi ayrıldığı, bölgü sxemi və bağçılıqyoldaşlığın üzvlərinin siyahısının tərtib olunduğu işin mübahisələndirilməyən halıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Lakin iş materiallarına və tərəflərin məhkəməyə verdiyi izahatlarına əsasən müəyyən olunur ki, həmin vaxt, torpaqayırma qərarına əsasən “Poliqraf” bağçılıq-yoldaşlığının 360 nəfər üzvlərinə bağ sahələri ayrılıb, bölgü sxemi hazırlanıb, üzvlərin Siyahısı tərtib olunsa da, faktiki olaraq, reallıqda hər bir bağçılıq üzvünə naturada bağ sahəsi yeri ona göstərib mərzlənməklə təhvil verilməmişdir. Ümumiyyətlə, bağçılığın üzvlərinin, o cümlədlən, iddiaçının üzvlərin Siyahısına müvafiq olan Bağçılıq yoldaşlığın ümumi iclas protokolundan çıxarış mövcud deyildir. Eyni zamanda, bağçılıq üzvünə, o cümlədən iddiaçıya hansı nömrəli və hansı ölçüdə torpaq sahəsinin verildiyini təsdiq edən üzvlük kitabçası mövcud deyildir. İş materiallarına əlavə olunmuş arxiv məlumatlarına, o cümlədən, cavabdeh idarədə olan müvafiq qovluq sənədlərində də belə sənədlərin mövcudluğu aşkar olunmamışdır. Azərbaycan Respublikasının «Dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsinin tələbinə görə isə 8.0.7-ci maddəsinə əsasən: “ 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış” - daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, iddiaçının mübahisəli bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün - nə icarə müqaviləsi, nə order, nə də “kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin üzvlərin iclasının protokolundan çıxarış” mövcud olduğu halda onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeyd alınıb ona həmin reyestrdən çıxarış verilməsi mümkündür. Qanunun müəyyən etdiyi həmin faktiki şərtlər isə iddiaçıya münasibətdə öz təsdiqini tapmır. Belə olan halda, onun müvafiq ərizəsinə cavabdeh tərəfindin imtina cavabı verilməsi qanuni və əsaslıdır. İPM-in 14.3-cü maddəsinin tələbindən isə görünür ki, inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə olan halda, iddiaçı tərəfindən cavabdeh qeydiyat orqanına müraciət olunan hüquq dövlət qeydiyyatına alınmalı hüquq kimi qiymətləndirilə bilməz. «Dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsi isə nəzərdə tutur ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq, bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisli torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsindən və çıxarış verilməsindən imtina olunması işin hallarına və qanunvericiliyin tələbinə uyğundur. Qanunauyğun imtina isə onun hüquqlarını pozması kimi qəbul oluna bilməz. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını işin hallarına, maddi və prosssual hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərarın əsassız və qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3674/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Şərh olunanlara əsasən və İPM-in 82, 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3674/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar