Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1878/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1336/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xx.xx.1972ci il tarixindən Zəngilan rayon Cahagirbəyli orta məktəbdə işlədiyi dövrün və xx.xx.1988-ci il tarixindən Mincivan qəsəbəsi 1 saylı orta məktəbində işlədiyi dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrün sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1972-ci ildən Zəngilan rayonu Cahangirbəyli orta məktəbində pioner baş dəstə rəhbəri işləmişdir. 1976-cı ildən eyni məktəbdə Dil ədəbiyyat müəlliməsi kimi fəaliyyətə başlamışdır. xx.xx.1988-ci ildən adı çəkilən məktəbdən işdən azad olmuşdur. Həmin tarixdən Mincivan qəsəbəsində yerləşən 1 nömrəli orta məktəbdə qrup tərbiyəçisi təyin olunmuşdur. 1993-cü ilin 29 oktyabrında Zəngilan rayonu işğal olunduğuna görə məktəbdə fəaliyyəti dayandırılmışdır. Nazirlər Kabinetinin qərarı ilə məcburi köçkün kimi orta aylıq əmək haqqı ilə təmin olunmuşdur. 1993-cü ildən 1998-ci ilə qədər aylıq əmək haqqı almışdır. 2015-ci ildən yaşa görə əmək pensiyası alır. Əmək pensiyasının düzgün hesablanmadığını düşünərək cavabdeh orqana əmək pensiyasının yenidən hesablanması üçün rəsmi ərizə ilə müraciət etmişdir, lakin inzibati orqan 5 may 2023-cü il tarixli məktubu ilə onun xx.xx.1972-ci ildən xx.xx.1998-ci il tarixinədək işlədiyi əmək stajını nəzərə almayaraq ona imtina məktubu vermişdir. O, cavabdehin imtinası ilə razı deyil, ona görə ki, onun əlində 041129 saylı əmək kitabçası mövcuddur, həmin əmək kitabçasında 1972-ci ildən 1998-ci ilə qədər əmək stajının olması təsdiqlənir. Bu səbəbdən də o, məcbur olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə edir. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-1336/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi dövrün sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət edərək “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbi barədə qərar qəbui edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 yanvar 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulmuşdur. Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. İddiaçının xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə əsasən ona xx.xx.2018-ci il tarixdən (əlilliyə görə əmək pensiya ödənişi dayandırıldığı tarixdən) yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək 7 il 4 ay sığorta staji (xx.xx.1998-ci il tarixdən xx.xx.2006-ci il tarixədək) və xx.xx.2006-cı il tarixdən xx.xx.2015-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 16816,32 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 256,96 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi xx.xx.2001-ci il tarixdə doldurulmuş 041129 nömrəli əmək kitabçasında xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr Zəngilan RTŞ üzrə şahidçilik aktı əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Eləcə də Cahangirbəyli kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığı üçün müvafiq araşdırmanın aparılması da mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 299,62 manata (256,96+(256,96x16,6%)), xx.xx.2021-ci il tarixdən 333,78 manata (299,62+(299,62x11,4%)) çatdırılmışdır. İddiaçıya xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22834,18 manat pensiya kapitalı əsasında onun əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 642,35 manat müəyyən olunmuşdur. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixdən 664,19 manata çatdırılmışdir. Həmçinin xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4602,96 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 728,12 manat müəyyən olunmuşdur. Sözügeden Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddı yardim 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajina görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 744,78 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən indeksləşdirilərək əmək pensiyasının məbləği 854,26 manata çatdırılmışdır. Eyni zamanda iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2015-ci il tarixdə yarandığı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 50 faiz nəzərə alınaraq hesablanmalı olduğu halda, xx.xx.2017-ci il tarixdən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 90 faiz nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2019-cu il tarixdən (artıq ödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvəl) xx.xx.2021-ci il tarixədək artıq ödəmə aşkarlanmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçası sonradan, yəni xx.xx.2001-ci ildə doldurulmuş və xx.xx.1972-ci ildə işə daxil olması barədə qeydlər şahid ifadəsinə əsaslanmış, heç bir hüquqi əsası mövcud deyildir. İddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr əmək kitabçasında Zəngilan RTŞ üzrə şahidçilik aktı əsasında qeyd edildiyi üçün həmin dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. İddiaçı, öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hesab edilərək təmin edilməməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən Sizə xx.xx.2003-cü il tarixində əlilliyə görə əmək pensiyası təyin olunmuş, xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsi tətbiq edilməklə əmək pensiyasının ödənişi davam etdirilib. Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Qanunun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla), yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək pensiya yaş həddi qadınlar üçün 60 yaş müəyyən edilib. Qeyd olunanlara əsasən bildirilir ki, xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası almaq hüququnuz yaranmışdır. xx.xx.2018-ci il tarixli müraciətiniz əsasında Sizə xx.xx.2018-ci il tarixindən (əlilliyə görə əmək pensiya ödənişinizin dayandırıldığı tarixdən) yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı il tarixinədək 7 il 4 ay sığorta stajınız (xx.xx.1998-ci il tarixindən xx.xx.2006-ci il tarixinədək) və xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 16816,32 manat pensiya kapitalınız əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2019-cu il tarixindən 256,96 manat müəyyən edilmişdir. Təqdim etdiyiniz xx.xx.2001-ci il tarixində doldurulmuş 041129 nömrəli əmək kitabçasında xx.xx.1972-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövr Zəngilan RTŞ üzrə şahidçilik aktı (№268 xx.xx.2001-ci il tarixli) əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb (həmçinin Cahangirbəyli kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığı üçün müvafiq araşdırmanın aparılması da mümkün olmayıb). Eyni zamanda Sizinlə əlaqə saxlanıldığı zaman qiyabi təhsil aldığınızı bildirdiyiniz üçün əyani təhsil haqqında arayış tələb edilməmişdir. Əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: xx.xx.2006-cı il tarixinədək 7 il 4 ay sığorta stajına əsasən fərdi hesabınızın sığorta hissəsində qeydə alınan kapital: (7 il+4 ay/12) x 306=2.243,99 manat (2006-cı il tarixinə) SH= 140,18 (SH)+116,78 (SH) = 256,96 manat. Burada, 140,18 manat - pensiyanızın xx.xx.2006-cı il tarixinədək sığorta stajı əsasında Qanunun 29.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesablanmış sığorta hissəsi (7 il 4 ay stajına uyğun olaraq 2019-cu il tarixinə indeksləşdirilmiş 20185,92 /144), 116,78 manat - xx.xx.2006-cı il tarixindən xx.xx.2015-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 16.816,32 manat pensiya kapitalı əsasında hesablanmış sığorta hissəsi (SH=PSK/T, SH=16.816,32 /144=116,78 manat). Qanunun 29.1-ci maddəsinin tələblərinə əsasən pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2020-ci il tarixindən 299,62 manata, xx.xx.2021-ci il tarixindən 333,78 manata çatdırılmışdır. xx.xx.2021-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 22834,18 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2021-ci il tarixindən 642,35 manat müəyyən olunmuşdur. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyanızın məbləği indeksləşdirilərək xx.xx.2022-ci il tarixindən 664,19 (642,35+(642,35x3.4%)) manata çatdırılmışdır. Həmçinin xx.xx.2022-ci il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyiniz üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 4602,96 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 728,12 manat (4602,96/72=63,93, 664,19+63,93=728,12) müəyyən olunmuşdur. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyanızın məbləği xx.xx.2023-cü il tarixindən 744,78 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən indeksləşdirilərək əmək pensiyanızın məbləği 854,26 manata çatdırılmışdır. Eyni zamanda bildirilir ki, yaşa görə əmək pensiyası hüququnuz xx.xx.2015-ci il tarixində yarandığı üçün fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı həmin tarixdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 50 faiz nəzərə alınaraq hesablanmalı olduğu halda, xx.xx.2017-ci il tarixindən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən 90 faiz nəzərə alınaraq hesablanmışdır. Nəticədə Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla yaşa görə əmək pensiyanızın məbləğində xx.xx.2019-cu il tarixindən (artıq ödəmənin müəyyən edildiyi tarixdən 3 il əvvəl) xx.xx.2021-ci il tarixinədək artıq ödəmə aşkarlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zəngilan rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə tarifləşmə cədvəlinə əsəsən Əhmədova (Əsədova) Nəsibə Əhməd qızının 21 il iş stajı vardır. Zəngilan rayonunun 29 oktyabr 1993cü il tarixdə işğalı ilə əlaqədar olaraq arxiv sənədləri olmadığı üçün İddiaçı Zəngilan rayonu Cahangirbəyli kənd orta məktəbində işləməsini müəyyən etmək mümkün olmamışdır, sadəcə rayonun işğalınadək olan ümümi iş stajı (1972-ci ildən 1993-cü ilədək) məlumdur. Qeyd olunan tarifləşmə cədvəlinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı Zəngilan rayonu işğal olunan zaman sonuncu iş yeri Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən 1 nömrəli orta məktəb olmuşdur. Həmçinin İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək məcburi işsiz kimi Zəngilan rayon Təhsil Şöbəsində qeydiyyatda olmuş və ona həmin tarixlərdə orta aylıq əmək haqqı ödənilmişdir. xx.xx.1998-ci ildən 2014-cü il tarixədək isə Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə müəllim kimi çalışmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zəngilan rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə tarifləşmə cədvəlinə əsasən Əhmədova (Əsədova) Nəsibə Əhməd qızının 21 il iş stajı vardır. Zəngilan rayonunun 29 oktyabr 1993cü il tarixdə işğalı ilə əlaqədar olaraq arxiv sənədləri olmadığı üçün İddiaçı Zəngilan rayonu Cahangirbəyli kənd orta məktəbində işləməsini müəyyən etmək mümkün olmamışdır, sadəcə rayonun işğalınadək olan ümümi iş stajı (1972-ci ildən 1993-cü ilədək) məlumdur. Qeyd olunan tarifləşmə cədvəlinə əsasən müəyyən olunmuşdur ki, İddiaçı Zəngilan rayonu işğal olunan zaman sonuncu iş yeri Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən 1 nömrəli orta məktəb olmuşdur. Həmçinin İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək məcburi işsiz kimi Zəngilan Rayon Təhsil Şöbəsində qeydiyyatda olmuş və ona həmin tarixlərdə orta aylıq əmək haqqı ödənilmişdir. xx.xx.1998-ci ildən 2014-cü il tarixədək isə Zəngilan rayonu 13 nömrəli tam orta məktəbdə müəllim kimi çalışmışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixində İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan əmək fəaliyyəti dövrü nəzərə alınmaqla onun ümumi 7 il 4 ay mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Əlavə olaraq bildirilir ki, İddiaçı xx.xx.1972-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək Zəngilan rayon Cahingirbəyli kənd tam orta məktəbində olan əmək fəaliyyəti dövrü Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin Zəngilan rayon Şöbəsi tərəfindən deyil, Zəngilan rayon Təhsil Şöbəsi tərəfindən şahid ifadələri ilə təsdiq edildiyindən həmin dövrlər üzrə 26 il mübahisələndirilən dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (7-ci maddənin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası - 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır). 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubla iddiaçının pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.1955-ci il təvəllüdlü iddiaçı Əhmədova X3 rayonundan məcburi köçkündür, ona xx.xx.2003-cü il tarixdə ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə əsasən ona xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiya ödənişi dayandırılaraq yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının xx.xx.1972-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövr üzrə əmək stajı Zəngilan RTŞ üzrə şahidçilik aktı əsasında qeyd edildiyi üçün həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliklə mümkün olmadığı bildirilməklə cavabdeh tərəfindən mübahisələndirilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, X8 Təhsil İdarəsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Zəngilan rayon Təhsil Şöbəsinin 1993cü il üzrə tarifləşmə cədvəlinə əsasən İddiaçı 21 il iş stajı vardır. Zəngilan rayonunun 29 oktyabr 1993-cü il tarixədə işğalı ilə əlaqədar olaraq arxiv sənədləri olmadığı üçün iddiaçının Zəngilan rayonu Cahangirbəyli kənd orta məktəbində işləməsini müəyyən etmək mümkün olmamışdır, sadəcə rayonun işğalınadək olan ümümi iş stajı (1972-ci ildən 1993cü ilədək) məlumdur. Bundan başqa, həmin məktublardan görünür ki, iddiaçı xx.xx.1993cü il tarixdən xx.xx.1998-ci il tarixədək məcburi işsiz kimi Zəngilan Rayon Təhsil Şöbəsində qeydiyyatda olmuş və ona həmin tarixlərdə orta aylıq əmək haqqı ödənilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi illər öz əksini tapsa da, həmin məlumatlar şahidçilik aktı əsasında qeyd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Elm və Təhsil Nazirliyi X8 Təhsil İdarəsinin yuxarıda qeyd edilən məktublarında iddiaçının mübahisəli dövrdə qeyd edilən vəzifədə çalışmadığı qeyd edilmir, əksinə Zəngilan rayon Təhsil Şöbəsinin 1993-cü il üzrə tarifləşmə cədvəlinə əsasən iddiaçının 21 il iş stajının olması, eləcə də 1972-ci ildən rayonun işğalınadək - 1993-cü ilədək iddiaçının ümumi iş stajının olması öz təsdiqini tapır. Eyni zamanda X8 Təhsil İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.1998-ci il tarixədək Zəngilan RTŞ-də qeydiyyatda olması və orta aylıq əmək haqqı alması qeyd edilmişdir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən həmin dövrün pensiya təyin edilərkən sığorta stajına hesablanmaması qanunsuz və əsassız olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi illərə dair əmək kitabçasında qeyd edilmiş məlumatların və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün onun əmək kitabçası mötəbər sübut kimi qiymətləndirilməlidir. Bundan başqa, iş materiallarında olan pensiya işindəki sənədlərdən görünür ki, iddiaçıya cavabdehin xx.xx.2003-cü il tarixli qərarı ilə əlilliyə görə pensiya təyin edilərkən hazırda mübahisələndirilən dövrlər iddiaçının ümumi iş stajına daxil edilmişdir (iş vər. 37). Belə olan halda yaşa görə əmək pensiyası hesablanarkən həmin dövrlərin ümumi iş stajına daxil edilməməsi əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Göründüyü kimi, iddiaçının sözügedən müəssisədə əmək fəaliyyəti onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunmasına zərurəti yoxdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu baxımdan cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozması kimi qiymətləndirilməlidir. Beləliklə, iddiaçı 1972-1998-ci illərdə işlədiyi müddət sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1336/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-1878/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1878/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver