Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-188/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “3-cü qrup müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı X1 və onun vəkili X6, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “3-cü qrup müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4867/2021 saylı 18 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 yanvar 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AO seriyalı ******* saylı 20.07.2002-ci il tarixli hərbi biletdən görünür ki, X2 1988-ci ildən 1994-cü ilədək hərbi xidmətdə olmuşdur. M/V seriyalı 032732 saylı 29.07.1999-cu il tarixli vəsiqədən görünür ki, Şəmsəddin Ağalarov müharibə veterandır. Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının 814 saylı 15.04.2009-cu il tarixli Qərarından görünür ki, Cəbrayıl RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş X1 döyüş zonasında hərbi xidmət keçərkən 31.12.1993-cü ildə aldığı və 01.01.1994-cü ildən 19.01.1994-cü ilə kimi M.Nağıyev adına kliniki təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Çanağın sol nahiyyəsinin yumşaq toxumalardan keçən odlu silah yarası (güllə). Yaranın irinləməsi” və 21.01.1994-cü ildə ildə MN MHP-nin HHK-sı tərəfindən şəhadətləndirilmə zamanı təyin edilmiş yaralanmanın nəticəsi – diaqnoz: “Odlu silahla güllə yaralanması nəticəsində budçanaq oynağı nahiyyəsinin irinləmiş yarası” (Cəbrayıl RHK-nın 09.04.2009-cu il tarixli 260 nömrəli arayışı, M.Nağıyev adına kliniki təcili tibbi yardım xəstəxanasından verilmiş 19.01.1994-cü tarixli çıxarış epikrizi, MN MHP-dan verilmiş 21.01.1994-cü il tarixli 377 saylı və 22.02.1994-cü il tarixli 2121 saylı arayışlar ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. 090533 saylı arayışdan görünür ki,Tibbi Sosial Ekspert komissiyası tərəfindən iddiaçıya ilkin əlillik 01.07.2010-cu il tarixədək təyin olunmuşdur. 886673 saylı arayışdan görünür ki, iddiaçı TSEK-də 09.06.2011-ci il tarixdə təkrar müayinədən keçmiş, əlilliyin müddəti 01.07.2011-ci il tarixədək müəyyən olunmuşdur; əlillik qrupu: 3-cü qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizə ilə əlaqədar əlillik. 127688 saylı arayışdan görünür ki, iddiaçı TSEK-də 24.05.2012-ci il tarixdə təkrar müayinədən keçmiş, əlilliyin müddəti 01.06.2012-ci il tarixədək müəyyən olunmuşdur; əlillik qrupu: 3-cü qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizə ilə əlaqədar əlillik. 288491saylı arayışdan görünür ki, iddiaçı TSEK-də 21.05.2013-cü il tarixdə təkrar müayinədən keçmiş, əlilliyin müddəti 01.06.2013-cü il tarixədək müəyyən olunmuşdur; əlillik qrupu: 3-cü qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizə ilə əlaqədar əlillik. Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən X2 22.05.2014-cü il tarixdə “sol bud çanaq oynaq odlu silah yaralanmasından sonrakı kontrakturası. Oturaq sinirin travmatik nevriti hissi və hər iki pozulması ilə pəncə parezi. Asteno-nevritik sindrom” diaqnozu ilə qiymətləndirilmiş, əlilliyin müddəti 187145 saylı arayışa əsasən 22.05.2015-ci il tarixədək müəyyən edilmiş, əlillik qrupu: 3-cü qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olduğu göstərilmişdir. 411013 saylı arayışdan görünür ki, iddiaçıya 22.05.2014-cü il tarixdə müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçının 2015-2020-ci illərdə ödəniş kartı üzrə çıxarışa ona qeyd edilən dövrlər üzrə aylıq pensiya ödənmişdir. İddiaçının 2013-2020-ci illərdə ödəniş kartı üzrə çıxarışa ona qeyd edilən dövrlər üzrə aylıq müavinət ödənmişdir. Sonradan iddiaçının əlilliyi ilə bağlı ona müavinətin ödənilməsi dayandırılmış və ona məlum olmuşdur ki, 22.05.2014-cü ildə sonuncu dəfə müddətsiz verilmiş 3-cü qrup əlillik cavabdeh inzibati orqan tərəfindən bir illik hesab olunaraq müavinəti dayandırılmışdır. Bununla əlaqədar iddiaçı X2 3-cü qrup əlilliyinin bərpası ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinə münasibətdə hərəkətsizlik göstərmişdir. Bundan sonra iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ilə məhkəməyə müraciət edərək “22.05.2014-cü il tarixdən 3-cü qrup əlil kimi müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1970-ci il tarixində anadan olmuş, o, Sovet Ordusunda, 1992-ci 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, hərbi xidmətdə aldığı xəsarətlərlə bağlı 15.04.2009-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ona "Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır” qərarı verilmişdi. 2001-ci ildən 3-cü qrup əlildir və 22.05.2014-cü il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətsiz əlillik təyin edilmişdir. 2020-ci ilin sentyabr ayında hərbi qulluqçular pensiya ilə təmin olunarkən ona pensiya verilməmiş və elektron sistemə baxış keçirən zaman məlum olmuşdu ki, onun müddətsiz əlilliyi sistemə 1 illik 2015-ci ilə kimi daxil edilmiş, əsassız olaraq onun pensiyasının hesablanması dayandırılmışdır. Bu ona qarşı haqsız mövqedir, çünki o, 2014-cü ildən müddətsiz əlildir və avqust 2020-ci ilə kimi pensiya ilə təmin olunub. Hesab edir ki, cavabdeh orqan onun 22.05.2014-cü ildən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 3-cü qrup müddətsiz əlil olmasını elektron sistemdə bərpa etməlidir. Onun əlilliyinin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki o, 2014-cü ildə qiymətləndirilmiş və 3-cü qrup müddətsiz əlillik verilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti 17 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının 22.06.2009-cu il tarixli göndərişi əsasında əsasında baxılmış, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, XİX Sinif - Travmalar zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S74 - Sinirlərin bud-çanaq oynağı və bud səvi..., Sol bud çanaq oynaq odlu silah yaralanmasından sonraki kontrakturası. oturaq sinirin travmatik nevriti hissi və hər iki pozulması ilə pəncənin parezi. Astenonevritik sindrom” səbəbi ilə bir il müddətinə İİİ dərəcə əlillik verilmişdir. Daha sonra, 22.05.2014-cü il tarixli göndərişə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, XİX Sinif - Travmalar, zəhərlənmələr və xaric- səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S74 - Sinirlərin bud-çanaq oynağı və bud səvi..., Sol bud çanaq oynaq odlu silah yaralanmasından sonraki kontrakturası. oturaq sinirin travmatik nevriti hissi və hər iki pozulması ilə pəncənin parezi. Asteno-nevritik sindrom” səbəbi ilə bir il müddətinə İİİ dərəcə əlillik verilmişdir. Bundan başqa yuxarıdan göründüyü kimi, iddiaçı barəsində qərar 2020-ci ilin sentyabr ayında verilsə də, o, 2021-ci ilin fevral ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla da iddia müddətini ötürmüşdür. Belə ki, İPM-nin 38-ci maddəsinin tələbinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçı tərəfindən mümkünlük şərtlərinə əməl edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4867/2021 saylı 18 iyun 2021-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qərar ləğv edilməlidir. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə yazılı etirazda göstərilmişdir ki, şikayət əsassız və qanunsuzdur, formal xarakter daşıyır. Belə ki, ona növbəti dəfə 2014-cü ildə 3-cü qrup müddətsiz əlillik təyin edilmiş və 2020-ci ilə kimi pensiya ilə təmin edilmişdir. Hazırda isə cavabdeh 2014-cü ildə ona verilmiş müddətsiz əlilliyin mövcudluğunu qanunsuz olaraq inkar edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdi. İddiaçı X2, onun vəkili X11 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia inzibati orqan tərəfindən müvafiq inzibati aktın qəbulu ilə bağlı deyil, mövcud inzibati aktın bərpa edilməsi istiqamətində hərəkətin edilməsi ilə bağlıdır, yəni öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Bu növ iddialar üzrə qanunvericilikdə iddia müddəti müəyyən edilməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “22.05.2014-cü il tarixdən 3-cü qrup əlil kimi müddətsiz əlilliyinin elektron sistemdə bərpa edilməsinin cavabdehə həvalə edilməsi” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinə mürasibətdə hərəkətsizlik göstərilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının etimad hüququnun qanunla qorunmasına, cavabdehin hərəkətlərinin qanuna zidd olmasına və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməsinə istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası idddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilmişdi ki, iddiaçıya ilkin əlillik 2009cu ildə təyin olunmuş, illər üzrə (hər il olmaqla) təkrar müayinədən keçmiş, sonuncu dəfə TSEK-də 22.05.2014-cü il tarixdə təkrar müayinədək keçmiş, əlillik “müddətsiz” müəyyən edilmiş, əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olmuş, iddiaçı 15.07.2020-ci il tarixədək əlilliyə görə pensiya almış, qeyd edilən müddətdə təkrar müayinəyə dəvət olunmamış, buna baxmayaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində əlilliyin müddəti 1 il, yəni 22.05.2015-ci il tarixədək müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 22.05.2014-cü il tarixli müayinə aktı nəzərdən keçirilərkən məlum oldu ki, iddiaçıya növbəti müayinə tarixi 22.05.2015-ci il tarixədək müəyyən edilmişdir. Lakin TSEK-in 411013 saylı arayışından (əsli apellyasiya baxışı zamanı təqdim olunmuşdur) görünür ki, Şəmsəddin Ağalarov 22.05.2014-cü ildə təkrar müayinədən keçmiş, əlillik “müddətsiz” müəyyən edilmişdir. Arayışda “Müddətsiz” düzəlişinə inanılmasına dair müvafiq qeyd aparılmışdır; əlillik qrupu: 3-cü qrup; əlilliyin səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mübarizə ilə əlaqədar əlillik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 93 nömrəli 1997-ci il 19 avqust tarixli qərarı ilə təsdiq edilmiş və 5 fevral 2016-cı il tarixədək qüvvədə olan (“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il № 36 Qərarı ilə qüvvədən düşmüşdür) “Tibbi-sosial ekspert komissiyaları haqqında əsasnamə”nin 5.2-ci bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X5 Sosial Ekspertiza və X9 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 saylı Qərarı ilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 3.1-ci bəndinə görə əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Həmin Qaydanın 3.2-ci bəndinə görə isə əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Həmin Qaydanın 3.3-cü bəndinə əsasən əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Həmin Qaydanın 3.4-cü bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Həmin Qaydanın 3.5-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir. İşin apellyasiya baxışı zamanı cavabdeh inzibati orqanın nümayəndəsi iddiaçıya verilmiş TSEK-in 411013 saylı arayışına əsasən Şəmsəddin Ağalarovun 22.05.2014-cü ildə təkrar müayinədək keçərək ona 3-cü qrup əlilliyin “müddətsiz” təyin olunmasına baxmayaraq, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində 22.05.2014-cü il tarixli müayinənin nəticəsi olaraq üçüncü dərəcə əlilliyin iddiaçıya bir il müddətinə verilməsinin göstərilməsinə heç bir aydınlıq gətirə bilməmiş, bu barədə Əlilliyin altsistemindən çıxarışda aparılmış qeydin (1 il müddətinin) TSEK-in 411013 saylı arayışından fərqli (“müddətsiz”) olub, yuxarıda adı çəkilən Qaydanın tələblərinə uyğun olduğunu əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının 2015-2020-ci illərdə ödəniş kartı üzrə çıxarışa (bank hesabından çıxarış) görə ona qeyd olunan dövrlər üzrə aylıq pensiya ödənilmişdir (sonuncu pensiya ödənişi karta 2020-07-15 tarixdə köçürülmüşdür). Həmçinin iddiaçının 2013-2020-ci illərdə ödəniş kartı üzrə çıxarışa (bank hesabından çıxarış) əsasən ona qeyd edilən dövrlər üzrə aylıq müavinət ödənilmişdir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində müvafiq qeydlərin (1 illik müddətlə bağlı) aparılmasının əksinə olaraq mövcud olan TSEKin 411013 saylı arayışına əsasən Şəmsəddin Ağalarovun 22.05.2014-cü ildə təkrar müayinədək keçərək ona 3-cü qrup əlilliyin “müddətsiz” təyin olunduğu halda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Kollegiya onu da qeyd edir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının 3-cü dərəcə əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində 22.05.2014-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilməsi üçün əsas vermir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4867/2021 saylı 18 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4867/2021 saylı 18 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-188/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-188/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver