Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1880/2022 22.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı, X1, Cavabdeh2, X2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3899/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İ. İddiaçılar İddiaçı, X1, Cavabdeh2, X2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, sonradan isə iddia tələbinə dəqiqləşmə verərək, onların Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ünvanında yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçılar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin fərdi yaşayış evi xeyli müddət yaşadıqlarına baxmayaraq, cavabdehə müraciət etsələr də pasport qeydiyyatına alınmamışlar. İddiaçılar hesab edir ki, cavabdeh hərəktəsizlik etmiş onların hüquqlarını pozmuşdur. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci maddəsində göstərilir ki,onlar yaşadıqları yer üzrə qeydiyyata alınmalıdırlar. Lakin onların və ərazidə yaşayan digər sakinlərin evə dair əmlak sənədi olmadığından qeydiyyata alınmırlar. Halbuki, faktiki olaraq həmin ünvanda yaşayırlar. Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli imtina məktubunda sözügedən qanun normasına istinadən bildirmişdir ki, qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə qeydiyyata alınma qanuna müvafiq deyil, məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət oluna bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3899/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını, iddia tələbinə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 27, 57 və 60cı, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-4-cü və Mülki Məcəllənin 27 və 180-cı maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 3-cü maddəsinin 4-cü bəndində qeydiyyata alınmanın məhdudlaşdırılması əsasları verilib ki, 0 da 20 ildən yuxarı yaşadığı əraziyə şamil edilə bilməz. Çünki, ərazi hərbi şəhərcik və fəlakət zonası deyil, yüzlərlə vətəndaş ev tikib kommunal xidmət haqlarını ödəyərək yaşayırlar. O, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınmasını deyil , qeydiyyata düşmək istəyir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, İnzibati-Prosessual Məcəllənin («İPM») 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia tələbindən göründüyü kimi iddiaçıların Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi ünvanında yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələb olunur. Cavabdeh orqanın işə əlavə olunmuş iddiaçıya ünvanladığı imtina məktubunda bildirmişdir ki, mübahisəli ünvana qeydiyyata alınmaq üçün «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanunun 5-ci madəsinin tələblərinə müvafiq sənədlər təqdim edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən əsasla iddiaçıları mübahisəli ünvana pasport qeydiyyatına almaqdan imtinasını əsaslı sayır. Belə ki, birincisi ünvan tam deyil və ünvan barədə hər hansı hüquqmüəyyənejdici sənəd təqdim olunmamışdır.. İkincisi, «Yaşayş yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 5-ci madəsinin tələbinə görə: - «Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd.» Qanunun qeyd olunan maddəsinin imperativ tələbindən aydın görünür ki, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də, yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək istədiyi müvafiq yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Sözügedən Qanunun 2-ci maddəsinin tələbində göstərilir ki, şəxsin “yaşayış yeri” dedikdə isə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun qeyd olunan normasından görünür ki, 5-ci maddəsinin 2-ci hissəsinin 2-ci bəndinə müvafiq olaraq - şəxsin yaşadığı ev, mənzil və i.a., üç əsasla: 1) mülkiyyətçi kimi; 2) icarə və ya kirayə müqaviləsi üzrə; 3) yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla onun yaşayış yeri kimi başa düşülməlidir. Bu baxımdan Mülki Məcəllənin 27.1-ci maddəsində “fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır” anlamı da,məhz, “yaşayış yeri” dedikdə, məhz xüsusi qanunvericiliklə müəyyən edilən hüquqi əsaslarla “yaşadığı yer” anlamını yaradır. İşin mübahisələndirilməyən hallarından isə göründüyü kimi, iddiaçılar məhkəməyə faktiki yaşadıqları evə dair qanunda sadlanan sənədlərdən hər hansı biri - o cümlədən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd təqdim etmək iqtidarında deyillər. Çünki, yaşadıqları ev özbaşına tikilidir, nə evə, nə də onun yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyən edici sənədləri mövcud deyil. Məhkəmə kollegiyası onu da qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin yuxarıda qeyd olunan müddəasında qeydiyyata alınma üçün əsas verən sənədlərdən biri kimi göstərilən «..yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd» istənilən hər hansı bir bir sənədi (məs., alqı- satqı müqaviləsi və s.) nəzərdə tutmur. Qeyd olunan halda qanunverici dəqiq müəyyən edir ki, həmin «başqa sənəd» qanunla müəyyən edilən hüquq verən sənəd olmalıdır. İPM-in 1.2-ci maddəsi baxımından MPM-in 81-ci maddəsinin tələbindən də görünür ki, qanuna və ya digər normativ-hüquqi aktalara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarlda təsdiq oluna bilməz. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur. Ona görə də iddiaçıların uzun müddət özbaşına inşa etdiykləri tikilidə yaşaması, kommunal, işıq, qaz və su xidmətlərindən istifadəyə görə çəkdikləri xərcələri ödəmələri mübahisəli ünvana qeydiyyata alınma üçün əsas verə bilməz. Qeyd olunmalıdır ki, sadalanan xərclər qarşılıqlı müqavilə öhdəlikləri üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir ki, bu ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənədi ifadə etmir. Lakin iş materiallrına əsasən İddiaçı və onunla yaşayan digər ailə üzvləri tərəfindən cavabdeh orqana yaşadıqları ünvana dair qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim olunmamışdır. Yəni, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə istifadə, icarə və mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquq müəyyənedici sənəd mövcüd olmadığından iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının, mülkiyyətçi hüququnu qoruyan normalarına istinad olunan dəlilləri ilə razılaşmaq mümkün deyil Göründüyü kimi,İddiaçı və onun ailə üzvlərinin cavabdeh tərəfindən mübahisəli ünvana qeydiyyata alınmaları üçün slnuncunun qanunla üzərinə düşən öhdliyinin faktiki şərtlərinin mövcudluğu sübuta yetirilmir. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə qanundan irəli gələn göstərişlərə və işin hallarına müvafiq şəkildə iddia tələbini təmin etməmişdir. İPM-in 73.1-ci maddəsinin mahiyyətindən də görünür ki, məhkəmə o zaman inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olsun. Ona görə də məhkəmə kollegiyası İddiaçı apelyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən onun və ailə üzvlərinin mübahisəli ünvana qeydiyyta alınmasını zəruri edən halların nəzərə alınmadığını vurğulamaqla, dolayısı ilə məhkəmənin qərarının əsas olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, ona münasibətdə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3899/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 82, 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3899/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-1880/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1880/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver