Məhkəmə qərarları › İş №2-1(103)-1880/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1880/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1880/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Kazımov Elşən Cələddin oğlu və Səmədov Rəşid Əfraim oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 3 üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2-1(112)-12587/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X2 1 Saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 3 üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1993-cü il tarixli Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasporta əsasən, ünvan 3 iddiaçıya məxsusdur. Cavabdeh inzibati orqan tərəfindən sözügedən əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmiş, imtinanın səbəbi kimi isə təqdim edilmiş texniki pasportun Texniki İnventarlaşdırma bürosu tərəfindən tərtib edildiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanının 2.4-cü bəndinə istinad etmişdir. Həmin bənddə qeyd edilir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim olunmuş və etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilən ünvan 1 ünvanına dair 1993-cü il tarixli texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12587/2024 saylı qərarı ilə (hakim A.Ə.Əhədova) iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndində Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar qeyd edilmişdir. İddiaçının adına tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport 1993-cü ildə Bakı Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmişdir. Həmin pasport Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Bakı Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilərək iddiaçıya verilmişdir. Bununla bağlı məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli məktubda iddiaçıya verilmiş texniki pasportun Bakı Sovetinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1993-cü ildə tərtib edilməklə tikilinin sahəsi 114,5 kv.m., cəmi meydançanın sahəsi 664 kv.m. olmaqla iddiaçıya verilməsi qeyd edilmişdir. ünvan 2 ünvanının texniki vəziyyətini əks etdirən müayinə aktına əsasən cəmi torpaq sahəsinin 772 kv.m. təşkil etdiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçıya verilmiş texniki pasportun hal-hazırda qeydiyyatda olmaqla rəsmi dövlət orqanları tərəfindən verilməsi öz əksini tapır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi, şikayətin təmin edilməsini, birinci instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəfləri (*cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X4 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmişdir) dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslıdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İddia mümkün iddiadır, lakin mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə əsaslı olmaması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Belə ki, iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə təqdim edilən ünvan 1 ünvanına dair 1993-cü il tarixli texniki pasportun Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilməsinə istinad edərək tələbini təmin etməkdən imtina etmişdir. Birinci instansiyası məhkəməsi qeyd olunan imtinanı əsaslı hesab etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır: “ ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı təsdiq edilmişdir. Siyahının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; Siyahının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların qeydiyyatı üçün əsas hesab olunur. Göründüyü kimi yuxarıda adıçəkilən Siyahıda yaşayış və bağ evlərinə, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər sadalanmışdır. İddiaçının təqdim etdiyi texniki pasport həmin Siyahıda qeyd edilməmişdir. Belə ki, Siyahının 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportların müvafiq əmlaka hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. İddiaçının adına tərtib edilən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport 1993-cü ildə Bakı Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib edilmişdir. Pasportun Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilməsi təsdiq olunmur. Eyni zamanda evin yerləşdiyi torpaq sahəsinə dair də hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Belə ki, Siyahının 2.4-cü bəndində torpaq sahələrinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi xx.xx.2001-ci il tarixədək tərtib edilmiş o texniki pasportlar nəzərə alınır ki, həmin tarixədək texniki pasportu tərtib edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış olsun. Hazırkı iş üzrə isə sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır”. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin yuxarıda qeyd olunan mövqeyini qanuni və əsaslı hesab etmir. Belə ki, mübahisəyə dair iş üzrə materiallardan görünür ki, fərdi yaşayış evinə dair Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1993-cü ildə İddiaçıhüseyn oğlunun adına “Fərdi mənzil fondunun yaşayış evinə dair” Texniki pasport tərtib edilmişdir. Həmin Texniki pasportda evin ümumi və yaşayış sahəsi, eləcə də torpaq sahəsinin ölçüsü barədə məlumatlar qeyd olunmuşdur. İş materiallarında olan Baki Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-6296/2023 saylı qətnaməsindən aşağıdakılar müəyyən edilir: “ ... Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi olmaqla “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4-yə dair verilmiş 1993-cü il tarixli texniki pasportun İddiaçı məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ... İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Pirşağı qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən arayışdan görünür ki, İddiaçı həqiqətən Pirşağı qəsəbəsi, Ə. Məlikov küçəsi, döngə1, ev 71 b ünavında 1993-cü ildən hal-hazırda kimi qeydiyyatsız yaşayır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********88 nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Ə.Məlikov küçəsi, döngə 1,71b nömrəli fərdi yaşayış evinə dair 1993-cü il tarixdə İddiaçıhüseyn oğlunun adına tərtib edilmiş texniki pasport İdarənin arxivində mövcuddur. Lakin təqdim edilmiş sənədlər arasında uyğunsuzluq olduğundan sənədin surətlərinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məhkəmənin vermiş olduğu sorğuya cavab olaraq, sözügedən əmlaka dair 1993-cü il tarixli texniki pasportun təsdiq edilmiş surətini məhkəməyə təqdim olunub. İş materiallarında olan Texniki paspotun təsdiq edilmiş surətindən görünür ki, ünvan 4-yə aid 1993-cü il tarixli pasport İddiaçıhüseyn oğlunun adındadır”. Həmin qətnamə ilə ərizə təmin edilmiş, ünvan 4yə dair verilmiş 1993-cü il tarixli texniki pasportun İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin dairəsi müəyyənləşdirilmişdir. İstinad olunan Siyahının 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar, 2.4-cü bəndində isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) nəzərdə tutulmuşdur. Hazırkı mübahisəyə münasibətdə nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunduğu kimi, fərdi yaşayış evinə dair İddiaçı adına “Fərdi mənzil fondunun yaşayış evinə dair” Texniki pasport Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1993-cü il tarixdə tərtib edilmiş və həmin Texniki pasportda evin ümumi və yaşayış sahəsi, eləcə də torpaq sahəsinin ölçüsü barədə məlumatlar qeyd olunmuşdur. Bu baxımdan həmin sənəd istinad olunan Siyahının 1.11-ci bəndində nəzərdə tutulmuş anlamda yaşayış evi üzərində hüququn əldə edilməsini təsdiq edən pasport qismində qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, qərar tərtib edilən vaxt dərc edilmiş Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 13 yanvar tarixli 439 nömrəli və “Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə” 2015-ci il 30 oktyabr tarixli 664 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında aşağıdakılar göstərilmişdir: “ ... 1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 1, maddə 15 (Cild İ) aşağıdakı dəyişikliklər edilsin: ... 1.3. həmin Fərmanla təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” üzrə: ... 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda)”. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, fərdi yaşayış evinə münasibətdə iddiaçıya Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin alt qurumu texniki inventarlaşdırma orqanı tərəfindən texniki pasport 1993-cü il tarixdə tərtib edilmiş, fərdi yaşayış evi 1993-cü ildən (*texniki pasportun tərtib edildiyi tarix əsas götürülərsə, iddiaçının sözlərinə görə isə - 1984-cü ildən) iddiaçının və onun ailə üzvlərinin istifadəsindədir, həmin fərdi yaşayış evinə və ya evin yerləşdiyi torpaq sahəsinə münasibətdə hər hansı üçüncü şəxsin müraciəti inzibati orqan tərəfindən qeydə alınmamış, daşınmaz əmlak mübahisə predmeti olmamışdır. Belə olan halda iddia ərizəsinin “hazırkı iş üzrə isə sözügedən ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır” (*halbuki, iddiaçının tələbi elə fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasından ibarətdir) əsası ilə rədd edilməsi vətəndaşı qapalı dairəyə - çıxılmaz vəziyyətə salınması və nəticə etibarilə şəxsin mülkiyyət hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Məhkəmə kollegiyası hesab edir ki, uzun illərdir qanuni əsaslarla istifadəsində olan fərdi yaşayış evinə dair iddiaçının təqdim etdiyi sənəd(lər) mülkiyyət hüququnun qeydə alınması üçün hüquqmüəyyəndici sənəd(lər) hesab edilir və iddiaçı həmin fərdi yaşayış evinə müllkiyyət hüququnun dövlət reyestirinin qeydiyyatı üçün qanuni gözləntiyə sahibdir. “X1rşı”” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında İnsan hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları», «mülkiyyət» kimi qiymətləndirilə bilər «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12587/2024 saylı qərarı ləğv edilməli, iddia ərizəsi təmin edilməli, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-12587/2024 saylı qərarı ləğv edilsin. İddia ərizəsi təmin edilsin. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Elşən Kazımov Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar