Məhkəmə qərarları › İş №2-1(103)-1881/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1881/2020

23.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1881/2020 23.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏRAR № 2-1(103)-1881/2020 xx xxxxxx 2020-ci il Bakı şəhəri Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyinin nümayəndəsi X1 iştirakı ilə əmək pensiyasının yenidən hesablanması vəzifəsinin həvalə olunması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-379/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, onun xx.xx.1974-xx.xx.1989cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil olunaraq, ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının xx.xx.1974-xx.xx.1989-cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozunda işlədiyi müddətin 12 il 06 ayı sosial sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə olunmuşdur. Qərarın əsaslarına görə, “İddiaçı Ermənistan Respublikasından qaçqın düşdüyündən Kalinino rayonu Qızıldaş sovxozunda xx.xx.1974-cü ildən xx.xx.1989-cu ilədək olan dövr ərzində sosial sığorta stajına malik olmasını təsdiq edən əmək kitabçasını təqdim edə bilməsə də, lakin həmin dövr üzrə sosial sığorta stajına malik olması şahid ifadələri əsasında müəyyən edilmişdir. Şahidlərin məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş əmək kitabçları onların məhkəmədə verdikləri ifadələrində göstərdikləri xüsusatları təsdiq etmişdir. İddiaçıya məxsus əmək kitabçasına göstərilən qeyd xx xxxxxx 1990-cı il tarixdə edilmişdir. “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli qərarı ilə təsdiq edilməklə, həmin qeyd edildikdən sonra qəbul edilmişdir və hazırda qüvvədən düşmüşdür. Həmin Əsasnamə nə qeydin aparıldığı dövrdə, nə də ki, hazırda qüvvədə olmasa da, lakin göstərilən münasibəti tənzimləyən başqa hüquq norması olmadığından məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə göstərilənlərə uyğun olaraq tənzimlənməlidir. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə uyğun olaraq şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü pensiya təyinatı üçün tələb olunan iş stajının yarısı qədər hesablanmalıdır.” Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndinə görə, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qaydaların 4.1-ci bəndinə görə, işçinin əmək kitabçasında işdən çıxması işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. İddiaçının iddia etdiyi 1974-1989-cu illər üçün əmək kitabçasında məsul şəxsin imzası və sovxozun möhürü yoxdur. Əmək kitabçasında olan Bakı şəhəri Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyasının qeydi isə əsas kimi qəbul edilməməlidir, çünki, bu İnspeksiya Ermənistan Respublikası Kalinino rayonunun Qızıldaş kənd sovxozunda fəhlə işlədiyini iddia edən şəxsin həqiqətən orada işlədiyini təsdiq edə bilməz. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verib, qərarın ləğv edilərək, iddianın rədd olunmasını, iddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, hazırkı mübahisə pensiya-hüquq münasibətlərindən irəli gəlmişdir, iddia məcburetmə haqqında iddia növünə aiddir (İPM-2.2.2). Belə ki, yarandığı güman olunan əmək pensiyası hüququnun dövlət tərəfindən tanınması və məhz bundan sonra həyata keçirilməsi üçün qanunla müvafiq səlahiyyət verilmiş inzibati orqanın şəxsə münasibətdə əlverişli hüquqi nəticələr doğuran qərar qəbul etməsi tələb olunur (“Əmək pensiyaları haqqında” AR Qanununun 30-cu maddəsi). İşdə olan, iddiaçıya məxsus xx.xx.1990-cı il tarixdə doldurulan İT-İ ******* nömrəli əmək kitabçasından müəyyən edilir ki, kitabçanın 42-43-cü səhifələrinə “1989-1990-cı illərdə Respublikada yaranmış məlum vəziyyətə görə Ermənistanın Kalinino rayonundan qovulmuş İddiaçı ərizəsinə əsasən Kalinino rayonu Qızıldaş sovxozunda 02.04.74-cü ildən xx.xx.1989-cu ilə kimi fəhlə işləmişdir” məzmunda qeyd edilmiş, həmin qeydin alt tərəfində Bakı şəhəri Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyasının ştampı vurulmuşdur. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktuba görə, təqdim etdiyi sənədlərə əsasən xx.xx.1990-cı il tarixdən xx.xx.2006-cı il tarixədək 14 il 08 ay iş stajı, xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək 12 il sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və xx.xx.2018-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 11.490,93 manat pensiya kapitalına əsasən xx.xx.2018-ci il tarixədək 151,92 manat pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərmanına müvafiq olaraq xx.xx.2019-cu il tarixdən pensiyanın məbləği 156,49 manata çatdırılmışdır. xx.xx.2019-cu il tarixədək işdən çıxması səbəbindən pensiyanın məbləği yenidən hesablanmışdır. xx.xx.2019-cu il tarixdən pensiyanın məbləği 161,76 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvar ayının 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə pensiya alt sisteminə daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1 əmək kitabçası, 3.2. əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Göründüyü kimi, normativ-hüquqi aktla sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olduğu imperativ qaydada təsbit edilmiş, bu sənəd müxtəlif səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda isə iş stajının yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilə biləcəyi bildirilmişdir. İPM-in 1.2-ci maddəsindən göndərişlə MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Lakin, qeyd olunanlara zidd olaraq, iddiaçının mübahisəli dövrdə əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən mötəbər əmək kitabçası cavabdehə və Məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçının əmək kitabçasında 1990-cı ildə Bakı şəhəri Nəsimi rayonu Dövlət Sığorta İnspeksiyası tərəfindən aparıldığı ehtimal olunan “1989-1990-cı illərdə Respublikada yaranmış məlum vəziyyətə görə Ermənistanın Kalinino rayonundan qovulmuş İddiaçı ərizəsinə əsasən Kalinino rayonu Qızıldaş sovxozunda 02.04.74-cü ildən xx.xx.1989-cu ilə kimi fəhlə işləmişdir” məzmunda qeyd, belə sübutetmə qüvvəsinə malik olmamaqla, mötəbər deyil. Həmin qeydin “İddiaçı ərizəsinə əsasən” edilməsi də qeyri-mötəbərliyin digər səbəbidir. Eyni qaydada, iddiaçının tərəfində şahidlərin ifadələri də MPM-in 81-ci maddəsinin tələbinə müvafiq olaraq əmək kitabçasını əvəz edən mötəbər sübut sayıla bilməz. Bununla əlaqədar, yaşa görə əmək pensiyasının xx.xx.2006-cı il tarixədək olan dövrünün yenidən hesablanması üçün zəruri sənəd kimi inzibati orqana təqdim olunması qanunvericiliklə imperativ qaydada tələb edilən mötəbər əmək kitabçasının təqdim edilməməsi özlüyündə cavabdehin imtinasının qanuniliyinə dəlalət edir. Digər ifadə ilə, əmək pensiyası təyin edən inzibati orqanın zəruri sənəd kimi qanunvericiliklə imperativ qaydada tələb edilən mötəbər sənəd təqdim olunmadan yaşa görə əmək pensiyası təyin etməsi qanuna ziddir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu baxımdan, İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-14.3) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbər qəbul edilən bəlli rəsmi sənədlərə malikdir. İddiaçı mübahisəli dövrə dair mötəbər qeydləri ehtiva edən əmək kitabçasını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtinası normativ hüquqi aktlara əsaslandığı üçün qanunazidd olmamış və onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Belə olan halda, imtinası mahiyyətcə qüvvədə olan maddi hüquq normalarının tələblərinə cavab verən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyula, bu tələbi ehtiva edən iddia isə təmin oluna bilməz. Birinci instansiya məhkəməsinin AR Nazirlər Kabinetinin (xx.xx.2006-cı il tarixli 217 nömrəli qərarı ilə qüvvədən düşmüş hesab edilmiş) xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin müddəalarını mübahisəyə tətbiq edərək, iddianı qismən təmin etməsi də qanunsuz olmuşdur. Birincisi, iddiaçının 1990-cı ilədək olan mübahisəli əmək stajına 1992-ci ildə qəbul edilən normativ-hüquqi akt tətbiq edilmişdir. Adıkeçən qərarın iddiaçının vəziyyətini yüngülləşdirdiyi güman olunaraq, tətbiq edildiyi fərz olunan halda, həmin Əsasnamənin 1-ci bəndinə görə, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Əsasnamənin İİİ bölməsində yer alan 16-cı bəndinə əsasən isə, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Lakin işdən görünür ki, iddiaçının mübahisəli dövrə dair əmək stajı pensiya təyin edən komissiya tərəfindən müəyyən edilməmişdir. Eyni Əsasnamənin 18-ci bəndində də açıq təsbit edilmişdir ki, ayrı-ayrı vətəndaşların yanında və dini təşkilatda iş dövrü, eləcə də Dövlət sosial müdafiə fonduna sosial sığorta ayırmaları vermək şərtilə iş stajına hesablanan əmək fəaliyyəti dövrü şahid ifadələrinə əsasən təsdiq olunmur. İkincisi, iddiaçının işlədiyi irəli sürülən xx.xx.1974-xx.xx.1989-cu illərin onun əmək pensiyasının tərkib hissəsi olub-olmaması məsələsi pensiya hüququnun sırf maddi-hüquqi elementləri (yaş, sığorta stajı, güzəştli peşə, əlillik və sair) ilə bağlıdır. Lakin “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin adından və tənzimlənmə predmetindən də aşkar görünür ki, bu sənəd pensiya təyin edən orqanın həyata keçirdiyi icraatın formaları, qayda və şərtləri, yəni pensiyanın təyin və hesablanma qaydası, hansı sənədlərin hansı qaydada nə vaxtda təqdim olunması (pensiya hüququnun formal-hüquqi elementləri) ilə bağlıdır. Bu baxımdan, hazırkı mübahisəyə yalnız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” tətbiq oluna bilərdi. Çünki, xx.xx.2011-ci il tarixdən qüvvəyə minən İPM sırf Alman inzibati məhkəmə-hüquq təcrübəsinə əsaslanır. Həmin təcrübəyə görə mübahisələndirmə haqqında iddialara mübahisənin maddi-hüquqi əsası kimi inzibati aktın qəbul edildiyi, öhdəliyin icrası və məcburetmə haqqında iddialara isə mübahisənin maddihüquqi əsası kimi məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik müddəaları tətbiq olunur. Bu mənada, birinci instansiya məhkəməsi iddiaçının pensiya hüququnun maddi-hüquqi elementləri ilə əlaqədar olmayan iddianı təmin edərkən maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, şəxsin əmək pensiyası hüququ onun hüquqi sferası ilə sıx bağlı olmaqla, bu hüququn əldə olunması üçün qanunla müəyyən edilən şərtlərin (yaş, sığorta stajı, güzəştli peşə, əlillik və sair) məhz həmin şəxs tərəfindən yerinə yetirilən anda yaranır. Bundan fərqli olaraq, pensiyanın təyin edilməsi, hesablanması və ödənilməsi qaydası bilavasitə fərdə aid və ondan asılı deyil. Baxmayaraq ki, onun bununla bağlı pozitiv gözləntiləri vardır, pensiyanın təyin edilməsi, hesablanması və ödənilməsi prosesi bu pensiyanı təyin edən, hesablayan və ödəyən qurumun (hazırkı işdə dövlətin) fəaliyyət dairəsində cərəyan etməklə, qazanılmış pensiya hüququnun realizəsi olaraq, onun iqtisadi imkanları və həmin vaxtda sosial təminat sahəsində yeritdiyi siyasətin tələbləri ilə uzlaşmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də “Fabian Macarıstana qarşı” işi üzrə xx.xx.2017-ci il tarixli Qərarında göstərmişdir: “...sosial sığorta sistemi üzrə ödənişlərə dair qanunların qəbul edilməsi haqqında qərarlar adətən iqtisadi və sosial məsələlərin analizi ilə bağlıdır. Avropa Məhkəməsi qanunvericinin sosial-iqtisadi siyasətin həyata keçirilməsi zamanı geniş mülahizə həddinə malik olmalı olmasını təbii hesab edir və bu mövqenin açıq-aşkar ağlabatan əsasa malik olmadığı hallar istisna olmaqla, hansı tədbirlərin “cəmiyyətin maraqlarına” cavab verməsi məsələsi ilə bağlı qanunvericinin mövqeyinə hörmətlə yanaşacaq. Bu xüsusilə, məsələn, siyasi-iqtisadi rejimin dəyişməsi ilə bağlı qanunların, dövlət vəsaitinin tamlığının təmin edilməsi və ya vəsaitin təkrar bölüşdürülməsi ilə bağlı siyasi tədbirlər, yaxud da ciddi iqtisadi böhran nəticəsində qənaət tədbirlərinin qəbul edildiyi halda qəbul edilir. ... Avropa Məhkəməsi xatırladır ki, pensiyadan tam məhrumetmə, göründüyü kimi, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin pozulmasına gətirib çıxaracaq, pensiya və ya onunla bağlı ödənişlərin məbləğinin ağlabatan azaldılması isə, çox güman ki, bu maddənin pozulmasına səbəb olmayacaq (§65); Sosial təminat və pensiyalar sahəsində dövlətin geniş mülahizə hüdudlarını nəzərə alaraq, Avropa Məhkəməsi ərizəçinin əmək haqqı və pensiyaların eyni zamanda ödənilməsinə qadağanın dövlət xəzinəsinin ümumi müdafiəsi maraqlarına xidmət etməsinə şübhə etmək üçün heç bir əsas görmür (§67); Avropa Məhkəməsi xatırladır ki, dövlət pensiya sistemlərinin maliyyələşdirilməsi metodları Razılığa gələn Dövlətlərdən asılı olaraq, dövlətdaxili pensiya sistemlərində haqq ödəyənlər və benefisiarlar arasında həmrəylik prinsipinə vurğunun edilməsi kimi əhəmiyyətli dərəcədə fərqlənir. Bu məsələlərin sosial və iqtisadi siyasətlə bağlı olması səbəbindən, onlar dövlətlərə bu sahədə təqdim edilmiş dövlətdaxili mülahizə hədləri çərçivəsində prinsipə müvafiqdir (§72)”. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan dövlətinin xx.xx.2010, xx.xx.2017 və xx.xx.2019-cu il tarixlərdə qüvvəyə minən dəyikliklərlə “Əmək pensiyaları haqqında” Qanunda əmək pensiyalarının hesablanması, yenidən hesablanması, ödənilməsi ilə bağlı müəyyən etdiyi qayda və prosedurlar da məhz bu xarakterə və əhəmiyyətə malikdir. Bu baxımdan, 2019-cu ildə qaldırılan iddia ilə artıq mövcud (qüvvədə) olmayan normalara istinadən nəinki xx.xx.2017, hətta xx.xx.2010-cu ildən əvvəl tətbiq olunan qayda ilə pensiyanın yenidən hesablanmasını tələb etmək, uzun müddət keçməsi və iddiaçının bu vəziyyətlə razılaşması ilə yanaşı, habelə cavabdeh inzibati orqanı səlahiyyətində olmayan qaydada məsələnin həllinə məcbur etmək niyyətini ehtiva etdiyi üçün, əsassızdır. Başqa ifadə ilə, şəxsin qazanılmış pensiya hüququndan və bu hüququn yaranması əsaslarından bəhs oluna bilər, onun pensiyasının hesablanması və ödənilməsi qaydası hüququndan isə yox. Əgər inzibati orqan zamanında pensiyasının hesablanması və ödənilməsi qaydası ilə bağlı qanunla onun vəzifəsi sayılan qərarı qəbul etməmiş və şəxs də həmin qayda qüvvədə olan dövrdə deyil, bu qayda qüvvədən düşdükdən sonra sonuncuya müraciət etmişdirsə, artıq inzibati orqandan yalnız həmin vəzifəni yerinə yetirməməsi ilə əlaqədar vurulmuş zərərin əvəzi kimi kompensasiya tələb oluna bilər, qüvvədən olmayan normada təsbit olunan icraat qaydasına əməl etmək isə yox. Çünki, qeyd olunduğu kimi, pensiyanı təyin etmək, hesablamaq və ödəmək dövlətin hüquqlarına aiddir. Sonuncu hal isə dövlətin, onu təmsil edən qurumun və ümumilikdə inzibati orqanların üzərinə qüvvədə olan normalara əsaslanaraq öhdəlik (vəzifə) qoyulmasını şərtləndirir ki, öhdəliyin icrası və məcburetmə haqqında iddialara məhkəmə qərarının qəbul edildiyi vaxt qüvvədə olan qanunvericilik normalarının tətbiqinin hədəfi də budur. Belə ki, inzibati orqanın başlıca vəzifəsi qanunvericiliklə ona həvalə olunmuş səlahiyyətlərin icrasını vaxtında, tam və dürüst təmin etməkdir. Norma yoxdursa, inzibati orqanın vəzifəsi (səlahiyyəti) də yoxdur, əksinə deyişlə, “inzibati orqanın vəzifəsidir” demək üçün onun sözügedən vəzifəsini müəyyən edən norma, həmin norma isə qüvvədə olmalıdır. Bu qəbildən mübahisələrdə Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə (Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir) istinad edərkən həm də nəzərə alınmalıdır ki, sözügedən normanın hər hansı kazusa tətbiq olunması üçün hüquqi vəziyyəti yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi akt (onun bir hissəsi, norması) hüquq tətbiq edilən anda mövcud (qüvvədə) olmalıdır ki, geriyə də şamil edilə bilsin. Başqa sözlə, qüvvədə olmayan norma geriyə şamil edilə bilməz. Odur ki, qüvvədən düşmüş normalar Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin təsirinə düşmür. Bu kontekstdə, birinci instansiya məhkəməsi qüvvədən düşmüş normativ-hüquqi aktı mübahisəyə tətbiq edərək, cavabdehin üzərinə artıq onun səlahiyyətində olmayan məsələnin həllini həvalə etməklə, maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərmişdir ki, “Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsi ümumi şəkildə aşağıdakı qaydaları müəyyən edir: normativ hüquqi akt yalnız gələcəyə dair qaydaları müəyyən edir, onun geriyə qüvvəsi yoxdur.” Məhkəmə kollegiyasının bu məsələ ilə bağlı yekun mövqeyinə görə, iddiaçının pensiya hüququnun əsasları müəyyən edilərkən bu hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan (sonradan qüvvədən düşsə də) maddi hüquq normalarına istinad olunduğu halda (İPM-1.2, MPM-217.2), bu hüququn tətbiqi (realizə) imkanları (icraat qaydaları, proseduru və sair), konkret olaraq hazırkı iş üzrə pensiyanın yenidən hesablanması ilə bağlı yalnız məhkəmə qərarı çıxarılan anda qüvvədə olan normalar tətbiq olunmalıdır. Qeyd edilənlərin əksi fərz olunsa, o halda şəxs pensiyanın ona hazırda qüvvədə olan qaydalara əsasən nağdsız şəkildə (bank kartı vasitəsilə) deyil də, vaxtilə bu hüququnun yarandığı dövrdə qüvvədə olmuş nağd formada ödənilməsini tələb edə bilər ki, bu da qanuna ziddir. Eyni qaydada, pensiyanın əvvəllər qüvvədə olan qaydada yenidən hesablanmasını tələb etmək də qanunilikdən uzaqdır. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi işin müzakirə edilən hallarına düzgün hüquqi qiymət verməmiş, normativ hüquqi akta əsasən əmək kitabçası ilə təsdiq edilməli olan iş stajı belə əhəmiyyətə malik mötəbər sübutla təsdiq olunmayan iddiaçının əmək pensiyasının yenidən hesablanması hüququ iş materialları ilə təsdiqini tapmadığı halda, maddi hüquq normalarını pozaraq, iddianı qismən təmin etməklə, səhv qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-14.3), “Əmək pensiyaları haqqında” Qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM- 73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia əsassız olduğu üçün təmin edilməməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-379/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Bakı şəhəri Nəsimi rayon xidmət nümayəndəliyinə qarşı onun xx.xx.1974-xx.xx.1989- cu illər ərzində Ermənistan Respublikasının Kalinino rayonunun Qızıldaş Sovxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil olunaraq, ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar