Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1881/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3196/2021 saylı 05.05.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində şərh olunan faktiki hallarına görə iddiaçı Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin oktyabr ayında Qobustan rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi daxilində Füzuli rayonu istiqamətində gedən döyüşlərin iştirakçısıdır. 1994-cü ildə xəstələndiyi üçün əvvəlcə Füzuli rayon Əhmədbəyli qospitalında, daha sonra isə Bakı şəhəri Papanin adına Hərbi qospitalda müalicə almışdır. N saylı hərbi hissədə xidmət etməsi hərbi biletin 6-cı səhifəsində qeyd edilmişdir. Lakin hazırki vaxtadək ona “müharibə veteranı” adı və vəsiqəsi verilməmişdir. Bu barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 14.02.2020ci il tarixli imtina məktubu ünvanlayaraq buna səbəb kimi hərbi biletində qeydlərin atəşkəs dövrünə aid olması göstərilmişdir. İmtinadan narazıdır. Belə ki, HЗ №-li ******* saylı hərbi biletinin 6-cı səhifəsində onun 09.02.1996-cı ildə 40 saylı əmrə əsasən N saylı hərbi hissədən tərxis olunmağı göstərilmişdir. Həmin qeyddə göstərilmişdir ki, 27.06.1995-ci il tarixli НГШ-08 saylı Direktivə əsasən şəxsi heyətin sıralarından çıxarılıb. Onun ordu sıralarında qeyd edilən dövrdə olmasını təsdiq edən sübutları vardır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3196/2021 saylı 05.05.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərarla razılaşmamış, apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə düzgün araşdırma aparmamış, mübahisəyə birtərəfli yanaşmış, obyektiv qərar qəbul etməmişdir. İlk əvvəl, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevral ayının 1-dən 1994-cü ilin may ayının 12-dək erməni qüvvələrinə qarşı vuruşmuş şəxslərin hərbi biletlərində müvafiq qeydlər olduğu halda, vətəndaşa müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Ona məxsus hərbi biletin 6-cı səhifəsində N saylı hərbi hissədə hərbi xidmətdə olması qeyd olunmuşdur. Daha sonra, iddiaçı “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin qeydinə istinad edərək qeyd edir ki, o, 1994-cü ildə xəstələnmiş və əvvəlcə Füzuli rayonu Əhməbbəyli qospitalında, daha sonra isə Bakı şəhəri Papanin adlanan hərbi qospitalda müalicə olunmuşdur. Ordudan fərariliyə və ya özbaşına tərk etməyə görə tərxis olunmamışdır. Həmçinin, onun 1994-cü ildə xəstəliklə əlaqədar müalicə müəssisəsində olub-olmamasına aydınlıq gətrilməmiş, sorğular verilməmişdir. Hesab edir ki, qərar əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürlü səbəbdən məhkəməyə gələ bilməyəcəyini bildirərək nəzərə alınmasını xahiş etsə də, hansı üzürlü səbəbi olduğunu göstərməmiş, bu barədə məhkəməyə sübutlar təqdim etməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin qnümayəndəsi N.Abaszadə iddiaçının apellyasiya şikayətinə etirazını bildirərək, arxiv arayışına əsasən iddiaçının 1994-cü ildə istinad etdiyi N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilsə də, hərbi hissəni özbaşına tərk etdiyi üçün 1996-cı ildə hərbi hissə komandirinin əmrinə əsasən həmin siyahıdan çıxarıldığını və bu hal ona veteran adı verilməsi istisna etdiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, hərbi biletində N saylı hərbi hissədə xidmətdə olması barədə qeydə, habelə, onun 1994-cü ildə xəstələnərək hərbi qospitalda müalicə aldığına və fərarilyi barədə sübutlr mövcud olmadığına əsaslanaraq hesab edir ki, iddia tələbinin rədd edilməsi əsassızdır. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan həmin dəlilləri razılaşmır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; Həmin maddənin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericilyin qeyd olunan tələblərindən göründüyü kimi, müharibə veteranı adı şəxsin hərbi xidmətdə olduğu orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddiaçıya Şamaxı rayon Hərbi Komissarılığı tərfindən verilmiş 1984-cü il tarixdə ******* N-li hərbi biletində, onun xitmətdə olduğunu istinad etdiyi N saylı hərbi hissəyə aid olan və “atəşkəs” dövrünə təsadüf edən yalnız bir qeyd, o cümlədən” “НГШ-08 N-li 27.06.95-ci il tarixli Direktiv əsasında şəxsi heyətin Siyahısından çıxarılması barədə, 09.02.96 tarixli 40 №-li qeyd mövcuddur Onun hərbi biletinin “döyüş əməliyyatlarında iştirakına dair” 18-ci qrafasında isə, ümumiyyətlə heç bir qeyd mövcud deyil. Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 08.01.2021-ci il tarixli 9/2 saylı arayışında isə göstərilir ki, “...Qobustan RHK-dan toplanışa çağırılmış İddiaçı N saylı hərbi hissə komandirinin 04.08.1994-cü il tarixli, 216 N-li əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, hərbi hissənin tərk etdiyi üçün AR Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27.06.1995-ci il tarixli 40N-li əmri ilə 09.02.1996-cı il tarixdən şəxsi heyətin sırasından çıxarılmışdır. Əslində, iddiaçı apellyasiya şikayətinin dəlillərindəndə aydın görünür ki, 1994-cü ildə xəstələnərək qospitalda müalicə olunsa da, hərbi xidmətdə olduğu N saylı hərbi hissəyə qayıtmamışdır. Başqa sözlə, həmin hərbi hissədən qanuni əsaslarla xidmətdən ehtiyata buraxılmamışdır. Beləliklə də, «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnaməyə müvafiq qaydada iddiaçının həm hərbi biletinə və Müdafiə Nazirliyinin arxiv arayışına əsasən iddiaçının 1994-cü ilin may ayının 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən göyüşlərdə iştirak etdiyi öz təsdiqini tapmır. Əksinə, onun erməni millətçilərinə qarşı tərkibində vuruşduğunu mübahisələndirdiyi N saylı hərbi hissəni özbaşına tərk etdiyi sübuta yetirilir. Halbuki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə ona veteran adı verilməsi barədə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi məhz iddiaçının üzərinə düşür . Belə olan halda, cavabdeh tərəfindən ona 14.02.2020-ci il tarixli imtina məktubu ünvanayaraq veteran statusunun verilməsindən imtina olunması tam əsaslıdır. Azərbaycan Respublikasının İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi işin hallarına və maddi hüquq normalarına uyğundur. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmənin Düzgün araşdırma aparmadığını, mübahisəyə birtərəfli yanaşdığını və qəbul etdiyi qərarın obyektiv olmadığın mübahisələndirən mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3196/2021 saylı 05.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3196/2021 saylı 05.05.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-1881/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1881/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver