Məhkəmə qərarları › İş №2-1(103)-1881/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1881/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1881/2023 06.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələb onunla əsaslandırılmışdır ki, iddiaçının N saylı hərbi hissədə N il N ay stajı var.Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə güzəştli şərtlərə görə pensiya hüququ verən 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 11-ci bölməsinin 6-cı bəndi gəmi təmiri ilə məşğul olan “gəmi elektrik quraşdırıcısı” (11.6 səhifə 54) koduna uyğun olaraq güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verilir. Zərərli işlərdə bir gün iki gün hesab olunur. İddiaçının əmək kitabçasında yazılan stajı 27 ildir. Onun N il N ayı zərərli işlərdədir ki, bu da 24 ildən çoxdur. İddiaçı 57 yaşında pensiyaya çıxmaq istəsə də, ona 60 yaşından pensiya hüququnun yarandığı bildirilmişdir. Cavabdehin iddiaçıya verdiyi 21 oktyabr 2021-ci il tarixli imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı N il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir.Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.Mərkəzi Filiala təqdim edilən 28 aprel 1982-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində iddiaçının “Ozon” firmasında işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrü sizin iş stajına daxil etmək mümkün deyil.Qeyd edilən səbəbdən iddiaçının ümumi iş stajı 25 ildən az (21 il 5 ay 15 gün (xx.xx.1980- xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983- xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonra isə ümumilikdə 9 il 9 ay il)) təşkil edir. Belə ki, 2006-2021ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə 9 il 9 ay sığorta ödənişi öz əksini tapmışdır.Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25458,11 manat təşkil edir.Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Cavabehin iddiaçıya verdiyi 24 oktyabr 2022-ci il tarixli imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı N il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanununun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapiatlı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilni iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Eyni zamanda bildirilir ki, 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2006-cı ilin aprel, avqust, sentyabr ayları üzrə, 2007-ci ilin oktyabr və noyabr ayları üzrə, 2018-ci ilin fevral ayı üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin ayların sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçının güzəştli iş stajı N il 6 aydan az (N il 4 ay 5 gün) təşkil edir.Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27673,51 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı N il 6 ayını həmin işlərdə həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir.Həmin Qanunun 1.0.8-ci maddəsinə uyqun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.İddiaçı İ.X3 təqdim etdiyi 28 aprel 1982-ci il tarixli NT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1992-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində “Ozon” firmasında işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaedən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrü onun iş stajına daxil etmək mümkün deyil. Qeyd edilən səbəbdən İddiaçı ümumi iş stajı 25 ildən az (21 il 5 ay 15 gün (xx.xx.1980xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990xx.xx.1991-ci il, xx.xx.1999-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006- cı il tarixindən sonra isə ümumilikdə 9 il 9 ay)) təşkil edir. Belə ki, 2006-2021- ci illərdə işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində həmin dövr üzrə 9 il 9 ay sığorta ödənişi öz əksini tapmışdır. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı jçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə hazırda 40400,00 manat hesablandığı lalda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 25563,01 manat təşkil edir.Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin olunması, İddiaçı 60 yaşı xx.xx.2021-ci il tarixində tamam olduğundan xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar məzmunda olmaqla, həmçinin onunla əsaslandırılmışdır ki, əsas məqam olaraq bildirirlər ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.1982-ci il tarixli NT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Rusiya Federasiyasında işlədiyi müəyyən edilmişdir."Əmək pensiyaları haqqında" Qanunun 23-cü maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir.Sözügedən Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.“Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” xx.xx.1995-ci il tarixli 1057 nömrəli Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası beynəlxalq müqavilələrin onun üçün məcburiliyinə razılığını müqavilənin imzalanması, müqaviləni müqaviləni təşkil edən sənədlərin mübadiləsi, müqavilənin ratifikasiyası, təsdiq edilməsi, ona qoşulma vasitəsilə və razılığa gələn tərəflərin şərtləşdiyi hər hansı başqa üsulla ifadə edə bilər.Belə ki, iddiaçı İ..Abbasov xx.xx.1992-ci il tarixdən 04.06.199-cu il tarixədək Rusiya Federasiyasında işləmişdir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq xx.xx.1992-ci il tarixədək Rusiya Federasiyasındaki əmək fəaliyyəti dövrü ümumi qaydada sığorta stajına daxil edilir.Lakin Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında bu münasibətləri tənzimləyən müqavilə hər iki dövlət tərəfindən ratifikasiya edilmədiyindən, həmçinin bu dövrlər ərzində iddiaçının adına məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən müvafiq dövrlərin İ.Abasovun ümumi sosial sığorta stajına daxiledilməsi mümkünsüzdür.Bu halda İddiaçı qanunvericiliklə tələb olunan “azı 25 il sığorta stajına malik olması’' tələbi ödənilmir. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddia tələbinin və apellyasiya şikayətinin mahiyyəti ilə bağlı isə məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iddia tələbi iddiaçının ərizəsi əsasında “iddiaçıya 60 yaşı xx.xx.2021-ci il tarixində tamam olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissənin 18 aprel 2018-ci il tarixli 628 nömrəli və xx.xx.2021-ci il tarixli 888 nömrəli arayışında arayışlarında aşağıdakılar qeyd olunur: - İddiaçı həqiqətən xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək N nömrəli hərbi hissədə “gəmi elektrik quraşdırıcısı” vəzifəsində işləmişdir. İddiaçı ümumi iş stajı 12 (on iki) il 10 (on) ay 10 (on) gündür. AR Nazirlər Kabinetinin Qərarı ilə güzəştli şərtlərə görə pensiya hüququ verən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 11-ci bölməsinin 6-cı bəndi “Qazanxana gəmi gövdəsi gəmiqayırma və gəmi təmiri işləri ilə məşğul olan “gəmi elektrik quraşdırıcısı” (11.6 səhifə 54) koduna uyğun olaraq İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissənin xx.xx.2011-ci il tarixli 28 nömrəli arayışında aşağıdakılar qeyd olunur: - İddiaçı həqiqətən N saylı hərbi hissədə xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixə kimi elektrik montyoru vəzifəsində işləyib və onun işlədiyi müddət ərzində əmək haqqı səkkiz yüz əlli bir manat on bir qəpik (851,11) olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissənin İddiaçı 2018-ci il üçün əmək haqqı və digər gəlirlər haqqında 13 aprel 2018-ci il tarixli 13 nömrəli arayışında onun 2018-ci il üzrə illik gəlirinin ümumi məbləği 9464,22 (doqquz min dörd yüz altmış dörd iyirmi iki qəpik) manat olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı N il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.Əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı N il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2021ci il və xx.xx.2021-ci ildə müraciət etmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının əmək kitabçasına əsasən mübahisəsiz dövr 22 il 3 ay 19 gündür (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1999xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 10 il 6 ay). İddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1992-xx.xx.1999-cu illərdə “OZON” firmasında broker işlədiyi dövr sığorta stajına daxil edilməmişdir. İddiaçı qeyd edilən dövrdə broker fəaliyyətini təsdiq edən müxtəlif sənədlər (müqavilə, arayış) məhkəməyə təqdim etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının 3 aprel 2001-ci il № 114-İİQ qanunu ilə "Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında" Saziş təsdiq edilmişdir. Sazişə görə bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti pensiya təminatı sahəsində əməkdaşlığı inkişaf etdirmək istəyərək, aşağıdakılar barədə razılığa gəldilər. - (Maddə 2) vətəndaşların, həmçinin onların ailə üzvlərinin pensiya təminatı onların ərazisində daimi yaşadıqları dövlətin qanunvericiliyi üzrə həyata keçirilir - (Maddə 4) tərəflər, öz dövlətlərinin ərazilərində daimi yaşayan, o cümlədən digər Tərəfin dövlətinin ərazisindən köçüb gəlmiş (məskunlaşmış) bütün vətəndaşlara pensiya təminatı sahəsində öz dövlətinin vətəndaşları ilə eyni hüquqlar verirlər. - (Maddə 6) Vətəndaşlara pensiyaların təyin edilməsi onların daimi yaşayış yeri üzrə aparılır. Güzəştli əsaslarla və xidmət illərinə görə pensiyalar da daxil olmaqla, pensiya hüququnun müəyyən edilməsi üçün Azərbaycan Respublikasının və (və ya) Rusiya Federasiyasının qanunvericiliyi üzrə və o cümlədən, bu Saziş qüvvəyə minənədək də əldə edilmiş, həmçinin keçmiş SSRİ-nin tərkibinə daxil olan dövlətlərin ərazisində 1992-ci il yanvarın 1-nə qədər qazanılmış əmək (sığorta) stajı nəzərə alınır. Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022ci ilin aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq olunmuş və “Azərbaycan Respublikası Hökuməti il Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 2001-ci il 3 aprel tarixli 114-İİQ nömrəli Qanunu ləğv edilmişdir. Göründüyü kimi Rusiya Federasiyasının qanunvericiliyi üzrə və o cümlədən, 2001-ci il 3 aprel tarixli 114-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş Saziş qüvvəyə minənədək də əldə edilmiş sosial sığorta stajına daxil edilməlidir və həmin dövrdə qüvvədə olan qanunverciliyə əsasən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələbi qanunvericilikdə nəzərdə tutulmamışdı. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu hissəsinə əsasən Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. İddiaçının (Rusiya Federasiyasında) əmək fəaliyyəti xx.xx.1992-xx.xx.1999-cu illəri əhatə etdiyindən və əmək kitabçasında qeyd edildiyindən həmin dövr sığorta stajına daxil edilməlidir. Belə olduğu təqdirdə iddiaçının ümumi stajı ən azı 25 ildir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə qeyd edir ki Peşə Təhsili üzrə Dövlət Agenliyi tərəfindən İddiaçı verilmiş arayışa əsasən o, həqiqətən xx.xx.1977-ci il tarixində 23 nömrəli Bakı Peşə Məktəbinin “Elektrik qazqaynaqçısı” ixtisasına daxil olmuş və xx.xx.1979-cu il tarixində həmin ixtisası bitirmişdir: - iddiaçı xx.xx.1983-xx.xx.1983-cı il tarixədək Avioqarajda 3-cü dərəcəli elektroqazqaynaqçısı vəzifəsində işləmişdir. Həmin dövr (cəmi 2 ay 19 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXXİİİ. Ümumi peşələr bəndində 23200000—19756 şifri (kodu) üzrə kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları vəzifəsinə uyğundur. - xx.xx.1991-xx.xx.1991-ci il tarixdə “Maqomed” Kooperativinə 5 dərəcəli elektrikqaz qaynaqçısı vəzifəsində işləmişdir. Həmin dövr (cəmi 5 ay 24 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXXİİİ. Ümumi peşələr bəndində 23200000—19756 şifri (kodu) üzrə kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları vəzifəsinə uyğundur. - xx.xx.1992-xx.xx.1992-ci il tarixdə "xxxx" Firması KM-nə 5 dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Həmin dövr (cəmi 1 ay 22 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXXİİİ. Ümumi peşələr bəndində 23200000—19756 şifri (kodu) üzrə kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları vəzifəsinə uyğundur. -xx.xx.1999-cu ildən xx.xx.2009-cu il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək N nömrəli hərbi hissədə gəmi elektrik quraşdırıcısı vəzifəsində işləyib. Həmin dövr (cəmi N il N ay 13 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XİV. Metal emalı bəndində 2150300a—1753a şifri (kodu) üzrə gəmi elektrik quraşdırıcıları vəzifəsinə və 11. Metal emalı bəndində 11.6.Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri yarımbəndində “gəmi elektrik quraşdırıcıları” vəzifəsinə uyğundur. Cavabdeh qurum buna dair təsdiqedici sübutlar təqdim etmədən 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2006-cı ilin aprel, avqust, sentyabr ayları üzrə, 2007-ci ilin oktyabr və noyabr ayları üzrə, 2018-ci ilin fevral ayı üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin ayların sosial sığorta stajına daxil edilməsi mümkün olmadığını bildirir. Məhkəmə bir tərəfdən qeyd edilən halı (sığorta ödənişlərinin həyata keçirilməməsi) əsaslandıran mötəbər dəlillərin təqdim edilmədiyini, digər tərəfdən isə həmin dövr (altı ay) nəzərə alınmasa belə, yuxarıda qeyd edilənlərin (elektrik qaz qaynaqçısı işlədiyi dövr nəzərə alınmaqla) iddiaçının zərərli işlərdə ən azı N il 6 ay stajının olması qənaətinə gəlməyə əsas verdiyini qeyd edir. - İddiaçı xx.xx.1990-cı il tarixdə keçirici hovuzda 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.1991-ci ildə Donanmaya keçirilmişdir. Məhkəmə həmin dövrün (cəmi 11 ay) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahının XXXİİİ. Ümumi peşələr bəndində 23200000—19905 şifri (kodu) üzrə yarımavtomat maşınlarda məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları və ya 23200000—19906 şifri (kodu) üzrə əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun olub-olmamasına əlavə qiymət vermək zərurətinin olmadığı qənaətindədir. Belə ki, yuxarıda qeyd edilən dövrlər məhkəmədə iddiaçının zərərli işlərdə ən azı N il 6 ay stajının olması qənaətinə gəlməyə əsas verir. İddiaçının pensiya kapitalına münasibətdə məhkəmə qeyd edir ki, cavabeh qurum bildirir ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq 34560,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 27673,51 manatdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilmiş (“Azərbaycan” qəzetində 29 iyun 2022-ci il tarixdə dərc edilmişdir), həmin redaksiyanın mətninə əsasən pensiyanın təyin edilməsi üçün üç əsas: yaş (kişilər üçün 60 yaş), ümumi staj (25 il) və (zərərli işlərdə staj N il 6 ay) müəyyən edilmiş, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələbi aradan qalxmışdır. Lakin həmin Qanunun keçid müddəalarının 2.1-ci maddəsinə əsasən, bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1–9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının yeni qanun qüvvəyə mindiyi tarixdən sonra xx.xx.2022-ci il tarixdə (məhkəmə icraatı vaxtı) inzibati orqana (öz iradəsinə uyğun olaraq) təkrar müraciəti olduğu və 60 yaşının tamam olduğu nəzərə alınmaqla xx.xx.2022-ci il tarixdən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi tarix) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Əks yanaşma iddiaçıya münasibətdə həddən artıq formallıq hesab edilməklə qanunvericinin qarşıya qoyulmuş məqsədinə uyğun hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qənaətə gəlmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən: Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar