Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1881/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X1 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “torpaq sahəsinə çıxarışın və texniki pasportunun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8601/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən “40" saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və daşınmaz əmlakın texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı “Sahil” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli 40 saylı protokolundan çıxarışa əsasən Bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlüyünə qəbul olunmuş və sahəsi 500 kv.m. olan 40 nömrəli bağ sahəsi ona təhkim edilmiş, bu barədə ona bağçının üzvlük kitabçası verilmişdir. İddiaçı bag sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciətinə xx.xx.2023-cü il tarixli məktubla imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar edilməmişdir. Cavabdehin imtinasını əsassız və qanunsuz hesab edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8601/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Tərəflər məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8601/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Cavabdehin xx.xx.2023-cü il tarixli **********28 saylı imtina məktubu ilə iddiaçıya bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adı aşkar edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatına alınmasından imtina edilmişdir. - Sahil bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin xx.xx.1999-cu il tarixli, 40 saylı protokolundan çıxarışın surətinə əsasən Əkbərli Racının ərizəsinə əsasən Bağçılıq yoldaşlıq təsərrüfatı üzvlüyünə qəbul edilməsi və sahəsi 500 kv.m. olan 40 №-li bağ sahəsinin ona təhkim olunması qərara alınmışdır. - İddiaçı adına verilmiş bağşının üzvlük kitabçasının təsdiq edilmiş surətinə görə o, Bağçılıq cəmiyyəti üzvlərinin 05.1999-cu il tarixli 4 №-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş və ona Səngəçal qəsəbəsində Bağçılıq cəmiyyəti bağlarından sahəsi 500 kv.metr olan 40 №li bağ sahəsi xx.xx.1999-ci il tarixində qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli **********96/2023 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı adına “Sahil” bağçılıq yoldaşlıq birliyi nəzdində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində 40 saylı bağ sahəsinin ayrılmasına dair sənəd və həmin bağçılıq yoldaşlıq birliyinə dair bölgü sxemi arxiv qovluğunda aşkar edilməmişdir. Sorğunun icrası ilə əlaqədar olaraq Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 saylı, xx.xx.1990-cı il tarixli 4/145 saylı, xx.xx.1990-cı il tarixli 7/437 saylı və xx.xx.1991-ci il tarixli 10/518 saylı qərarları ilə Səngəçal bağ massivindən N.Nərimanov adına NQÇİ-nin işçilərinə paylanmış bağ sahəsinin siyahısının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Siyahıda iddiaçının adı yoxdur. - “X2 və Ekspertiza Mərkəzi” MMC tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş 157 nömrəli, 26 sentyabr 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən iddia olunan ərazinin sxemi olmadığına görə “Sahil” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 40 saylı protokolundan çıxarışa əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 40 saylı torpaq sahəsinin konfiqurasiyası, koordinatlarının sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyəti, tikililərin mövqeyində hər hansı uyğunsuzluğun və sahə fərqinin olub-olmaması, bağların sxematik xəritəsinə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmadı. İddia olunan ərazinin sxemi olmadığına görə “Sahil” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 40 saylı protokolundan çıxarışa əsasən iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən 40 saylı torpaq sahəsinin digər torpaq sahəsi ilə eyni torpaq sahələri olub-olmaması, faktiki yeri və koordinatları ilə kəsişməsi və ya üst-üstə düşməsi, kəsişməsinin olub-olmadığını müəyyən etmək mümkün olmadı. Mütəxəssis rəyinə qoşma olaraq tərtib edilmiş torpaq sahəsinin yerləşmə cizgisi əlavə edilmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında,yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. AR Mülki Məcəllənin: 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır.
65. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. (1,2,3,5 və 7-ci hissələr); 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1. Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir.
88. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Hazırkı iddia tələbinin məzmunundan görünür ki, iddiaçı “Sahil” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 40 saylı protokolundan çıxarışa və bagçının üzvlük kitabçasına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən “40" saylı bag sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı həmin sənədləri cavabdehə təqdim edib bag sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir.O, bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi idarənin arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar edilməməsi, həmçinin, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsi təşkil etmişdir. Məhkəmə kollegiyası hesab edir ki,cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçının bag sahəsinin “Sahil” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin xx.xx.1999-cu il tarixli 40 saylı protokolundan çıxarışa və bagçının üzvlük kitabçasına əsaslanaraq ona ayrıldığı iddia etsə də, məhkəmə araşdırması zamanı iddiaçı N.Nərimanov adına NQÇİ-nin işçisi və bagçılıgın üzvü olmadıgını, bagçılıq siyahısından xəbəri olmadıgını, Səngəçal bağ massivindən ona bag sahəsinin işdən ayrılmadıgını, bagçının üzvlük kitabçasını pulla bagçılıgın sədri deyilən şəxsdən aldıgını bildirmişdir. Göründüyü kimi iddiaçı bagçılıgın üzvü olmamış və bag sahəsi ona bagçılıq üzvlərinin siyahısına uygun ayrılmamış, iddiaçının təqdim etdiyi bagçılıgın üzvlüyünə qəbulla baglı protokoldan çıxarışın və bagçının üzvlük kitabçasının surətinin həqiqiliyi şübhə dogurdugundan mötəbər sübut kimi qəbul edilə bilməz. Belə olan halda iddiaçının bag sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqi əsası yaranmadıgından cavabdehin imtinası əsaslı olmuşdur. Həmçinin qanunvericiliyin tələbindən göründüyü kimi, bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçün müvafiq sənədlərin arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Eyni zamanda qeyd edilməlidir ki, işdə olan torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, qanunvericilikdə torpaq sahəsinin sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilməsi və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi nəzərdə tutuldugu halda, iddiaçı səlahiyyəti şəxs tərəfindən təsdiq edilmiş cizgini də təqdim etməmiş, onun şərti göstərdiyi torpaq sahəsi elektron kadastr məlumatlarına əsasən heç bir bağçılıq-yoldaşlığın ayrıc aktı daxilində yerləşməməklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Göründüyü kimi qanunvericilik daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasların dairəsini konkret müəyyən edir. Qanunvericiliyin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə müvafiq Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan mövcud olduğundan cavabdehin hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8601/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8601/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.