Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-1882/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Valeh Məmməd oğlu Ağayevin sədrliyi ilə (məruzəçi); Afaq Bayram qızı Nuriyeva və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, iddiaçının vəkili X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçının inzibati şikayəti üzrə inzibati icraat aparılaraq nəticəsi barədə qərar qəbul edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5412/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz sayılması və iddiaçının inzibati şikayəti üzrə inzibati icraat aparılaraq nəticəsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5412/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5412/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixliqərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş, mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tətbiq edilməsində səhv buraxaraq, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmiş və düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkiliapellyasiya şikayətinin təmin edilməsini, cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5412/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixliqərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, AR Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində)(yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: - (50.1.7) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət – hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdər. Həmin Qanunun 71-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin Qanunun 72.2-ci maddəsinə əsasən inzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Həmin Qanunun 72.4-cü maddəsinə əsasən bu fəslin (71 – 80-ci maddələr) müddəaları inzibati qaydada verilən şikayətlərə şamil olunur. Həmin Qanunun 80.1-ci maddəsinə əsasən inzibati şikayətə baxdıqdan sonra şikayət instansiyası: (80.1.1) inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlayır və ya (80.1.2) inzibati aktı tamamilə və ya qismən ləğv edir və işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul edir və ya (80.1.3) inzibati aktı dəyişdirir, (80.1.4) inzibati şikayət bu Qanunun 71.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən verilibsə, həmin şikayət üzrə aparılmış araşdırmanın nəticəsinə dair qərar qəbul edir. Həmin Qanunun 80.2-ci maddəsinə əsasən şikayət instansiyası tərəfindən inzibati şikayət üzrə qəbul edilmiş qərar inzibati akt sayılır və inzibati aktlara dair bu Qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt, barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt), şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından müəyyən olunur ki, inzibati orqan Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 xx xxxxxx 2020-ci il tarixli **********44660 saylı qərarı ilə vergi ödəyicisi kimi hazırkı İddiaçı AR Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 44.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb olunduğu və iddiaçının həmin qərardan inzibati şikayətlə yuxarı vergi orqanı kimi hazırkı cavabdeh Dövlət Vergi Xidmətinə müraciət etdiyi müəyyən edilmişdir. Dövlət Vergi Xidməti inzibati şikayətə baxılmasından həmin faktla əlaqədar müvafiq cinayət işinin istintaqının davam etdiyini səbəb gətirərək imtina etmişdir. İddiaçı hazırda İPM-in 2.2.2, 33.1 və 33.2-ci maddələrinə əsaslanaraq, cavabdeh Dövlət Vergi Xidmətinin imtinasının qanunsuz sayılması və inzibati şikayət üzrə araşdırma aparılaraq nəticəsi barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir halda subordinasiya baxımından yuxarı inzibati orqanın inzibati şikayətə baxılmasından imtinası və “inzibati orqanın şikayət olunan inzibati aktının dəyişdirilmədən saxlanılması barədə” qərarı inzibati məhkəmə icraatının predmeti ola bilməz. Vergi ödəyicisi şikayət instansiyasının hərəkətsizliyini deyil, inzibati orqanın əlverişsiz inzibati aktını mübahisələndirilə bilər. Eləcə də, inzibati məhkəmə icraatında iddianın predmetini inzibati şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar da təşkil edə bilər. İddiaçı isə subordinasiya baxımından yuxarı inzibati orqanın əlverişsiz inzibati aktdan inzibati şikayətə baxılmasından imtinasını mübahisələndirir və şikayətə baxılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatı qaydasında hazırkı cavabdeh Dövlət Vergi Xidmətinin üzərinə belə öhdəliyinin qoyulması mümkünsüzdür. Çünki, prosessual qanunvericilik şikayət instansiyasının bu hərəkətsizliyini ona qarşı “məcbuetmə haqqında” iddia qismində tələb irəli sürülməsinə əsas kimi nəzərdə tutmur. İddiaçı Bakı şəhəri X1 xx xxxxxx 2020-ci il tarixli **********44660 saylı qərarını artıq inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Hər bir halda, belə mübahisə mövcud olduqda, şikayət instansiyasında (subordinasiya baxımından yuxarı inzibati orqanda) inzibati şikayət üzrə başlanmış icraata xitam verilməlidir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkünlük şərtləri ödənilmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkün saymamışdır. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə inzibati prosessual normalarının tətbiqi baxımından qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5412/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5412/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Valeh Ağayev Hakimlər Afaq Nuriyeva Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-1882/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-1882/2020
03.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver