Məhkəmə qərarları › İş №2-1(103)-1882/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-1882/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-1882/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6169/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-K-10629/2024 nömrəli məktubunun əsassız hesab edilməsi və onun üzərinə əmək pensiyasından əsassız olaraq tutulmuş 333,48 manat vəsaitin ödənilməsi öhdəliyinin qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddət şəkər xəstəsi olduğu üçün TSEK tərəfindən 12 aprel 2014-cü il tarixdə 3-cü qrup əlil hesab edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsi tərəfindən ona dövlət qulluqçusu kimi son iki ilin əmək haqqından əmək pensiyası təyin edilmişdir. Əlillik müddəti 2021-ci ilin aprel ayında bitdiyi üçün həmin ilin may ayına kimi pensiya almışdır. Təkrar əlillik uzun sürən proseslərdən sonra 07 dekabr 2021-ci ildə təsdiq edilmişdir. Ona təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının ödənilməsinin davam etdirilməsi üçün Filiala müraciət etmişdir. 2022-ci ilin fevral ayında yanvar-fevral aylarının pensiyası birlikdə ödənilmişdir. 2021-ci ilin dekabr ayının 25 günün pensiyasının nəyə görə ödənilmədiyi barədə ərizə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi Filial xx.xx.2022ci il tarixli **********0 saylı məktubu ilə bildirmişdir ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2019cu il tarixə kimi olan dövr ərzində ümumilikdə ona 2108,60 manat artıq, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixindək olan dövr ərzində isə 176,80 manat əskik pul vəsaiti ödənildiyindən nəticədə ümumilikdə ona 1931,80 manat artıq pul vəsaiti ödənilişdir. Eyni zamanda bildirilmişdir ki, təkrar əlilliyin müəyyən edildiyindən əmək pensiyasının avtomatik bərpa olunaraq ona cari ilin fevral ayı üzrə ümumilikdə 968,97 manat ödənilməli olduğu halda, 1920,26 manat məbləğində əmək pensiyası ödənilib. Nəticədə cari ilin fevral ayı üzrə 951,29 manat artıq pul vəsaiti ödənilib. Həmçinin, 2021-ci ilin dekabr ayı (25 gün üçün) və cari ilin yanvar ayı üzrə ümumilikdə ona ödənilməli olan 1750,40 manat pensiya məbləği hesbalanıb. Həmin 1750,40 manat pul vəsaiti ona ümumilikdə artıq ödənilmiş 2883,09 (1931,69+951,29) manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 1132,69 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2- 1(112)-2619/2023 saylı qərarı ilə pensiyasından qanunsuz olaraq tutulmuş və büdcəyə bərpa edilmiş 2021-ci ilin dekabr ayının 25 günü üçün hesablanmış 781,43 manatın 2022ci ilin yanvar ayı üçün əskik ödənilmiş 17,68 manatın, cəmi 799,11 manat vəsaitin ona ödənilməsi vəzifəsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala həvalə edilmişdir. Həmin məbləğ cavabdeh orqan tərəfindən 2023-cü ilin sentyabr ayından hissə-hissə (hər ay 266,37 manat) ona ödənilirdi. Ona heablanmış 1132,69 manat məbləğ məhkəmədə mübahisə predmeti olduğu vaxt cavabdeh inzibati orqan yenə də, heç bir razılığı olmadan 2023-cü ilin fevral ayında həmin ilin yanvar ayı üçün hesablanmış 156,68 manat məbləği artıq ödəmə hesab etdikləri 1132,69 manatı ona ödəmədilər. Baxmayaraq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin xx.xx.2023cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən artıq ödənilmiş məbləğ əmək pensiyaçısından son üç il üçün tutulmalıdır. Ona görə də, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-ü il tarixli və xx.xx.2013-ü il tarixli ərizələrlə DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru cənab Şahin Əliyevə müraciət edərək ona artıq vermə kimi hesablanmış vəsaitin son üç ildə əvvələ hesablandığı üçün həmin artıq vermənin ləğv edilməsi və həmin məbləğə görə əmək pensiyasından tutulmuş əskik vermə kimi hesablanmış 176,80 manat və 2023-cü ilin yanvar ayı üçün ödənilməyən 156,68 manat məbləğində vəsaitin ona ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Birinci müraciətinə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-K-241410 saylı cavab məktubu ilə bildirmişlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsiin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən artıq ödənilmiş məbləğ əmək pensiyaçısından son üç il üçün tutulur. Bu maddənin tələbi nəzərə alınaraq əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitlər yenidən hesablanır, hazırda Filialın hər hansı qalıq borc məbləği yoxdur. Bundan sonra, xx.xx.2023-cü il tarixli ərizəsində və direktor müavini Elnur Qurbanovun qəbulunda olarkən artıq alma kimi hesablanmış və Qanunun 39.1-ci maddəsinə əsasən silinmiş həmin məbləğə görə əmək pensiyasından tutulmuş 176,80 manatın və 156,68 manatın cəmi, 333,48 manat məbləğin ona ödənilməsini xahiş etsə də, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-K-10629/2024 nömrəli məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız hesab edilməklə iddia tələbi təmin edilməlidir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Yuxarıda qeyd edilən maddənin tələbləri nəzərə alınmaqla iddiaçının əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitlər yenidən hesablanaraq hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hər hansı qalıq borc məbləği yoxdur. Eyni zamanda bildirirlər ki, Bakı İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2-1(112)-2619/2023 nömrəli qərarına əsasən həmin qərarda qeyd olunan 799,11 manat pul vəsaiti xx.xx.2023xx.xx.2023-cü il tarixlər arasındakı dövr ərzində hər ay 266,37 manat olmaqla iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.6-cı bəndində əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6169/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilmişdir. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Binəqədi rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi İİİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd edilmişdir. Aparılan araşdırma zamanı məlum olub ki, 12 aprel 2014-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 380,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 114,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 57,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 142,50 manat olmaqla orta aylıq əmək haqqı 773,50 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 23 il 11 ay 10 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (773,50 manat) 80 faizi-618,80 manat məbləğində hesablanıb. Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin 01 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 23 il 11 ay 10 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 76,75 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 01 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 420,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 126,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 63,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 157,50 manat olmaqla orta aylıq əmək haqqı 846,50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (773,50 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (846,50 manat) arasındakı fərq məbləğinin (73,00 manat) 76,75 faizi-56,03 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (618,80 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 674,83 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən xx.xx.2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşının 630,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 189,00 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 94,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 80,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 236,25 manat olmaqla orta aylıq əmək haqqı 1229,75 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan Fərmanın tələblərinə uyğun qaydada 01 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (846,50 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (1229,75 manat) arasındakı fərq məbləğinin (383,25 manat) 76,75 faizi- 294,14 manat xx.xx.2019-cu il tarixinədək hesablanmış pensiyasının (674,83 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 968,97 manat məbləğində hesablanıb. Əlillik müddətinin xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılıb. Təkrar müayinədən keçməsi ilə əlaqədar İİ dərəcəli əlilliyi müəyyən edildiyindən əmək pensiyası cari ilin fevral ayında (xx.xx.2021-ci il tarixindən hesablanmaqla) bərpa olunub. Qeyd olunanlara əsasən xx.xx.2014-xx.xx.2021-ci il və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 63102,42 manat pensiya məbləği ödənilməli olduğu halda, 64235,11 manat ödənildiyindən nəticədə 1132,69 manat artıq pul vəsaiti ödənilib. Həmin 1132,69 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2-1(112)-2619/2023 nömrəli qərarına əsasən həmin qərarda qeyd olunan 799,11 manat pul vəsaiti xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 266,37 manat olmaqla iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə İddiaçı tələbi ondan əsassız olaraq tutulmuş 333,48 manat pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İş materiallarından görünür ki, iddiaçı üçün əlverişli inzibati akt olan qərarla təyin edilmiş əmək pensiyası cavabdehin öz təşəbbüsü ilə xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 06 may 2022-ci il tarixli, **********0 nömrəli və 17 yanvar 2024-cü il tarixli, 3-17-1/2-K-10629/2024 nömrəli məktublarla iddiaçının müraciətinə baxılaraq imtina verilmişdir. - AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-ci il təvəllüdlüdür. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2619/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı iddia tələbi qismən təmin edilərək pensiyasından tutulmuş 799,11 (yeddi yüz doxsan doqquz manat on bir qəpik) manatın İddiaçı qaytarılması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. - Cavabdeh tərəfindən 23 sentyabr 2024-cü il tarixli, 3- 17-1/2-229327/2024 nömrəli məktubla verilmiş cavab məktubuna əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-ü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Yuxarıda qeyd edilən maddənin tələbləri nəzərə alınmaqla, İddiaçı əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitlər yenidən hesablanaraq onun hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala hər hansı qalıq borc məbləği yoxdur. Eyni zamanda bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2-1(112)-2619/2023 nömrəli qərarına əsasən həmin qərarda qeyd olunan 799,11 manat pul vəsaiti xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 266,37 manat olmaqla adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya pensiya məbləğinin ödənilməsi ilə bağlı cədvəllərə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2019xx.xx.2021-ci il tarixləri arasında iddiaçıya 176,8 manat əskik vermə olmuş, xx.xx.2023-cü il tarixdə isə 156,68 manat məbləğində pul məbləği iddiaçıdan artıq ödəmə kimi tutulmuşdur. Qeyd olunanlara əsasən işin faktiki hallarından görünür ki, 2022-ci ilin əvvəllərindən etibarən artıq ödənilmiş məbləğlərin əvəzi olaraq iddiaçının pensiyasından tutulmalar aparılmağa başlanılmışdır. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının əlillik müddətinin xx.xx.2021-ci il tarixində bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılıb. Təkrar müayinədən keçməsi ilə əlaqədar İİ dərəcəli əlilliyi müəyyən edildiyindən əmək pensiyası cari ilin fevral ayında (xx.xx.2021-ci il tarixindən hesablanmaqla) bərpa olunub. Qeyd olunanlara əsasən xx.xx.2014-xx.xx.2021-ci il və xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya ümumilikdə 63102,42 manat pensiya məbləği ödənilməli olduğu halda, 64235,11 manat ödənildiyindən nəticədə 1132,69 manat artıq pul vəsaiti ödənilib. Həmin 1132,69 manat artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli 2-1(112)-2619/2023 nömrəli qərarına əsasən həmin qərarda qeyd olunan 799,11 manat pul vəsaiti xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində hər ay 266,37 manat olmaqla iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi qənaətinə gələn birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 avqust 2014-cü il tarixli qərarı ilə iddiaçıya əmək pensiyası təyin edilmişdir. Pensiya miqdarının dəyişdirilməsi haqqında 04 iyul 2018-ci il tarixli qərarına əsasən iddiaçıya 678,50 manat, 07 sentyabr 2019-cu il tarixli qərara əsasən 960,13 manat məbləğində pensiya təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan: -1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; -2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; -13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qanunun qeyd edilən müddəalarından görünür ki, artıq ödənilmiş əmək pensiyası və ya əmək pensiyasına əlavə əmək pensiyaçısına hər ay ödənilən əmək pensiyası məbləğindən tutula bilər. Bunun üçün Qanun iki mühüm şərti müəyyən etmişdir: 1.Tutulmanı həyata keçirən orqan əmək pensiyaçısına müraciət etməli, onun razılığını almalıdır. Razılığını aldığı təqdirdə inzibati orqan vəsaitin geri qaytarılması barədə qərar qəbul etməlidir;

2. Əmək pensiyaçısı tutulma barədə razılıq vermədiyi təqdirdə inzibati orqan tutulmanın həyata keçirilməsi üçün məhkəməyə müraciət etməlidir. “Əmək pensiyaları haqqında” Qanun 39-cu maddəsi inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən edir. Qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi zəruridir. İşin hallarına görə, əmək pensiyaçısı olan iddiaçının cavabdehin hesab etdiyi artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh tərəfindən bu barədə heç bir dəlil təqdim edilməmişdir. Cavabdeh iddiaçıya əmək pensiyasının məbləğinin səhv hesablanmasını qeyd etsə də, bununla bağlı iddiaçının hər hansı təqsirinin olması barədə məhkəməyə sübutlar təqdim etməmişdir. Pensiya işi materiallarına və cavabdeh tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı iddiaçıya artıq ödənilmiş əmək pensiyasının geri qaytarılması barədə hər-hansı bir qərarın qəbul edilməsi aşkar edilmir. Həmçinin, cavabdeh tərəfindən iddiaçıya 176,8 manat məbləğində pul vəsaitinin əskik ödənilməsi müəyyən edilsə də, həmin pul məbləği iddiaçıya ödənilməmişdir. Bu səbəbdən iddiaçı əksik ödənilmiş 176,8 manat məbləğində pulun tutulmasını tələb etməkdə haqlıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs- inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 28.1.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Həmin Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Göründüyü kimi, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh tərəfindən isə bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibati icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək düzgün olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Apellyasiya şikayəti iddiaya etirazın dəlilləri ilə oxşar məzmunda tərtib edildiyindən qərarın əsaslandırıcı hissəsində göstərilənlərə görə əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozması barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6169/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar